Məhkəmə qərarları › İş №2-1(104)-691/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-691/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-691/2025 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “aylıq müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2732/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı sosial müavinətin ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H262465/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yə bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət verilir. "xxxx" ASC-yə aid məlumatlar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında qeydə alınmadığından ona özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

İşdə olan sənədlər:

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq, peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

3. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-21-3/2-2664/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınmışdır. Lakin sonradan, cəmiyyətin dövlətə məxsus səhmləri özəlləşdirilmədən, Azərbaycan Respublikası Prezidentinin “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC ləğv edilərək, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması sahəsində fəaliyyət "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Eyni zamanda, sözügedən Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522s nömrəli Sərəncamının 2-ci hissəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi başa çatdırılaraq, müvafiq sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Daşkəsən rayon filialına təhvil verilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********52 nömrəli bildirişinə əsasən Cəmiyyət kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin siyahısında olmağı nəzərə alnmaqla ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Dağ-Mədən Filizsaflaşdırma kombinatının 4-cü dərəcəli elektrik çilingər vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1980-ci il tarixdə Filizsaflaşdırma kombinatında 5-ci dərəcəli elektrik təmir şilingəri vəzifəsində işləmiş, xx.xx.1983-cu il tarixdə həmin sexdə 6-cı dərəcəli elektrik çilingəri təyin olunmuş, xx.xx.1985-ci il tarixdə elektrik təmir sexinə 6-cı dərəcəli elektrik kimi işə qəbul olmuş, daha sonra sağlamlıq haqqında arayış almış və sağlamlığımda problemlər olması barədə məlumat vermişlər. Bir müddət xəstəxanalarda müalicə almışdır. TSEK tərəfindən 2-ci dərəcəli xəstəliklə təqaüdə çıxmış, 2021-ci ildən həmin zərər ödəncləri naməlum səbəblərdən verilməmiş və "xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmadığı, bu səbəblə ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir.

6. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-64061/2025 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-17-1/2- H262465/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2732/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, cavabdeh orqan "xxxx" ASC-nin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmamasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, bu imtina qanuni və əsaslı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sağlamlığı 1985-ci ildə korlanmış, indiyə kimi bərpa edilməmiş, sağlamlığının korlanmasına görə ona ödənişlər o zamankı hüquq normalarına görə həyata keçirilmişdir. Bu gün sağlamlığının korlanmasına görə zərərin əvəzinə ödənişlərin dayandırılması yalnız birinci instansiya məhkəməsinin qərarında qeyd olunan Qaydalarla müəyyən edilə bilməz. Məhkəmə nəzərə almalı idi ki, onun əlilliyi, əlilliyin yeni qaydaları müəyyən olunduğu üçün ləğv edilmiş, lakin səhhəti düzəlməmişdir. Məhz əlilliyi yeni qaydalara uyğun olaraq ləğv edildiyi üçün müəssisə ona ödənişini dayandırmış, lakin bu hal müəssisəni məsuliyyətdən azad etməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-64061/2025 nömrəli etirazın məzmunu ilə eynilik təşkil edir. c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.

14. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”: İ.Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği”: 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı). 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin halları ilə müəyyən olunur ki, iddiaçının sosial müavinətin ödənilməsi bağlı cavabdeh orqana etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən imtina edilərək "xxxx" ASC-yə aid məlumatların özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında qeydə alınmadığından ona özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə əsaslandırılmışdır.

20. İddiaçı məhkəməyə müraciət edərək “Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin siyahısında olmağı nəzərə alnmaqla, ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-21-3/2- 2664/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınmış, lakin sonradan Cəmiyyətin dövlətə məxsus səhmləri özəlləşdirilmədən ləğv edilərək, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması sahəsində fəaliyyət "xxxx" QSC-yə həvalə edilmiş və Cəmiyyətin ləğv edilməsi başa çatdırılaraq kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (Bax: hazırki qərarın 3-cü bəndi).

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

23. "xxxx" ASC mövcud qanunvericiliyə uyğun olaraq ləğv edilmişdir, onun hüquqi varisi yoxdur.

24. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nı hazırkı iş üzrə normativ əsas kimi qəbul edən məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. Başqa sözlə, cavabdehin özəlləşdirilməsi başa çatmış və sonradan ləğv edilmiş hüquqi şəxsin əvəzinə aylıq müavinətləri ödəmək öhdəliyi müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, müavinəti ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən istehsalat qəzasının baş verdiyi qurum hüquqi şəxs kimi özəlləşdirilib, sonradan isə ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur.

26. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin cavabdehin qeyd edilən tələblə bağlı öhdəlik daşımayan tərəf olması barədə gəldiyi nəticə qanunamüvafiqdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2732/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar