Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-692/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-636/2023 saylı qərarından İddiaçı etibarnamə üzrə nümayənəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3464 nömrəli qərarı ilə iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qərar xx.xx.2022ci il tarixdə KY221747199 yoxlama kodu ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İddiaçıya məxsus Gəncə şəhəri, Nizami 46 ünvanda yerləşən obyektdə aparılan yoxlama zamanı cəmi 209.244,6 manat dəyərində mal aşkar edilmiş və bu malların 123.44,50 manat dəyərində olan malların elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük əsasında alınmayan mal olduğu müəyyən edilmişdir. Cavabdehin **********4825 nömrəli tələbnaməsinə əsasən iddiaçıdan büdcəyə ödənilməli olan 12.314,45 manat vəsaitin xx.xx.2022-ci il tarixədək Gəncə YXO-nun AZ44CTRE******************** nömrəli hesaba ödənilməsi tələb edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********713200 nömrəli qərarı ilə cavabdehin xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli **********4825 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “cavabdehin xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının iddia ərizəsinə xx.xx.2023-cü il tarixli vəsatətlə münasibəti zamanı İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsinin dispozisyası demək olarki, tamamilə səhv və bilərəkdən təhrif olunmuş formada şərh edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib etmiş olduğu akta görə hesablanan maliyyə sanksiyyası bank hesablarında olan cari Azn hesabından vergi məcəlləsinin 65-ci maddəsinə əsasən onun iradəsinə zidd olaraq məcburi qaydada dövlət nəfinə silinmişdir. Bundan əlavə olarq bildirir ki, istənilən halda hesablanma xüsusiyyətindən asılı olmayaraq cari vergi, maliyyə sanksiyyası və faizlərin dövlət nəfinə ödənilməsi sonrdan vergi orqanlarının əməkdaşlarının hərəkət və hərəkətsizliyindən və eləcədə qanunazidd hərəkətlərindən şikayəti istisna etmir. Bunu sadə və praktik olaraq onunla da izah edə bilər ki, vergi orqanın kameral və səyyar vergi yoxlamaları zamanı hesablamış olduğu vergi öhdəliyi sonradan vergi məcəlləsinin 85.4 və 85.5-ci maddələrinin verdiyi imkanlar (hüquqlar əsasında geriyə 3 il müddəti üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək mübahisələndirilə bilir. Eyni imkan maliyyə sanksiyalarının hesablanması zamanı da keçərli hesab edilir. Cavabdehin vəsatətində İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsi kobudcasına, bilərəkdən təhrif edilmişdir. Belə ki, eyni məcəllənin 67.3-cü maddəsində qeyd edilir ki, bu məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. Göründüyü kimi maddənin dispozisyası cavabdehin vəsatətində şərh etdiyindən tamamilə başqa şərti şərh edir. İPM-nin 67.2 maddəsində iddiaçının tələbinin təmin olunması və ya yeni inzibati aktın qəbul edilməsi və ya qanunla nəzərdə tutulmuş qaydada başqa tədbirin görülməsi şərt olaraq 67.3-cü maddə üçün əsas arqument hesab edilir. Göründüyü kimi 67.2-ci maddədə sadalanan hallardan heç biri olmadığı halda cavabdeh orqan İPM-nin 67.3-cü maddəsinin ikinci abzasını məhkəməyə sırımağa çalışmışdır. Bundan əlavə vergi məcəlləsinin 63.2-ci maddəsinin ikinci abzasında vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində maliyyə sanksiyyasını ödəməmək vəzifə öhdəliyi kimi deyil , hüquq olaraq qeyd edilir. Buna görə də İPM-nin 67,3-cü maddəsi belə olan halda işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı qənaətə istinad etmir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********505800 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, mübahisələndirilən qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmişdir. Sözügedən qərarla 12.314,45 manat məbləğində maliyyə sanksiyası olmaqla iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********3464 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir. **********3464 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747199 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə iddiaçının (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Nizami 46 ünvanında yerləşən "Forte" mağazasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 123.144,50 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədləri olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün iddiaçı barəsində 12.314,45 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı tərəfimizdən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007050 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. İddia ərizəsinə nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul etdiyi qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "fəaliyyət göstərdiyi obyektdə mövcud olan malları qaimə-fakturalar və idxal əsasında əldə etmiş, Türkiyə Respublikasının İstanbul şəhərində rəsmi qeydiyyatdan keçmiş tədarükçülər vasitəsilə malları tədarük etmiş, tədarük etdiyi mallar birbaşa ixracatçının adına yazılması və göndərilən malların həcminin çox olması səbəbindən tədarük etdiyi mallar heç biri eyni markaya aid olmamış, vergi orqanı əməkdaşlarına bu halı göstərmiş, vergi orqanı tərəfindən VM-nin 58.8-ci maddənin dispozisiyasına əməl edilməmişdir." Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi qanunvericiliyinin tələbləri gözlənilmişdir. Operativ vergi nəzarəti tədbiri ilə əlaqədar iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim etdiyi arayış və izahatda mağazada olan bütün malların iddiaçıya məxsus olduğunu, ona məxsus digər yerlərdə və ya yolda olan malların olmadığını, mağazada olan malların alış və satış qiymətlərinin onun iştirakı ilə yazıldığını, malların adlarının siyahıda qeyd edilən adlarla eynilik təşkil etdiyini, siyahıda qeyd edilən malların firma adları malların etiketlərində yazılmış firmalarla eynilik təşkil etdiyini, geyim mallarının rentabellik faizinin 57 faiz, uşaq oyuncaqlarının rentabellik faizi 52 faiz təşkil etdiyini bildirmişdir. Tərəfimizdən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı mağazada olan malların vergi ödəyicisinin (hazırki işdə iddiaçının) səlahiyyətli nümayəndəsi X3 arayış və izahat təqdim etmişdir. Həmin sənədlərdə R.İbrahimov mağazada olan malların onun iştirakı ilə sayıldığını və siyahıya alındığını, mağazada olan malların marka adlarının siyahıda qeyd edilmiş malların marka adları ilə eyni olduğunu qeyd etmişdir. Tərəfimizdən həmçinin müəyyən olunmuşdur ki, yük gömrük bəyannamələri və elektron qaimə - fakturalarda qeyd edilmiş malların adları ilə operativ vergi nəzarəti tədbiri zamanı siyahıya əlavə edilmiş malların faktiki göstəriciləri (malın adı, fərqləndirici əlamətləri) ilə alış sənədləri arasında fərqlər mövcuddur. Bu baxımdan yük gömrük bəyannamələri və elektron qaimə-fakturalar əsasında alınmamış mallara görə iddiaçı vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "Forte" mağazasında ümumilikdə dəyəri 131.525,46 manat olan mal aşkar olunmuş, həmin mallardan 8380.96 manatlıq hissənin vergi qanunvericiliyində əks olunmuş sənədlər əsasında alındığı müəyyən edilmişdir. 123144.50 manat dəyərində müxtəliş çeşidli malların isə vergi qanunvericiliyində əks olunmuş sənədləri (yük gömrük bəyannamələri, elektron qaiməfakturalar elektron alış aktları, alış aktları) mövcud olmamışdır. Mübahisələndirilən qərarın ləğvi ilə bağlı iddiaçı şikayət instansiyasına (lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) müraciət etmiş, onun inzibati şikayəti əsassız olduğundan təmin olunmamış və bu barədə xx.xx.2022-ci il tarixli **********713200 nömrəl "İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərar qəbul olunmuşdur. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi, mübahisələndirilən inzibat akt üzrə yaranmış 12314.45 manat məbləğində vergi borcu (maliyyə sanksiyası) onun tərəfindən ödənilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarın ləğvi üçün iddiaçının heç bir tutarlı dəlili mövcud deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-636/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4824 qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 12.314,45 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana daxil olmaqla müəyyən edilmiş qaydada yoxlamanı həyata keçirmiş, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Bu zaman İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan vergi məsuliyyətinə cəlbetmə haqda qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, bununla da, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının iddia ərizəsinə xx.xx.2023-cü il tarixli vəsatətlə münasibəti zamanı İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsinin dispozisyasına əsasəb demək olar ki, tamamilə səhv və bilərəkdən təhrif olunmuş formada şərh edilmişdir. Beləki cavabdeh tərəfindən iddiaçının barəsində tərtib etmiş olduğu akta görə hesablanan maliyyə sanksiyası bank hesablarında olan cari Azn hesabından vergi məcəlləsinin 65-ci maddəsinə əsasən iddiaçının iradəsinə zidd olaraq məcburi qaydada dövlət nəfinə silinmişdir. Bildirilir ki, istənilən halda hesablanma xüsusiyyətindən asılı olmayaraq cari vergi, maliyyə sanksiyyası və faizlərin dövlət nəfinə ödənilməsindən sonra vergi orqanlarının əməkdaşlarının hərəkət və hərəkətsizliyindən və eləcədə qanunazidd hərəkətlərindən şikayəti istisna etmir! Bu sadə və praktik olaraq onunla da izzah edilir ki, vergi orqanın kameral və səyyar vergi yoxlamaları zamanı hesablamış olduğu vergi öhdəliyi sonradan vergi məcəlləsinin 85.4 və 85.5-ci maddələrinin verdiyi imkanlar (hüquqlar) əsasında geriyə 3 il müddəti üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək mübahisələndirilə bilir. Eyni imkan maliyyə sanksiyalarının hesablanması zamanı da keçərli hesab edilir. Cavabdehin vəsatətində İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsinin tələbləri pozularaq təhrif edilmişdir. Belə ki, eyni məcəllənin 67.3-cü maddəsində qeyd edilir ki, bu məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. Göründüyü kimi maddənin dispozisyası cavabdehin vəsatətində şərh etdiyindən tamamilə başqa şərti şərh edir. İPM-nin 67.2 maddəsində iddiaçının tələbinin təmin olunması və ya yeni inzibati aktın qəbul edilməsi və ya qanunla nəzərdə tutulmuş qaydada başqa tədbirin görülməsi şərt olaraq 67.3-cü maddə üçün əsas arqument hesab edilir. Göründüyü kimi 67.2-ci maddədə sadalanan hallardan heç biri olmadığı halda cavabdeh orqan İPM-nin 67.3-cü maddəsinin ikinci abzasını məhkəməyə səhfən təqdim etmişdi. Bundan əlavə vergi məcəlləsinin 63.2-ci maddəsinin ikinci abzasında vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində maliyyə sanksiyyasını ödəməmək vəzifə öhdəliyi kimi deyil, hüquq olaraq qeyd edilir! Buna görə də İPM-nin 67.3-cü maddəsi belə olan halda işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı barədə qənaətə istinad etmir. İPM-nin 67.3-cü maddəsinin dispozisyası iddianın təmini və işin mahiyyəti üzrə mübahisənin mövcudsuzluğunu eyni zamanda şərt olaraq qeyd etdiyi üçün hazırda məhkəmə tərəfindən icraata xitam verilməsini mümkünsüz və qeyri adekvat hesab edir. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə dair etiraz təqdim edərərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın məzmunu birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazla eynilik təşkil edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasımı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların ,nirəlşi) xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların ,nirəlşi) xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların ,nirəlşi) xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; 71-1.5.11. ixrac qeydi ilə satış barədə. Həmin Məcəllənin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş tədbir zamanı 12.314,45 manat dəyərində malların alış sənədlərinin olmadığı aşkarlanması nəticəsində vergi ödəyicisi barəsində akt tərtib edilmişdir. Həmçinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanı həyata keçirən vergi orqanının nümayəndələrinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “Forte” geyim mağazasında olan mallar vergi ödəyicisi İddiaçı məxsusdur və vergi ödəyicisinə məxsus yolda və və ya digər yerdə heç bir mal yoxdur. Yuxarıda göstərilən hal keçirilmiş nəzarət tədbiri nəticəsi öz təsdiqini tapmış və xx.xx.2022-ci il tarixli DVX seriyalı 007050 nömrəli akt tərtib edilərək qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə aşkarlarnmış nöqsan rəsmiləşdirilmişdir. Həmin akta əlavə edilmiş siyahıda Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergihesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi olmadan alınmış sənədlərin siyahısı əlavə edilmiş və həmin siyahı vergi ödəyicisinin özü tərəfindən təsdiqlənmişdir. Sadalanan hallara əsasən cavabdeh inzibati orqan tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4824 qərar qəbul edilərək İddiaçı Vergi Məcəlləsinin 58.8.2ci maddəsinə əsasən, 12.314,45 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Kolegiya hesab edir ki, cavabdeh inzibati orqanın vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən hər hansı bir hərəkətin və yaxud da aktın tərtib edilməsi halı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq onun barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsinə tələb etsə də, qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu təkzib edəcək sübutu təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-636/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-692/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-692/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver