Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-692/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yalnız aylıq vəzifə maaşına tətbiq edilən 1.2 həcmdə artım əmsalının həmin dövr üzrə əmək haqqına tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yalnız aylıq vəzifə maaşına tətbiq edilən 1.2 həcmdə artım əmsalının həmin dövr üzrə əmək haqqına tətbiq edilməklə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2376/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 1992-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə dövlət qulluqçusu olaraq işləmişdir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-23/2-1320/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh başçısı aparatının təqdim edilmiş ştat cədvəlində vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilən 1.2 həcmdə əmsal vəzifə maaşlarına deyil, əmək haqqına tətbiq edilməklə müəyyənləşdirilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 335-İİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh başçısı aparatının ştat cədvəlində yerli əmsalın mövcud qanunvericiliyə uyğun olaraq aylıq vəzifə maaşlarına tətbiq edilməsi və yeni ştat cədvəlinin Maliyyə Nazirliyinə təqdim edilməsi zəruridir.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2- 3142/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 335-İİQ nömrəli Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmdə yerli əmsal müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2002-ci ilin sentyabr ayının 1-dən 2023-cü ilin dekabr ayının 17-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən əmək haqqına əlavələrə edilən 20 faizin, yəni 30010.72 manat pulun Cavabdehndən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən 17 dekabr 2023-cü il tarixinə kimi fasiləsiz olaraq Cavabdeh başçısı aparatında Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 17 dekabr 2023-cü il tarixindən yaşa görə pensiyaya çıxmış, işlədiyi müddət ərzində rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Yaşadığı və işlədiyi Gədəbəy rayonu dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarının (əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsinin təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında) 10-cu bəndində qeyd edilmişdir ki, bu qərarın 3-cü və 5-ci bəndlərində göstərilən artım əmsallarının işəgötürən tərəfindən tarif (vəzifə) maşına, vaxta muzd və işə muzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) maşına müəyyən edilmiş əlavələrə və "məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiqlənməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarının 1 nömrəli əlavəsinin üçüncü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin. Onun Nazirlər Kabinetinin qeyd edilən qərarından 2023-cü ilin arxında xəbəri olmuşdur. Qeyd edilən qərarın icrası ilə bağlı Cavabdehnə müraciət etmiş, ona həmin təşkilatdan imtina verilmişdir, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yalnız aylıq vəzifə maaşına tətbiq edilən 1.2 həcmdə artım əmsalının həmin dövr üzrə əmək haqqına tətbiq edilməklə, yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2376/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqeyə əsasən, hazırkı işdə dövlət qulluqçularına Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla yerli əmsalların tətbiqi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu (maddə 22) və “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2002-ci il tarixli 335-İİQ nömrəli Qanunu ilə tənzimləndiyindən və həmin Qanunda yerli əmsalın əmək haqqına deyil, dövlət qulluqçularının vəzifə maaşlarına tətbiqi nəzərdə tutulduğundan cavabdeh orqan iddiaçının tələbini təmin etməməkdə haqlı olmuş, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir.
11. Apellyasiya şikayətinə tərəfin etirazı daxil olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra Nazirlər Kabineti qərar qəbul etdi ki, Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq 20% məbləğində və vəzifə maaşına əlavə mükafatlar tətbiq olunsun. İcra Hakimiyyəti tərəfindən həmin məbləğ 2 ay ödənildi, lakin sonrada yeni normaların tətbiqi ilə həmin məbləğin ödənilməsi dayandırıldı və ödənilmiş məbləğ geri tutuldu.
13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
159. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. 22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
16. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edir.
2. Yerli əmsalların müəyyən edilməsi Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir.
3. Yerli əmsalların tətbiqi Dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yerli əmsallar dövlət qulluqçusunun həmin məntəqələrdə fəaliyyət göstərən dövlət orqanlarında faktiki qulluq keçdiyi dövr üçün tətbiq edilir.
4. Yerli əmsalların ödənilməsi mənbəyi Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların tətbiqi dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir.
17. “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli 461 nömrəli Fərmanı: Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyini stimullaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarına aşağıdakı artımlar (əmsallar) tətbiq edilsin: dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşdiyinə görə -1,1; dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşdiyinə görə - 1,2; dəniz səviyyəsindən 2000 metr və daha çox yüksəklikdə yerləşdiyinə görə - 1,3.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təyin edilən əməkhaqlarına artımlar (əmsallar) Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə büdcə vəsaiti hesabına, başqa müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə isə onların öz vəsaitləri hesabına ödənilir.
5. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
18. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı:
5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1.1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1.2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1.3 məbləğində müəyyən edilsin.
6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin.
10. Bu qərarın 3-cü, 5-ci hissələrində göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilsin.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, işdə iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 1992-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə dövlət qulluqçusu olaraq işləmiş, Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşdiyindən onun Cavabdehndə işlədiyi dövr ərzində aldığı aylıq vəzifə maaşına 1.2 həcmdə yerli əmsal tətbiq edilmişdir. O, Cavabdehndə işlədiyi dövrdə aldığı əmək haqqına 1.2 həcmdə artım əmsalının düzgün tətbiq edilməməsini iddia edərək, nəticədə formalaşmış 25222 manat vəsaitin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 5- 44/2-221/2024 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə yerli əmsal müəyyən edilmişdir.
22. Göründüyü kimi iddiaçının Cavabdehndə dövlət qulluqçusu kimi fəaliyyət göstərdiyi dövr ərzində aldığı aylıq vəzifə maaşına 1.2 həcmdə yerli əmsal tətbiq edilmişdir. Hazırda iddiaçı hesab edir ki, işlədiyi dövrdə 1.2 həcmdə artım əmsalı düzgün tətbiq edilməmiş, belə ki, 1.2 həcmdə yerli əmsal onun aylıq vəzifə maaşına deyil, əmək haqqına tətbiq edilməlidir.
23. İddiaçı tələbini “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı ilə əsaslandırmışdır.
24. Hazırkı mübahisənin həll edilməsi üçün sözügedən 1.2 həcm artım əmsalının iddiaçının aylıq vəzifə maaşına, yoxsa əmək haqqına tətbiq edilməli olması aydınlaşdırılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyində haqlı olmuş və maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmişdir. Belə ki, iddiaçının Cavabdehndə dövlət qulluqçusu- Hüquq şöbəsinin müdiri olaraq işləməsi işin mübahisəsiz halıdır.
26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsi ilə həmin Qanunun şamil edilmədiyi subyektlərin dairəsi müəyyən olunmuş və həmin siyahıda yerli icra hakimiyyəti orqanlarına münasibətdə yalnız rəhbərlərinin (başçılarının) adı qeyd edilmişdir. Bu normanın təhlilindən belə nəticəyə gəlinir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu yerli icra hakimiyyəti orqanlarının rəhbərləri (başçıları) istisna olmaqla, digər dövlət qulluqçusu olan işçilərinə şamil olunur.
27. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsi ilə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənən işçilərin dairəsi müəyyən edilərək qeyd edilmişdir ki, bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
28. Yuxarıda qeyd olunan normaların sistemli təhlilindən belə nəticəyə gəlinir ki, bilavasitə yerli icra hakimiyyəti orqanlarının dövlət qulluqçusu olan işçilərinin əmək münasibətləri Əmək Məcəlləsi ilə deyil, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
29. Belə olan halda, sözügedən 1.2 həcm artım əmsalı iddiaçının dövlət məvacibininə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin deyil, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tətbiq edilməlidir.
30. Qulluq şəraiti, həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.4 və 22.5-ci maddələri).
31. Yerli əmsalların müəyyən edilməsi Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir. Yerli əmsalların ödənilməsi mənbəyi Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların tətbiqi dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir (“Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2 və 4-cü maddələri).
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən dövrdə dövlət qulluqçusu olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Belə olan halda şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
33. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2376/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov