Məhkəmə qərarları › İş №2-1(104)-693/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-693/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-693/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, vəkili X4, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs X5 iştirakları ilə, “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncamının məzmunundan Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin layihələşdirilməsinə icazə verilməsi müəyyən olunur.

2. AN-İ ******* seriya və nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər Nizami bələdiyyəsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsi X1.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayonu Nizami bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixli, 10 nömrəli protokol-qərarının ləğv edilməsi" barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli 10 saylı iclas protokolu-qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin vətəndaş X2 məqsədə müvafiq hesab edilmişdir. Sözügedən qərarda qeyd edilir ki, həmin torpaq sahəsi uzun müddət X5 istifadəsində olduğundan elə onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Dərhal başdan qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2013cü il tarixli, 1780 nömrəli sərəncama əsasən İddiaçı verilmişdir və elə həmin tarixdən də onun istifadə və sahibliyindədir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2013-cü il tarixli, 1780 nömrəli sərəncamından sonra iddiaçı həmin torpaq sahəsinin 4 tərəfində 2 metr hündürlüyündə daş hasar inşa etdirməklə darvaza qoymuş, həmin tikilidə özünə məxsus su çəni, əl arabası, yer qazmaq üçün palatka və sair alətləri saxlamaqla uzun illər istifadə etmişdir. Sözügedən torpaq sahəsində 2014-cü ilin may-iyun aylarında hörgü işləri başa çatmış və darvaza qoyulmuşdur. Həmin hörgü işləri məhkəməyə şahid qismində gətirəcəkləri usta X7 tərəfindən aparılaraq başa çatdırılmışdır. Cinayət işinin rədd edilməsi barədə qərarda adı çəkilən oğurlanmış darvaza da elə Zirəddin Vəliyev tərəfindən qoyulmuşdur. Bunları yazmaqda məqsəd ondan ibarətdir ki, bilinsin ki, mübahisəli torpaq sahəsi həqiqətən də 2013-cü il tarixdən iddiaçının istifadəsində olmaqla sahiblik hüququ həyata keçirilmişdir. Bələdiyyə həmin torpağı satacağı təqdirdə iddiaçıya satmalı olduğu halda başqa şəxsə hansı əsaslarla satır. Sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində və qanuni sahibliyində olmasını iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərara nəzər salınarkən də məlum olur. Belə ki, xx.xx.2022-ci il tarixli "cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərarda qeyd edilir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, "keçmiş mero" adlanan yerin yaxınlığında yerləşən özünə məxsus 3 sot torpaq sahəsindən oğurluq edilməsi ilə əlaqədar polisə müraciət etmiş və müvafiq araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş digər bir "cinayət işinin rədd edilməsi" haqqında 14 iyul 2023-cü il tarixli qərarda X8 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri ilə xx.xx.2023-cü il tarixdə altı-satqı müqaviləsi bağlanmış, 0.0298 ha torpaq sahəsi ona verilərək yerində göstərilmişdir. Mübahisələndirilən bələdiyyə qərarında isə həmin torpaq sahəsinin uzun müddət X5 istifadəsində olduğu və bunun üçün ona verildiyi qeyd edilmişdir. Necə olur ki, iddiaçı mübahisəli torpaq sahəsininə 2013-cü il tarixdən etibarən sahiblik və istifadəni həyata keçirdiyi təqdirdə, bələdiyyə sədri həmin torpaq sahəsini, yalnız alqı-satqıdan sonra görmüş və bəyənmiş X3.O cümlədən qeyd edilməlidir ki, X8 izahatında qeyd edir ki, həmin ərazidə heç bir tikinti işləri aparılmamışdır. Əgər yerli baxış keçirilərsə və yaxud tikilinin hansı tarixdə inşa edildiyinə dair ekspertiza təyin edilərsə açıq-aşkar məlum olacaqdır ki, torpaq sahəsinin hasarlandığı tikili uzun illər bundan qabaq inşa edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnu həyata keçirməsi ona deməyə əsas verir ki, mülkiyyət hüququnun ilkin yaranmasının əsaslarından olan 2 əsas amil, yəni sahiblik və istifadə hüququ iddiaçıya məxsus olmaqla, yalnız sərəncam vermək hüququ əldə edilməmişdir ki, həmin hüququn da, əldə edilməsi üçün bələdiyyə orqanının islahat keçirərək həmin torpaqları satışa çıxarılması iddiaçı tərəfindən gözlənilmişdir. Bələdiyyə isə torpaqlar özəlləşməyə başlayan kimi tam gizlin şəkildə iddiaçıya məxsus torpaq sahəsini X1. X8 torpağı əldə etdikdən sonra iddiaçının çoxsaylı orqanlara dayanmadan şikayət etdiyini görüb, həmin ərazidə ev tikintisi aparmağa başlamışdır. İddiaçı isə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək həmin ərazidə tikilinin dayandırılması barədə qərardad əldə etmişdir. İclas protokolu-qərarı tərtib edilərkən əlavə olaraq bildirilir ki, Bələdiyyənin 23 iyun 2023-cü il tarixli, 10 saylı iclas protokol-qərar tərtib edilərkən də, qanunvericiliyin tələblərinə əməl edilməmiş, şikayət vermə prosedurası və şikayət vermə müddəti göstərilməmişdir. İddiaçı sözügedən qərarı vəkil sorğusu əsasında xx.xx.2023-cü il tarixdə əldə etmiş və bir gün sonra şikayət vermişdir.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadının ləğv edilməsini və araşdırmanın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli torpağa dair yalnız Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncamı mövcuddur və əlavə heç bir sənədi yoxdur. Torpaq satılan zaman yeri müəyyən edilmiş və təqdim olunmuş, lakin həmin torpaq sahəsinin koordinantlarına dair heç bir sənəd tərtib edilməmişdir. Hazırda torpaq sahəsi hasarlanmışdır, lakin üzərində heç bir tikili yoxdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Rasim Abdullayev izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi sərəncama əsasən iddiaçıya verilmişdir və qeyd olunan sənəd iddiaçının subyektiv hüququnun yaranmasına əsasdır. Belə ki, torpaq onun faktiki istifadəsində və sahibliyində olmuşdur. Cavabdeh torpaq sahəsini satan zaman onun yüklü olub-olmamasını araşdırmamış və iddiaçıya verilən torpaq sahəsini üçüncü şəxsə satmışdır.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi sərəncama əsasən iddiaçıya verilmişdir. 2001-ci ildə müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaqayırma sənədləri bu formada tərtib edilirdi. Torpaq sahəsinin plan-ölçüsü, eskizi olmasa da, iddiaçı tərəfindən icra hakimiyyətinin göstərdiyi torpaq sahəsi hasarlanmışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsi 2016-cı ildə xəritələr təsdiqləndikdən sonra bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin vaxtdan 15-20 gün əvvələ qədər iddiaçı torpaq sahəsi ilə bağlı Nizami bələdiyyəsinə müraciət etməmişdir. Əgər iddiaçı 4-5 il əvvəl müraciət etsə idi, o zaman ona köməklik edilərdi. Hazırkı prosedur qaydalara əsasən vətəndaş müvafiq sərəncamla bələdiyyəyə müraciət etdikdə bələdiyyə sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ərazi idarəsinə təqdim edir. Həmin Ərazi İdarədən mütəxəssislər tərəfindən ölçmə işləri aparılır, bundan sonra müsbət rəy gəlirsə, torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərrac vasitəsilə satılır. Həmin proses isə 7-8 ay davam edir. X6 da torpaq sahəsi hərrac vasitəsilə satılmışdır. Ancaq şəhid ailəsi olduğu üçün pul ödəməmişdir. İddiaçı məhkəmə prosesindən 15-20 gün əvvəl torpaq sahəsi ilə bağlı bələdiyyəyə müraciət etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs apellyasiya şikayətinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə nümayəndəsinin də qeyd etdiyi kimi daha sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş hərracda həmin torpaq sahəsini almış, lakin şəhid ailəsi olduğu üçün pul ödənişlərindən azad edilmişdir. O, iddiaçını tanımır və həmin torpaq sahəsinin iddiaçıya verilməsindən tam məlumatsız olmuşdur.

Tətbiq edilən hüquq:

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. İddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncamına istinad edərək ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin hüquqi və faktiki baxımından ona aid olduğunu bildirərək torpaq sahəsinə dair Gəncə şəhəri Nizami Bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli 10 saylı iclas protokoluqərarının onun mülkiyyət hüququnu pozması səbəbindən ləğv olunmasını xahiş etmişdir.

22. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncamının məzmunundan məlum olur ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 300 kv.metr torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin layihələşdirilməsinə icazə verilmişdir.

23. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğuna dair istinad etdiyi yeganə sənəd yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilən sərəncamdır.

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Yerli icra hakimiyyəti orqanın sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüquqların qeydə alınması əsaslarından biri kimi nəzərdə tutulmamışdır. Başqa sözlə sərəncam tikinti-layihələşmə sahəsində müvafiq yerli icra hakimiyyəti orqanın icazəsini əks etdirir, bu isə həmin sənədə əsasən torpaq sahəsi üzərində şəxsin hər hansı hüququnun yaranmasına əsas deyildir.

25. Digər tərəfdən hazırki iş üzrə üçüncü şəxs X9 ilə Gəncə şəhər Nizami bələdiyyəsinin AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanıldığı və ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin Ə.Həsənovaya satılması müəyyən olunur. ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən ünvan 1 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X5 adına dövlət qeydiyyatına alındığı görünür.

26. Beləliklə iddiaçının istinad etdiyi xx.xx.2013-cü il tarixli, 1780 nömrəli sərəncam nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmadığından mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.

27. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd də əlavə edilməmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında da torpaq sahəsinin koordinantlarını, yerləşmə yerini əks etdirən sənədin ona təqdim olunmadığını, belə bir sənədin mövcud olmadığını bildirmişdir.

28. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.

29. Belə olan halda torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

30. Beləliklə torpaq sahəsinin iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, üçüncü şəxs üçün əlverişli olan inzibati aktı mübahisələndirsin.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

33. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3614/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar