Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-694/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2078/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbilə (Xəstəliyin ağırlaşmasını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti X1 L00154811FTİ nömrəli xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (İxtisaslaşdırılmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyyə olunmuşdur) barədə qərar qəbul edilmişdir. Həmin göndərişdə İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023- cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023- cü il tarixlərdə ambulator müayinələrinin, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək F062.1 – Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu üzrə X2, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu üzrə X3 stasionar müalicələrdə olması, həmçinin diaqnostik müayinə olaraq Beyin MRT-nin nəticəsi (Bilaterial frontal və parietal paylarda subkortikal və dərin ağ maddədə T2 və FİAİR seriyalarda hiperintans, T1 yüklü seriyalarda izointens, diffuzion seriyada xüsusiyyət kəsb etməyən bir neçə ədəd millimetrlik nonspesifik, kontraslanmayan qliotik ocaqlar aşkar edilir) əks olunmuşdur. X5 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022ci il tarixdən xx.xx.2022- ci il tarixədək “F62.1 - Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ambulator müalicələrdə olmuşdur. X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə ambulator müalicədə olmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8308 nömrəli tibbi rəyində diaqnoz “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1” kimi qeyd edilmişdir. Demensiyanın olub-olmamasını müəyyən etmək üçün MRT müayinəsi tövsiyyə olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT-sinin nəticəsi olaraq İddiaçı baş beynin atrofiyası. Sol yuxarı arxa təpə payında beynin ağ maddəsində mm-ik postangiopatik qlioz ocağı müəyyən edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyində diaqnoz “Asltheymer nəticəsində demensiya F00.0 MMSE 18” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-2182/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01. 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən A00163452GER nömrəli göndəriş daxil olmuşdur. Bununla əlaqədar, İddiaçı ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət etməyi tövsiyə olunmuşdur. X6 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Əsas xəstəlik: F62.1 - Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Yanaşı xəstəliklər: F00.0 - Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozları üzrə müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-4/2-H-11850/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin L00154811FTİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra müraciətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliklə bağlı ağırlaşmalar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona İİ dərəcəli əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə anadan olmuşdur. 10 ildir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Gəncə şəhər və Qazax rayon Ruhi Əsəb xəstəxanalarında və dispanserlərində qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Gəncə Ruhi-Əsəb Dispanserindən forma 88 vurulmasına baxmayaraq, xx.xx.2023cü il tarixdə sənədləri yanlış doldurulduğuna görə geri qaytarılmış və qeyd olunmuşdur ki, Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Bundan sonra Gəncə Ruhi-Əsəb Dispanserinə müraciət etdikdə sənədlərin doğru doldurulduğu bildirilmiş, yenidən cavabdeh orqana müraciət etdikdə bir sənədin çatışmadığını bildirdilər, bunun üçün TƏBİB-ə müraciət etdikdə bütün sənədlərin qaydasında olduğunu dedilər. Bundan sonra Prezident Adminstrasiyasında qəbulda oldmuş, Prezidentin köməkçisi Natiq Əmirov onun yenidən müayinədən keçməyi üçün göstəriş vermişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh orqandan onlara zəng gəlmiş xx.xx.2023-cü ildə komissiyada olmuşdur. Onda xəstəliyin olmaması bildirilmişdir. Oğlu onu professor Fuad İsmayılovun qəbuluna aparmış və xx.xx.2023-cü il tarixdə 8308 saylı verilən rəylə ona "psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1. Demensiyanın olub-olmamasını müəyyən etmək üçün MRT müayinəsi tövsiyə olunur" diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə ona MRT-yə göndəriş yazılmış və həmin tarixdə MRT-dən keçmişdir. MRT-dən sonra yenidən Fuad İsmayılov tərəfindən ona "asltheymer nəticəsində demensiya F00.0 MMSE 18" diaqoz qoyulmuşdur. Beləliklə də, onda "psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F621 asltheymer nəticəsində demensiya F00.0 MMSE 18" xəstəliyinin olması təsdiq olunmuşdur. Növbəti dəfə Forma 88 sistemə vurulduqdan sonra xx.xx.2024-cü il tarıxdə "əlavə müalicəyə ehtiyacı olması" səbəbindən imtina edimişdir. Bundan sonra yenidən Prezidentin köməkçisinin qəbulunda olmuş və yenidən Forma-88 doldurularaq sistemə vurulmuşdur. xx.xx.2024-cü il tarixdə onlayn növbə götürmüşdür. Həmin zaman ona bildirdilər ki, imtina doğru verilmişdir. Hər hansısa bir professorun diaqnozu sistemə yerləşdirilməmişdir. X12 Xəstəxanası tərəfindən sənədlər sistemə yerləşdirildikdə o, cavabdehin qanunsuz cavablarından sığortalanmaq üçün şəkilləri sübut kimi çəkmişdir. Ona qoyulan diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın və Əlavə - "Orqanizmin funksiyasının pozulmasının faiz göstəricisi və müddəti"nin 7.5.1. (F62.1 diaqnozu); 7.6.1. (F00 diaqnozu); 7.6.1.1. (MMSE - 19-11 bal məndə 18-dir) maddələrində göstərilmişdir. Həmin normalar 35-60% (7.5.1.1.), 35-80% (7.6.1.1) sağlamlığın itirildiyini göstərir. Həmin normalara uyğun olaraq ona 5 il müddətinə İl dərəcəli əlillik dərəcəsi təyin edilməlidir. İddiaçının nümayəndəsi X11 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, anası İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 5 il müddətinə əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2078/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən 5 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş xəstəlik tarixçəsindən çıxarışlarla müəyyən edilir ki, İddiaçı İddiaçı “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında, “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X8, “F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya” diaqnozu ilə xx.xx.2023-cü il və 12.1.2023-cü il tarixlərdə isə Psixi Sağlamlıq Mərkəzində, “Əsas xəstəlik: F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Yanaşı xəstəliklər: F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X8 ambulator müalicədə, “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə X8 stasionar müalicədə olmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyində diaqnoz “Asltheymer nəticəsində demensiya F00.0 MMSE 18” kimi qeyd edilmişdir. Hətta, Forma 88 haqqında məlumatda əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəlik “F00.0 Alsheymer nəticəsində demensiya. MMSE18” kimi göstərilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 5 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(104)- 2078/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sırf şəxsdə xəstəliyin olması səbəbindən ona əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi iş üzrə nə ekspertiza təyin etmiş, nə də şəxsdə ağırlaşmaların olub-olmamasını müəyyən etmək üçün aralıq qərardad qəbul etməyərək şəxsi əyani müayinəyə cəlb etməmişdir. Bildirirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmçinin bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Habelə nəzərə çatdırır ki, işin daha ətraflı araşdırılaraq iddiaçının yenidən müayinə olunması üçün tərəflərindən vəsatət verilməsinə baxmayaraq vəsatətləri təmin edilməmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.[3] 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 7.6.1. bəndinə əsasən XBT-10 kodu F00* olan “alsheymer xəstəliyi zamanı demensiya” Həmin əlavənin 7.6.1.2. bəndinə əsasən “orta təzahür dərəcəsi (MMSE – 19-11 bal)” 65-80 faiz olmaqla 5 il müddətinə müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı İddiaçı “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında, “F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X8, “F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya” diaqnozu ilə xx.xx.2023-cü il və 12.1.2023-cü il tarixlərdə isə Psixi Sağlamlıq Mərkəzində, “Əsas xəstəlik: F62.1 Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Yanaşı xəstəliklər: F00.0 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0)” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X8 ambulator müalicədə, “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4, “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə X8 stasionar müalicədə olmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8624 nömrəli tibbi rəyində diaqnoz “Asltheymer nəticəsində demensiya F00.0 MMSE 18” kimi qeyd edilmişdir. Forma 88 haqqında məlumatda əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəlik “F00.0 Alsheymer nəticəsində demensiya. MMSE18” kimi göstərilmişdir. Lakin İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı sonuncu müayinəsi zamanı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliyinin əsas diaqnozu - “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu”, yanaşı xəstəlik “F00.0 Alsheymer nəticəsində demensiya. MMSE18” kimi olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.1. bəndinə əsasən XBT-10 kodu F00* olan “alsheymer xəstəliyi zamanı demensiya” əlavənin 7.6.1.2. bəndinə əsasən “orta təzahür dərəcəsi (MMSE – 19-11 bal)” 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 5 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi İddiaçı yanaşı xəstəliyinin əsas xəstəliyindən daha ağır formada özünü göstərməsini və həmin xəstəliyin Əlilliyin müəyyən olunması meyarlarına əlavənin müvafiq bəndində təsbit olunmasını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya yanaşı xəstəliyə görə əlilliyin təyin edilməsi nəticəsinə gəlmişdir. Bu hal isə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsi, sosial təminat hüququnun həyata keçirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən siyasətə və qarşıya qoyulan məqsədə müvafiq olmuşdur. Belə ki, əlillik qiymətləndirilərkən həm əsas, həm də yanaşı xəstəliklərin yaratdığı funksional məhdudiyyətlər nəzər alınmalıdır. Tibb müəssisəsi tərəfindən verilmiş göndəriş və tibbi sənədlər əsasında müəyyən olunmuşdur ki, əsas diaqnoz olan “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” ilə yanaşı şəxs qeyd olunan “F00.0 Alsheymer nəticəsində demensiya. MMSE18” yanaşı xəstəlikdən də əziyyət çəkir. Yuxarıda istinad olunan normadan da göründüyü kimi bu yanaşı xəstəlik əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğun olaraq funksional məhdudiyyətlərə və şəxsin həyat fəaliyyətində əhəmiyyətli çətinliklərə səbəb olmuşdur. Bu səbəbdən də yanaşı xəstəliyin yaratdığı funksional pozuntular əsas diaqnoza nisbətən daha ağır nəticələr doğurduğuna görə əlillik qeyd olunan yanaşı xəstəlik əsas götürülərək təyin edilməlidir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin İddiaçı xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.1.2. bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 5 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2078/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-694/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-694/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver