Məhkəmə qərarları › İş №2-1(104)-695/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-695/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-695/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı X1 nümayəndəsi(əri) X3 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-561/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Samux rayonu Sərkar bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, borclu İddiaçı bələdiyyə ərazisində əmlak və torpaq vergisi üçün ödəmədiyi 2550,52 manat məbləğində yerli ödənişin tutularaq Sərkar bələdiyyəsinin büdcəsinə ödənilməsi, bir nüsxəsinin borclu İddiaçı rəsmi qaydada çatdırılması, borclu qərarı aldıqdan 10 gün müddətinə verilmiş tələbə və onun hissəsinə qarşı vermiş Sərkar bələdiyyəsini yazılı xəbərdarlıq etməklə məhkəməyə şikayət verə bilər, borclu bu xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində yerli ödəniş borcunu ödəmədiyi halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3.1-ci maddəsinə uyğun olaraq ona qarşı pul tələbinin məcburi icraya yönəldilməsi qərara alınmışdır.

2. Samux rayon Sərkar bələdiyyəsinin 18 noyabr 2021-ci il tarixli, 64 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı yerli büdcəyə ödənilməmiş 2550,52 manat (2021-ci il daxil olmaqla) vergi borcu vardır, həmin vergi borcunun 10 gün müdətində bildirişdə göstərilən hesaba ödənilməsi tələb olunur, əks təqdirdə inzibati qaydada ödənilməsi üçün Samux rayon İcra və probasiya şöbəsinə göndəriləcəkdir.

3. **********5370 seriyalı tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı 2550,52 manat borc qeyd edilmişdir.

4. **********18-12301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Samux rayonu Serkar kəndində İddiaçı məxsus ferma vardır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

6. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 iyun 2023-cü il tarixli, **********237900 nömrəli məktubunda qeyd olunur ki, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir:torpaq vergisi=torpaq sahəsi(ha)*şərti bal*0,06; biçənəklər, örüşlər və otlaqlar (yay və qış da daxil olmaqla) üzrə torpaq vergisi=torpaq sahəsi(ha)*(şərti bal/10)*0,06. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X2 cavabdeh Samux rayonu Sərkar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Samux rayonu Sərkar kəndi Nizami adına sovxoza məxsus heyvandarlıq ferması Aqrar İslahat Komissiyasının qərarına əsasən nənəsi X4 tərəfindən özəlləşdirimişdir. Nənəsi vəfat etdikdən sonra fermanın bir hissəsi yəni, 1 ha hissəsi ona keçmiş qalan 2,16 ha hissəsi isə bölgü aktı vəziyyətində qalmıdır. Cavabdeh orqan ferna onun mülkiyyətinə keçdikdən sonra qanunsuz olaraq ondan sənaye, tikinti, müdafiyə və sair təyinatlı müəssisələrinin yerləşdiyi torpaq sahəsinin vergi dərəcələrinə uyğun vergi tələb etmiş və bu barədə qərar qəbul etmişdir. İddiaçı Samux rayonu Sərkar Bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli 11 saylı qərarını qanunsuz və əsassız hesab edir.

9. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Samux rayonu Sərkar bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı məhkəməyə ərizə göndərərək mübahisələndirilən qərar ona gec təqdim olunduğundan müddətin bərpa olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-561/2023 nömrəli qərardadı ilə qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-561/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Samux rayonu Sərkar kəndi Nizami adına sovxoza məxsus heyvandarlıq ferması Aqrar İslahat Komissiyasının qərarına əsasən nənəsi X4 tərəfindən özəlləşdirilmişdir. Hələ o vaxt bələdiyyənin qanunsuz torpaq vergisinə qarşı etiraz edərək sorğu ilə Vergilər Nazirliyinə müraciət etmiş və cavabında qeyd edilmişdir ki, ikinci keyfiyət qrupuna aid torpaq sahəsində yerləşən fermanın torpaq vergisi hər hektar üçün 2 manat 70 qəpik müəyyən edilmişdir və Vergi Məcəlləsinin bu hissəsində bu günə qədər heç bir dəyişiklik olmamışdır. Nənəsinin vəfatından sonra fermanın yerləşdiyi torpaq sahəsinin bir hissəsi onun mülkiyyətinə keçmişdir ki, onun da bir hektarına çıxarış almış, qalan 2,16 hektar isə bölgü aktı vəziyyətində qalmaqdadır. Sərkar bələdiyyəsi ferma iddiaçının mülkiyyətinə keçən vaxtdan yenidən qanunsuz olaraq ondan Vergi Məcəlləsinin 206,3 maddəsinə əsasən sənaye, tikinti, müdafiəyə və sair təyinatlı müəssisələrin yerləşdiyi torpaq sahələrinin vergi sərəcələrinə uyğun vergi məbləği tələb edir və bu məqsədlə Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, hakim onun müdafiə hüququnu pozaraq məhkəmədə onun iştirakını təmin etmədən qanunsuz qətnamə qəbul etmiş, sonradan bu qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3432/2019 saylı, 20 avqust 2019-cu il tarixli qərardadı ilə ləğv olunmuşdur. Bundan sonra ona qarşı 8000 manat torpaq vergisi tələbini bələdiyyə qərarı ilə Samux rayon İcra və Probasiya şöbəsinə birbaşa icraata yönəltmiş, bununda əsasənda əmlakına həbs qoyulması üçün Samux Rayon Məhkəməsinə müraciət olunmuş, lakin Ədliyyə Nazirliyinə edilən şikayətə əsasən aparılan araşdırmaların nəticəsində bələdiyyə qərarı qanunsuz hesab edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

19. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 13.1. Yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

20. 17 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə : 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər.

21. Azərbaycan Respublikası Vergilər Məcəlləsi: 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

24. İş materiallarına əlavə olunmuş Samux rayonu Sərkar bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, borclu İddiaçı bələdiyyə ərazisində əmlak və torpaq vergisi üçün ödəmədiyi 2550,52 manat məbləğində yerli ödənişin tutularaq Sərkar bələdiyyəsinin büdcəsinə ödənilməsi, bir nüsxəsinin borclu İddiaçı rəsmi qaydada çatdırılması, borclu qərarı aldıqdan 10 gün müddətinə verilmiş tələbə və onun hissəsinə qarşı vermiş Sərkar bələdiyyəsini yazılı xəbərdarlıq etməklə məhkəməyə şikayət verə bilər, borclu bu xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində yerli ödəniş borcunu ödəmədiyi halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3.1-ci maddəsinə uyğun olaraq ona qarşı pul tələbinin məcburi icraya yönəldilməsi qərara alınmışdır.

25. Samux rayon Sərkar bələdiyyəsinin 18 noyabr 2021-ci il tarixli, 64 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı yerli büdcəyə ödənilməmiş 2550,52 manat (2021-ci il daxil olmaqla) vergi borcu vardır, həmin vergi borcunun 10 gün müdətində bildirişdə göstərilən hesaba ödənilməsi tələb olunur, əks təqdirdə inzibati qaydada ödənilməsi üçün Samux rayon İcra və probasiya şöbəsinə göndəriləcəkdir.

26. **********5370 seriyalı tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı 2550,52 manat borc qeyd edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılan zaman ilkin olaraq iddiaçının mübahisələndirdiyi qərarın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edib-edilməməsi mütləq şəkildə nəzərə alınıb araşdırılmalıdır.

28. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”.

29. Başqa sözlə inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər.

30. Hazırki işin hallarından məlum olur ki, mübahisələndirilən inzibati aktın-qərarın cavabdeh tərəfindən qəbul edilməsi zaman adıçəkilən qanunla müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır.

31. Belə ki, icraatın aparılması, icraat barədə rəsmi məlumatın verilməsi imperativ qaydada nəzərdə tutulmuş, lakin hazırkı icraat zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir.

32. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən inzibati aktdan şikayət verilmə müddəti 10 gün deyil, 30 gün müəyyən edilmiş, lakin bələdiyyə tərəfindən qərar tərtib edilərkən “İnzibati icraat haqqında” qanunun tələbləri pozulmuşdur.

33. Belə ki, mübahisələndirilən qərarın “nəticə” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, borclu qərarı aldıqdan 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı, qərar vermiş Samux rayonu Sərkar bələdiyyəsinə yazılı xəbərdarlıq etməklə məhkəməyə şikayət verə bilər.

34. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin qeyd edilən müddəalarından göründüyü kimi bələdiyyə tərəfindən vergi borcunun tutulması ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulmamış, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilərək bələdiyyənin sədrinə (yaxud onun müavininə), surətinin isə ödəyiciyə təqdim edilməsi, ödəyici tərəfindən aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə yazılı etirazını bildirmədikdə müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyənin öz vergi xidməti orqanının aktına baxaraq ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət olunması barədə qərar çıxarılması və ya belə qərarın çıxarılmasından imtina edilməsi müəyyən edilmişdir.

35. Lakin iş üzrə cavabdeh Samux rayonu Sərkar bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli, 11 saylı qərar qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl edilməmiş, iddiaçının və ya onun nümayəndəsinin inzibati icraatda iştirakı təmin olunmamış, onların mülahizələri dinlənilməmiş, qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərilməmiş, ümumiyyətlə adıçəkilən əsasnaməyə uygun olamayan qərar qəbul edilmişdir.

36. Bununla yanaşı cavabdeh tərəfindən qərar qəbul edilərkən vergi borcunun hesablanması zamanı maddi hüquq normalarının müddəaları da düzgün tətbiq edilməmişdir.

37. Belə ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və həmin vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bələdiyyələrə ödənilir. Belə olan halda həmin vergilərin ümumi əsasları, ödənilməsi, yığılması qaydaları və müddətləri də Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.

38. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - 85.2-ci maddəsinə əsasən vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. - 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur.

39. Mübahisələndirilən qərarda qeyd olunan borc məbləğinin hansı tarixlər üzrə hesablanması müəyyən olunmamış, tədiyyə bildirişində isə 2021-ci il üçün 8,22 manat əmlak vergisi, 666.7 manat torpaq vergisi hesablanmış, ödəmə müddəti xx.xx.2021-ci il tarixinədək 337,46 manat, xx.xx.2021-ci il tarixinədək 337,46 manat, ötən dövrlər üzrə 2025.76 manat əsas, 525.76 manat faiz borcunun olması qeyd edilmişdir.

40. Göründüyü kimi yaranmış borc məbləğinin hansı tarixlər üzrə hesablanması dəqiq müəyyən olunmamışdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslıdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən ləğv edilərək iddia tələbi təmin edilməklə iş üzrə yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-561/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. Samux rayonu Sərkar bələdiyyəsinin 02 iyun 2022-ci il tarixli, 11 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar