Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-697/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadından İddiaçı tərəfındən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağdakə qərardadı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat: İddiaçı Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh komandirinin xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmrinin ləğv edilməsi, çavuş vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixindən Müdafiə Nazirliyinin hərbi hissələrində əvvəlcə əsgər, sonra kiçik çavuş və xx.xx.2021-ci il tarixdən isə çavuş vəzifəsinə xidmət etmişdir. Göstərilən müddət ərzində qüsursuz xidmət etmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində N saylı hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə Komandiri xx.xx.2022-ci ildə 3-cü taborun 8-ci bölüyünün sanitar təlimatçısı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, MN-nin N saylı hərbi hissə komandirinin barəsində olan 236 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv edilməli, çavuş vəzifəsində bərpa edilməklə buraxılmış müddət ərzində ona çavuş vəzifəsinin orta aylıq əmək haqqı ödənilməlidir. Sənədlərdən və ona təqdim edilmiş əmrdən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün heç bir tutarlı dəlil və əsas olmamışdır. Xidmət keçdiyi müddət ərzində yuxarı komandanlıq tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif edilmişdir. ******* nömrəli, SX seriyalı hərbi biletində komadanlıq tərəfindən edilmiş qeydlər yazdıqlarının sübutudur. Bununla belə məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, çavuş olsa da N saylı hərbi hissə komandiri onu kiçik çavuş vəzifəsindən azad etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixli 834 nömrəli əmrlə o, artıq çavuş vəzifəsi alaraq xidmət edirdi. Bu fakt N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmrinin ləğvi üçün əsasdır. Bundan başqa, məlum əmrdə Azərbaycan Respublikası "Hərbi vəzifə və hərbi xidmət haqqında"Qanunun 41.0.10-cu maddəsinə istinad edilməsi yolverilməzdir. Ona görə ki, aralarında mövcud olan bağlaşma bu qaydada ləğv edilə bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçı həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında işdən çıxarıldıqdan sonra başına gələn hadisədən dolayı özünə gələ bilməmiş, stressdə olduğundan həkimlərə getmiş, həmçinin yaşamağa yeri olmamış, bu səbəbdən də qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-cü il tarixli, 5789 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, hərbi qulluqçu çavuş İddiaçı xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlədərək xx.xx.2022-ci il tarixdə şəhid olmuş leytenant B.Ə.Əliyevin minaya düşərək yaralanmasını əks etdirən video görüntünü həmin günü saat 19:06-da paylaşdığına və digər şəxslərə WhatsApp proqramı vasitəsi ilə göndərdiyinə görə Cavabdeh komandiri polkovnik-leytenant Rasim Əliyevin vəsatəti əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 06 avqust 2022-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 06 avqust 2022-ci il tarixli əmri qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadı (hakim F.Hüseynov) ilə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022- ci il tarixli, 062əç nömrəli əmrinin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. Eyni zamanda, iddiaçı məhkəmə iclasında mübahisələndirilən əmr barəsində ona hərbi hissənin kadrlar şöbəsindən təqribən xx.xx.2022-ci il tarixdə zəng vurularaq məlumat verildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2022-ci il tarixdə bilmiş, lakin məhkəmədə əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2022-ci il tarixdə poçt xidmətinə müddət ötürülməklə təqdim etmişdir. Həmçinin, müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sənədlərdən və ona təqdim edilmiş əmrdən görünür ki, barəsində əmr verilən tarixdə məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olan işçini, hərbiçini, hər hansı əmək münasibətlərində olan şəxsi əmrlə tutduğu vəzifədən azad etmək olmaz. Qanuna görə yolverilməzdir. Məhkəmə bilavasitə qərardadında göstərir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmr ona telefonla elan edilib. Qanunvercilkdə isə belə qanun-qayda yoxdur. Bununla tam sübut edilir ki, onun ehtiyyata buraxılmağı, bağlaşmanın ləğv edilməsi üçün heç bir tutarlı əsas yoxdur. Məhkəmə isə sadəcə olaraq iddia ərizəsini bir ay ərzində məhkəməyə təqdim etməməsini əsas götürüb, tələbi rədd etmişdir. Halbuki, həmin tarixlərdə xəstə olmuş, bu üzürlü səbəbdir, xəstəlik dövründə və məzuniyyət müddətində işdən azad etmək qanunla qadağan və yolverilməzdir. Bunlar əmək və xidməti münasibətlərin baza prinsipidir. Qanunlara, onların tələb və mahiyyətinə ziddir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavabında isə bildirmişdir ki, 15 avqust 2022-ci il tarixdə hərbi hissənin kadrlar şöbəsindən ona zəng vurularaq hərbi xidmətdən ehtiyata buraxıldığı bildirilmiş və elə həmin günü də Nicat adlı “Kamaz” sürücüsü vasitəsi ilə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsində qeydiyyata alınması üçün təyinat vərəqəsi verilmişdir. İddia ərizəsinə əlavə etdiyi əmrin surəti isə ona təxminən 15 avqust 2022-ci il tarixdən sonra 1 həftə ərzində poçt vasitəsi ilə göndərilmişdir. Təyinat vərəqini aldıqdan təxminən 1 həftə sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsinə gedərək qeydiyyata alınmışdır. Müddəti ötürülməsinin səbəbi isə hərbi xidmətdən çıxarılması ilə əlaqədar stres keçirməsi, həkimlərə müraciət etməsi, yaşamağa yeri olmaması və kimsəsiz olması ilə əlaqədar əlacsız qalması ilə bağlı olmuşdur. Həkimlərə müraciət etməsi ilə bağlı hər hansı bir sənəd mövcud deyil. Belə ki, həkimə müraciət edən zaman buna dair sənədin gələcəkdə lazım olacağını düşünməmişdir. “İnzibati icraat haqqında” Qanun: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 062əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmış və ona 15 avqust 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsində qeydiyyata alınması üçün təyinat vərəqəsi verilmişdir. İddiaçının izahatına əsasən təyinat vərəqi ona 15 avqust 2022-ci il tarixdə, müvafiq əmrin surəti isə həmin tarixdən 1 həftə sonra poçt vasitəsi ilə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçının hərbi biletinin surətindən isə görünür ki, iddiaçı ehtiyyata buraxıldıqdan sonra 25 avqust 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsində hərbi qeydiyyata alınmışdır ki, bununla da iddiaçının hərbi xidmətdən ehtiyyata buraxılmasını ona rəsmi qaydada elan olunması iddiaçının izahatı ilə yanaşı işdə olan sübutlarla təsdiq olunmuşdur. Lakin, iddiaçı müvafiq əmri aldıqdan 30 gün ərzində iddia qaldırmalı olduğu halda iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt orqanına təqdim etmişdir ki, bununla da qanunla müəyyən edilmiş müddəti 1 aydan çox müddətə ötürmüşdür. İddiaçı müddəti ötürməsinin səbəbini hərbi xidmətdən çıxarılması ilə əlaqədar stres keçirməsi, həkimlərə müraciət etməsi və məişət vəziyyəti ilə əlaqələndirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləlikə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının təqsirli olaraq müddəti ötürməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə r a r a a l d ı : Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadından İddiaçı tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 24 iyul 2023-cü tarixli, 2-1(114)-2942/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-697/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-697/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver