Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-697/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-855/2024 saylı qərarından cavabdeh Təhsildə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Rusiya Federasiyasının “X12 Universiteti” tərəfindən 12 fevral 2019-cu il tarixdə verilmiş 102624 ******* (qeydiyyat nömrəsi 21.34-88) nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Əmtəəşünaslıq” peşə istiqaməti üzrə bakalavr proqramını mənimsəyib və yekun dövlət imtahanlarını müvəffəqiyyətlə keçib, dövlət imtahan komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verimişdir. Rusiya Federasiyasının “X12 Universiteti” tərəfindən 12 fevral 2019-cu il tarixdə verilmiş diploma əlavəyə əsasən təhsil proqramının istiqaməti (profili) kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının istehsalı və dövriyyəsi sahəsində əmtəəşünaslıq və ekspertiza, təhsil forması qiyabidir. İddiaçının müraciətinə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qəran ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.5-ci bəndinə əsəsən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasında Stavropol şəhərində “X14 Universitetində” əmtəəşünaslıq peşə istiqaməti üzrə bakalavriat proqramını müvəffəqiyyətlə bitirdiyi üçün ona verilən 102624 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsinə dair müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasında Stavropol şəhərində “X14 Universitetində” əmtəəşünaslıq peşə istiqaməti üzrə bakalavriat proqramı üzrə təhsil almış,təhsilini başa vurduqdan sonra xx.xx.2019-cu il tarixli 102624 ******* qeydiyyat nömrəli bakalavr diplomu almışdır. Xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə X3nə tərəfindən müraciət ünvanlanmışdır. Diplomun tanınması üçün həyata keçirilən imtahan onun tərəfindən uğurla verilmişdir, lakin 14 iyul 2023-ci il tarixli elektron poçta gələn məktubda onun sərhəd keçməməyini əsas gətirərək “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalarf’nın 3.7-ci bəndinə əsasən, ixtisasının ölkə üzrə tanınmasının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Təhsildə X3 tərəfindən diplom üzrə aldığı ixtisasın təsdiq olunmaması və ekvivalentliyinin müəyyən edilməməsi tam əsassız və qanunsuzdur. Belə ki, o, Rusiya Federasiyasında Stavropol şəhərində “X14 Universitetində” əmtəəşünaslıq peşə istiqaməti üzrə bakalavriat proqramı üzrə təhsilini başa vurmuş və rus dilini tam şəkildə bilir. Həyata keçirilən imtahan zamanı lazımi və ixtisası ilə bağlı olan suallara tam şəkildə cavab versə də, Agentlik tərəfindən ona son bir il onun Azərbaycandan Rusiva Federasiyasına giris-çıxışı olmadığı bildirilmişdir. O, qiyabi təhsil almış və Qazaxıstanda son bir ili işləmiş və oradan Rusiya Federasiyasına giriş-çıxış etmişdir, lakin bunu nəzərə almamışdır, sübut kimi onun xarici pasportunda da girişçıxışını təsdiq edən peçatlar da vurulmuşdur. Təhsil aldığı dövrdə dərsə davamiyyəti tam olmuş, yüksək qiymətlərlə universiteti bitirmişdir. Bütün bunlara baxmayaraq Təhsildə X3 tərəfindən onun hüquqları kobud surətdə pozulmuşdur. Xarici dövlətdə əldə edilən kvalifıkasiyanın tanınması şəxsin həmin kvalifıkasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifıkasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etdirmək və həmin kvalifıkasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir. Rusiyanın səlahiyyətli orqanı tərəfindən ona verilmiş diploma (təhsil sənədinə) “apostil möhürü vurulmaqla həmin ölkədə qanuniliyi tanınmışdır. Cavabdehin əsaslandırması imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 102624 ******* saylı qeydiyyat nömrəsi 21.34-88, olan 12 fevral 2019-cu il tarixdə verilmiş “X13” Universitetinin “Əmtəəşünaslıq” ixtisası üzrə bakalavr diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-25 gün, İİ il -1 ay 4 gün, İİİ il - 9 gün, İV il -11 gün, V il -1 semestr (xx.xx.2019) 13 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-855/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, 102624 ******* saylı, qeydiyyat nömrəsi 21.34-88, olan 12 fevral 2019-cu il tarixdə verilmiş “X13 Universitetinin” “Əmtəəşünaslıq” ixtisası üzrə bakalavr diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi yeganə məqam X12 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu baxımdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkünlüyü ilə bağlıdır. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının X12 Universitetində aldığı təhsilin forması qiyabi olmuşdur. Tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. İş üzrə materiallarla iddiaçının 2014-2019-ci illərdə təhsil müddətinin qiyabi formaya uyğun olaraq 5 il, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin təhsilin normativ müddətinə dövlət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etiraza münasibətdə bildirmişdir ki, etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə İ il-25 gün, İİ il -1 ay 4 gün, İİİ il - 9 gün, İV il -11 gün, V il -1 semestr (xx.xx.2019) 13 gün olduğunu qeyd edilsə də, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Səthəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş 3-38-33/2-4344/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunur ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il, ikinci il hər il üçün – 9 aydan artıq, üçüncü və dördüncü il – Qazaxıstanda işləməyi ilə əlaqədar olaraq Gürcüstan Respublikasından təhsil aldığı ölkəyə getmiş (bu faktı iddiaçının xarici pasportunda olan möhürlər təsdiq edir), beşinci il 2018-2019-cu ildə isə təhsil aldığı ölkədə 6 aydan artıq olmuş təhsil aldığı ölkəyə xx.xx.2019-cu ildə daxil olmuş xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasından çıxış etmişdir. Bununla ələqədar məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan etiraz ərizəsində İ il-25 gün, İİ il -1 ay 4 gün, İİİ il - 9 gün, İV il -11 gün, V il -1 semestr (xx.xx.2019) 13 gün olduğunu qeyd etsə də, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş məktubla, iddiaçının xarici pasportu ilə müəyyən edilir ki, iddiaçı təhsilin qiyabi formasına uyğun olaraq kifayət qədər təhsil aldığı dövlətdə olubdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmişdir,təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla, yaxşı, kafi qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənətbəxş olmaqla müvafiq tədris olunan fənləri mənimsəməyə kifayət etmiş, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir. Beləliklə, cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu təsdiqini tapmamış, iddiaçının təhsil aldığı ölkədə kifayət qədər olması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya şikayətinin təmin edilərək məcbur etmə haqqında iddia tələbinin rədd edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası ərizəçinin müraciət etdiyi tarix dövründə qüvvədə olan normativ aktın tələblərinə və normativ aktda ona verilmiş səlahiyyət çərçivəsinə uyğundur. Belə ki, vətəndaşın təhsil aldığı ölkədə əyani təhsilalma formasında aldığı təhsilin qarşılığında həmin ölkədə olma müddətləri aşağıdakı kimidir: 2014-2015-ci tədris ili – 25 gün 2015-2016-cı tədris ili – 1 ay, 4 gün 2016-2017-ci tədris ili – 9 gün 2017-2018-ci tədris ili – 11 gün 2018-2019-cu tədris ili – İ semestr (xx.xx.2019) 13 gün. Belə ki, məhkəmə qərarının əsaslandırma hissəsində ərizəçinin müraciətindən əvvəl leğv edilmiş normativ akta istinad gətirmişdir. Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. İnzibati icraatın aparıldığı Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən 4.1-ci bənddə nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Hazırkı iş üzrə sərhədkeçmə məlumatlarının təhlili nəticəsində məlum olmuşdur ki, Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması barədə və 4.1.5-ci yarımbəndə əsasən orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması barədə tələblərlə uyğunsuzluqlar mövcuddur. İddiaçının sərhədkeçmə məlumatlarında isə bu tələb ödənilmir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə , hər yarımil üzrə imtahanlarda 2 həftə iştirakını zəruri edir. Məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası "İnzibati Prosessual Məcəlləsi"nin 69.4-cü bəndində əsk olunmuş (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir) Məhkəmə Qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur. Məhkəmə ümumi sərhəd məlumatlarına əsaslanaraq iddiaçının ölkə xaricində olması günlərini toplayaraq yalnış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş 3-38-33/2-4344/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd oluna xx.xx.2001-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər olan müddət iddiaçının təhsil aldığı müddətə hesablanmamalıdır. İddiaçı 2014-2015-ci il tədrisi ili ərizində xx.xx.2015-ci il tarixdən -xx.xx.2015-ci il tarixə qədər olan dövrdə (sorğuya cavab məktubunda qeyd olunan giriş-çıxış müddətləri nəzərən) cəmi 25 gün tədris müddəti ərzində təhsil aldığı ölkə ərazisində olması faktı danılmazdır. Məhkəmə ümumi olaraq ölkə xaricində olma müddətlərini toplayaraq birinci il, ikinci il hər il üçün - 9 aydan artıq iddiaçının ölkə xaricində olması nəticəsinə gəlmişdir. Qeyd olunan hal qəbul edilməzdir. İddiaçı məhkəmənin qeyd etdiyi üzrə birinci və ikinci tədris ili ərzində 9 ay deyil, cəmi 1 ay 29 gün (2014-2015 -ci tədris ili- 25 gün, 2015-2016 - cı tədris ili 1 ay, 4 gün) tədris aldığı ölkə ərazisində olmuşdur. Bundan əlavə iddiaçı təhsil aldığı dövr ərzində Gürcüstan və Qazaxıstan Respublikalarında olması faktı iddiaçıya məxsus xarici pasportda öz əksini tapır. İddiaçının qeyd olunan ölkə ərazisində olması müddətləri də məhkəmə iddiaçının təhsil aldığı tədris müddəti üzrə ümumi hesablayaraq yalnış nəticəyə gəlmişdir. İddiaçı qısa müddətlər ərzində təhsil aldığı Rusiya Federasiyası ərazisinə giriş-çıxışlar etmişdir. Bu hal iddiaçının xarici pasportunda öz əksini tapmışdır. Həmçinin xarici pasportun 47-ci səhifəsində iddiaçının uzun müddət Qazaxıstan Respublikasında olması faktı öz əksini tapmışdır. Məhkəmə qeyd olunan halları araşdırmadan yekun məkəmə aktı qəbul etmişdir. Həmçinin digər dövrlər üçündə qeyd etmək olar ki, inzibati orqanın tərəfindən tədris ili üçün hesablanmış sərhəd məlumatları ilə Azərbaycan Respublikasının Dövlət Səthəd Xidməti Sərhəd Nəzarəti tərəfindən daxil olmuş 3-38-33 /2-4344/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda olan məlumatlar eynilik təşkil edir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X3nin Nizamnaməsi”: 1.1. Təhsildə X3 (bundan sonra– Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1. tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdətədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Hazırkı iddia üzrə iddiaçının hüquqi marağı X12 Universiteti tərəfindən ona verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qiyabi təhsil formasında “Əmtəəşünaslıq” ixtisası üzrə aldığı təhsilə görə Rusiya Federasiyasının “X12 Universiteti” tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamələrin verilməsini tələb etsə də, 12 fevral 2019-cu il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əsasən deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından da qiymət verilməsi, habelə təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmaması, bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalı olması ilə bağlı olan mövqeyini haqlı hesab edir və bununla razılaşır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilmiş və X12 Universitetində İddiaçı ilə eyni dövrdə təhsil almış başqa şəxslərin aldıqları xarici ali təhsil ixtisaslarının Təhsildə X3 tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilib-verilməməsi barədə, verildiyi təqdirdə şəhadətnamənin hansı əsasla verilməsi barədə məlumatın və bunu təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X12 Universiteti tərəfindən X2 № 102624 2826717; X2 № 102624 2826718; X6 № 102624 2827024; X8 № 102624 2826650; X7 № 102624 ******* nömrə və seriyalı diplomlar verilmişdir. Cavabdeh agentlik tərəfindən həmin şəxslərə məxsus diplomlara münasibətdə şəhadətnamələr verilmişdir. Həmçinin sorğuya əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, yuxarıda adları qeyd olunan şəxslərdən X5 - 188 gün, X5 - 182 gün, X11 - 175 gün təhsil aldıqları dövr ərzində ölkə xaricində olmuşlar. İddiaçının isə təhsil aldığı dövr ərzində ölkə xaricincə olma müddəti 441 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıdan daha az müddət kəsiyində təhsil aldığı ölkə ərazisində olmuş digər şəxslərə münasibətdə cavabdeh agentliyin fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi qəbul edilən sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bəhs olununlara əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qiymətləndirmə aparmağı zəruri hesab etmir. Məhkəmə kollegiyası bərabərlik və etimadın qorunması prinsiplərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-855/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-697/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-697/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver