Məhkəmə qərarları › İş №2-1(104)-7/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-7/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-7/2024 05.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı1, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-451/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. «Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılmasına dair» xx.xx.2006-cı il tarixli, 000198 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı «Ekspress» kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 tərəfindən satın alınmış, əmlakın ümumi satış qiyməti 2004.0 manat olmuşdur.

2. «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair» xx.xx.2007ci il tarixli, 000301 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı «Ekspress» kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 110.25 manat olmuşdur. 3.«Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair» xx.xx.2011-ci il tarixli, 01/7021 nömrəli arayışı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı ünvan 1 ünvanında yerləşən 2 saylı «Ekspress» kafesi qiymətləndirilmiş və xx.xx.2011-ci il tarixə obyektin bazar qiyməti 240.000 manat müəyyən edilmişdir.

4. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2019-cu il tarixli 19/2-150 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmişdir.

5. xx.xx.2020-ci il tarixli, N-18/16-008/5 nömrəli məktubunda qeyd olunur ki, İcra Hakimiyyəti iddiaçının Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, «Gəncə» mehmanxanasının şərq tərəfində mövcud olmuş, 2011-ci ildə ərazidə aparılan abadlıq işləri zamanı sökülmüş «Ekespres» kafesinin yenidən bərpa olunmasına icazə verilməsinə dair müraciəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikiliyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»na uyğun hazırlanmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş «Şəhərsalma əsaslandırılması layihəsi», tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma əsaslandırılmasına uyğunluğu barədə rəy, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6-cı yarımbəndlərində qeyd edilən Tikintinin Dövlət reyestri tərəfindən verilmiş kod Memarlıq və tikinti şöbəsinə təqdim edildikdən sonra müraciətə baxılacağını bildirmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli, **********89 nömrəli məktubunda qeyd olunur ki, “Ekspres” kafenin faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçının mübahisəli ərazidə “Ekspres” kafenin vaxtı ilə yerləşdiyi ərazi olaraq təqdim etdiyi sahə, Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarışın 1812 (02-99-06) inventar nömrəli texniki pasportuna əsasən "xxxx" ASC-nin mülkiyyətində olan sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

7. 22 avqust 2022-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd olunur ki, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafenin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Əmlak söküldüyü üçün onun bazar qiymətini müəyyən etmək mümkün olmamışdır.

8. "xxxx" MMC-nin Ç-079 nömrəli, 30 avqust 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş qiymətləndirmə hesabatına əsasən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinə dair 28 iyun 2006-cı il tarixdə tərtib olunmuş 001152 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda əks olunmuş əmlakın sökülmüş olan 83,2 kv metr sahəsinin 2011-ci il üzrə bazar qiyməti 250 000 manat təşkil edir.

9. "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli, G-12/23-140 nömrəli məktubuna əlavə edilmiş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 məxsus sökülmüş qeyriyaşayış sahəsinin 2011-ci il üzrə bərpa qiyməti 73 400 manat, 14 fevral 2024-cü il tarixli, G-12/24-011 nömrəli məktubuna əsasən İddiaçı1 məxsus sökülmüş qeyri-yaşayış sahəsinin torpaq sahəsi istisna olmaqla 2011-ci il üzrə bazar qiyməti 160 000 manat təşkil edir.

10. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 29 yanvar 2024-cü il tarixli, 5-1/2-03/170/2024 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilməmiş, torpaq ların dövlət ehtiyacı üçün alınması zərurəti olmamışdır. Eləcə də “Gəncə” mehmanxanasının ətrafında heç bir abadlıq işləri görülməmişdir. Qeyd olunan obyekt mehmanxananın arxasına bitişik olduğundan sonuncunun sahibi ilə iddiaçının arasında bununla bağlı mübahisə və narazılıq olmuş, iddiaçının müraciətlərindən də göründüyü kimi həmin obyekt mehmanxananın sahibi tərəfindən sökülmüşdür. Mehmanxananın ərtafında aparılan abadlıq işləri də mehmanxananın sahibi tərəfindən həyata keçirilmişdir.

Birinci instansiyası məhkəməsində birinci icraat:

11. İddiaçı1 cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddia, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququnda ona məxsus olmuş 240 min manat dəyərində “Ekspress” kafesinin əvvəlki yerində və ölçüsündə bərpa olunmasına dair sərəncamın verilməsi və həmin sərəncama uyğun obyektin əvvəlki yerində və ölçüsündə bərpa olunması və ona vurulmuş 336 min manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Karl Marks küçəsi (həmin küçə sonralar Əlibəy Hüseynzadə adlandırılmışdır, hazırda Şeyx Bahəddin adlandırılır) Gəncə şəhəri Əhaliyə Məişət Xidmətinin balansında olan ayaqqabı təmiri və tikişi pavilyonu Gəncə şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri X9 balansına keçirilmişdir. Gəncə şəhəri X13 üzrə 25 noyabr 1994-cü il tarixli 95 nömrəli əmrlə fabrik mətbəxinin nəzdindəki 2 nömrəli təcili xidmət kafesi müstəqil iaşə müssisəsinə çevrilmişdir. Gəncə şəhəri İctimai İaşə müəssisəsi 2 nömrəli Ekspres kafesi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26 yanvar 1993-cü ildə qeydiyyata alınıb, 459 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə həmin kafedən ticarət və ictimai iaşə obyektindən istifadə hüququ təsdiq edən sənəd kimi hüquq verdiyindən Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən həmin obyektə xx.xx.1995-ci il tarixdə texniki pasport verilmişdir. Qeyd olunan obyekt və onun torpaq sahəsi özəlləşdirilmişdir. Həmin obyekt və onun yerləşdiyi torpaq sahəsi 1-ci kateqoriyalı yerdə yerləşir və iddiaçı 43 həmin obyektdə işləmişdir. Pasporta ümumi sahə kimi 57.4 kv.m, 20.0 kv.m sahənin boş sahə olduğu göstərilmiş, 44.8 kvm satış zalının arası pərdə ilə örtülərək, 22.4 kv.m satış, 22.4 kv.m anbar kimi istifadə olunması göstərilmişdir. Tikinti altı sahəsi 15.9 metr x 5.7 metr göstərilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən həmin obyektə verilən 27 iyun 2006-cı il tarixli pasportda həmin tikintinin ümumi sahəsinin 83.2 kvm, satış sahəsinin 58.4 kv.m, köməkçi sahənin 24.8 kv.m, tikinti altı sahənin 88.2 kv.m olması göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli müəssisənin (obyektin) alqı-satqısına dair 387 nömrəli müqaviləyə əsasən obyekt ona 2004 manata satılmış və müvafiq şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən həmin obyekti işlətməklə ayda 3500 manat qazancı olmuşdur. Lakin 2011-ci ilin aprel ayında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin obyekt heç bir qanuni sənəd olmadan içərisində olan bütün avadanlığı, əmlakı ilə darmadağın edilmişdir. 2011-ci il tarixdən 8 il ərzində hər ay həmin obyektdən 3500 manat qazanc götürməklə ildə 42.000 manat hesabı ilə ona 336.000 (üç yüz otuz altı min) manat birbaşa ziyan vurulmuşdur. Bu təkcə ona vurulmuş ziyanın həmin obyektdən götürdüyü qazanca görə hissəsidir. İddiaçı obyektin özünü dəfələrlə təmir etdirmiş, orada yenidənqurma işləri aparmış, obyekt dağıdılarkən qeyd etdiyi kimi içərisində obyektə aid avadanlığı və digər əmlakı olmuşdur. Göstərilən əsaslarla iddiaçı hesab edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiya ona ödənilməlidir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)- 56/2020 nömrəli qərar ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, mübahisəli obyektin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus obyektin real olaraq mövcud olmaması iddiaçıya dəymiş ziyanın mövcudluğunu təsdiq etsə də, ziyanın vurulmasında cavabdeh orqanın təqsiri olması məhkəməyə qaydasında sübuta yetirilməmişdir.

15. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-1(104)-755/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – A.Bayramov, hakimlər – R.Mamedov və A.Hüseynzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(114)-56/2020 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin nəticə hissəsində tələb dəqiq və aydın şəkildə göstərilməmişdir, birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən yardım etməli olduğu halda, bunu etməmiş, iddia ərizəsinin nəticə hissəsində göstərilmiş tələbə eyniliklə mahiyyət üzrə baxaraq qərar qəbul edilmişdir.

Birinci instansiyası məhkəməsində ikinci icraat:

18. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2- 1(114)- 451/2021 nömrəli qərardad ilə ərizə icraata qəbul edilmişdir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-451/2021 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin əmlakın Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi və ya qərarı ilə sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

22. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2-1(104)-526/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Ə.Abdullayev, hakimlər – L.Süleymanov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(114)- 451/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat:

25. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2-1(104)- 526/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat: apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

27. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə nəticəyə gələrkən işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə işin bütün detallarına diqqət yetirməli, şahid bazasını genişləndirməli, hadisənin kimlər tərəfindən və hansı məqsədlərlə dağıdıldığını aydınlaşdırmalı və yalnız bundan sonra yekun qərar verməli idi. İş bu cür yarımçıq, heç bir məsələyə aydınlıq gətirmədən, əksinə mövcud suallara cavab tapmaq əvəzinə, yeni suallar doğurmaqla yekunlaşa bilməz. Məhkəmə kafenin şəhər İcra Hakimiyyəti tərəfindən dağıdıldığı ehtimalını istisna etmək üçün olduqca məntiqsiz bir mülahizə irəli sürüb, yəni həmin ərazidə abadlıq işləri həyata keçirilməli olsa idi, guya kafenin bitişik olduğu mehmanxana da sökülməliymiş. Məhkəmə nəzərə almalı idi ki, o, qeyri-qanuni hərəkətlər nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsini tələb edir və hətta əvvəlki iddia tələblərində irəli sürdüyü mənəvi zərərin ödənilməsindən də imtina edir. Ona görə də Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 451/2021 saylı qərarının ləğv edilməsini və iddiaının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli ərazi onun şəxsi mülkiyyətində olmuşdur. Lakin onun icazəsi olmadan və əvəzi ödənilmədən ona məxsus obyekt Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Dəfələrlə istər mehmanxananın rəhbərliyindən istərsə də icra hakimiyyətininin işçilərindən şikayət etsə də heç bir nəticəsi olmamışdır. Onun obyekti məhz icra hakimiyyəti tərəfindən sökülmüşdür. Həmin illərdə şəhərdə abadlıq işləri aparılırdı, ona məxsus obyekt isə şəhərin mərkəzində olduğundan sökülmüşdür.

29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, həmin ərazi cavabdeh tərəfindən sökülmüş və ərazidə abadlıq işləri aparılmaqla bahalı ağaclar əkilmişdir. Söküntü aparılan dövr ümumilikdə Gəncə şəhərində abadlıq işlərinin aprıldığı və sökülmələrin həyata keçirildiyi dövr idi və hamıya məlum olan hal idi ki, şəhərdə bu cür söküntü işlərini kim həyata keçirir.

30. Cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülməsi iddia edilən obyekt şəhərin abadlaşdırılması üçün heç bir əhəmiyyətə malik olmadığına görə həmin obyektin Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülməsi ağlabatan deyil. Həmçinin iddiaçıya məxsus obyektin Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülməsinə dair heç bir əsas və sübut yoxdur. İddiaçıda orqanla müraciətində söküntünün məhz Gəncə Mehmanxanası tərəfindən aparıldığını bildirmişdir.

Tətbiq olunan hüquq:

31. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

36. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu:

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

39. Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı «Ekspress» kafesinin İddiaçı1 mülkiyyətində olması və hazırda sökülməsi işin mübahisəsiz halıdır.

40. Belə ki, «Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılmasına dair» xx.xx.2006-cı il tarixli, 000198 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı «Ekspress» kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 tərəfindən satın alınmış, əmlakın ümumi satış qiyməti 2004.0 manat olmuşdur.

41. «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair» xx.xx.2007ci il tarixli, 000301 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı «Ekspress» kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 110.25 manat olmuşdur.

42. «Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair» xx.xx.2011-ci il tarixli, 01/7021 nömrəli arayışdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı ünvan 1 ünvanında yerləşən 2 saylı «Ekspress» kafesi qiymətləndirilmiş və xx.xx.2011-ci il tarixə obyektin bazar qiyməti 240.000 manat müəyyən edilmişdir.

43. Göründüyü kimi Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi, eləcə də torpaq sahəsində yerləşən 2 saylı “Ekspress” kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı1 tərəfindən satın alınmışdır. İddiaçı hazırda ona məxsus obyektin məhz Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü iddia edərək ona vurulmuş zərərin ödənilməsini tələb edir.

44. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli obyektin sökülməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus obyektin real olaraq mövcud olmaması iddiaçıya dəymiş ziyanın mövcudluğunu təsdiq etsə də, ziyanın vurulmasında cavabdeh orqanın təqsiri olması məhkəməyə qaydasında sübuta yetirilməmişdir.

45. Hazırda məhkəmə araşdırılmasının predmeti məhz mübahisələndirilən qeyriyaşayış sahəsinin sökülməsi ilə inzibati orqanın əməli arasında səbəbli əlaqənin mövcud olub-olmamasıdır.

46. Belə ki, cavabdeh imtina və etiraz qeydlərində iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilmədiyini torpaqların dövlət ehtiyacı üçün alınmasına zərurəti olmadığını, “Gəncə” mehmanxanasının ətrafında heç bir abadlıq işləri görülmədiyini bildirmişdir. Bundan əlavə qeyd edilmişdir ki, obyekt mehmanxananın arxasına bitişik olduğundan sonuncunun sahibi ilə iddiaçının arasında bununla bağlı mübahisə və narazılıq olmuş, iddiaçının müraciətlərindən də göründüyü kimi həmin obyekt mehmanxananın sahibi tərəfindən sökülmüşdür. Mehmanxananın ərtafında aparılan abadlıq işləri də mehmanxananın sahibi tərəfindən həyata keçirilmişdir.

47. Qeyd olunun dəlillərlə bağlı müvafiq araşdırılma aparılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim olunan 26 iyul 2022-ci il tarixli, **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının mübahisəli ərazidə “Ekspres” kafenin vaxtı ilə yerləşdiyi ərazi olaraq təqdim etdiyi sahə, Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarışın 1812 (02-99-06) inventar nömrəli texniki pasportuna əsasən "xxxx" ASC-nin mülkiyyətində olan sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

48. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, Gəncə Mehmanxanasında 1990-cı ildən çalışır və hazırda da inzibatçı işləyir. 2011-ci ildə də orada işləyirdi. Sözügedən obyekt 2011-ci il tarixdə ekskovatorla polis nəzarətində sökülmüşdür. Söküntü zamanı Gəncə şəhəri İcra Hakimiyyətinin işçiləri də orada idi. Obyektin onlara heç bir maneəçiliyi yox idi. Neçə il idi ki, həmin obyekt orada yerləşirdi. Obyektin yerləçdiyi torpaq sahəsində yaşıllaşdırma içləri də Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən aparılmışdır. Obyektin sökülməsi zamanı o, işdə idi və sökültünü kənardan müşahidə edirdi. Sözügüdən obyektin mehmanxananın giriş-çıxışına heç bir maneəçiliyi yox idi. Həmin ərazi Gəncə Mehmanxanasına heç bir aidiyyətı yoxdur. Həmin ərazi abadlaşan zaman da o, orada işləmiş, ağacların əkilməsi və digər abadlıq işlərinin məhz Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən aparılmasının şahidi olmuşdur.

49. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, Gəncə Mehmanxanasının rəhbərinin hazırda 86 yaşı vardır və onun sağlamlığı imkan vermədiyindən hazırki məhkəmə iclasında o, nümayəndəsi qismində iştirak etmişdir. 2011-ci ilin sonlarında Gəncə mehmanxanasında işləməyə başlamışdır. Ancaq sözügedən obyektin sökülməsi o işə girməzdən əvvəl olmuşdur. Lakin iş yoldaşlarının ona dediklərinə görə həmin obyekt Gəncə Mehmanxanasının pəncərəsinin qabağında, girəcəkdə yerləşmişdir. Gəncə Mehmanxanasının maşınları üçün 2 giriş qapısı olmuşdur. Eşitdiklərinə görə sabiq icra başçısı Elmar Vəliyev başqa qapıdan olan girişi bağlayaraq səkiyə qatmışdır. Həmin obyektdə arxa qapıdakı girişin yanında səkidə idi. Hazırda həmin obyektin yerində palma ağacları əkilmişdir. O, təzə işləməyə başlayan zaman ona həmin obyektin Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülməsini dedilər. Obyektin yerləşdiyi ərazidə abadlıq işləri aparılıb və ağaclar əkilib, həmin sahənin Gəncə Mehmanxanasına heç bir aidiyyəti yoxdur və ora ağaclar Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən əkilmişdir.

50. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, 2014-cü ildən Gəncə Mehmanxanasında işləyir, lakin rəhbər olaraq isə 2018-ci ildən işləyir. Söküntü işləri ondan əvvəl olmuşdur. Lakin onun eşitdiklərinə görə həmin obyekti Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısı sökdürmüşdür. Həmin torpağa onların heç bir aidiyyəti və iddiası yoxdur. Heç həmin ərazidən istifadə belə etmirlər. Sökülən obyektin onlara heç bir maneəçiliyi belə olmamışdır. Orada abadlıq işləri də İcra hakimiyyəti tərəfindən aparılmışdır.

51. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:

52. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 53.1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

54. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

55. Göründüyü kimi iddiaçıya məxsus Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsi, həmin hissədə abadlıq və yenidən qurma işlərinin Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılması öz təsdiqini tapır. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

57. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

58. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

59. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

60. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

61. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).

62. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.

63. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt olan qiymət götürülməlidir.

64. Məhkəmə tərkibi hesab edir ki, hazırki halda qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və alınmaya məruz qalmadığından yalnız sökülən əmlakın 2011-ci il üzrə bazar dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

65. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 22 avqust 2022-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd olunur ki, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafenin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Əmlak söküldüyü üçün onun bazar qiymətini müəyyən etmək mümkün olmamışdır.

66. İş materiallarında olan "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli, G-12/23-140 nömrəli məktubuna əlavə edilmiş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 məxsus sökülmüş qeyri-yaşayış sahəsinin 2011-ci il üzrə bərpa qiyməti 73 400 manat, 14 fevral 2024-cü il tarixli, G-12/24-011 nömrəli məktubundan görünür ki, İddiaçı1 məxsus sökülmüş qeyri-yaşayış sahəsinin torpaq sahəsi istisna olmaqla 2011-ci il üzrə bazar qiyməti 160 000 manat təşkil edir.

67. Bundan başqa, məhkəmə tərəfindən notariat kontorlarına da müvafiq sorğular göndərilmişdir.

68. Beləliklə iddia tələbi tələbi qismən əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-451/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. 160 000 (yüz altmış min) manat məbləğindən dəymiş zərər cavabdeh Gəncə şəhər İcra hakimiyyətindən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəhman Muradov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar