Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-700/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-113/2023 saylı qərarından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xidmət vərəqəsindən çıxarışa əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə “töhmət”, xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası verilmişdir. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə verilmiş xidməti xasiyyətnaməsinə əsasən o, hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərmişdir. O, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilməmişdir. Tabeliyində olan şəxsi heyəti idarə edə bilmir, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmir və bu istiqamətdə tələbkarlıq göstərmir. Etik norma və qaydalara əməl edə bilmir, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutur. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verir və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olur. Öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmir, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmir. Taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların, döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmir, Tapşırıqları yerinə yetirilməsi zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyur. Vəzifələrinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəifdir. “N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi”nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli protokol çıxarışından görünür ki, iddiaçı dinlənilən zaman xidməti zamanı nöqsanlara yol verdiyini və bu nöqsanlara görə cəzalandırıldığını, söhbətlər aparıldığını, lakin, heç zaman ruhdan düşmədiyini, xx.xx.2022-ci il tarixdə olan hadisədə isə günahının olmamasını, ümumiyyətlə həmin qadınların hərbi şəhərcikdə olmalarından xəbərdar olmadığını qeyd etmişdir. “N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi”nin xx.xx.2022-ci il tarixli qərarına əsasən 4-cü motoatıcı tabor komandirinin birinci müavini-qərargah rəisi kapitan İddiaçı, işgüzar və mənəvi keyfiyyətlərinin, şəxsi intizamının aşağı olmasını, verilən əmr və tapşırıqların icrasına səhlənkar yanaşmasını, xidmətində müntəzəm olaraq ciddi nöqsanlara yol verməsini, xidmətə laqeyd münasibətini və verilmiş intizam cəzalarından heç bir nəticə çıxarmadığını, əxlaqının və tərbiyəsinin aşağı olmasını, etik norma və qaydalara əməl etməyi bacarmadığını, həmçinin bu cür davranışları və hərbi qulluqçuya yaraşmayan hərəkətləri ilə tabeliyində olanlara və ətrafındakılara mənfi nümunə olmasını nəzərə alıb, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Qərardan sonra iddiaçı ilə aparılmış söhbətlə bağlı xx.xx.2022-ci il tarixdə söhbət vərəqəsi tərtib edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0400 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq N nömrəli hərbi hissənin 2174-cü motoatıcı tabor komandirinin birinci müavini – qərargah rəisi kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə SHXÇ DX-nin Qazax rayon şöbəsi rəisinin sərəncamına qeydiyyata durmaq üçün 2896 nömrəli təyinat vərəqəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə “xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmətdən tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş ziyanın ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş və 2003-cü ildə həmin liseyi bitirmiş, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq 2007-ci ldə həmin məktəbi başa vuraraq leytenant hərbi rütbəsi almış, 2007-ci ildən 2008-ci ilə kimi Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində zabit hazırığı kursunu keçmişdir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. 2009-cu ildə xidmət yeri dəyişdirirlərək Şahbuz rayonunda yerləşən N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmiş, 2010-cu ildə 064 nömrəli xüsusi yəyinatlı hərbi hissədə məlumatların toplanması, təhlili və əsirlərin dindiriliməsi qrupunun zabiti, əməliyyat bölmə rəisinin köməkçisi, 2013-cü ildə Culfa rayonunda yerləşən N nömrəli hərbi hissədə madditexniki təminat bölük komandiri, 2016-cı ildə N nömrəli hərbi hissədə Təmir bərpa tabor komandirinin maddi texniki təminat üzrə müavini, növbəti illərdə müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. 2020-ci ildə N nömrəli hərbi hissədə 3-cü tabor komandirinin birinci müavini- qərargah rəisi, sonuncu dəfə isə həmin hərbi hissənin 4-cü tabor komandirinin birinci müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə (xidmətə uyğunsuzluğa görə) ordu sıralarından ehtiyyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd edilən əmr qanunsuz və əsassız olduğuna görə məhkəmə qərarı ilə ləğv edilməlidir. Xidmətə uyğunsuzluqla tərxis edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmrinin verilməsinin əsasında N nömrəli hərbi hissə komandanlığının onunla qərəzli mövqe tutması olub. Belə ki, N nömrəli hərbi hissə komandanlığının iddiaçı qərəzli mövqe tutduğunu bildirən hallardan biri hərbi hissədə qanunvericiliklə hərbi qulluqçu statusu olmayan şəxs, X1rdaşı tərəfindən 2017-ci ilin sentyabr ayının axırında hərbi hissədə səxsi heyət qarşısısnda onu nalayiq sözlərlə təhqir etdiyinə görə cavab verməsi olmuşdur. Bunun nəticəsində qısa müddət ərzində heç bir qanuni əsas olmadan, yəni hər hansı intizam pozuntusu törətmədiyi halda mayor hərbi rütbənin bir pillə kapitan hərbi rütbəsinə aşağı salınması və tutduğu tabor komandirinin müavini vəzifəsində bölük komandiri vəzifəsinə salınması olmuşdur. N nömrəli həbi hissə komandanlığının onunla qərəzli münasibət saxlayaraq ordu sıralarından xidmətə uyğunsuzluğa görə tərxis edilməsinə səbəb olan hallardan biri də 2021-ci ilin dekabr ayının 14-də N nömrəli hərbi hissənin müddətdan artıq hərbi qulluqçusu tərəfindən yanacaq oğurlayaraq satdığı və sentyabrın 15-nə keçən gecə onun tərəfindən şəxsi heyətin yemək yediyi yeməkxananın yandırılması olmuşdur. İddiaçı bu iki hadisə barəsində N nömrəli hərbi hissənin komandirinə məruzə etsədə o, komandirlərin ümumi iclasında ona bu barədə yalan olaraq məruzə etmədiyini bildirmişdir. Sonuncu hadisə isə xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində döyüş xidmətini (postunu) bitirib evə bazarlıq etmək üçün qayıdarkən tabor komandarinin ona telefon zəngi edərək evə gəlmiş qonaqlarına kabab bişirmək üçün tez onlara gəlməsini tapşırdı. Üstündən 5-6 dəqiqə sonra hərbi hissə komandirinin müavini də ona telefon zəngi edərək harada qaldığını soruşdu. İddiaçı dərhal evə bazarlıq etdikdən sonra tabor komandirinin evinə getmiş, onun evində tez kabaları bişirdikdən sonra evdə olan üç nəfər qadının kim olduğunu soruşduqda həmin şəxslərin hərbi hissə komandirirnin müavinin qonaqları olduqlarını bildirdilər. Kababları bişirdikdən sonra getmək istəyərkən hərbi hissə komandirinin müavini bir tikə kabadan yeməsini istəmiş, iddiaçı da kabbadan bir az götürüb evə qayıtmaq istədikdə bu zaman hərbi hissə komandiri və hərbi polis evə daxil olmuşlar. İddiaçı hərbi hissə komandirinə və hərbi polisin rəisinə bir az əvvəl hərbi hissə komnadirinin müavini və tabor komandirinin tapşırığı ilə kabab bişirmək üçün gəldiyini söyləmiş, evdə olan qadılar da iddiaçını tanımadıqlarını və hərbi hissə komandiri müavinin qonaqları olduqlarını bildirmişlər. Bu hadisədən dərhal sonra ertəsi gün Ordu Komandanının müavinləri onları qərargaha çağırmış, orada hərbi hissə komandirinin müavini həmin qadınların onun qonaqları olduğunu, bu şəxslərin iddiaçıya aidiyyəti olmadığını onlara bildirmişdir. X8 rəhbər şəxsləri deyilənlərə məhəl qoymamış, bundan sonra təhqiqat bölməsi tərəfindən izahat alınmış və aparılan araşdirma nəticəsində bu işdə iddiaçının təqsir olmadığı müəyyən edilmişdir. İddiaçı bildirir ki, xidmət etdiyi hərbi hissədə onun barədə zabitlərin şərəf məhkəməsi keçirilmiş, heç kimin, o cümlədən iddiaçının çıxış etməsinə imkan verilməmiş, yalnız tabor komandirim X5 mənim barədə müsbət çıxış etdi, xidməti fəaliyyətini müsbət xarakterizə etdi və haqqında yuxarıda qeyd edilən hadisəyə aidiyyətinin olmadığını bildirildi. İddiaçı şərəf məhkəməsinin keçirilməsindən yarım saat öncə hərbi hissə komandirinin yanına getmiş, sonuncu iddiaçıya demişdir ki, artıq tərxis ediməsi barədə Ordu Komandanlığından tapşırıq verilib, tərxis edildikdən sonra məhkəməyə müraciət edə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə (xidmətə uyğunsuzluğa görə) ordu sıralarından ehtiyyata buraxılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri qüvvədə olan qaninvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinin tələbinə uyğun olaraq tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. İddiaçı bidirir ki, X1rdaşının hərbi qulluqçu statusu olmadığına görə N nömrəli hərbi hissənin şəxsi heyətinin qarşısında hər hansı tapşırıq və ya göstəriş vermək hüququ yoxdur. İddiaçı bildirir ki, 2022-ci ilin yanvar ayında mayor hərbi rütbəsi qanunsuz olaraq bir pillə kapitan rütbəsinə aşağı salınmış və bununla bağlı onun hərbi hissədə zabitlərlə söhbət aparmaq hüququ olmayan kadrlar rəisinin köməkçisi tərəfindən söhbətləşmə aparılmışdır. Zabitlərin şərəf məhkəməsinin keçirilməsindən bir neçə gün sonra kadrlar rəisi tərəfindən onunla yalnız bir dəfə söhbət aparılmış və söhbət zamanı sonuncu dəfə baş vermiş hadisə ilə əlaqəsinin olmadığı və xidmətə davam etmək istədiyini bildirmişdir. Beləliklə də, işin hallarından və qanunvericiliyin tələblərindən məlum olur ki, onun xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılması barəsində Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsasızdır və bu səbəbdən məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı bildirir ki, onun qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi, həmçinin gələcək əmək fəaliyyəti ilə məşğul olmasına çox ciddi əngəl törədir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, 11/4357 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş və müəyyən edilmişdir. İddiaçı adına tərtib edilmiş xidməti xasiyyətnamədə Hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərmişdir. O, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilməmişdir. Tabeliyində olan şəxsi heyəti idarə edə bilmir, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmir və bu istiqamətdə tələbkarlıq göstərmir. Etik norma və qaydalara əməl edə bilmir, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutur. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verir və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olur. Öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmir, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmir. Taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmir, tapşırıqları yerinə yetirən zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyur. Vəzifəsinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəifdir. Həmçinin İddiaçı adına tərtib edilmiş xidməti vərəqəsindən müəyyən olunur ki, xidmət müddətində çoxlu intizam pozuntusuna yol vermiş və dəfələrlə intizam cəzası ilə cəzalandırılmışdır. Barəsində seçilmiş intizam cəzaları ilə Azərbaycan Respublikaının Silahlı X2 tələblərinə uyğun olaraq tanış olmuş və buna dair özü tərəfindən imza edilmişdir. Belə ki, iddiaçının adına tərtib edilmiş xidməti vərəqəsində "verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və böyük rəislərə yalan məlumat veridyinə" görə xx.xx.2021-ci il tarixdə "Töhmət" elan edilməklə, "verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə" görə xx.xx.2021-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə, "Tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, bölmələrdə olan maddi-texniki təminatın vəziyyətinin təşkili və aparılması vaxtlıvaxtında yoxlamadığına" görə xx.xx.2022-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə N nömrəli hərbi hissə komandiri tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Həmçinin "Tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, onlara qarşı lazımi tələbkarlıq göstərmədiyinə" görə xx.xx.2022-ci il tarixdə "Töhmət" elan edilməklə, "vəzifə borclarının icrasına laqeyd yanaşaraq bölmələrdə olan silah, texnika, və digər maddi vəsaitlərin qorunub saxlanmasına, onlardan düzgün istifadə edilməsinə zəif nəzarət etdiyinə" görə xx.xx.2022-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə X6 komandanı tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Bundan başqa "Taborun bölmələrində silahların və optik cihazların istifadəsinə, qorunub saxlanmasına, döyüş və döyüşə hazırolma sənədlərini düzgün tərtib etmədiyinə" görə xx.xx.2022-ci il tarixdə "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilməklə X6 komandanın birinci müaviniqərargah rəisi tərəfindən intizam qaydasında cəzalandırılmışdır. İddiaçı "Hərbi xidmətkeçmə həqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən xx.xx.2022-ci il tarixli təqdimat göndərilmiş və təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının adına tərtib edilmiş təqdimatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissədə xidmət etdiyi müddətdə özünü zahirən bacarıqlı, məsuliyyətli, ləyaqətli zabit kimi göstərərək komandanlıqda özünə qarşı müsbət fikir formalaşdırmağa, onların etimadını qazanmağa çalışmışdır. Həqiqətdə isə o, verilən tapşırıqların icrasına səhlənkar yanaşan, vəzifəsinin öhdəsindən layiqincə gələbilməyən, intizamsız, etik norma və qaydalara əməl edə bilməyən zabitdir. Xidmətə laqeyd münasibət göstərdiyindən, öhdəsinə düşən işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirə bilmədiyindən, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmədiyindən, taborda baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görmədiyindən xx.xx.2022- ci il tarixdə onun hərbi rütbəsi bir pillə "kapitan" hərbi rütbəsinədək aşağı salınaraq cəzalandırılmışdır. Sonrakı xidmət dövründə dönüş yaratması tövsiyə olunmuş, lakin kapitan Qocayevin xidmətə laqeyd münasibət göstərməkdə davam etmiş, hərbi qulluqçuya yaraşmayan, hərbi qulluqçuların nüfuzunu aşağı salacaq hərəkətlərə yol vermişdir. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizmanaməsinin 3-cü maddəsinin tələblərini kobudcasına pozaraq xx.xx.2022-ci il tarixdə zabitlərə birlikdə Sədərək döyüş bölgəsində yerləşən hərbi şəhərcikdə xidməti mənzilə əxlaqsız qadınlar gətirərək onlarla birlikdə şənlik təşkil etmiş və əxlaqsız hərəkətlərə yol verərək ictimai asayişi pozmuşdur. Həmçinin İddiaçı ilə ehtiyata buraxılmadan əvvəl onunla söhbət aparılmış, söhbət zamanı geyd olunduğu kimi xidmətində yol verdiyi nöqsanlara görə xx.xx.2017-ci il tarixdə aşağı vəzifəyə təyin olunduğunu, lakin buna baxmayaraq heç vaxt həvəsdən düşmədiyini, nümunəvi xidməti ilə komandanlığın etimadını gazanacağını bildirmişdir. Göründüyü kimi iddiaçı ona verilən intizam cəzalarını xidmətində yol verdiyi nöqsanlara görə aldığını onunla aparılan söhbətləşmə zamanı təsdiq etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq komandanlıq tərəfindən iddiaçının barəsində "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair qərar qəbul edilmişdir. Bununlada İddiaçı müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 168-ci maddəsinə əsasən "Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158 -ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-113/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmətdən tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xidmətdədir. Xidmət vərəqəsindən çıxarışa əsasən iddiaçıya “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və böyük rəislərə yalan məlumat verdiyinə görə” xx.xx.2021-ci il tarixdə “töhmət”, “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına və tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə” xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, onlara qarşı lazımi tələbkarlıq göstərmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, bölmələrdə olan maddi-texniki təmnatın vəziyyətinin, qoşun xidmətinin təşkili və aparılması vaxtlı-vaxtında yoxlamadığına görə” xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, “vəzifə borclarının icrasına laqeyd yanaşaraq bölmələrdə olan silah, texnika və digər maddi vəsaitlərin qorunub saxlanılmasına, onlardan düzgün istifadə edilməsinə nəzarət edilməsinə zəif nəzarət etdiyinə görə” xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, “taborun bölmələrində silahların və optik cihazların istifadəsinə, qorunub saxlanmasına, döyüş və döyüşə hazırolma sənədlərini düzgün tərtib etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, “taborun şəxsi heyətinin tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə, silahların, hərbi sursatın qorunub saxlanmasına, döyüş növbətçiliyin təşkili və aparılmasına nəzarət etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası verilmişdir. İddiaçı hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməmiş, bir neçə dəfə intizam tənbehi tətbiq edilmiş, bundan sonra cavabdehin əmri ilə ehtiyata buraxılmışdır. İddiaçının xidmət etdiyi hərbi hissə komandirinin təqdimatında və xidməti xasiyyətnaməsində də iddiaçının hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərdiyi, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilmədiyi, tabeliyində olan şəxsi heyəti idarə edə bilmədiyi, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmədiyi və bu istiqamətdə tələbkarlıq göstərmədiyi, etik norma və qaydalara əməl edə bilmədiyi, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutduğu, hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olduğu, öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmədiyi, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmədiyi, taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların, döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmədiyi, tapşırıqları yerinə yetirilməsi zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyduğu, vəzifələrinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəif olduğu qeyd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı vəkili Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-113/2023 saylı qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin komandirinin müavini vəzifəsində xidmət edən mayor Şahid onun təşəbbüsüylə məhkəməyə gələrək şahid qismində verdiyi ifadəsində ona telefon zəngi edərək tabor komandirinin evində olan qonaqlarına kabab bişirmək üçün tez gəlməyini tələb etdiyini, evə gələn qadın qonaqların onu tanımadıqlarını bildirmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində onun hərbi şəhərciyə əxlaqsız qadınlar gətirərək onlarla şənlik təşkil etdiyini qeyd etmişdir. Bundan başqa bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində tabor komandirinin evində onun qonaqlarına yemək bişirərkən xidmət vaxtını başa vurmuşdur və həmin ev hərbi şəhərcikdə deyil, hərbi həssənin yaxınlığındakı yaşayış məntəqəsində yerləşirdi. Beləliklə məlum olur ki, Gəncə İnzibati Məhkəməsi 2-1(114)-113/2023 nömrəli inzibati mübahisəyə dair işə baxarkən qüvvədə olan maddi və prosessul qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-113/2023 nömrəsi, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə apellyasiya qaydasında ləğv edilməli və iddianın təmin edilməməsi hissəsində yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində döyüş xidmətini bitirib mağazadan evə bazarlıq etmək üçün qayıdarkən hərbi hissəsinin tabor komandari ona zəngi edərək evində qonaqları olduğunu bildirmiş və tez bir zamanda onun evinə gələrək qonaqlarına kabab bişirmək üçün gəlməsi barədə tapşırıq vermişdir. Bir müddət keçdikdən sonra hərbi hissə komandirinin müavini də ona telefon zəngi edərək harada qaldığını soruşmuşdur. O da dərhal evə bazarlıq etdikdən sonra tabor komandirinin evinə getmiş, evə daxil olarkən üç nəfər qadının evdə olduğunu görmüş və həmin qadınların kim olduğunu soruşduqda həmin şəxslərin hərbi hissə komandirirnin müavininin qonaqları olduqları ona bildirilmişdir. O kababları bişirdikdən sonra getmək istəyərkən hərbi hissə komandirinin müavini ona kababdan yeməsini təklif etmiş, o da kababdan bir az götürüb evə qayıtmaq istədikdə bu zaman hərbi hissə komandiri və hərbi polis evə daxil olmuşlar. Həmin vaxt o hərbi hissə komandirinə və hərbi polisin rəisinə bir az əvvəl hərbi hissə komnadirinin müavini və tabor komandirinin tapşırığı ilə kabab bişirmək üçün gəldiyini, evdə olan qadınları tanımadığını və hərbi hissə komandiri müavininin qonaqları olduqlarını bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: - bənd 155: ... Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. - bənd 156: ... e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - bənd 162. hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. ... Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -bənd 163. ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- - 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. - 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus “xidmət vərəqəsindən çıxarış”a əsasən xx.xx.2003-cü il tarixdən iddiaçı xidmətdədir. İddiaçıya “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və böyük rəislərə yalan məlumat verdiyinə görə” xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “töhmət”, “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına və tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə” xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “şiddətli töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, onlara qarşı lazımi tələbkarlıq göstərmədiyinə görə” xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, bölmələrdə olan maddi-texniki təmnatın vəziyyətinin, qoşun xidmətinin təşkili və aparılması vaxtlı-vaxtında yoxlamadığına görə” xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “şiddətli töhmət”, “vəzifə borclarının icrasına laqeyd yanaşaraq bölmələrdə olan silah, texnika və digər maddi vəsaitlərin qorunub saxlanılmasına, onlardan düzgün istifadə edilməsinə nəzarət edilməsinə zəif nəzarət etdiyinə görə” xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “şiddətli töhmət”, “taborun bölmələrində silahların və optik cihazların istifadəsinə, qorunub saxlanmasına, döyüş və döyüşə hazırolma sənədlərini düzgün tərtib etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, “taborun şəxsi heyətinin tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə, siahların, hərbi sursatın qorunub saxlanmasına, döyüş növbətçiliyin təşkili və aparılmasına nəzarət etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini tərəfindən “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası verilmişdir. Daha sonra iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin, şəxsi intizamının aşağı olması,xidmətində müntəzəm olaraq ciddi nöqsanlara yol verməsi, verilən əmr və tapşırıqların icrasına səhlənkar yanaşması, bilavasitə tabeliyində olan bölmələrin hazırlığına rəhbərlik etməməsi, taborda daxili xidmətin aparılmasına nəzarət etməməsi, bölmələrdə silahların, döyüş sursatlarının ləvazimatlarının və digər əmlakların uçotu vaxtlı vaxtında aparmaması, hərbi qulluqçuya yaraşmayan hərəkətləri ilə tabeliyində olanlara və ətrafındakılara mənfi nümunə olması səbəbindən barəsində xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissəsinin kiçik zabitlərinin şərəf məhkəməsi keçirilmiş və 4-cü motoatıcı tabor komandirinin birinci müavini-qərargah rəisi kapitan İddiaçı, işgüzar və mənəvi keyfiyyətlərinin, şəxsi intizamının aşağı olmasını, verilən əmr və tapşırıqların icrasına səhlənkar yanaşmasını, xidmətində müntəzəm olaraq ciddi nöqsanlara yol verməsini, xidmətə laqeyd münasibətini və verilmiş intizam cəzalarından heç bir nəticə çıxarmadığını, əxlaqının və tərbiyəsinin aşağı olmasını, etik norma və qaydalara əməl etməyi bacarmadığını, həmçinin bu cür davranışları və hərbi qulluqçuya yaraşmayan hərəkətləri ilə tabeliyində olanlara və ətrafındakılara mənfi nümunə olmasını nəzərə alıb, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Həmin qərardan sonra iddiaçı ilə aparılmış söhbətlə bağlı xx.xx.2022-ci il tarixdə söhbət vərəqəsi tərtib edilmişdir. Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən təqdimat verilərək iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına vəsatət qaldırılmışdır. Həmin təqdimata əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0400 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq iddiaçı hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Həmçinin məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyinin 217 saylı Hərbi Hissəsinin xx.xx.2023-cü il tarixli, 3434 saylı məktubundan görünür ki, hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan X5 hərbi qulluqçuların ailə üzvlərinin yaşaması üçün verilmiş hərbi şəhərcikdəki evinə əxlaqsız qadın gətirərək hərbi qulluqçuya yaraşmayan hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən mayor hərbi rütbəsinin bir pillə "kapitan" hərbi rütbəsinədək aşağı salınmış. Lakin o buna baxmayaraq xidmətində dönüş yaratmamış tabor komandiri kimi vəzifə borclarının icrasından layiqincə gələ bilmədiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinə müvafiq olaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-c maddəsinin "e" bəndinə müvafiq olaraq kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Bundan başqa həmin məktubda bildirilir ki, hərbi hissənin sabiq hərbi qulluqçusu mayor Şahid hərbi qulluqçuların ailə üzvlərinin yaşaması üçün X4 verilmiş hərbi şəhərcikdəki evə əxlaqsız qadın gətirdiyinə görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən polkovnik-leytenant hərbi rütbəsinin bir pillə "mayor" hərbi rütbəsinədək aşağı salınıb, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmışdır. Həmçinin kollegiyas qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatla Naxçıvan Qarnizonu Hərbi Polisinə xx.xx.2022-ci il tarixdə verdiyi izahat arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə hərbi hissəsinin tabor komandarinin tapşırığına əsasən onun evinə gedərək gələn qonaqlar üçün kabab bişirdiyi, kababları bişirdikdən sonra getmək istəyərkən hərbi hissə komandirinin müavini ona kababdan yeməsini təklif etməsi, o da kababdan bir az götürüb evə qayıtmaq istədikdə bu zaman hərbi hissə komandiri və hərbi polisin evə daxil olduğunu bildirir. Lakin iddiaçının Naxçıvan Qarnizonu Hərbi Polisinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatından görünür ki, hərbi hissəsinin tabor komandarinin tapşırığına əsasən onun evinə gəldikdə artıq kababların bişirilmiş olduğunu görmüş və ona oturub yemək yeməsi təklif edilmişdir. Göründüyü kimi iddiaçının izahatları arasında uyğunsuzluq mövcuddur. Bu hal isə onun orada tapşır əsasında olmasını şübhə altına alır. Sadalanan hallardan göründüyü kimi iddiaçı xidməti dövründə nizam-intizamsızlıq nümayiş etdirdiyindən, hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyindən barədəsində müvafiq intizam təhbehləri tətbiq edilmiş və qeyd olunanlardan sonra cavabdehin müvafiq əmrinə əsasən ehtiyyata buraxılmışdır. Beləliklə müəyyən olunur ki, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan işin faktiki halları mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğu sübuta yetirilmişdir. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-113/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-700/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-700/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver