Məhkəmə qərarları › İş №2-1(104)-702/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-702/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-702/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-13/2023 saylı qərarından cavabdeh Samux rayonu Samux bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, hazırda Samux rayonun Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı ilə X7 xx.xx.1975-ci il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd aparılmışdır. Samux rayon Nəbiağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli protokolqərarı ilə Qarabağlar kənd sakini X6 0,08 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Samux-Gəncə-Qazax zonasına aid,, İİ qiymət zonası, 100 bonitet ballı, İ keyfiyyət qrupu olmaqla cəmi 0,08 hektardır və 2007-ci ildə normativ qiyməti 160 manat olmuşdur. X7 tərəfindən torpağın dəyəri 160 manat xx.xx.2007-ci il tarixdə Nəbiağalı bələdiyyəsinə ödənilmiş və bu barədə AQS seriyalı 003453 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. xx.xx.2014-cü il tarixdə X7 tərəfindən 2004-2013-cü illər üzrə Samux bələdiyyəsinə 24 manat vergi ödənilmişdir. Həmin torpaq sahəsinə dair alqı-satqı aktı xx.xx.2007-ci il tarixdə tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə Samux rayon torpaq şöbəsində 51 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü isə xx.xx.2014-cü il tarixdə tərtib edilərək Dövlət Kadastr kitabında 1861 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=619734.00, Y=4512536.50; 2 nömrəli döngəsinin koordinatları X=619720.21, Y=4512498.95; 3 nömrəli döngəsinin koordinatları X=619701.46, Y=4512505.92; 4 nömrəli döngəsinin koordinatları X=619715.22, Y= 4512543.39, 01-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 40.00; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 20.00; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 39.91; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 20.00 metrdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi mütəxəssis baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi və iddiaçının naturada təqdim etdiyi 0,08 ha torpaq sahəsi cavabdehin xx.xx.2016-cı il tarixli qərarı ilə üçüncü şəxsə satılmış 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada təqdim edilən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=619700.48, Y=4512508.43; 2 nömrəli döngəsinin koordinatları X=619723.82, Y=4512500.31; 3 nömrəli döngəsinin koordinatları X=619712.46, Y=4512469.32; 4 nömrəli döngəsinin koordinatları X=619689.50, Y=4512478.09-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 24.71; 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 33.00; 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 24.58; 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 32.26 metrdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş mütəxəssis zamanı müəyyən edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 (faktiki təqdim ediləni nəzərdə tutur) torpaq sahəsi, **********21 reyestr nömrəli Çıxarışla üst-üstə düşür. A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 695.0 kv.m hissəsi, **********95 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 88.0 kv.m hissəsi isə **********21 reyestr nömrəli Çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı, A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 45.0 kv.m hissəsi, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1689/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı əsasında aparılmış araşdırmanın nəticəsi əsasında, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilən 05 iyul 2016-cı il tarixli 7 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı iddia qaldıraraq çıxarış verilməsini xahiş etmişdir. İşə baxılarkən ona məlum olmuşdur ki, cavabdehin xx.xx.2016cı il tarixli qərarı ilə iddiaçıya Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sagəsi X1 qərara alınmışdı. Həmin sənədlərin surətini iddiaçı məhkəmə qəbzinə imza atmaqla xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Cavabdehin xx.xx.2016-cı il tarixli qərarının surətini aldıqdan sonra 1 ay müddətində məhkəmədə iddia qaldırdığından iddia müddətinin bərpasına dair ərizə vermir. İddiaçı qeyd edir ki, cavabdehin qərarı ilə satılan torpaq sahəsi Samux rayon Nəbiağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçının rəhmətlik əri X2. Bundan sonra əri ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinə dair ödəniş etmiş və torpaq sahəsinə dair bütün ilkin sənədləri əldə etmişlər. Lakin buna baxmayaraq cavabdeh həmin torpaq sahəsini təkrarən başqa şəxsə satmışdı. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2016-cı il tarixli, 07 nömrəli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-13/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin olunması, 0,08 hektar torpaq sahəsinin üçün X1 barədə Samux rayonu Samux bələdiyyəsinin 05 iyul 2016-cı il tarixli, 07 nömrəli qərarının 695 kv.m hissədə ləğv edilməsi, iş üzrə keçirilmiş və iddiaçı tərəfindən əvvəlcədən ödənil 406 manat mütəxəssis xərcinin cavabdeh Samux rayon Samux bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 07 nömrəli qərarının qanuniliyinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının mərhum ərinə satılmış torpaq sahəsinin cavabdehin qərarı ilə üçüncü şəxsə satılan torpaq sahəsinin üst-üstə düşüb - düşməməsi müəyyən edilməlidir. Məhkəmə prosesinin gedişi zamanı iki dəfə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahələrinə baxış keçirilmişdir. İddiaçı torpaq sahəsinin yeri bilmədiyi üçün (bunu məhkəmə iclasında izahatında ifadə etmişdir) torpaq sahələrini cavabdehin nümayəndəsi (hərçənd rəylərdə iddiaçı ilə birlikdə təqdim etdiyi qeyd olunur) təqdim etmişdir. Həmin rəylərin məzmunundan aydın olur ki, iddiaçının mərhum ərinin adına tərtib edilmiş A seriyalı 503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki torpaq sahəsinin 695.0 kv.m hissəsi, mübahisələndirilən bələdiyyə qərarı ilə X4 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 88.0 kv.m hissəsi isə Bələdiyyənin iddiaçının ərinə satdığını iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Samux rayonu Samux bələdiyyəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, iddiaçıya satılmış torpaq sahələri üçünçü şəxsə satılmış torpaq sahələri ilə üst-üstə düşmür və sahələr qonşu torpaqlar olaraq faktiki istifadədədir. Samux Rayon Bələdiyyəsinin ümumi prespektivində inkişaf fondunda olan torpaq sahəsindən vətəndaşlara satır. Bələdiyyə tərəfindən satılan torpaq sahələri mülkiyyət növü dəyişdiyi üçün inkişaf fondunda olan torpaq sahələrindən çıxarılır. Bələdiyyə tərəfindən satılan torpaqların məkan göstəriçisi üzrə düzgünlüyünə məhsuliyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi daşıyır. Məkan göstəriçiləri üzrə koordinatların səhv göstərilməsi vicdanlı alıcı kimi üçünçü şəxsin mülkiyyət hüququna ziddir. Belə ki, məhkəmə işə baxarkən Samux Rayon Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 07 nömrəli qərarın ləğvi barədə deyil, məkan göstəriciləri üçünçü şəxsin Bələdiyyədən aldığı torpaq sahələrinin koordinatlarının dəyişilməsi barədə qərar qəbul etməlidir. Həmçinin satılan torpaqların məkan göstəriciləri koordinatlarının müəyyən edilməsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhsuliyyət daşıdığı üçün məhkəmə prosesində cavabdeh qismində cəlb olunmalı idi. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Madddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum ərinə Samux rayon Nəbiağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli protokol-qərarı ilə 0,08 ha torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin dəyəri bələdiyyənin büdcəsinə ödənilmiş, alqı-satqı aktı keçmiş DTXK-nın Samux rayon şöbəsi tərəfindən qeydiyyata alınmış, sonda isə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədinin təsdiqlənmiş surəti hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində hələ də saxlanılır (qeyd edilən sənədi məhkəməyə iddiaçı deyil, 3 saylı Gəncə Ərazi İdarəsi təqdim etmişdir). İddiaçı 0,08 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə qeyd edilən orqana müraciət etsə də, ona həmin torpaq sahəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi əsası imtina cavabı verilmişdir. Üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas isə cavabdehin xx.xx.2016-cı il tarixli 07 nömrəli qərarı olmuşdur. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın qeyd olunan qərarı əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 07 nömrəli qərarının qanuniliyinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının mərhum ərinə satılmış torpaq sahəsinin cavabdehin qərarı ilə üçüncü şəxsə satılan torpaq sahəsinin üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi prosesinin gedişi zamanı iki dəfə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahələrinə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş mütəxəssis baxışı zamanı müəyyən edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 (faktiki təqdim ediləni nəzərdə tutur) torpaq sahəsi, **********21 reyestr nömrəli Çıxarışla üst-üstə düşür. A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 695.0 kv.m hissəsi, **********95 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 88.0 kv.m hissəsi isə **********21 reyestr nömrəli Çıxarışa əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı, A503309 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 45.0 kv.m hissəsi, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1689/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı əsasında aparılmış araşdırmanın nəticəsi əsasında, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Gəncə Layihə Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planında göstərilən, Bələdiyyə qərarı ilə X3 torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Hazırkı iş üzrə müəyyən olunmuşdur ki, üçüncü şəxsə satılan torpaq sahəsi üzərində iddiaçının ərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa belə, onun gözlənilən mülkiyyət hüququ olmuşdur. Cavabdeh qurum isə həmin torpaq sahəsini yenidən üçüncü şəxsə satmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-13/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar