Məhkəmə qərarları › İş №2-1(104)-702/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-702/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-702/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1404/2024 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik –diaqnoz “ Sağtərəfli qeyrispesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” İddiaçı əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının G00026664PRH saylı, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilən T313/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə -tibbi müayinədən keçərkən X3 Xəstəlikləri İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinələrdən sonra ona “J 44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. J 96.1- Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu. B 90.9- Keçirilmiş sağ ağciyərin vərəmindən sonrakı qalıq əlaməti, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdən vərəm xəstəsi olaraq mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Hərbi xidmət dövründə vərəm xəstəliyinə tutulmuşdur. Vərəm xəsətliyi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 755 nömrəli qərarı ilə də tam təsdiq olunur. 2016-cı il tarixində 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar müayinədən keçərkən « Ağ ciyərin vərəmi,bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, ağ ciyərlərin xroniki obsturktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsində. Sağ tərəfli vərəm mənşəli eksuditiv plevritdən sonrakı vəziyyət. Cavabdehin ikinci qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1404/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2013-cü il tarixdən 2014-cü il tarixinə kimi T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) olan zaman müddətli üçüncü dərəcə əlillik təyin edilmişdir, daha sonra isə xx.xx.2014-cü il tarixdən etibarən isə iddiaçıda T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra isə müddətli ikinci dərəcə əlillik təyin etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, cavabdeh orqan iddiaçının T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra ona ikinci dərəcə müddətli əlillik təyin etmişdir. Beləliklə əldə edilmiş iddiaçıya aid tibbi sənəndlər və göndəriş (forma 88) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması hətta eyni diaqnozla ona xx.xx.2014cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə,xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, bütün dövrlər üzrə əlillik təyin edilən zaman səbəbli əlaqəsi “ Hərbi Xidmət Dövrü ilə əlaqədar” qeyd edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65- 80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1404/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspertiza təyin etməmişdir. Qeyd edir ki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. X3 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. FVC 36%, FEV 1 37%" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 16272 nömrəli Tibbi Rəyində diaqnoz "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli kəskinləşmə mərhələsində. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Sağ ağciyərin vərəmindən sonra qalıq əlaməti fibroz və bərk ocaqlar şəklində" kimi, Rentgen müayinəsinin nəticəsi "Xroniki bronxit əlaməti" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Daha sonra İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi publik hüquqi şəxsinin barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nüməyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 1.1.6. – tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi – X2 A15 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 1.1.6.2. bəndinə əsasən İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməli, cavabdehin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2022-ci il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə, xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə, xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra əlillik müddəti bitdikdən sonra müxtəlif vaxtlarda bir neçə dəfə iddiaçının əlilliyi qiymətləndirilmiş və ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 saylı qərarı ilə iddiaçı barəəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə iddiaçıya əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixli qərarla imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, işə əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz “ Sağtərəfli qeyri-spesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” Məhkəmə sorğusuna əsasən əldə edilmiş iddiaçıya aid əlillik təyinatından imtina ilə bağlı sənədlərindən görünür ki, TSEK-ə göndəriş zamanı iddiaçıya qoyulan diaqnoz “Əsas diaqnoz A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı kobud qalıq əlaməti Ağ ciyərin ocaqlı vərəmi səpələnmə mərhələsi. BK+ Ağ ciyərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi. Xəstəliyini hərbi xidmət zamanı almışdır. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq. Tənəffüs çatmamazlığı İİ dərəcə. Qarışıq tipli. Yanaşı xəstəliklər J44.0 əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Xəstə uzun müddətli müalicə almasına baxmayaraq vəziyyəti ağır olaraq qalır gün ərzində 10-15 dəfə öskürtmədən istifadə edir, boğulma tutmaları dəfələrlə baş verir. TTY-a müraciət edir. Yanaşı xəstəliklər J45.8 Qarışıq astma, Homondan asılı ağır gedişatlı kəskinləşmə mərhələsində astma, müalicəyə tabe olmayan. Ağ ciyərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi” kimi təsbit edilmişdir. Həmçinin iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Qeyd olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.6.2. bəndində öz əksini tapmışdır. Belə ki, həmin Əlavənin 1.1.6.2. bəndinə əsasən “İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” sağlamlıq imkanlarının 65-80 faiz aralığı pozulması ilə əlilliyin 2 il müddətinə təyin edilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq əlilliyin təyin edilməsindən inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız sonuncu inzibati aktdan sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli inzibati akt mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsindən onun hüquqi marağının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi publik hüquqi şəxsinin onun barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olduğu müəyyən edilir. Yuxarıdan da göründüyü kimi iddiaçının əlilliyi iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur. Buna görə də cavabdehin iddiaçı barəsində olan “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə 16 noyabr 2022-ci il tarixli qərarı əsassız olmuşdur və ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də sonuncu imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 65-80 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1404/2024 saylı qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməli, İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 16 noyabr 2022-ci il tarixli qərar ləğv edilməli və İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2022-ci il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1404/2024 saylı qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2022-ci il tarixdən, 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar