Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-705/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-331/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli və xx.xx.2022-ci il tarixli, **********03 nömrəli bildirişlərində qeyd olunur ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı İddiaçı müraciətindən JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C,118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəni ərazisində yerləşdiyindən, habelə 118 nömrəli konturda torpaq sahəsi 0,8079 ha göstərilməsinə baxmayaraq elektron baza xəritəsində 0,3113 ha kimi göstərildiyindən ərizənin icraasından imtina edilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli **********82 saylı bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən uyğun torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciətlər etmişdir. Həmin müraciətlər **********, **********, **********, ********** nömrələri ilə qeydiyyata alınmışdır. Bunun üzrə əsas olaraq təqdim etdiyi JN-118 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluq olması səbəbindən ünvanladığı sözügedən ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, qeyd olunan imtinada hüquqi əsas təsvir olunmamışdır. Eyni zamanda, bildirişdə konkret olaraq hüquqların qeydiyyatından imtinanın qanunvericilik əsasları təsbit olunmamışdır. Belə ki, nə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlarda, nə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda torpaq sahəsinin qızıl mədəni ərazisində yerləşməsi əsası ilə ona dair hüquqların qeydiyyatından imtina halı nəzərdə tutulmuşdur. Beləliklə, imtinanın əsaslandırılmaması onun qeyri-obyektivliyinə, qərəzli olmasına dəlalət edir. Üstəlik, iddiaçıya məxsus sahə qızıl yataqlarının istismarı üçün "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə faktiki mülkiyyətinə təqdim olunduqdan sonrakı illərdə "Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti"nə təqdim olunub. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya "daşınmaz əmlakın dövlət reyestrindən arayış" da təqdim edilib. İddiaçı ona məxsus torpaq sahələri üzərində qızıl yataqlarının istismarı ilə bağlı işlərə görə adıçəkilən şirkət tərəfindən kompensasiya ödənilməsi istiqamətində hüquqlarını reallaşdırmaq istəyir. Lakin cavabdeh süni maneələr törətməklə, hüquqlarının təminatına sədd çəkmiş olur. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsə analoji müraciətlər ünvanlamışdır. Uzun müddət gözlədikdən sonra şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin qaynar xəttinə zəng edərək cavab məktubunu əldə etməyə nail olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluqla bağlı qondarma mövqeyi inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlər kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********53 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı ona və ailə üzvlərinə JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 11 saylı Şəmkir Ərazi İdarsəinə rəsmi müraciət etmiş, mütəxəssis tərəfindən işin icrası ilə bağlı aradırma aparılarkən JN-118 saylı dövlət aktında mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Dövlət aktında 118 nömrəli konturda torpaq sahəsi 0,8079 ha göstərilməsinə baxmayaraq elektron baza xəritəsində 0,3113 ha kimi göstərilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli qərardad ilə «Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti» iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-331/2023 nömrəli (hakim F.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin qeydiyyat orqanı tərəfindən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi mövcud qanunvericiliyin tələbidir. Bir halda ki, sözügedən torpaq sahəsi üzərində artıq iddiaçının hüquqları qeydiyyata alınmışdır, bu halda həmin əmlakla bağlı çıxarışın verilməsi labüddür və cavabdehin hər-hansı əsasla bundan imtina etməsi əsassızdır. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən 118C,118D və 118F nömrəli konturlarda qeyd olunan torpaq sahələri 11 saylı Şəmkir Ərazi İdarəsinin istifadəsində olan yeni elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi göstərildiyinə görə qərar ləğv edilməlidir. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İşin hallarından görünür ki, iddiaçı və onun ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi verilmiş, bununla bağlı «Torpağa mülkiyyət hüququna dair» JN-118 Kod-50532018 nömrəli Dövlət aktı tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********82 nömrəli və xx.xx.2022-ci il tarixli, **********03 nömrəli bildirişlərlə ərizənin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C,118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri qızıl mədəni ərazisində yerləşir, habelə 118 nömrəli konturda torpaq sahəsi 0,8079 ha göstərilməsinə baxmayaraq elektron baza xəritəsində 0,3113 ha kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsaslı hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina bildirişi və etiraz qeydləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, 118C,118D və 118F nömrəli konturlarda qeyd olunan torpaq sahələri 11 saylı Şəmkir Ərazi İdarəsinin istifadəsində olan yeni elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, «Torpağa mülkiyyət hüququna dair» xx.xx.2001-ci il tarixli, JN-118 Kod-50532018 nömrəli Dövlət aktında Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə 1.24 ha torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi müəyyən edilir və bu işinin mübahisə olunmayan halıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən cavabdeh inzibati orqanın imtinasının əsası olan hallar yetərincə araşdırılmamış, torpaq sahəsinin növü, təyinatı, hüquqi rejimi və ölçüsü ilə bağlı müvafiq mütəxəssis rəyi alınmamış, torpağın faktiki vəziyyəti müəyyən edilməmişdir. Halbuki İPM-in 12-ci maddəsinə əsasən bu məhkəmə araşdırırlmasının əsas predmeti olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli və xx.xx.2022-ci il tarixli, **********03 nömrəli bildirişlərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C,118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəni ərazisində yerləşməsi, habelə, 118 nömrəli konturda torpaq sahəsi 0,8079 ha göstərilməsinə baxmayaraq elektron baza xəritəsində 0,3113 ha kimi göstərilməsi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə obyektiv araşdırma prinsipinin tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmağa və bu məqsədlə müvafiq sübutları öz təşəbbüsü ilə toplamağa borcludur. Bu zaman həmçinin tərəflərin sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır. Bundan başqa məhkəmə tərəfindən «Torpağa mülkiyyət hüququna dair» xx.xx.2001-ci il tarixli, JN-118 Kod-50532018 nömrəli Dövlət aktının verilməsinə əsas olan inzibati akt və həmin akt əsasında tərtib olunmuş subyektlərin siyahısı da müvafiq sorğular əsasında iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən «Torpağa mülkiyyət hüququna dair» xx.xx.2001-ci il tarixli, JN-118 Kod-50532018 nömrəli Dövlət aktında qeyd olunan torpaq sahələrinin yerləşmə yeri, faktiki vəziyyəti, təyinatı və hüquqi rejimi müvafiq rəylər alınmaqla müəyyən olunmalı, aktın tərtib edilməsinə əsas olan inzibati akt və həmin akt əsasında tərtib olunmuş siyahı sorğu edilərək iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-331/2023 nömrəli nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-705/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-705/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver