Məhkəmə qərarları › İş №2-1(104)-705/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-705/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-705/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİ dərəcə əlilliyin bərpa edilməsi tələbi üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, «qərarın ləğvi və İİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1854/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmənin nəticəsi olaraq “Sirinqomieliya və sirinqobulbiya, Th7-Th8 fəqərə səviyyəsində sirinqomieliya. L4-L5 fəqərəsinin ekstruziyası radimielopatiya ilə L5-S1 fəqərəarası diskin yırtığı. Hərəkətin və yerişin pozulmaları, Yerişin kəskin təzahürlü pozulması. (Nəzərəçarpan paraparez). Süst paraplegiya, Aşağı ətrafların ifadəli süst paraparezi. Qeyri iradi sidik ifrazı. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ dərəcə. Qastroezofaqeal reflüks. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Soltərəfli varikoselektomiyadan sonraki vəziyyət. Xroniki “B” virus hepatiti.” diaqnozu ilə (X2: - Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 – Serebral iflic və digər paralitik sindromlar => G82 – Parablegiya və xetraplegiya => G82.0 – Süst paraplegiya) 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9) meyarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi trəfindən iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli qiymətləndirmənin nəticəsi olaraq iddiaçı barəsində “Sirinqomieliya və sirinqobulbiya, Th7- Th8 fəqərə səviyyəsində sirinqomieliya. L4-L5 fəqərəsinin ekstruziyası radimielopatiya ilə L5-S1 fəqərəarası diskin yırtığı. Hərəkətin və yerişin pozulmaları, Yerişin kəskin təzahürlü pozulması. (Nəzərəçarpan paraparez). Süst paraplegiya, Aşağı ətrafların ifadəli süst paraparezi. Qeyri iradi sidik ifrazı. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ dərəcə. Qastroezofaqeal reflüks. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Soltərəfli varikoselektomiyadan sonraki vəziyyət. Xroniki “B” virus hepatiti.” diaqnozu ilə (X2: - Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 – Serebral iflic və digər paralitik sindromlar => G82 – Parablegiya və xetraplegiya => G82.0 – Süst paraplegiya) tam rabilitasiya olunması barədə qərar qəbul edilməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-19291/2023 nömrəli qərarına əsasən, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

4. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 5032 nömrəli ambulator xəstənin tibb vərəqindən görünür ki, diaqnoz “M51.0 Diskogen mənşəli (L4-L5, L5-S1) radimielopatiya. Aşağı ətrafların paraparezi çanaq orqanlarının funksiyalarının pozulması (G82.0), xroniki ağrı sindromu (R32, R26) ilə G95.0 TH7-TH8 səviyyəsində onurğa beynin mərkəzi sirinqolidromieliya, yeriş, hərəkət məhdudluğu ilə” kimi müəyyən edilmişdir.

5. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarında diaqnoz “M51.1 və R26 Diskogen mənşəli xroniki, tez-tez residiv verən hissi, hərəki pozulmalar, sağ aşağı ətrafın əzələlərinin mülayim dərəcədəli atrofiyası və davamlı ağrı sindromu ilə təzahür edən bel-oma radukuliti, kəskinləşmə həddində aşağı ətrafların poraparezi, Xr. Kombinə olunmuş hemorroigentaniyadan (25.01.19) sonrakı bərkimiş çapıqlar, ikitərəfli xroniki koxlear nevrit, neyrosensor ağır eşitmə, pıçıltı nitqini hər iki qulaqla 4.0 metr məsafədən eşitməsi, sol tərəfli varikoselektomiya əməliyyatından (2007, 2011) sonrakı sol qasıq nahiyyəsinin bərkimiş çapıqlar, cinsiyyət üzvünün kökünün himoshimosmadiyasına görə aparılmış əməliyyat (1995)” kimi qeyd edilmişdir (Stasionar üzrə: daxil olma – xx.xx.2023-cü il; çıxma – xx.xx.2023-cü il).

6. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “ENMG-ya müayinəsi zamanı hər iki aşağı ətrafın bilaterial sensor süral sinirlərin demielinizan tipli zədələnməsi-neyropatiyası qeyd edilmiş, digər sensor-moto sinirlərin sinir-əzələ keçiriciliyi normaldır. İynə EMG L4-L5-Sz səviyyə innervasiyalı əzələlərdə aparıldı. Müayinə olunan əzələlərdən L5-S1 səviyyə innervasiyalı sol GK med, sağ TA əzələdə tək-tək spontan aktivlik fib (+), PKD (+) sıçrayışı qeyd edildi. Aktiv əzələ vahidi müayinə olunan əksər əzələlərdə əldə edilmir (pasient hərəkət məhdudiyyəti ilə əlaqədar əzələləriu gərginləşdirə bilmir), bilaterial GK med əzələdə, sağ AH əzələdə zəif patternlə əldə edildi” kimi qeyd edilmişdir.

7. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli ********* nömrəli Beloma fəqərələri MRT müayinəsinin nəticəsi “Hərəkət artefaktlarına bağlı bəzi görüntülər suboptimaldır. T1, T2 hiperintens tip 2 degenerasiya izlənilir. L2-3 diskdə dural kisəni sıxan arxa-mərkəzi protruziya (2 mm) izlənilir. L3-4 diskdə dural kisəni sıxan arxa-mərkəzi protruziya (3 mm) izlənilir. Ayrıca L4-5 disldə sağ neural forameni inferiordan daraldan geniş əsaslı sağ foraminal yırtıq (-4mm) izlənilir. L5-S1 diskdə dural kisəni sıxan arxamərkəzi arxa mərkəzi yırtıq (3 mm) izlənilir kimi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin dayandırlmasına dair qərarının ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək barəsində “Hərbi xidmətə yararsız” qərarı verilmişdir.Həmin qərar xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən təsdiqlənmişdir. Məhkəmə qərarı əsasında “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik almışdır. Cavabdehin qərarı ilə ona təyin edilmiş ikinci qrup əlillik vaxtından əvvəl ləğv edilmişdir.

10. İddiaçı xx.xx.2024-cü il tarixində tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2020-ci il tarixli “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən müddətli ikinci dərəcə əlillik təyinatı barədə qərarın ləğv edilməsinə səbəb olan “tam reabilitasiya olunma” barədə verilmiş 01 dekabr 2023-cü il tarixli, 3-17-4/3-3-19291/2023 nömrəli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixli “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən müddətli 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1854/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqan 17 nəfərin, o cümlədən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilin aparılması, həmin təhlil zamanı müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb edilərək əlilliklərinin qiymətləndirilməsi zərurətinin yarandığı göstərilmişdir. Məhkəmə hesab edir ki, prinsipcə Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit,monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin təhlil məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən əlilliyi olan şəxslərin təhlilinin aparılması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılmasına istinad edə bilməz, həmin təhlilin nəticəsi barədə qərarda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1854/2024 nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas veribvermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş və ekspertiza təyin edilməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçının məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı xx.xx.2024-cü il tarixli etirazda qeyd olunmuşdur ki, cavabdeh orqan məhkəməyə əlillik təyinatının qanunsuz ləğvini ört-basdır etmək üçün yazılı formada ifadə verərək sənədi saxtalaşdırıb. Cavabdeh orqanın təqdim etdiyi sənədə görə iddiaçıya ilkin əlilliyin təyinatı üçün tibb müəssisıəsinin 0494003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş, əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin guya 2.2.8-ci bəndinə müvafiq, yəni G30-G32.9, G80- G80.9 kodlarla əlillik müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. Əslində isə onun sağlamlığının qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişi №0494003AAC77-də diaqnoz G95.0, G82.0 isə ağırlaşma qeyd olunub və bu da yeni meyarlara tam uyğundur.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməmişdir. Bununla yanaşı, iddiaçının tam reabilitasiya olunması haqqında qərar 20 noyabr 2023-cü ildə qəbul edilmiş, 01 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir, qərar hazırda qüvvədədir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, cavabdehin sözügedən qərarını yalnız məktubla müraciət etdikdən sonra əldə etmişdir.

Tətbiq edilən hüquq:

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. “İnzibati icraat haqqında” Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olması. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40 G41.9)

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətində mübahisələndirilməsə də hazırki tələb üzrə iddia müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən nəticə (qərarın tarixi qeyd edilməmişdir) xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ünvanına göndərilmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnamədə olan möhürdən həmin göndərişin xx.xx.2024-cü il tarixdə (anasına) çatdırıldığı müəyyən edilmişdir.

25. İşdə olan sənədlərdən məlum olur ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçt məntəqəsinə təhvil verilmişdir. Belə olan halda iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə iddia müddətinə riayət edilmişdir.

26. İşin hallarından məlum olur ki, cavabdeh orqan tərəfindən İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmənin nəticəsi olaraq “Sirinqomieliya və sirinqobulbiya, Th7-Th8 fəqərə səviyyəsində sirinqomieliya. L4-L5 fəqərəsinin ekstruziyası radimielopatiya ilə L5-S1 fəqərəarası diskin yırtığı. Hərəkətin və yerişin pozulmaları, Yerişin kəskin təzahürlü pozulması. (Nəzərəçarpan paraparez). Süst paraplegiya, Aşağı ətrafların ifadəli süst paraparezi. Qeyri iradi sidik ifrazı. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ dərəcə. Qastroezofaqeal reflüks. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Soltərəfli varikoselektomiyadan sonraki vəziyyət. Xroniki “B” virus hepatiti.” diaqnozu ilə (X2: - Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 – Serebral iflic və digər paralitik sindromlar => G82 – Parablegiya və xetraplegiya => G82.0 – Süst paraplegiya) 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9) meyarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

27. Bundan sonra vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı əyani müayinəyə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə tam rabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli qiymətləndirmənin nəticəsi olaraq iddiaçı barəsində “Sirinqomieliya və sirinqobulbiya, Th7- Th8 fəqərə səviyyəsində sirinqomieliya. L4-L5 fəqərəsinin ekstruziyası radimielopatiya ilə L5-S1 fəqərəarası diskin yırtığı. Hərəkətin və yerişin pozulmaları, Yerişin kəskin təzahürlü pozulması. (Nəzərəçarpan paraparez). Süst paraplegiya, Aşağı ətrafların ifadəli süst paraparezi. Qeyri iradi sidik ifrazı. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ dərəcə. Qastroezofaqeal reflüks. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Soltərəfli varikoselektomiyadan sonraki vəziyyət. Xroniki “B” virus hepatiti.” diaqnozu ilə (X2: - Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G80-G83 – Serebral iflic və digər paralitik sindromlar => G82 – Parablegiya və xetraplegiya => G82.0 – Süst paraplegiya) tam rabilitasiya olunması barədə qərar qəbul edilməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

28. Göründüyü kimi iddiaçıya xx.xx.2020-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixinin isə 5 ildən sonra, yəni xx.xx.2025-ci ildə olması müəyyənləşdirilmişdir. Buna baxmayaraq, o, vaxtından əvvəl (xx.xx.2023-cü il tarixdə) müayinəyə cəlb olunmuş və tam reabilitasiya olması barədə qərar qəbul edilməklə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

29. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 5032 nömrəli ambulator xəstənin tibb vərəqindən görünür ki, diaqnoz “M51.0 Diskogen mənşəli (L4-L5, L5-S1) radimielopatiya. Aşağı ətrafların paraparezi çanaq orqanlarının funksiyalarının pozulması (G82.0), xroniki ağrı sindromu (R32, R26) ilə G95.0 TH7-TH8 səviyyəsində onurğa beynin mərkəzi sirinqolidromieliya, yeriş, hərəkət məhdudluğu ilə” kimi müəyyən edilmişdir.

30. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarında diaqnoz “M51.1 və R26 Diskogen mənşəli xroniki, tez-tez residiv verən hissi, hərəki pozulmalar, sağ aşağı ətrafın əzələlərinin mülayim dərəcədəli atrofiyası və davamlı ağrı sindromu ilə təzahür edən bel-oma radukuliti, kəskinləşmə həddində aşağı ətrafların poraparezi, Xr. Kombinə olunmuş hemorroigentaniyadan (25.01.19) sonrakı bərkimiş çapıqlar, ikitərəfli xroniki koxlear nevrit, neyrosensor ağır eşitmə, pıçıltı nitqini hər iki qulaqla 4.0 metr məsafədən eşitməsi, sol tərəfli varikoselektomiyaəməliyyatından (2007, 2011) sonrakı sol qasıq nahiyyəsinin bərkimiş çapıqlar, cinsiyyət üzvünün kökünün himoshimosmadiyasına görə aparılmış əməliyyat (1995)” kimi qeyd edilmişdir. (Stasionar üzrə: daxil olma – xx.xx.2023-cü il; çıxma – xx.xx.2023-cü il)

31. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

32. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.

33. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

34. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın- «əlverişli inzibati aktın» düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi.

35. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2020-ci il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları təqdim etməmişdir.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə aparılması üçün aralıq qərardad qəbul edilməməsi və ekspertiza təyin olunmaqla işin nəticələrinin ətraflı araşdırılmaması, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsi, həmçinin məhkəmənin xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etdiyi qeyd olunmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün aralıq qərardad qəbul edilməklə iş üzrə ekspert rəyinin alınması zərurəti yarandığını qeyd etsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı qeyd etməmişdir.

38. Bundan başqa hazırki tələbdə iş üzrə iddiaçıya əlilliyin təyin edilməsi deyil, məhz təyin edilmiş əlilliyin vaxtından əvvəl ləğv edilməsinin əsasları araşdırlıdığından təkrar aralıq aktın və ya ekpertizanın keçirilməsinə heç bir zərurət yoxdur. Belə ki, hazırki icraatda iddiaçıya təyin edilmiş əlliyin ləğv edilməsi əsaslarının mövcud olub-olmaması araşdırılmışdır.

39. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

40. Hazırkı işin halları ilə bağlı iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dələli ilə bağlı qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

42. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

43. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

44. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1854/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar