Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-706/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyn bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1059/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspertiza Komissiyasının “Əlillik” alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, 14-15 fəqərəarası diskin yırtığı cərrahi əməliyatları edilməsindən sonrakı vəziyyət”, ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması, G83.1 Aşağı ətrafın monoplegiyası, sağ aşağı ətrafın monoparezi, F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, nevroza bənzər sindrom, Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Yanaşı xəstəliklər F48 digər neqativ pozğunluqlar diaqnozuna əsasən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-1/2- İ-21054/2023 nömrəli məktubda iddiaçıya təyin edilmiş əlilliyin şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyətini dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanılmış və nəticədə xx.xx.2022-ci il tarixindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən Rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 028277 nömrəli əlillik vəsiqəsi verilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nörməli bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunmuşdur.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-14- 27050/2023 nömrəli bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinədə iştirak etmiş və əyani müayinənin nəticəsinə əsasən ona xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 illik əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir.
6. 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçının əlilliyi “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə təyin edilmiş əlillik mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində “əlillik” təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 03 avqust 2023-cü il tarixli qərarı ilə İddiaçı barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar dəyişdirilərək, “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspertiza Komissiyasının “Əlillik” alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 1 illik müddətə “2.2L4-L1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Asteno-nevrotik sindrom” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspertiza Komissiyasının “Əlillik” alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 1 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük sindromu. Nəzərə çarpan hissi və hərəkət pozğunluğu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspertiza Komissiyasının “Əlillik” alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 1 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sağ ayaq pəncəsinin parezi. Asteno-nevrotik sindromu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspertiza Komissiyasının “Əlillik” alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sağ ayaq pəncəsinin parezi. Asteno-nevrotik sindromu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
12. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhər Abbas Səhət adına xəstəxanada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olmuşdur.
13. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Respublika Klinik Xəstəxanasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə stasionar müalicədə olmuşdur.
14. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhər Abbas Səhət adına xəstəxanada xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya xəstəliyi ilə bağlı təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 il Daşkəsən rayonu şahmat məktəbində məşqçi müəllim, son 4 ildə isə baş məşqçi müəllim vəzifəsində çalışmışdır. Qeyd olunan vəzifədə işlədiyi müddətdə bel-oma yırtığından əziyyət çəkirdi və buna görə də 2021-ci ildə cərrahi əməliyyat olunmuşdur. Əməliyyatdan sonra bir neçə ay bülletendə olmasına baxmayaraq əsəbləri pozulmuş və pensiyaya çıxmışdır. 2013-cü ildən ona pensiya təyin olunmuşdur. 9 il pensiya almasına baxmayaraq 2021-ci ilin 28 iyulunda pensiyası dayandırılmışdır. TSEK tərəfindən xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ona xx.xx.2022-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2026-cı il tarix göstərilmişdir.
17. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2021ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsinə səbəb olan 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarından şikayət vermə müddətini ondan asılı olmayan səbəblərdən buraxmışdır, belə ki, iddiaçının hüquqi savadı olmadığından o, ilkin olaraq başa düşə bilməmişdir ki, onun 2021-ci il tarixində 5 il müddətinə təyin edilmiş əlilliyin kəsilməsinə səbəb olan məhz cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarı səbəb olmuşdur ki, belə ki, həmin qərarla ona 2026-cı il tarixə kimi təyin edilmiş müddətli ikinci dərəcə əlillik kəsilmişdir. O, dəfələrlə cavabdeh qurumda əyani müayinələrdə olmuş gah diaqnoz əlillik əlaməti təyin etmir, gah da tam reabilitasiya olunma barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən müddətin bərpa olunmasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
21. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” alt sistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir, lakin qərardan narazı olan vətəndaşın müraciəti əsasında agentlik tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. “Diaqnoz əlillik əlaməti təyin etməməsi“ barədə xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar dəyişdirilərək “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
22. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1059/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarının ləğv edilməsinə səbəb olan 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş üçüncü dərəcə müddətli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulması qərara alınmışdır.
23. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2022-cı il tarixdə 5 illik üçüncü dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsinə və yenidən müayinəyə cəlb edilərək onun “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməsinə zərurətin haradan yaranması barədə əsaslandırılmış məlumat təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1059/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş imtinaların elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ya məhkəmə tibbi ekspertizası təyin etməmişdir. Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, cavabdeh orqanın apellyasiya şikayətinə etiraz etdiyini, şikayətin təmin olunmamasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1059/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1059/2024 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 30.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 1 illik müddətə “2.2L4-L1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Asteno-nevrotik sindrom” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə 1 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük sindromu. Nəzərə çarpan hissi və hərəkət pozğunluğu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə 1 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sağ ayaq pəncəsinin parezi. Asteno-nevrotik sindromu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə 5 illik müddətə “2.2L4-L5 fəqərə diski yırtığına görə cərrahi əməliyatdan sonrakı vəziyyət, Bel fəqərələrinin deformasiyaedici osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sağ ayaq pəncəsinin parezi. Asteno-nevrotik sindromu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
48. İddiaçı xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, 14-15 fəqərəarası diskin yırtığı cərrahi əməliyatları edilməsindən sonrakı vəziyyət”, ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması, G83.1 Aşağı ətrafın monoplegiyası, sağ aşağı ətrafın monoparezi, F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, nevroza bənzər sindrom, Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Yanaşı xəstəliklər F48 digər neqativ pozğunluqlar” diaqnozuna əsasən 5 il müddətinə xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir.
49. Bundan sonra cavabdeh orqan tərəfindən əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmış və iddiaçı xx.xx.2022-ci ildə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyi halda mövcud tibbi sənədlərə baxış keçirərək İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətli əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etməməsinə dair 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərar qəbul etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş müddətli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda olması əsas gətirilsə də, cavabdeh orqan tərəfindən şübhəli hallara dair heç bir əsaslandırılmış sübut məhkəmə kollegiyasına təqdim edilməmiş və yalnız formal mülahizələrə əsaslandırılmışdır.
51. Bundan sonra iddiaçı agentlik tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. “Diaqnoz əlillik əlaməti təyin etməməsi“ barədə xx.xx.2023-cü il tarixli, **********2 nömrəli qərar dəyişdirilərək, “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmiş və iddiaçının 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlilliyi ləğv edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
53. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsinə dair TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübüt olmamış və cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olmasını əsas gətirərək onu əyani müayinəyə cəlb etmişdir. 54 . Kollegiya xüsusi olaraq vurğulayır ki, əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması iddiası Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz.
55. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir
56. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli olsa da, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədə ifadə olunması ümümiyyətlə müəyyən deyil və belə sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
57. Belə ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Başqa sözlə cavabdeh inzibati orqanın əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması iddiasına sübüt kimi qiymət verərək əlillik təyinatına dair qərarı ləğv etməklə düzgün inzibati icraat aparmamışdır.
58. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
59. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1059/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.