Məhkəmə qərarları › İş №2-1(104)-707/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-707/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-707/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz bələdiyyəsinə qarşı “xx.xx.2019-cu il tarixli 17 saylı iclas protokol-qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakları ilə, “xx.xx.2019-cu il tarixli, 17 nömrəli protokol-qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Gəncə şəhər Kəpəz bələdiyyəsinin 17 saylı, 21 dekabr 2019-cu il tarixli iclas protokoluna əsasən Gəncə şəhəri, Kəpəz rayonunda 5 ildən yuxarı qeydiyyatda və 1-ci qrup əlil olması nəzərə alınaraq Gəncə şəhəri, A.Sultanov küçəsi, ev 18-də qeydiyyatda olan X4 ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 6-cı zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə 400 kv metr və ya 0,04 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

2. AN-İ ******* seriya və nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən X1.

3. Gəncə şəhər Kəpəz bələdiyyəsinin İ-143 nömrəli, 17 fevral 2023-cü il tarixli məktubu ilə X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin tələblərinə uyğun aparılması və mülkiyyət hüququnu təsdiq edən sənədin bələdiyyə tərəfindən ləğv edilməsinin mümkün olmaması qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsinə (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixli, 17 nömrəli protokol-qərarının ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsi Sovet vaxtlarında Metallurq bağçılıq ərazisinə aid olub və o ərazidə olan torpaqlar 1988-1998-ci illərdə Gəncə X5 və onun yardımçı qurumlarının işçilərinə verilmişdir. İddiaçının mərhum həyat yoldaşı Alüminium zavodunda işlədiyi üçün ona da torpaq sahəsi verilmişdir və o hələ 90-cı illərin əvvəllərində bu sahəni iddiaçıya göstərmişdir. Bu bağçılıq ərazisinə daxil olan torpaq sahələri haqda hüquqi baxımdan sənədləşmənin aparılması axıra çatdırılmaması səbəbdən bu sahələr hakimiyyət orqanları və bələdiyyə tərəfindən faktiki istifadədə olan torpaqlar kimi qəbul olunmuşlar. Ərazi küçələrə bölünmüşdür, sakinlər və ev tikməyən torpaq sahibləri vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar. Bir çoxları orada evlər tikmişlər və qanunvericilik imkan verdiyi vaxtdan bələdiyyə orqanları tərəfindən vətəndaşların ərizələri əsasında onların faktiki istifadələrində olan torpaq sahələri onlara satılmağa başlanılmışdır. Əsas şərt də bundan ibarət olmuşdur ki, torpaq sahələri hərracdan kənarqaydada yalnız Gəncə şəhəri Kəpəz rayon bələdiyyəsinin ərazisində 5 ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olanlara və torpaq sahələrinin faktiki istifadəçilərinin özlərinin mülkiyyətinə verilə bilər. İddiaçı ailəsi birlikdə istifadəsində olan torpaq sahəsində uzun illərdir ki, əkinlə məşğul olur və qonşu sahələrin sahibləri bu torpağın istifadəçiləri kimi yalnız iddiaçını tanıyırlar. Bunun təsdiqi kimi iddiaçı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(043)-897/2022 nömrəli qətnaməsinə istinad edir. Belə ki, tamamilə başqa bir şəxs də bu torpağa görə iddiaçını məhkəməyə vermişdir. Həmin qətnamədən görünür ki, bu torpaq sahəsi həmişə iddiaçının ailəsinin istifadəsində olub və bu fakt qonşu torpaqların mülkiyyətçiləri və istifadəçiləri tərəfindən təsdiq edilmişdir. Məhkəmə qərarı qanuni qüvvədədir və hətta, həmin məhkəmədə Gəncə şəhər Kəpəz Bələdiyyəsinin özü də vəkil sorğusuna rəsmi cavabla bildirmişdir ki, İddiaçı həmin torpaq sahəsinə görə "…2017-ci il dən vergi ödəyir, 2019-cu ildə uzun müddət istifadəsində olan həmin torpaq sahəsinin alqısatqı qaydasında mülkiyyətinə verilməsi barədə Kəpəz bələdiyyəsinə ərizə ilə müraciət etmişdir". Gəncə şəhər Kəpəz Bələdiyyəsi həmin məhkəmədə deməmişdir ki, iddiaçıya qanunla satılmalı olan torpaq sahəsi hazırkı iş üzrə 3-cü şəxs olan Allahverdiyevə satılmışdır. Ona görə ki, özləri də bilmirdilər ki, Allahverdiyevə səhvən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini ölçüb satıblar. Məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli ərizənin sürətindən məlum olur ki, iddiaçı Kəpəz Rayon Bələdiyyəsindən xahiş etmişdir ki, yaşayış səraitini və ailə vəziyyətini nəzərə alaraq iddiaçıya ev tikmək üçün torpaq sahəsi versinlər. Kəpəz Bələdiyyəsinin 1-110 saylı, 17 iyun 2016-cı il tarixli cavabından isə məlum olur ki, ərizəni qəbul ediblər və adını siyahıya salıblar. Hətta, "…həmin torpaq sahəsi üzrə sərəncam hüququ yarandıqdan sonra…" ərizəyə baxılacağına söz verilmişdir. Torpağın iddiaçıya satılacağına söz verildiyi üçün, iddiaçı borc-xərc edib yarımçıq bir yer tikmiş və atası da elə orada yaşayır. Arxayın olmuşdur ki, o da qanunun şərtlərinə cavab verir deyə torpağı ala biləcək. Sonra isə, əvvəllər tanışlığı olmayan X6 iddiaçının ailəsinin və iddiaçının 1992-ci ildən faktiki istifadəsində olan Natəvan qəsəbəsində yerləşən 600.0 kv.m ölçüsü otan torpaq sahəsinə gələrək bildirmişdir ki, bu sahəni ona Kəpəz bələdiyyəsi satıb və mülkiyyət hüququ haqda sənədləri də vardır. Allahverdiyev torpaqla bağlı iddiaçıya qarşı iddia ərizəsi vermişdir və ərizəsindən də bəlli olur ki, mübahisəli torpaq sahəsi heç vaxt onun istifadəsində olmayıb. Torpaq sahəsi ona yalnız l-ci qrup əlil olduğu üçün verilib və bu torpaq sahəsinə görə bələdiyyə ilə alqı-satqı müqaviləsi 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanıb. Reyestr xidmətindən isə ona xx.xx.2020-ci il tarixli, ********** saylı mülkiyyət hüququ haqda çıxarış verilib. X3 iddia tələbləri Gəncə şəhər məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir, lakin iddiaçının ona qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqda qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İzah olunmuşdur ki, torpaq sahəsi Kəpəz Bələdiyyəsinin inzibati akt hesab edilən qərarı əsasında satılıb. Qərar isə qüvvədədir. Qeyd edir ki, eyni torpaq sahəsi üstə mübahisə olduğu iddiaçı və Allahverdiyev tərəfindən təsdiq edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi X2 üçün və bu haqda bələdiyyənin qərarının maraqlı şəxs kimi iddiaçıya təqdim edilməsi haqda ərizəyə cavab olaraq, Kəpəz Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 1-143 saylı cavablandıran X4 Natəvan qəsəbəsi 39A ünvanında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi barədə 21 dekabr 2019-cu il tarixli 17 saylı iclas protokolunun 631 saylı qərarının sürətini təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki, bələdiyyə tərəfindən bu qərarın ləğvi mümkün deyil. İddiaçı hesab edir ki, onun neçə illərdir faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri Kəpəz bələdiyyəsinin Allahverdiyevə satması qanunsuzdur və ona görə də, bu müqavilə ləğv edilməlidir. Torpaqla bağlı X3 Kəpəz bələdiyyəsinə ərizəsindən məlum olur ki, onun ərizəsi Kəpəz bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə təqdim edilib və mətnindən də aydın olur ki, guya onun yaşadığı və istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş edib. Halbuki, o yerindən asılı olmayaraq hər hansı bir torpaq sahəsinin ona verilməsi haqda müraciət etmişdir və köməklik məqsədi ilə ona torpaq verilmişdir. İstifadəsində isə heç bir torpaq olmamışdır. Ərizədə də yalnız 0,02 ha torpaq haqda xahiş edib, mülkiyyətinə isə 0.04 ha torpaq verilib. Bələdiyyə işçiləri isə, iddiaçı hesab edir ki, səhvən iddiaçıya veriləsi torpağı ölçüb ona veriblər. Allahverdiyev isə, vəziyyətdən istifadə edərək, onun adına qeyd olunan torpaq sahəsinə görə iddiaçıdan 10000 manat pul istəyib. Yəni, mübahisəli torpaq sahəsi ilə onun heç bir bağlılığı yoxdur, satmağa da hazırdır. Bələdiyyə orqanı ona başqa münasib torpaq sahəsinin də verilməsini təklif edir, lakin Allahverdiyev razılaşmır. Yəni, torpaq sahəsinin X4 və ya iddiaçıya satılmalı olmasını müəyyən etmək üçün iki hüquqi əsas vardır və bunların heç biri X3 xeyrinə deyil. Belə ki, torpaq sahəsi həmişə iddiaçının istifadəsində olub, vergiləri iddiaçı ödəmiş və torpağın satılması haqda ərizəni də ilk növbədə iddiaçı vermişdir. X4 isə torpaq sahəsi qanuna əsasən yalnız hərracla satıla bilər.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadının ləğv edilməsini və araşdırmanın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir, lakin həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. İllərdir həmin sahədən istifadə edir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir. Hazırkı prosedur qaydalara əsasən vətəndaş müvafiq sərəncamla bələdiyyəyə müraciət etdikdə bələdiyyə sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ərazi idarəsinə təqdim edir. Həmin Ərazi İdarədən mütəxəssislər tərəfindən ölçmə işləri aparılır, bundan sonra müsbət rəy gəlirsə, torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərrac vasitəsilə satılır. Həmin proses isə 7-8 ay davam edir. Üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayonu ərazisində 5 ildən yuxarı qeydiyyatda olmaqla 1-ci qrup əlil olduğundan ona hazırki mübahisəli torpaq sahəsi birbaşa satılmışdır. İddiaçının mübahisəli torpaq sahəsinə dair heç bir sənədi yoxdur, sadəcə üçüncü şəxsə satıldıqdan sonra zəbt etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, torpaq sahəsini bələdiyyədən alanda boş olmuş, sonradan iddiaçı orada tikinti işləri aparmışdır. O, dəfələrlə iddiaçıya tikinti işlərinin aparılmasının dayandırılmasını bildirsə də heç bir əhəmiyyəti olmamışdır.

14. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

16. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

20. İddiaçı onun və ailə üzvlərinin faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin vaxtilə Metallurq bağçılıq ərazisinə aid olmasını, mərhum ərinə həmin torpaq sahəsinin ayrılmasını qeyd etmiş, bu səbəbdən torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair hazırki iddia üzrə mübahisələndirilən Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 17 nömrəli protokol-qərarının ləğv edilməsini xahiş etmişdir.

21. Gəncə şəhər Kəpəz bələdiyyəsinin 17 saylı, 21 dekabr 2019-cu il tarixli iclas protokolundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonunda 5 ildən yuxarı qeydiyyatda və 1-ci qrup əlil olmasını nəzərə alaraq Gəncə şəhəri, A.Sultanov küçəsi, ev 18-də qeydiyyatda olan X4 ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, 6-cı zonaya aid ərazidən fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə alqı-satqı yolu ilə 400 kv metr və ya 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

22. AN-İ ******* seriya və nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha torpaq sahəsi Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən X1.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya və həyat yoldaşına torpaq sahəsinin ayrılması, verilməsi ilə bağlı heç bir sənəd mövcud deyildir. Belə olan halda mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur.

24. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

25. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçı ərizəsində Gəncə X7 tərəfindən torpaq sahəsinin mərhum həyat yoldaşına verildiyini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim olunmamışdır.

26. Belə olan halda torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

27. Beləliklə torpaq sahəsinin iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxara bilməmişdir ki, üçüncü şəxs üçün əlverişli olan inzibati aktı mübahisələndirsin.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

30. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2240/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar