Məhkəmə qərarları › İş №2-1(104)-707/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-707/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-707/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1882/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi ünvanında yerləşən torpaq sahəsi ilə bağlı icarə haqqı məbəlğinin hansı əsasla 2000 manat müəyyən edilməsi və torpaq sahəsi ilə bağlı əvvəlki icarə haqqı məbləği dəyəri ilə icarə münasibətlərinin davam etdirməklə icarə müqaviləsinin bağlanmasına dair inzibati icraat qaydasında inzibati akt qəbul edilməsini, həmçinin icarə haqqının dəyərini əks etdirən qiymət cədvəlinin ona və yaxud səlahiyyətli nümayəndəsinə təqdim edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onunla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hərəkətsizlik etməklə icarə müqaviləsi bağlanmasından imtinasını əsassız hesab edilərək torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun tərəfindən alğı-saqı edilərək alınmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olmaqla ondan əvvəlki mülkiyyətçi X1 adma rəsmiləşdirilmişdir. Hazırda isə göstərdiyi qeyri-yaşayış obyektinin mülkiyyətçisi olmaqla torpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanması zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh onunla torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması üçün 2000 manat məbləğində icarə haqqı tələb olunur. Bu isə ondan əvvəl bağlanmış icarə haqqı məbləğində dəfələrlə üstün bir məbləğ təşkil edir. Cavabdehin şifahi məlumatından sonra onun tərəfindən torpaq sahəsinə dair kaifsent məbləğlərin ona təqdim edilməsi barədə müraciət edərək əvvəlki icarə haqqı məbləğində onunla icarə müqaviləsinin bağlanması barədə müraciət etsə də, cavabdeh hərəkətsizlik edərək hələdə ona heç bir məlumat verməmişdir. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 dekabr 2023-cü il tarixli, 3-21-3/2-17857/2023 nömrəli məktubla iddiaçıya müraciət olunaraq, iddianın predmeti olan torpaq sahəsinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi iddiaçıya təklif edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi iddiaçının hərəkətsizliyi nəticəsində baş tutmamışdır. iddiaçının tələbi ünvan 2 ünvanında olan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi ilə bağlıdır ki, hazırda cavabdeh inzibati orqan tərəfindən qeyd olunan torpaq sahəsinin icarəyə verilməsindən imtina olunmadığından və bununla bağlı iddiaçıya müvafiq məktubla müraciət olunduğundan prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq hazırkı tələbə məhkəmədə baxılması və həll edilməsi yolverilməzdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1882/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə”nin 11-ci bəndinə əsasən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, cavabdehin məktubunda qeyd olunan əsaslar mövcud iş materialları ilə təsdiq olunduğu halda, qeyd olunanlara əhəmiyyət vermədən hazırkı qərarı qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1 dekabr 2023-cü il tarixli, 3-21-3/2- 17857/2023 nömrəli məktubla iddianın predmeti olan torpaq sahəsinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi iddiaçıya təklif edilmişdir. Daha sonra Xidmətin xx.xx.2024-cü il tarixli, **********09 nömrəli məktubu ilə torpaq sahəsinin icarə haqqı dəyəri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, qeyd olunan şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinin tələblərinə uyğun olaraq Xidmətin müraciətinə cavab verilməmiş, onun tərəfindən dövlət əmlakının icarəyə götürülməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər təqdim olunmamışdır. Bildiririk ki, bugünədək İddiaçı tərəfindən icarə müqaviləsinin bağlanması ilə bağlı razılıq bildirilmədiyindən Xidmət tərəfindən iddianın predmeti olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi iddiaçının hərəkətsizliyi nəticəsində baş tutmamışdır. Birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş etirazda qeyd olunanlara hər hansı əhəmiyyət verməmiş, hazırkı iş üzrə Xidmətin təşəbbüsü ilə başlanmış inzibati icraatın mövcud olduğu, beləliklə inzibati orqanın üzərinə belə bir öhdəliyin qoyulmasına zərurət aradan qalxdığı halda, məhkəmənin bununla bağlı gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlmədiyindən əsassız sayılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı iş üzrə inzibati icraat iddiaçının deyil, cavabdeh inzibati orqanın təşəbbüsü ilə başlanmışdır, lakin iddiaçı tərəfindən dövlət əmlakına dair müqavilənin bağlanmasına razılıq bildirilmədiyindən, Xidmət tərəfindən bununla bağlı hər hansı inzibati aktın qəbul edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq tətbiq edilməli olan qanunvericiliyin tələblərini nəzərə almadan formal olaraq “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanununun ayrı-ayrı maddələrini sadalamaqla cavabdehin üzərinə “zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsi” barədə qeyri-müəyyən öhdəliyin qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərib hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellaysiya şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 81.2-ci maddəsində müəyyən olunmuş tələb pozulmaqla verilmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələbi mübahisələndirilən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1882/2024 saylı qərarı ilə qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə”nin 11-ci bəndinə əsasən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh orqanın fəaliyyət istiqamətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquq və öhdəlikləri sferasına müdaxilə olunması tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, şəxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı nəticəsində cavabdehin hüquqları və qanuni maraqları pozulmadığından o, apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilməsi istisna edildiyindən, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1882/2024 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar