Məhkəmə qərarları › İş №2-1(104)-708/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-708/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-708/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3106/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdehndə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş adın, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydinə əsasən X2 ad və soyadı dəyişdirilərək İddiaçı kimi qeyd edilmişdir. İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi barədə Cavabdehnə müraciətinə etmiş və həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməyərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Çinarlı (sabiq Leninkənd) qəsəbəsində xx.xx.1965- ci il tarixdə tərtib edilmiş doğum aktı qeydinə Cavabdeh tərəfindən xx.xx.2020ci il tarixdə ad və soyadın dəyişdirilməsi haqqında tərtib edilmiş 32 nömrəli akt qeydindəndəki dəyişikliyin ləğv edilməsi, yəni adının «Zəhra» adından «Kəmalə» adına, soyadının «İbrahimova» dan «Aslanova» ya qaytarılması, onun üçün yeni doğum haqqında şəhadətnamənin tərtib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, soyadı “Aslanova”, adı isə “Kəmalə” olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsində də adı, soyadı, ata adı doğum haqqında şəhadətnamədə qeyd olunduğu kimi yazılmışdır. Onun müraciəti ilə Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə adı Zəhra, soyadı İbrahimova kimi qeyd edilməklə, AZ-İ 028759 nömrəli “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” şəhadətnamə verilmişdir. Hazırda Cavabdehnə əvvəlki soyadı və adına qaytarılması barədə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023cü il tarixli qərarı ilə imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3106/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Hazırkı işdə isə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və həmin inzibati işin mümkün hesab edilməsinə dair müvafiq qərardad çıxarılmaqla mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə 2-1(114)-3106/2023 saylı xx.xx.2023-cü il tarixli, qərarı ilə iddianın təmin olunmaması qənaətinə gəlmiş, qərarını onunla əsaslandırmışdır ki, Cavabdehndə xx.xx.2020-ci il tarixdə iddiaçının öz istəyi əsasında ad və soyadının X1 İddiaçı dəyişdirilmiş, bu barədə akt qeydi tərtib edilmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, ad və soyadın növbəti dəfə dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təstiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nigahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24.- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilməsi səbəbindən imtina edilmişdir. Ona görə də Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı saymışdır. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razı deyil. Məhkəmə qərarı qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübutlara əsaslanmamış, istinad etdiyi normalarında tələblərinə əməl etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-16-518-73 saylı məktub ünvanlayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndəsinin işitirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri baradə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. ...

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.7. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. 6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı; 6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi; 6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad; 6.8.4. doğulduğu tarix və yer; 6.8.5. milliyyəti və vətəndaşlığı; 6.8.6. yaşayış və iş yeri, vəzifəsi; 6.8.7. hərbi qeydiyyat yeri; 6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada; 6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada); 6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer); 6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt; 6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsinə dair müraciətinə Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının ad və soyadının dəyişdirilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əks olunmuş qanunvericilik normaları ilə adın, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinin konkret olaraq hansı hallarda yol verilən olması təsbit edilmişdir. Həmin hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də, hazırkı işdə həmin Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcud olmaması qiymətləndirilərək iddiaçının tələbini təmin etməkdən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının ad və soyadının ikinci dəfə dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3106/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar