Məhkəmə qərarları › İş №2-1(104)-710/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-710/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-710/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə QƏRARDAD Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********81751 nömrəli qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3347/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardad qəbul etdi: İşin halları:

1. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2013-cü il tarixdə müraciət etdiyi ərizəsi əsasında onlar arasında xx.xx.2013-cü il tarixdə elektron sənəd mübadiləsi haqqında müqavilə imzalanmışdır.

2. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********9478 nömrəli qərarı ilə ünvan 1ində İddiaçı məxsus obyektdə (ərzaq mağazası) nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması nəzarət edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

3. Keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli DVX seriyalı 000034 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. İddiaçı əlavə aaşdırmaya ehtiyac olduğunu qeyd etməklə, həmin aktı imzalamaqdan imtina etmişdir.

4. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı həmin akt da əlavə olunmaqla bildiriş göndərilərək, barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etməsi üçün xx.xx.2022-ci il tarixdə İdarəyə dəvət olunmuşdur.

5. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 30064,10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və həmin məbləğin xx.xx.2022-ci il tarixədək büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə həm poçt vasitəsilə, həm də xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə oxunmuşdur.

7. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərardan xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş və Xidmətin xx.xx.2023-cü il tarixli **********152600 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməməsi və xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********81751 nömrəli qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 30.064,10 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərar əsassızdır. Belə ki, o, Ağstafa rayonu ərazisində pərakəndə qaydada un şatışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən vergi və digər məcburi ödənişləri vaxtında dövlət büdcəsinə köçürmüş, unun satışını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmişdir. Yeni nəsil nəzarət-kassa aparatının 2022-ci ilin aprel ayında sifariş etdikdən bir neçə ay sonra Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan yeni nəsil kassa aparatı ona təqdim edilmişdir. Həmin idarənin əməkdaşları yeni nəsil kassa aparatı təqdim edilənədək köhnə nəsil kassa aparatından əməliyyat edilməməsini bildirmişlər. O da buna görə həmin müddətdə etdiyi satışların kassa əməliyyatlarını icra etməmişdir. Buna görə də həmin dövr üzrə satılan malların kassa əməliyyatlarını icra etmədiyindən satılmış həmin mallar onlarda anbar qalığı kimi yığılmışdır. Lakin dediyi kimi yeni nəsil kassa aparatı təqdim edilənədək o, həmin malları satmışdır. Nəzərə alınsa ki, kassa əməliyyatı icra olunmadan edilən dövriyyəyə görə həmin məbləğin 10 faizi miqdarında cərimə nəzərdə tutulur, o da buna görə yeni nəsil kassa aparatı gələnə kimi həmin dövr üzrə satılan malların kassa əməliyyatını icra etmişdir Lakin həmin əməliyyatları edərkən qanun pozuntusuna yol verdiyini bilməmişdir. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə dəvət olunmuş və orda ona cərimə olunmağı ilə bağlı məlumat vermişlər. Həmin vaxt guya ki, onun mağazasında operativ vergi nəzarəti həyata keçirilmiş və həmin baxışla bağlı onun mağazasında akt tərtib edilmişdir. Bununla bağlı bildirir ki, akt mağazasında deyil, o, 14 saylı Ərazi Vergilər İdarəsinə çağırılan zaman orada tərtib edilmişdir. Həmin vaxt akt yerində tərtib edilmədiyindən və o, qərarla razı olmadığına görə həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarından Vergilər Nazirliyinə şikayət etsə də, həmin idarənin 06 yanvar 2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Bundan sonra o bir neçə yerlərə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bu mübahisənin məhkəmədən kənar qaydada həlli mümükün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa qeyd etmək istəyir ki, o 14 saylı Ərazi Verigilər İdarəsində olarkən yəni 27 oktyabr 2022-ci il tarixdə 24 oktyabr 2022-ci il tarixli nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qərarı rəsmi qaydada ona vermişlər. Lakin qeyd olunan kassa əməliyyatları pərakəndə satış qaydasında 4.000 manatdan artıq məbləğ üzrə nağd formada həyata keçirilən kassa əməliyyatları üzrə adlı siyahısından görünür ki, o həmin əməliyyatları iyul-avqust aylarında etmişdir. Yuxarıda da qeyd etdiyi kimi onu nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna edilmiş dəyişikliklə bağlı 27 oktyabr 2022-ci il tarixdə tanış etmişlər. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi baş vergi xidməti müşaviri X8 tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur.

10. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli **********8175 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etsə də, həmin İdarənin 06 yanvar 2023-cü il tarixli qərarı ilə inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra o mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına şikayət etmişdir. Lakin mediasiya təşkilatında onlar razılığa gələ bilməmiş və prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Həmin ərəfələrdə, yəni 21 yanvar 2023-cü il tarixdə onun anası rəhmətə getmiş və dəfn işləri, yas mərasimləri onun bu işlə məşğul olmasına maneələr yaratmışdır. Bundan başqa, onun atası ürək xəstəliyindən əziyyət çəkir. Hadisədən bir neçə ay qabaq əməliyyat olsa da tam sağalmamışdır. Anası rəhmətə gedəndən sonra atasının vəziyyəti ağırlaşmış və mart ayında onu məcbur xəstəxanaya yerləşdirmiş, ona təkrar baxış zamanı yenidən stend əməliyyatına ehtiyac olduğu bildirilmiş və o əməliyyat olunmuşdur. Yuxarıda göstərdiyi bu hallar onun həmin qərardan şikayət vermə müddətinin ötməsinə səbəb olmuşdur.

11. Cavabdeh inzibati orqanın etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 15 noyabr 2013-cü il tarixdə fəaliyyət növü "İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı" olmaqla uçota alınmış, 22 yanvar 2019-cu il tarixdən isə ƏDV qeydiyyatına alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 24 oktyabr 2022-ci il tarixli **********9478 saylı Operativ vergi nəzarətinin keçirilməsi haqqında Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanda yerləşən ərzaq mağazasında 27 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 23 iyul 2022-ci il tarixdən 31 avqust 2022ci il tarixədək olan dövr ərzində 32 ədəd çek olmaqla 428.641,0 manat məbləğin nəzarətkassa aparatına mədaxil edildiyi, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 34.11-ci maddəsinə əsasən hər satış üzrə 4000,0 manatdan artıq olan 32 saydaçekdən 300.641,0 manat məbləğin nağdsız ödənilməli olduğu halda, nağd qaydada ödənildiyi və "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulduğu faktı aşkar edilərək, bu barədə 27 oktyabr 2022-ci il tarixli DVX 000034 saylı akt tərtib edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmiş, bu barədə tərtib edilmiş sərbəst aktda əlavə araşdırmaya ehtiyac olduğu üçün aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Həmçinin İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək malları özünə məxsus olan "Ford" markalı avtomobillə kənd ərazisində səyyar qaydada mal satdığını, malların bir qismini nisyə verdiyini, yeni nəsil nəzarət-kassa aparatı ona gec verildiyi üçün satdığı malların dəyərini cəmləyərək böyük rəqəmlərlə kassaya mədaxil etdiyini, 4000,0 manatdan artıq məbləğin nağdsız ödənilməli olmasından məlumatı olmadığını bildirmişdir. Operativ vergi nəzarətinin nəticələri barədə akt və əlavə edilmiş sənədlər 31 oktyabr 2022-ci il tarixli **********470600 saylı bildirişlə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 31 oktyabr 2022-ci il tarixdə saat 14:45-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında İdarənin 05 dekabr 2022-ci il tarixli **********8175 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərara əsasən İddiaçı barəsində 30.064,1 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə İdarənin 05 dekabr 2022-ci il tarixli **********304700 saylı məktubu ilə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 08 dekabr 2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən İddiaçı Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər barədə ("Nağdsız hesablaşmalar haqqında" Qanununa və Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə) 12 yanvar 2022-ci il tarixli **********171100 saylı və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununa riayət edilməsi barədə 20 oktyabr 2022-ci il tarixli **********279900 saylı bildiriş məktubları göndərilmiş, vergi ödəyicisi tərəfindən həmin məktublar elektron qutuda müvafiq olaraq 21 yanvar 2022-ci il tarixdə saat 23:30-da və 20 oktyabr 2022-ci il tarixdə saat 19:09-da oxunmuşdur. İddiaçı şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə münasibətdə isə qeyd edilir ki, 05 dekabr 2022-ci il tarixli **********8175 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə İdarənin 05 dekabr 2022-ci il tarixli **********304700 saylı məktubu ilə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 08 dekabr 2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05 dekabr 2022- ci il tarixli **********8175 saylı Qərarından İnzibati şikayətinin araşdınlması barədə 08 dekabr 2022-ci il tarixli **********215900 saylı ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin 06 yanvar 2023-cü il tarixli **********152600 saylı inzibati şikayətin təmin edilməməsi haqqında Qərarı İddiaçı elektron qutusuna göndərilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2023-cü il tarixli, 2- 1(114)-3347/2023 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********81751 nömrəli qərar xx.xx.2022-ci il tarixli məktubla poçt vasitəsilə, həmçinin, iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında xx.xx.2013-cü il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(114)-3347/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin icraata qəbul edilməklə təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu müddətin bərpasına dair ərizənin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

18. İddiaçıya hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, sübutların təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası sübutların elektron və ya poçt vasitəsilə təqdim edilməsinə kiayət qədər vaxt təyin edildiyini, İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

20. «İnzibati icraat haqqında» Qanunun: 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. (30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş əlavə və dəyişikliklərdən sonrakı redaksiya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin: əlavə edilən: 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbi mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur.

26. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmışdır.

27. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

30. Hazırki halda iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli. **********8175 nömrəli qərarı mübahisələndirmişdir.

31. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 30064,10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və həmin məbləğin xx.xx.2022-ci il tarixədək büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

32. İşin hallarından görünür ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə həm poçt vasitəsilə, həm də xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə oxunmuşdur.

33. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərardan xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş və Xidmətin xx.xx.2023-cü il tarixli **********152600 nömrəli qərarı ilə İddiaçı inzibati şikayətinin təmin edilməməsi və xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qərar 06 yanvar 2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və oxunmuşdur.

34. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi akt qəbul edilən zaman bundan məlumatlı olmuş, bununla bağlı müvafiq şikayət instansiyasına müraciət etmişdir.

35. İddiaçı müddətin bərpasına dair ərizəsini atasının əməliyyat olması və eyni zamanda ailə üzvünün dəfni ilə əlaqələndirmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, Həmzə Həmzəyevə xx.xx.2022-ci il tarixdə cərrahi əməliyyat üçün X9 Mərkəzinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə X6 aşağı ətraf arteriyaların rəngli doppleroqrafiyası müayinəsindən keçmiş, xx.xx.2023-cü il tarixdə X1 stend əməliyatı icra olunmuş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə laborator müayinələrdən keçmişdir. X3 xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda ölmüşdür.

36. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının qərarı mübahisələndirə bilməməsini əsaslandığı hadisələrdən kifayət qədər vaxt keçmiş, atasının xəstəliyi və anasının ölümü onun ailə üzvləri ilə bağlı olsa da iddiaçının inzibati aktı mübahisələndirilməsinə birbaşa mane olmamışdır.

37. Digər tərədən inzibati icraatda əsaslandırlmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamış, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) müəyyən edilmişdir.

38. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadlasada həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkməyə çatımlılığını istisna etməmişdir.

39. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

41. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

42. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

43. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

44. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi olan vergi borcunun silinməsi ilə bağlı qeyd edir ki, borc hazırda mübahisələndirilən inzibati akt əsasında hesablanan məbləğ olduğundan silinməsi də inzibati aktın ləğvi ilə mümkündür. Başqa sözlə borcun yaranmasına əsas olan inzibati akt qüvvədə olduğundan, akt əsasında hesablanmış borcun silinməsi tələbi də mümkünlük şərtlərinə cavab verməmişdir.

45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3347/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar