Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-710/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2850/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Azaflı kəndində yerləşən onun atası X2 0,80 ha zəbt kimi qeyd edildiyi, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin təsdiqlənmiş surətini əlavə etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlarında qeyd olunan 0,3598 ha tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X1 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi onun atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0,67 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atası X2 adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə onun atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü olan anasının X3 hüquqlarının qeydiyyata alınması, sovxoz kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin Daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması barədə qərar qəbul olunmasın bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq, 1.05 ha torpaq sahəsinə “Torpaq üzərində mülkiyyət hüququna dair və daimi istifadəyə dair” Dövlət aktının (hər iki halda) ləğv edilməsi, hüquqmüəyyənedici sənədlər 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə tərtib edilmiş 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda aydın cizgilərlə qeyd olunan 0.3598 ha və tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X1 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi atasının və ailə üzvlərinin istifadəsində olmuş arxiv arayışlarında qeyd olunmuş ümumilikdə 0.67 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atası X2 adına, digər 0.37 zəbt torpaqlarının 1982ci ildən bu tərəfə atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü 1981-ci ildə tikilmiş fərdi yaşayış evində qeydiyyatda olmuş anası X3 hüquqlarının qeydiyyata alınması, sovxoz və kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun atasının və ailə üzvünün uzunmüddət istifadəsində olmuş torpaq sahəsinin daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2850/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “Tovuz rayonu, Azaflı kəndində yerləşən onun atası X2 0,80 ha zəbt kimi qeyd edildiyi, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin təsdiqlənmiş surətini əlavə etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlarında qeyd olunan 0,3598 ha tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X1 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi onun atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0,67 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atası X2 adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə onun atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü olan anasının X3 hüquqlarının qeydiyyata alınması, sovxoz kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin Daşınmaz Əmlakın Reyestr Xidmətində qeydiyyata alınması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2850/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təkbaşına deyil, digər mülkiyyətçilər ilə birlikdə qaldırmalı olduğu hissəsində məhkəmənin əsaslandırılması ilə və həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməməsi ilə razı deyildir. İddia tələbi yalnız JN-231, KOD 50302018 nömrəli Dövlət Aktı ilə rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı deyil. Məhkəmə tərəfindən isə belə qənaətə gəlinib ki, guya onun bütün hüquqlarının müdafiəsi üçün başqaları ilə birlikdə hərəkət etməlidir. Müstəqil təkbaşına öz pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edə biləcəyini, birgə mülkiyyətdə olan torpaq sahəsinin üzərində sərəncam verməli olduğu halda, digər mülkiyyətçilərin razılığını almalı olduğunu, hazırda torpaq sahəsi üzərində hər hansı sərəncam həyata keçirilmədiyini bildirmişdir. İnzibati orqanın yol verdiyi nöqsanlara görə məhkəməyə müraciət etdiyini, başqa mülkiyyətçilər onun qaldırdığı iddia tələbi ilə bağlı yalnız öz fikrini ifadə edə biləcəyini, lakin o valideynlərinin vərəsəsi kimi və torpaq islahatının subyekti kimi, digər mülkiyyətçilər ilə bərabər hüquqlu mülkiyyətçi kimi öz pozulmuş hüquqlarını müdafiə etməyə haqlı olduğunu və bundan ötrü heç kimdən icazə almağa, heç kimdən razılıq almağa borclu olmadığını bildirmişdir. İddia tələbini yenidən formalaşdırıb məhkəməyə təqdim etdiyini, lakin məhkəmə tərəfindən həmin dəqiqləşdirilmə ərizəsinə heç bir hüquqi qiymət verilmədiyini və müzakirə aparılmadığını, iddia ərizəsində pozulmuş hüquqları ilə bağlı yaranmış problem barədə ətraflı məlumat verdiyini, onun iddia tələblərinin aydın şəkildə ifadə edilməsi üçün iş materiallarının təkrarən birinci instansiya məhkəməsinə qaytarılmasına və onun iddia tələbinin formalaşmasında yol verdiyi qüsurların aradan qaldırılmasına ona şərait yaradılmasının zəruri olduğunu hesab etdiyini və dəqiqləşdirilmə ərizəsinə baxılmasını tələb etdiyini, bundan ötrü iş materiallarının təkrarən birinci instansiya məhkəməsinə qaytarılmasının vacib olduğunu hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur -2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Göründüyü kimi, iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, iddia tələbinin aydın olmadığı və iş materiallarına əlavə edilmiş JN-231, KOD 50302018 nömrəli Dövlət Aktında torpaq sahələri onunla yanaşı ailə üzvləri X2, X3, X4, X5. X6 mülkiyyətinə verildiyindən hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilərlə (ölmüş mülkiyyətçilərin qanuni vərəsələri) ilə birgə qaldırmalı olduğu bildirilərək, buna görə də iddianı birgə qaldırmaqla, birgə iddiaçılar kimi çıxış etdikləri dəqiqləşdirilmiş iddia ərizəsinin və birgə cavabdeh orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə ) müraciət edərək aldığı imtina məktubunu 10 iyun 2024-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmişdir. xx.xx.2024-cü il tarixli sərəncam həmin tarixdə iddiaçının elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı sərəncam verildiyi tarixdən əvvəl xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni elekton qaydada elektron məhkəmə informasiya sisteminə əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının idda tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinə diqqət verilməmiş, iddiaçının iştirakı ilə müzakirə edilməmiş, sərəncamda qeyd edilən xətaların aradan qaldırılmaması səbəbi ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da qeyd etmişdir ki, o, iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəni elektron qaydada xx.xx.2024-cü il tarixdə məhkəmə elektron informasiya sisteminə əlavə etmiş, birinci instansiya məhkəməsi isə qeyd edilən ərizəyə baxmadan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı sərəncamı onun ərizəsindən sonra iddiaçının elektron kabinetinə yerləşdirərək, sonra da bu sərəncamın icra edilməməsi səbəbi ilə onun iddiasını mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair elektron ərizəsinə hüquqi qiymət verilmədən iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təqdim edilmiş ərizə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iştirakı ilə araşdırılmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsi qanunvericilikdə nəzərdə tutulmüş digər əsaslara görə də yoxlanılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir prosessaul hərəkətlər edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2850/2024 saylı qərarı ləğv edilsin. İş materialları mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-710/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-710/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver