Məhkəmə qərarları › İş №2-1(104)-712/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-712/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-712/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 saylı Magistral avtomobil yollarının istismarı MMC-ə qarşı torpaq sahəsinə qanunsuz müdaxilə nəticəsində dəymiş zərərin aradan qaldırılması, sahənin əvvəlki vəziyyətə qaytarılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-3763/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 saylı Magistral avtomobil yollarının istismarı MMC-ə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən basdırılmış dirəyin çıxarılması, sahənin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması və qanunsuz müdaxilə nəticəsində dəymiş 100.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3763/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl həm cavabdehə, həm də maraqlı şəxsə ərizə ilə müraciət etmişdir. Lakin müsbət nəticə əldə edə bilmədiyi üçün Gəncə İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətiə və maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə məhkəməyə ərizə vermişdir. Gəncə İnzibati Məhkəməsinin 15(114)-129/2023 saylı 24 iyul 2023-cü il tarixli qərardadı ilə **********, seriya MA № ******* olan, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyat haqqında Dövlət reyestrindən Çıxarış əsasındadövlət qeydiyyatına alınmış xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 nömrəli Magistral avtomobil yollarının istismarı MMC tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması məqsədi ilə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə həmin torpaq sahəsinin sərhədləri daxilində hər hansı asvaltsalma və ya asvaltsalma üçün ilkin hazırlıq xarakterli bütün növ hərəkətlərin qadağan edilməsi qərara alınmışdır. Hansı ki, həmin qərardad icraya yönəldilməmiş və icrasız qalmışdır. Gəncə İnzibati Məhkəməsinin özündə bu proseslər gedə-gedə onun cavabdehə guya ki, müraciət etməməyinə hansı məntiqlə istinad edildiyi heç cür başa düşülən deyil. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Hazıkı işin hallarına görə iddiaçı məhkəməyə müraciət edərək onun torpaq sahəsinə qanunsuz müdaxilə nəticəsində dəymiş zərərin aradan qaldırılması, sahənin əvvəlki vəziyyətə qaytarılması və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən irəli sürdüyü tələbə dair inzibati orqana müraciət etməsini, həmin müraciətə cavabdeh orqan tərəfindən imtina xarakterli məktub olmasını təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Həmçinin, bu tələb öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə iddiaçı hazırki tələblə əvvəlcə bu sahədə səlahiyyətli inzibati orqana müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə dair münasibətdə bunuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hər nəqədər də məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etdiyini vurluğulasa da, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə bu hal öz təsdiqini tapmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apelyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3763/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar