Məhkəmə qərarları › İş №2-1(104)-712/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-712/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-712/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, “cavabdehin xx.xx.2023-cü il tarixli, 103817 nömrəli rəyinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 3792/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərində baş vermiş yanğın hadisələri ilə əlaqədar İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanmasından imtina edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1651/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 103817 nömrəli rəyinin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsində 20 aprel 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində yanğın baş vermiş, cavabdeh orqanın rəyində rəyində isə yanğından mühafizə tələbləri onun tərəfindən pozulması qeyd edilmişdir. Lakin işin hallarından və yanğın baş vermiş 2-ci bokusu istifadə etmiş X3 izahatından və digər şahidlərin də ifadəsindən görünür ki, yanğının baş vermə səbəbi boksu icarə hüququları əsasında istifadə edən X1 əsasında tavanda quraşdırılmış qurğunun düzgün istifadə edilməməsi əsasında baş vermişdir. Belə ki, əmlakın, yəni boksun idarə edilməsi sonuncu tərəfindən həyata keçirildiyi halda onun ümumiyyətlə boksda hər hansı xəttin və qurğunun yerləşdirilməsindən məlumatı olmamışdır. Boksun hava sisteminin və ümumiyyətlə boksun yerləşdiyi ərazini idarə etmək və onun istismarını həyata keçirmək X3 məsuliyyətində olmuşdur. Cavabdeh rəyində göstərmişdir ki, yanğına səbəb sexin divarında və tavanında olan lak boya qatının təmizlənməməsi səbəb olmuşdur. Vüqar Hüseynov izahatında bildirmişdir ki, sonuncu sexini ondan icarə hüququları əsasında götürərək istifadə edir və sexin tavanının və borularının təmiz saxlanması öhdəliyi onun üzərindədir. Yanğına səbəb isə lak-boya qatının olmasıdır. Ancaq həmin lak-boya səthinin təmizlənməsi və sexin boksunun idarə edilməsi Vüqar Hüseynovun üzərinə düşür. Qeyd olunan boksun idarə edilməsi və onun icarəyə verilməsinin rəsmi olaraq müqavilə bağlanmaması baş vermiş yanğın zamanı subyektiv olaraq Vüqar Hüseynovun məsuliyyətdən kənarda olmasını inkar etmir. Hər bir boks o, cümlədən Vüqar Hüseynova verilmiş boksun idarə edilməsi özünün də bildirdiyi kimi onun tərəfindən həyata keçirilməlidir, belə ki, bu hal onun üzərində delikt öhdəliyi yaradır. Həmçinin yanğın elektrik enerjisi ilə bağlı qısa qapanmanın yaranmasından baş vermişdir və qısa qapanmanın isə lak-boyanın olması təsirinin yanğının baş verməsini aradan qaldırmır. Təcrübədə də qısa qapanma nəticəsində yanğınların baş verməsi hallarında da yanakı təsirlərin olması ilə bağlı deyil. Cavabdeh orqanın hərəkətləri onun qanunlarla, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozur. O, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli rəyi əsl həqiqəti əks etdirmədiyindən və qanunvericiliyin tələblərinə tam zidd olduğundan məhkəməyə müraciət etrmək məcburiyyətində olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3792/2024 saylı qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli, xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi inzibati orqan kimi təsnif olunmamışdır. İddia ərizəsi üzrə cavabdeh inzibati məhkəmə icraatının subyekti olmadığından tərəflər arasında olan mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalarla nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı həmin iddia tələbi ilə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3792/2024 saylı qərardadının ləğv edilərək iddia tələbinin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin pozulması ilə çıxarıldığından qanunamüvafiq hesab edilə bilməz. Belə ki, məhkəmə qərardadda qeyd etmişdir ki, cavabdeh orqan inzibati orqan kimi təsnif olunmamışdır. Həmçinin, iddia tələbi inzibati orqanın fəaliyyəti ilə bağlı olmadığından iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmənin gəldiyi nəticə səhvdir. Belə ki, Ədliyyə Nazirliyi inzibati orqanların siyahısına daxil olduğundan onun struktur ququmların da inzibati orqanların siyahısına daxil olmaqla iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirmərək cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul etməyərək prosessual hüquq normasının tələbini pozmuşdur. b) apellyasiya icraatı iştirakçılarının izahatları İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişlır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

“İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunu: 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki tələbdə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 103817 nömrəli rəyinin ləğv edilməsinə nail olmaqdır. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyində haqlı olmuşdur. Belə ki, tərəflər arasında inzibati hüquq münasibətinin olmadığı halda inzibati mübahisənin olmasından söhbət gedə bilməz. Hazırki işdə mübahisələndirilən ekspert rəyi iddiaçıya münasibətdə yekun hüquqi nəticələr yaratmır, yəni iddiaçının hüquqi vəziyyətində inzibati orqana müraciətindən sonra hər hansı dəyişiklik baş vermir. Beləliklə, ekspert rəyi inzibati aktın əlamətlərinə malik deyildir və ondan irəli gələn məsələlərə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsas inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibatı məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmamasına əsas kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi inzibati orqan olmasa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati orqan olması, bu baxımdan sonuncunun strukturuna daxil olan qurumun da inzibati orqan kimi inzibati fəaliyyət göstərə biləcəyi ilə əlaqələndirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarında inzibati orqan kimi təsnif olunsa da, Nazirliyin ekspertiza fəaliyyəti ilə əlaqədar həyata keçirdiyi fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul edilən aktlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın izibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3792/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar