Məhkəmə qərarları › İş №2-1(104)-712/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-712/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-712/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2970/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” xx.xx.2025-ci il tarixli qərara əsasən, İddiaçı xx.xx.2024-cü il tarixli, **********4978-1 nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

İşdə olan sənədlər:

2. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1722 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. Aşağıda adları qeyd edilən ailə üzvləri vardır: - Arvadı: X5 – 1968; - Oğlu: X6 – 1994; - Gəlini: X3 – 1998; - Nəvəsi: X7 – 2018; - Nəvəsi: X8 – 2020.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaş müraciətləri ilə bağlı detallı məlumat”ında qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi mövcuddur.

4. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********169900 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 13.80 AZN-dir.

5. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********148700 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70 AZN-dir.

6. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********156300 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 13.80 AZN-dir.

7. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********783000 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 13.80 AZN-dir.

8. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********437600 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 16.00 AZN-dir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın imtina qərarının ləğv edilməsi, aztəminatlı ailə kimi onlara ünvanlı dövlət sosial yardımının ilk dəfə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyininn cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il tarixdə Laçın rayonu, Malıbəy kəndində doğulmuş və hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır, evlidir, ailəsi 6 nəfərdən ibarətdir, əmək müqaviləsi üzrə muzdlu əməklə məşğul olur, gəlini azyaşlı uşağa baxdığı üçün işləmir, arvadı və oğlu Bərdə rayonu, Alaçadırlı kəndində ailəsinə məxsus olan 0,66 ha pay torpaq sahəsini becərməklə öz məşğulluqlarını həyata keçirirlər. Vergi ödəyicisi kimi qeydiyyata alındıqları tarixdən sonra MDSS ödənişlərini vaxtında edirlər. Ailə təmsilçisi olaraq ailələrinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin VEMTAS tərəfindən ailənin istifadəsində olan pay torpağa görə ardıcıl gələn 12 ay ərzində ödəniş olmadığı üçün imtina verilmişdir. Hansı ki, cavabdeh orqanın bu imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na zidd olmuşdur.

11. Cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 68688/2025 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, ailəni təmsil edən şəxs qismində İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı «Ünvanlı yardım» (VEMTAS) altsisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli 24121 123724978-1 nömrəli müraciəti əsasında, 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında «Ərizə-bəyannamə»də qeyd olunan əmək qabiliyyətli ailə üzvü İddiaçı (VÖEN- **********) muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə qurumlarla yoxlanılması əsasında imtina edilmişdir. Belə ki, iddiaçının ailəsi 6 nəfərdən – özü, arvadı, oğlu, gəlini və iki azyaşlı nəvəsindən ibarətdir. Ailənin mülkiyyətində Bərdə rayonu, Alaçadırlı kəndində kənd təsərrüfatına yararlı 0,66 ha pay torpaq sahəsi vardır. İddiaçı tərəfindən VEMTAS-a edilən müraciətdə onun kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd olunur (VÖEN **********). İddiaçının etdiyi xx.xx.2024-cü il tarixli müraciətinə ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. İddiaçı kənd təsərrüfatı ilə məşğul olan vergi ödəyicisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına 2024-cü il üzrə fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Eyni zamanda iddiaçıya imtina verildikdən sonra bununla razılaşmış və xx.xx.2025-ci ildə 6,90 manat, xx.xx.2025-ci ildə isə 8 manat MDSS ödənişləri etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dəyişdirilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2970/2025 nömrəli qərarı (hakim F.Əliyev) ilə iddia tələbi təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmumu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, ilkin tələbdə qeyd edilmiş “cavabdehin imtina qərarının ləğv edilməsi” hissəsi tələbdən çıxarılmışdır. Məhkəmə cavabdehin xx.xx.2025-ci il tarixli VEMTAS tərəfindən qəbul edilmiş və iddiaçıya göndərilmiş qərarının əsaslığını, qanunauyğunluğunu yoxlamadan və ən əsası onu ləğv etmədən iddianı təmin etməsi qanunvericiliyin kobud pozuntusudur. Belə ki, cavabdeh inzibati orqanın ləğv edilməmiş və qüvvədə olan imtina qərarı olduğu halda, ünvanlı dövlət sosial yardımın təyin edilməsinin cavabdehə həvalə edilməsi də qanunvericilik normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin göstəricisidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsini, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı— aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

20. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından görünür ki, iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” xx.xx.2025-ci il tarixli qərara əsasən, iddiaçının xx.xx.2024cü il tarixli, **********4978-1 nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

26. Cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi məqsədi ilə ailə üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının müəyyən aylar üzrə MDSS ödənişlərinin olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

27. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad edərək ÜDSY təyin edilməsindən imtina etmişdir. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.14-cü bəndinə əsasən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.

28. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

29. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinası qanuni sayıla bilməz. Digər tərəfdən, hazırki qərarın 21-ci bəndində qeyd olunan normalardan göründüyü kimi həmin əsas sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslarına aid edilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

31. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarına münasibət bildirmədən iddia tələbini təmin etməsi” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

32. Cavabdeh orqanın imtinaya dair təqdim edilmiş inzibati aktın məhkəmə tərəfindən ləğv olunmaması yekun məhkəmə aktının ləğvinə əsas deyildir və inzibati prosessual qanunvericilikdə məcburetmə haqqında iddia növü üzrə imtinaya dair inzibati aktın ləğvi imperativ qaydada nəzərdə tutulmamışdır. Beləliklə apellyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı təqdim edilmiş etirazda qeyd olunanları təkrarlamaqla formal xarakter daşıyır, o cümlədən iddiaçı qəbul edilməsini arzuladığı inzibati aktı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir (İPM-in 14.3-cü maddəsi). Odur ki, məhkəmənin iddianı təmin etməklə bağlı gəldiyi nəticə əsaslı və qanuni olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2970/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar