Məhkəmə qərarları › İş №2-1(104)-713/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-713/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-713/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı zirzəminin özəlləşdirilməsinə razılıq verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1082/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellaysiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən onun tam mülkiyyətimdədir. Həmin qeyri-yaşayış sahəsi xx.xx.2000-ci il tarixdən mərhum həyat yoldaşı X1 mülkiyyətində olub. Binanın zirzəmisi (sahəsi 17.2 kv.m) də 23 ildir onların istifadəsindədir. Qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (3806 inventar nömrəsi) dövlət mühafizəsinə götürülmüşdür. Binanın zirzəmisində 23 ildir gözəllik salonu fəaliyyət göstərir, həmin fəaliyyət əhaliyə mədəni xidmət sahələrindən biridir və mədəniyyət obyektlərinin özəlləşdirilməsinin qanunla müəyyən edilən şərtlərinə tam uyğundur. Qanunda mədəniyyət obyektlərinin özəlləşdirilməsi üçün qeyd olunan 3 şərtdən başqa əlavə şərtlər nəzərdə tutulmayıb. 2000ci ildə həmin daşınmaz əmlakı zirzəmisi ilə birlikdə alarkən həmin dövrün sxem sənədində zirzəminin qapısının olduğu açıq şəkildə görünür. Eləcə də həmin küçədəki oxşar binaların hamısının tikilən vaxtdan zirzəmilərinin əsas küçəyə çıxış qapıları qoyulmuşdur. Bundan başqa onlar binanı aldıqdan bir il sonra 2001- ci ildə bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Yəni, onlar binanı alarkən binanın memarlıq abidəsi statusu olmayıb və həmin dövrədək binada hər hansı dəyişiklik olmuş olsaydı belə bu qanun pozuntusu sayıla bilməzdi. 2001-ci ildə bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürüldükdən sonra isə abidənin fasadında hər hansı dəyişiklik edilməyib, müdaxilə olunmayıb. Həmçinin mədəniyyət obyektlərinin özəlləşdirilməsi üçün yalnız qanunda nəzərdə tutulan 3 şərtdən birinə riayət olunması tələb olunur, həmin şərtlərdən başqa əlavə şərtlərin tələb edilməsi isə qanuna ziddir. Binanın zirzəmisində fəaliyyət göstərən gözəllik salonunun fəaliyyət göstərdiyi 23 il ərzində vergi, işıq və komunal pulu ödənilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmuşdur Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1082/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, cavabdehin məktubunda qeyd olunan əsaslar mövcud iş materialları ilə təsdiq olunduğu halda, qeyd olunanlara əhəmiyyət vermədən hazırkı qərarı qəbul etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək iddianın predmeti olan zirzəminın özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-10308-8/2024 nömrəli məktubu ilə müraciətə cavab verilərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müvafiq məktubu ilə müraciətdə qeyd olunan Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda yerli əhəmiyyətli tarix və memarlıq abidəsi kimi (3806 inventar nömrəli) dövlət mühafizəsinə götürüldüyü bildirilmişdir. Odur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müraciətdə qeyd olunan ünvanda yerləşən 17.2 kv.m qeyriyaşayış sahəsinin (zirzəminin) icarəyə verilməsinə və özəlləşdirilməsinə münasibət bildirildikdən sonra məsələyə qanunvericiliyə uyğun olaraq baxılacağı qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçı iddianın predmeti olan zirzəminin özəlləşdirilməsinə razılıq verilməsini xahiş etsə də, bugünədək həmin zirzəminin özəlləşdirilməsinə razılıq verilməsinə dair balanssaxlayıcı qurumun razılıq məktubu Xidmətə təqdim olmamışdır. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən zirzəminin özəlləşdirilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Bundan əlavə mübahisəli zirzəmi sahəsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (3806 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülmüş, əməkdaşlar tərəfindən qeyd olunan ünvana baxış keçirilərkən abidənin fasadında qeyri-qanuni olaraq qapı oyuğunun açılması faktı müşahidə edilmişdir. Bundan əlavə mübahisəli zirzəmi sahəsi ilə bağlı bildiririk ki, Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktında qeyd edilmişdir ki, orqanın əməkdaşları tərəfindən xx.xx.2023-cü tarixdə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132№-li qərarı ilə Dövlət qeydiyyat na götürülmüş Gəncə şəhəri, M .A.Abbaszadə 20 ünvanında yerləşən inventar nömrəsi 3806 olan yerli əhəmiyyətli abidə, yaşayış evinin zirzəmisinə baxış keçirilərkən, mülkiyyətçinin verdiyi məlumata əsasən qeyd olunan ünvanı 2005-ci ildə alaraq bir qismini özəlləşdirib və abidənin zirzərni hissəsinin yola baxan sahəsinə plandan əlavə olaraq dəmir qapı qoyulub, eyni zamanda binanın zirzəmi hissəsi təmir olunub. Halhazırda binanın zirzəmi hissəsi qadın gözəllik salonu kimi istifadə olunur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, mübahisə predmeti olan zirzəmi sahəsinin Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin balansındadır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərib hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellaysiya şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 81.2-ci maddəsində müəyyən olunmuş tələb pozulmaqla verilmişdir. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələbi mübahisələndirilən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1082/2024 nömrəli qərarı ilə qismən təmin edilmiş, İddiaçı Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 20 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh orqanın fəaliyyət istiqamətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquqlarına və qanuni maraqlarına mənfi təsir göstərməsi tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, şəxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı nəticəsində cavabdehin hüquqları və qanuni maraqları pozulmadığından o, apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Beləliklə, məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilməsi istisna edildiyindən, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1082/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar