Məhkəmə qərarları › İş №2-1(104)-714/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-714/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-714/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2023/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə (poçta təqdim edilmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı ilə hazırda Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak Döylət Reyestrindən (DƏDRX-dən) xx.xx.2008 tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən qeyriyaşayış sahəsi yerləşdiyi 0.60 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olmuşdur. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilən xx.xx.2020 tarixli 40-41 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən (seria AN-1 № 0854078) görünür ki, həmin alqı- satqı müqaviləsi ilə Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (əmlak kompleksini) yerləşdiyi 0.60 ha torpaq sahəsi ilə birlikdə iddiaçı satın almışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2020 tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 203.7 kv.m qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əmlak kompleksinin satın alandan sonra tikililərdə əsaslı təmir-tikinti işləri aparıb istifadəsinə başlayandan təqribən bir ilə yaxın müddətdən sonra üçüncü şəxs Emin Hüseynov peyda olaraq zorakılıq yolları ilə qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneçiliklər törətməyə başlayıb pul tələb etməyə başlamışdır. Bundan sonra məlum olmuşdur ki, belə bir problem var. Alqı-satqının ləğv olunub pulun qaytarılmasını tələb edəndə məlum oldu ki, obyekti satan "xxxx" MMC-nin banka böyük məbləğdə borcu olduğuna görə obyekti satmış və onlardan alınan pullar da banka kredit borcuna ödənilmişdir. Bu səbəbdən də onların obyektinin müqabilində ödədiyi pulların qaytarılması mümkün deyildir. Bundan sonra məlum olub ki, "xxxx" MMC-nin Gəncə İnzibati Məhkəməsində DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxsin adına aparılan 0.3 ha torpaq sahəsinə dair qeydiyyatın ləğvinə dair iddiası icraatdadır. Bundan sonra onun müraciəti əsasında iddiaçı qismində işə cəlb olunaraq "xxxx" MMC-ni əvəzləşdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022 tarixli 2- 1(114)-7/2022 saylı Qərardadından göründüyü kimi üçüncü şəxsə 0.03 ha torpaq sahəsinin ayrılmasına dair Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 saylı qərarı qüvvədə olduğuna görə həmin qərar əsasında 3-cü şəxsin adına aparılan qeydiyyatın ləğvinə dair iddia tələbinə baxılması mümkün sayılmamışdır. Həmin qərarın mübahisələndirilməsi üçün həmin bələdiyəyə müraciət edilsə də imtina edib təqdim etmədilər. Aparılan araşdırma nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin Tərtər rayonunun Bəyimsarov bələdiyyəsinə heç bir adiyyəti olmamışdır. Ərazi Yevlax rayonunun ərazisi olmuşdur. Ərazi yulğun meşəliyi, yulğun ağacları da Qırmızı kitaba düşdüyünə görə ərazi əkin üçün yararsız hesab edilib, qoruq zonasına salınmışdır. SSRİ illərində Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanların qış vaxtlarında otarılmaları üçün sahə məhdud olduğuna görə qış vaxtlarında Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanlarının Yevlax rayonuna aid həmin ərazidə otarılmasına icazə verilmişdir. Ərazi qoruq zonası olduğuna əkilibbecərilməmiş, bu səbəbdən kolxoz və sovxoza aidiyyəti olmamışdır. Qeyd olunan səbəblərə görə də islahatdan kənarda qalmışdır. İslahatdan kənarda qaldığına görə də Tərtər rayonu Bəyimsarov Bələdiyyəsi vəziyyətdən sui-istifadə edib ərazinin torpaqlarına sərəncam vermişdir. Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mübahisəli xx.xx.2004 tarixli 10 saylı qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0693 saylı dövlət aktının 4-cü səhifəsində yerləşən ərazinin plan cizgisindən görünür ki, mübahisəli qərar veriləndə ərazidə tək bir obyekt- Azərenerji ASC X1 Şəbəkəsi MMC-nin X4 yerləşmişdir. Həmin şəbəkə hələ SSRİ illərindən mövcud olmuşdur və şəbəkə üçün ayrılmış həmin torpaq sahəsi Yevlax rayon XDS İK-sinin qərarı ilə ayrılmışdır. Bu da həmin ərazinin Yevlax rayonunun ərazisi olmasını sübut edən faktordur. Hətta ərazi Tərtər rayonunun ərazisi olmuş olsaydı, belə yenə də ərazi istər meşə fondu torpaqları, istər qış otlaqları torpaqları, istər təbiəti mühafizə, təbii-qoruq torpaqları, istərsə də üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları olsun dəxili yoxdur bütün hallarda ərazi torpaqları dövlət torpaqları kateqoriasına aid torpaqlar olduğuna görə cavabdeh bələdiyyə həmin torpaq sahəsinə nə sərəncam verə bilərdi, nə də sata bilərdi. Belə ki, "Torpaq islahatı haqqında AR Qanununun 6-cı maddəsinin 3-cü hissəninə əsasən yay və qış otlaqlarının, mal qara düşərgələrinin və köç yollarının torpaqları; 4-cü hissəsinə əsasən meşə fondu torpaqları; 7-ci hissəsinə əsasən təbiətin mühafizə, təbii-qoruq, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları dövlət mülkiyyətidə saxlanılan torpaqlardır. Hər kəsə məlum bir məsələdir ki, həmin ərazi SSRİ illərindən halhazıradək əkilib becərilməyən meşı fonduna aid torpaqlardır. Həmin dövlət aktının 4-cü səhifəsində yerləşən ərazinin cizgi planında görünür ki, cizgi planı qərar verən bələdiyyəyə və DTK-nin Tərtər şöbəsi tərəfindən hazırlanmış və təsdiq olunmuşdur. Ancaq AR Prezidentinin xx.xx.1997 tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 6-cı bəndinə əsasən bütövlükdə dövlət aktını Yerquruluşu Layihə İnstitutu hazırlayır; qeydiyyatdan keçirdib Dövlət Yerquruluşu Layihə İnstitutunun möhürü və rəhbərinin imzası ilə təsdiqlənib mülkiyətçisinə verilməsi üçün AR Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunur. Mübahisəli qərara əsasən 3-cü şəxsə verilmiş JN0693 saylı dövlət aktının nə qeydiyyat nömrəsi, nə də tarixi (qeydiyyatı) yoxdur. Dövlət aktının qaiməsindən görünür ki, Yerquruluşu Layihə İnstitutunun möhürü ilə təsdiqlənməyib, rəhbərin də adı soyadı yazılmayıb. Başqa dövlət aktlarındakı imzalarla müqayisədən də görünür ki, dövlət aktındakı imza həmin ərəfədə Yerquruluşu Layihə İnistitutunun rəhbəri olmuş F.Cəfərovun imzası deyildir. Dövlət aktının 3-cü səhifəsində yerləşən torpaq sahəsinin plan cizgisində qonşu sərhədlərin koordinatları da yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021 tarixli 2-1(114)-35/2021 saylı qərardadı əsasında aparılan ekspertizanın nəticəsi olaraq hazırlanan Mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş 1-ci sualdan qeyd edilmişdir ki, 1.Tərtər rayon Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 nömrəli qərarına əsasən 3-cü şəxs X3 maşınlara texniki xidmət məqsədilə Tərtər rayonu Bəyimsarov kəndində ayrılıb verilən 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşunda qeyd edilmiş koordinatları "Torpaq mülkiyyəti hüququna dair" JN-0693 kod 61100028 nömrəli dövlət aktına düzgün qeyd edilmişdirmi? Mütəxəssis rəyinin araşdırmanın nəticəsi olaraq müəyyən edilən 1-ci sualın cavabı olaraq qeyd edilmişdir ki, 1.Məlumat üçün bildiririk ki, Tərtər rayon Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004.tarixli 10 nömrəli qərarına əsasən 3- cü şəxs X3 maşınlara texniki xidmət məqsədilə Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən ayrılıb verilən 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşu planında ayrılmış torpaq sahəsinin istinad nöqtəsi dəqiq ölçüləri və koordinatları olmadığından mütəxəssis qarşısında qoyulmuş sualı cavablandırmaq mümkün olmadı. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Yevlax rayonunun ərazisinə aid olduğundan, hətta Tərtər rayonu ərazisinə aid olmuş olsaydı belə yenə də dövlət torpaqları kateqoriasına aid olduğuna görə cavabdeh bələdiyyənin həmin torpaq sahəsinə sərəncam vermək və satmaq səlahiyyəti olmadığına görə cavabdeh Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin 3- cü şəxsə 0.03 ha torpaq sahəsininayrılmasına dair xx.xx.2004. tarixli 10 saylı qərarı əsasında cavabdehlə üçüncü şəxs arasında mübahisəli 0.03 ha torpaq sahəsinə dair hüquq münasibəti yaranmamışdır. Hüquq münasibəti yaranmadığına görə DT və XK və onun Yerquruluşu Layihə İnistitutu üçüncü şəxsə nə dövlət aktıvermiş, nə də naturada mərzləyərək torpaq sahəsini ayırmamışdır. Bundan sonra 3-cü şəxs Emin Hüseynovun və bələdiyyənin qarşısında öhtəlikli qalan DT və XKnin Tərtər rayon şöbəsi qanunsuz əmələ əl adıb dövlət aktını özü tərtib etmiş və özbaşınalıq edərək səlahiyyət həddini aşıb ərazidə süni şəkildə GPS aparatı ilə koordinatlara götürülmüşdür. Qeyd olunan səbəblərə görə də mübahisəli 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşu planında nə istinad nöqtəsi, nə ölçüləri, nə də kordinatları qeydə alınmamışdır. Yuxarıda qeyd olunanları (dövlət aktının qüsurlarının və mütəxəssis rəyinin) əsasında hesab edirik ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən, Bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan cavabdeh Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 saylı qərarı ilə üçüncü şəxs X3 0.03 ha torpaq sahəsinin ayrılmasında ifadə hüquq münasibəti mövcud deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2023/2023 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinə qarşı Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardaddan narazı qalıb apellyasiya şikayəti verərək, qərardadı ləğv edib, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellaysiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelлyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İnzibati Prosessual Məcəllədə müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İddia ərizənin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi, niyyəti üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsas olmuş cavabdehin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarının ləğvidir. Bununla bağlı isə ən təsirli və effektiv iddia həmin qərar məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı iddiadır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sərəncamında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək hüquqi marağına uyğun dəqiqləşdirilmiş, “xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia qaldırılması və buraxılmış müddətin bərpasına dair ərizə təqdim etməsi, yəni qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. Birinci instansiya məhkəməsinin sərəncamı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə kolleigyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı apellyasiya şikayətinin dəlilləri əsasında ləğv edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2023/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar