Məhkəmə qərarları › İş №2-1(104)-714/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-714/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-714/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “əmrin ləğvi və məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2063/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 iyun 2014-cü il tarixli, 17 saylı əmrinin ləğvi və hazıradək məcburi iş buraxılması ilə bağlı əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq əmrin ləğvinə dair müddətin bərpa olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o işdən azad olunan zaman ona əmək kitabçası təqdim edilməmiş, poçt vasitəsi ilə də göndərilməmişdir. Hazırda sənədləri Gəncə Arxiv İdarəsində olmaqla oraya təhvil verilmişdir. Kəpəz Rayon İcra Hakimiyyəti ləğv edildiyi, eləcə də, Kəpəz Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Eldəniz Xuduyev vəzifəsindən azad olunduğu üçün əsassız qanunsuz əmrin ləğvinə dair məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2063/2024 saylı qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 03 iyun 2014-cü il tarixli, 17 saylı əmrinin ləğvi və hazıradək məcburi iş buraxılması ilə bağlı əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2063/2024 saylı qərardadı ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinin tələblərinin pozulması ilə çıxarıldığından qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə qərardadının işdə tam olmayan sübutlarla düzgün qiymətləndirilmədiyini, əmək münasibətlərini tənzimləyən əmək kitabçası və əmri işə götürən tərəfindən alınmadığından və təqdim edilmədiyi halda sonradan əldə edildiyi təqdirdə məhkəmənin müddəti bərpa etməməsini əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2014-cü il tarixli, 17 nömrəli əmri ilə müəyyən edilir ki, Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozduğuna görə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi), onunla bağlanmış əmək müqaviləsinə 03 iyun 2014-cü il tarixdə xitam verilmişdir. - İddiaçı xx.xx.2014-cü il tarixində cavabdehə müraciətinə sonuncu tərəfindən xx.xx.2014-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a), 7 (ç), 72 (a) maddələrini rəhbər tutaraq onunla bağlanmış əmək müqaviləsinə Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2014-cü il tarixdə 17 saylı əmri ilə xitam verilmişdir. Bu haqda əmək kitabçasında qeyd aparılmışdır. Lakin o, əmrin sürətini və əmək kitabçasını götürməkdən imtina etdiyinə görə, müvafiq akt tərtib edilmiş, əmək kitabçası, əmrin sürəti şəxsi işə əlavə olunaraq və arxivə təhvil verilmişdir. - xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı aparıcı mütəxəssis olaraq işə götürülmüşdür. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 241/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısına və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Sadıllı qəsəbəsi İƏD-nin nümayəndəsi X1 qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-624/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 241/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-3681/15 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-624/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia tələbinin mahiyyətindən də məlum olur ki iddiaçı “əmrin ləğvi və məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi” tələbini cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni tələblə mülki icraat qaydasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2 (043)-241/2015 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısına və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Sadıllı qəsəbəsi İƏD-nin nümayəndəsi X1 qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, bundan sonra iddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-624/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-3681/15 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və həmin qərar qanuni qüvvəyə minmişdir. Mülki iş üzrə mübahisə zamanı hazırda mübahisələndirilən əmrin qanuniliyinə artıq hüquqi qiymət verilmişdir. Göründüyü kimi hazırkı mübahisə üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Hazırkı mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair qərardadında iddianın mümkün sayılmamasının əsası kimi, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsini qeyd etsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırmasını doğru hesab etməyərək bildirir ki, iddianın mümkün sayılmamasının əsası hazırkı mübahisə ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə aktının mövcud olmasıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın mümkün sayılmamasının əsasları fərqli olsa belə, lakin nəticə olaraq iddia mümkün hesab edilmədiyindən, odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2063/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar