Məhkəmə qərarları › İş №2-1(104)-718/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-718/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-718/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1877/2023 saylı qərarından iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin enerji təchizatına qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nətavan qəsəbəsində mülkiyyətində olan torpaq sahəsində tikilmiş yaşayış evinin enerji təhcizatı şəbəkəsinə qoşulması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 06 fevral 2023-cü il tarixli məktubu ilə müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, "ASAN xidmət” mərkəzinə daxil olmuş müraciəti əsasında "xxxx" ASC tərəfindən tikilinin 35 kv-luq hava xəttinin mühafizə zolağında yerləşdiyi qeyd edilərək fərdi yaşayış evinin şəbəkəyə qoşulmasından imtina edilmişdir. Bundan sonra qeyd edilir ki, "Elektrik qurğularının quraşdırılması" haqda Qaydalara əsasən elektrik xətlərinin mühafizə sahələrində ev və digər tikintilərin aparılması qadağan edilir. Ancaq həmin qaydalarda elektrik şəbəkələrinin mühafizə zolağında yerləşən tikinti obyektlərinin elektrik enerji təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də tikintinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkələrinə qoşulmasından imtina edilməsinə əsas ola bilməz. Ancaq "xxxx" ASC gələcəkdə yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması, məsuliyyət məslələrinin ortaya çıxa biləcəyini nəzərə alaraq mühafizə zonalarında tikilmiş obyektlərin enerji təchizatına qoşulmasını yolverilməz hesab etmişdir. O, qanuni əsaslarla torpaq sahəsi almış və mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. Aldığı torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası yaşayış məntəqələri torpaqlarına aiddir. Gəncə İnzibati Məhkəməsinin hüquqi yardımından sonra iddiaçı cavabdeh qismində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X12 Təchizatı və Satışı İdarəsini qeyd etməklə, Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1877/2022 saylı qərar ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün layihə sənədlərini özündə nəzərdə tutan texniki şərt tərtib olunmalıdır. Texniki şərtlər də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. Hazırkı işdə isə iddiaçı öz tələbində Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatına qoşulması üçün texniki şərtin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının “inşa edilmiş fərdi yaşayış evi” adlandırdığı tikinti obyekti hazır ev deyil, yarımçıq tikili olmaqla, evin yalnız bünövrəsi qoyulmuş və divarları hörülmüşdür. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nətavan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində yaşayış evinin tikintisinə başlamazdan əvvəl tikintiyə niyyəti barədə yerli icra hakimiyyəti orqanına heç bir məlumat verməmiş, inşa ediləcək evin tikinti layihəsi (memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri) hazırlanmamış, bununla da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tələblərə riayət edilməmişdir. Digər tərəfdən, Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının tələblərinə əsasən də 35 kV-luq hava xətləri üçün mühafizə zonası 15 metr müəyyən edilməsinə baxmayaraq, iddiaçının inşa etdirdiyi tikilinin 35 kVluq hava xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisinin qadağan edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə bir razılığın alınması iş materialları, o cümlədən iddiaçının izahatı ilə təkzib edilir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. Məhkəmə araşdırması zamanı və tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunur ki, iddiaçının evinin qonşuluğunda yerləşən fərdi yaşayış evlərinə Model: DDSYF23B-AZ; №********** və Model: DDSYF23B-AZ; №**********; “X4 X5 Sayğacı”ları qoşulmuşdur. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 124/520 saylı məktubdan müəyyən edilir ki, DDSYF 23B-AZ quraşdırma tarixi 2014-cü ilin iyun ayı №********** kod **********2; DDSYF 23B-AZ quraşdırma tarixi 2015-ci ilin mart ayı №********** kod **********3 olan “X4 X5 Sayğac”ları kütləvi quraşdırma zamanı “Azərenerji” tərəfindən quraşdırılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin istiqamətdə araşdırmalar aparılmalıdır. Belə ki, iddiaçının evinin qonşuluğunda yerləşən fərdi yaşayış evlərinə müvafiq elektrik sayğaclarının hansı əsaslarla quraşdırılması müəyyən edilməli, həmçinin həmin fərdi yaşayış evlərinə elektrik sayğacları quraşdırılarkən texniki şərtlərin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Göründüyü kimi iddiaçının evinin qonşuluğunda yerləşən fərdi yaşayış evləri enerji təchizatı şəbəkəsinə qoşularaq elektriklə təmin edilsə də, iddiaçının bu tələbindən imtina edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin pozulmasına gətirib çıxarır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə hər tərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti X12 Təchizatı və Satışı İdarəsi çıxış etsə də, iddia tələbinə əsasən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin verilməsinin həmin cavabdehin səlahiyyətlərinə aid olub-olmaması müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1877/2023 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar