Məhkəmə qərarları › İş №2-1(104)-72/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-72/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-72/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2806/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X2 və X1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər X5 və X4 tanımadığı şəxslərdir. Onlar heç vaxt ona məxsus olan ünvan 1 ünvanında yaşamamışlar. Yalnız formal olaraq evində qeydiyyatdadırlar. Üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatda qalmaları onun hüquqlarını pozur və əlavə kommunal xərclər ödəməsinə səbəb olur. O, cavabdehə bununla bağlı mürcaiət etsə də, bundan imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2806/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 10,7 kv.m–dən ibarət 1 yaşayış otağı İddiaçı, 35,9 kv.m-dən ibarət 3 yaşayış otağının ½ hissəsi X2, 35,9 kv.m-dən ibarət 3 yaşayış otağının ½ hissəsi X1 mülkiyyətindədir. Üçüncü şəxslər sözügedən mənzildə faktiki olaraq yaşamasalar belə, onların həmin evə dair mülkiyyət hüquqları qanunla qorunur və onlar evə dair hüquq sahibidirlər. İddiaçı onunla eyni hüquqa - mülkiyyətçi statusuna malik olan üçüncü şəxslərin ona məxsus evdə faktiki yaşamamaları əsası ilə qeydiyyatdan çıxarılması barədə tələbində haqlı olmamış, cavabdeh orqanın bundan imtinası əsaslı olmuşdur. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilməklə müvafiq sərəncam göndərilmiş, həmçinin məhkəmə iclasında iddiaçı tərəfə bu barədə məlumat verilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının çatdırılmasını təsdiq edən xəbərnamədə olan imzanın onun anasına məxsus olmadığını, qərarın onun yaşadığı ünvana poçt vasitəsilə təqdim edilmədiyini, şikayət qanunvericiliklə müəyyən edilmiş müddət kəsiyində verildiyindən prosessual müddətin bərpasına dair ərizənin verilməsinə zərurət olmadığını bildirmişdir. Sözügedən məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1727 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, inzibati işin 48-ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Bağırova Gülgəz (ana)“ sözlərinin qarşısındakı imza X3 tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun, yəni qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. İş materiallarının 48-ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının qeydiyyatda olduğu və iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, Bağırova Gülgəz (ana) adlı şəxs tərəfindən qəbzə imza edilməklə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada alınmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qərarın ona təqdim edilmədiyini bildirmiş, bu səbəbdən həmin qərarın onun nümayəndəsi Vəkil təqdim edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə iddiaçıya qərarın surəti təkrar təqdim edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün müddət ötürülməklə, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2806/2023 nömrəli qərarı iddiaçının ailə üzvü yəni, anası tərəfindən qəbul edilmişdir. Qanununvericiliyə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilir. Hazırkı halda da, sənədlər iddiaçının anasına verilmiş, başqa sözlə yekun məhkəmə aktı iddiaçının əvvəlcədən göstərdiyi ünvana göndərilmişdir. Bundan başqa məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının məlumatlandırılması barədə olan məktub da məhz həmin ünvana göndərilmiş və qəbul edilmişdir (İş.v. 27). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Prosessual müddətlərdən bəhs edən Azərbaycan Respublikası İPM-nin 24.1- ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-2806/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, sözügedən qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə (müvafiq poçt şöbəsinə xx.xx.2024-cü il) məhkəməyə daxil olmuş, bununla apellyasiya şikayətinin verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, iddiaçı tərəfindən müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar əlavə olunmaqla müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2806/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar