Məhkəmə qərarları › İş №2-1(104)-720/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-720/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-720/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1702/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq qərardad qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 0138 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixində müraciət edərək onun hərbi xidmətdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağı əsasının dəyişdirilməsini və xidmətə qəbul zamanı bağladığı müqavilənin sonuna qədər olan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini təmin edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N7-ci il 19 oktyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir, o, xx.xx.N7-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, bu səbədən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün ona pul təminatının ödənilməsi barədə müraciətinizin yuxarıda göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi və həqiqi hərbi xidmətdən ehtiyyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 iyul 2003-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, N və N saylı hərbi hissələrin tərkibində həqiqi hərbi xidmət keçmiş, 05 yanvar 2005-ci ildə həqiqi hərbi xdmətdən ehtiyata buraxılmış, sonra 06 may N5-ci ildən könüllü olaraq bağlaşma əsasında hərbi xidməti davam etdirmiş, N6-ci ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamış, N7-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmış, bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində 30 may N7-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, bir sözlə, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, 29 oktyabr 2023-cü il tarixli hökmündə də öz təsdiqini tapmışdır. O, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapıb. O, işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Ehtiyata buraxıldığı N7-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusutanınmadığından hüquqlarının bərpası üçün cavabdehə müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. Onun N7-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin xx.xx.2023 tarixli hökmü ilə təsdiq olunduğundan yalnız bundan sonra, 07 dekabr 2023-cü ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir. Cavabdeh isə onun yalnız pul təminatı barədə müraciətini cavablandıraraq 28 dekabr 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün ona pul təminatının ödənilməsi mümkün deyil. Onun digər müraciətlərinə isə baxılmamışdır. O, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı üçün heç bir əsas olmamış, əmr qanunsuz olmuşdur. O, hərbi xidmət zamanı Nizamnamə qaydalarına əməl etmiş, xidməti ilə həmişə yoldaşlarına da nümunə olmağa çalışmışdır. Hərbi xidmət dövründə heç bir xidməti uyğunsuzluğa yol verməmiş, ona xidməti ilə bağlı heç zaman irad bildirilməmişdir. Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməmiş, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir.

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, onun N7-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiq olunduğundan və ona qarşı cinayət əməllərini törədən şəxslər barəsində yalnız indi ittiham hökmü çıxarıldığından həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmiş, həmin zaman mənəvi-psixoloji vəziyyəti də çökmüş halda olmuş, “Tərtər hadisələri” zamanı və ondan sonrakı müddət ərzində güclü stres keçirmiş, ordumuzun digər hərbi qulluqçularının, ləyaqətli oğullarımızın “vətən xaini” adı ilə ağır işgəncələrə məruz qalması, onların “sındırılmasını” görməyi ona olduqca ağır və bərpaolunmaz mənəzi iztirablar yaşatmışdır. Həmin vaxtlar onu da yaşadığı yerdə hər kəs “vətən xaini” hesab etmişdir. Ona dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalmağı təkcə ona deyil, ailə üzvlərinə də mənəvi iztirab vermişdir. Günlərlə, mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində onun səhhətində ciddi problemlər yaranmış, səhhətinin bərpası üçün uzun müddət tələb olunmuşdur. O, bütün bunları nəzərə alaraq, hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinə qarşı “Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajıma hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair mübahisələndirmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi və pozulmuş hüquqlarının bərpası üçün müddətin ötürülməsi üzrlü sayılmalı və müddət bərpa edilməlidir.

7. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-25-4/2-2930/2024 nömrəli iddia ərizəsinə etirazda qeyd etmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci İl tarixli 0138əç nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Mübahisələndirilən inzibati akt-N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 0138əç nömrəli əmridir. İddiaçı isə sözugedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni 22 iyul N7-ci il tarixdə bitmiş və iddiaçı isə N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 0138əç nömrəli əmrinin mübahisələndirilməsi barədə ərizəsini isə xx.xx.2023-ci il tarixində məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində N nömrəli hərbi hissə komandanlığı tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1702/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə materiallardan görünür ki, N iyun N7-ci il tarixli 0138 əç əmri iddiaçı tərəfindən yalnız 6 il 7 aydan sonra, yəni 2024-cü ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində yəni “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmamışdır. Lakin məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1702/2024 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinin məzmunu müddətin bərpasına dair ərizənin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək müdafiə etdi, əlavə olaraq bildirdi ki, xəstə olduğu müddətdə xəstəxanada deyil, ev şəraitində müalicə olunmuşdur. Ona görə də vaxtında məhkəməyə müraciət etməmişdir.

14. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N5-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbi mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur.

21. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmışdır.

22. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel N5-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

25. Hazırki halda iddiaçı N saylı hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 0138əç nömrəli əmrini mübahisələndirmişdir. Belə ki, N saylı hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 0138əç nömrəli əmrinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.

26. İddia ərizəsi, buraxılmış prosessual müddətin bərpasına dair ərizə və iddiaçının məhkəmə kollegiyasında verdiyi izahatın məzmunundan görünür ki, o hazırda məhkəmədə mübahisələndirdiyi akt barəsində əvvəlcədən məlumatlı olmuş, sözügedən əmr cavabdeh orqan tərəfindən iddiaçıya elan edilmiş, hərbi biletdə bununla bağlı qeydiyyat aparılmışdır.

27. Həmçinin əmrin təqdim edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, o ərizə ilə müraciət edərək ötürülmüş müddətin bərpasını xahiş etmişdir.

28. İddiaçı müddətin bərpasına dair ərizəsini N7-ci ilin may ayında cinayət əməllərinə məruz qalması, ona qarşı cinayət əməllərini törədən şəxslər barəsində yalnız indi ittiham hökmü çıxarıldığından, bu səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman hüquqi müdafiə vasitələrindən istifadə edə bilməməsi və həmin zaman mövcud mənəvi-psixoloji vəziyyəti ilə əlaqələndirmişdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının qərarı mübahisələndirə bilməməsini əsaslandığı hadisələrdən kifayət qədər vaxt keçmiş, onun qeyd olunan cinayət işində zərərçəkmiş şəxs qismində olması sözügedən inzibati aktın mübahisələndirilməsinə birbaşa mane olmamışdır.

30. Digər tərədən inzibati icraatda əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamış, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) müəyyən edilmişdir.

31. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da, həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir.

32. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

33. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

34. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

35. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

36. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi olan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi ilə bağlı qeyd edir ki, bu hüquqi nəticələr hazırda mübahisələndirilən inzibati akt əsasında meydana gəldiyindən, təmini də inzibati aktın ləğvi ilə mümkündür. Başqa sözlə qeyd olunan hüquqi nəticələrə əsas olan inzibati akt qüvvədə olduğundan, akt əsasında meydana gələn nəticələrlə bağlı tələb də mümkünlük şərtlərinə cavab verməmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1702/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar