Məhkəmə qərarları › İş №2-1(104)-723/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-723/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-723/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayənəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-406/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə Qazax rayonu, Göycəli kəndində anadan olmuşdur. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir İddiaçıya məxsus xx.xx.1994-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək S.Ağamalıoğlu adına sovxozda işləmişdir. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 24 il 04 ay 17 gün olması bildirilmiş və “Ağstafa rayon “Təsərrüfatlararası Tədarük və satış bazası”nda işlədiyi müddətdə xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-cı ildə anadan olmuş, orta məktəbi qurtardıqdan sonra xx.xx.1972-ci ildə X4 qəbul olunmuş, xx.xx.1976-cı ildə həmin texnikumu bitirmişdir. xx.xx.1975-ci il tarixdə Ağamalıoğlu adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1975ci ildə tikinti trestinə 1-ci dərəcə üzrə fəhlə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə Tovuz 7 saylı tikinti sahəsinə Ağstafa obyekti üzrə 4-cü dərəcə bənna işinə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə SMU-14 tikinti təşkilatına 3-cü dərəcə üzrə fəhlə qəbul edilmiş. xx.xx.1978-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1978ci ildə SMU-14 tikinti təşkilatına 4-cü dərəcə üzrə kamenşik işinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə tam ştatlı laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə 5- ci dərəcə üzrə fəhlə işinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə Ağstafa sovxoz fəhlə kooperativi üzrə tikintiyə fəhlə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə usta təyin edilmiş, xx.xx.1981-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə partiyanın 22-ci qurultayı adına sovxozuna inşaat texniki vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə partiyanın 22-ci qurultayı adına sovxozda inşaat texniki vəzifəsi ixtisara düşdüyündən həmin vəzifədən azad edilmiş. xx.xx.1982-ci il tarixdə Ağamalıoğlu adına sovxozna fəhlə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1983-cü ildə tikinti mexanizator trestinə buldozer maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə PMK "Azneftedor-stroyremont" trestinə 4-cü dərəcə üzrə ekskavatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar PMK trestinə ekskavatorçu-maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1988ci ildə Marksovka k/sovetinə hesabdarkassir vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1994-ci ildə Ağamalıoğlu adına üzümçülük sovxozuna ekspeditel qəbul edilmiş, xx.xx.1994-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1994cü ildə Təsərrüfatlararası tədarük və satış bazasına satıcı təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Təsərrüfatlararası tədarük və satış bazasının fəaliyyəti dayandırıldığı üçün işdən azad edilmişdir. İddiaçının 2021-ci ilin mart ayında 65 yaşı tamam olmuşdur və qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-406/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilmənəsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təhsil müddəti (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək) də daxil edilməklə ümumilikdə 24 il 4 ay 17 gün təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək “Ağstafa rayon Təsərrüfatlararası Tədarük və satış bazasın”da işlədiyi müddətlərdir. Qeyd olunan müddətlə bağlı cavabdehin imtinasının araşdırılması məqsədilə aidiyyəti sorğu verilmiş və Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 79 nömrəli arxiv arayışı ilə iddiaçının xx.xx.1994-cü il tarixli 77 saylı əmrlə Təsərrüfatlararası Tədarük və satış bazasına yarım ştat sürücü vəzifəsinə təyin edildiyi və xx.xx.2000-ci il tarixli 110 saylı əmrlə işdən azad edildiyi bildirilmiş, eyni zamanda onun qeyd olunan müddətlər üzrə sentyabr 1994-1998 və yanvar –sentyabr 2000-ci illər üzrə əmək haqqı alması təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı qeyd etdiyi xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək müddət üzrə əmək haqqı almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Qeyd olunan normaların hazırki işə tətbiqi onu deməyə əsas verir ki, iddia «xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin edilə bilməz. Çünki iddiaçı qeyd olunan müddətlər üzrə əmək haqqı almadığından həmin müddətlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə qeyd olunan arxiv arayışı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1999-cu il tarixdən işdən azad edilməsi ilə bağlı qeyd aparılsa da, istinad olunan müvafiq arayışda onun xx.xx.2000-ci il tarixli 110 saylı əmrlə işdən azad edildiyi bildirilmiş, həmçinin yanvar– sentyabr 2000-ci illər üzrə əmək haqqı alması qeyd olunmuşdur. Beləliklə məhkəmə yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən arxiv arayışını daha mötəbər hesab edərək həmin dövrləri də iddiaçının sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Bu baxımdan da müəyyən olunur ki, 2000-ci il üzrə 9 ay müddəti də iddiaçının sığorta stajına daxil edildikdə ümumilikdə 25 ildən çox sığorta stajının olması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçası və diplomun surətlərinə əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı dövr nəzərə alınmaqla) 24 il 4 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının araşdırmasının nəticəsinə əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş "Ağstafa rayon "Təsrrüfatlararası Tədarük və satış bazası"nda xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi müddətdə ona əməkhaqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olması səbəbindən (24 il 04 ay 27 gün) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsi iddianı təmin edərkən iddiaçının 1994-1998 və yanvar- sentyabr 2000-ci illər üzrə "Ağstafa rayon Təsərrüfatlararası Tədarük və satış bazasın"da işlədiyi illəri sığorta stajına daxil etmiş bununla da maddi və prosessual pozuntuya yol vermişdir. İddiaçıya tərəfimizdən sığorta stajı hesablanarkən iddiaçının əmək kitabçasında qeyd olunan əmək haqqı aldığı bütün dövrlər sığorta stajına hesablanmışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 5-ci bəndinə əsasən əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi gəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 25 dekabr 1991-ci il tarixli Qanuna əsasən latın qrafikalı əlifbaya keçilmişdir. Bildiririk ki, iddiaçıya məxsus 24 avqust 1978-ci il tarixli əmək kitabçasında onun "Təsərrüfatlararası Tədarük və satış bazası"nda xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi qeyd edilmişdir. Həmçinin əmək kitabçaalnda iddiaçının işdən çıxma əmri xx.xx.1999-cu il tarixli 10 nömrəli əmr kimi qeyd edilsə də Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 79 nömrəli arxiv arayışında İsdən çıxma əmri xx.xx.2000-ci il tarixli 110 saylı əmr kimi qeyd edilmişdir. Bundan slavə əmək kitabçasında müvafiq qeydlər aparılarkən doldurulma qaydalarına riayət edilməmiş, kiril qrafikasından istifadə olunmuşdur. Məhkəmə qərar qəbul edərkən qeyd edilən hallara diqqət yertirməmiş, həmin dövrləri sığorta stajına daxil etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Əvvəlki məhkəmə prosesində iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək olan illərində sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin nümayənəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 24 il 04 ay 17 gün olması bildirilmiş və “Ağstafa rayon “Təsərrüfatlararası Tədarük və satış bazası”nda işlədiyi müddətdə xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək haqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Kollegiya bildirir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcuddur. Kollegiya qeyd edir ki, iddiaçının 24 il 04 ay 17 gün ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İş materiallarında olan Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 79 saylı məktubundan görünür ki, iddiaçı Əliyev X2 rayon “Təsərrüfatlararası Tədarük və satış bazasında” işləyərkən 2000-ci ilin yanvar ayından sentyabr ayınadək, ümumilikdə 9 ay əmək haqları qazanmışdır. Apellyatorun şikayətinin dəlillərində bildirilmişdir ki, Fondun 1 saylı Qazax-Tovuz regional filialının araşdırmasının nəticəsinə əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş "Ağstafa rayon "Təsrrüfatlararası Tədarük və satış bazası"nda xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi müddətdə ona əməkhaqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olması səbəbindən (24 il 04 ay 27 gün) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi xx.xx.2023cü il tarixli Aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının nümayəndələri Ağstafa Rayon Dövlət Arxivinin müdiri Məmmədov Məhəmməd oğlu ilə birgə İddiaçı xx.xx.1994-xx.xx.2000-ci illərdə Təsərrüfatlararası Tədarük və Satış Bazasında işləməsi düzgünlüyü yerində yoxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.1994-cü il tarixində 77№ əmrlə adı çəkilən müəssisəyə yarım ştat sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixində isə 110№ əmrlə məhsul yığımıında zəif iştirak etdiyi üçün işdən azad edilmişdir. Həmin Aktın qeyd hissəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində Ağstafa rayon Dövlət Arxivində vətəndaş İddiaçı barəsində akt tərtib edilərkən müəssisənin 2000ci ilə aid əmr kitabı və həmin ilin əmək haqqı cədvəlləri təqdim edilmədiyi üçün o dövrə aid məlumatlar aktda qeyd edilməmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1994-xx.xx.2000-ci illərdə Təsərrüfatlararası Tədarük və Satış Bazasında işləməsi faktı cavabdehin 1 saylı Qazax-Tovuz regional filialının nümayəndələri tərəfindən keçirilmiş yerində yoxlama zamanı da arxivdə saxlanılan sənədlər əsasında öz təsdiqini tapmışdır. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, arxiv sənədləri işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən mötəbər sənəd hesab edilir. Beləliklə də, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının 2000-ci ilin yanvar ayından sentyabr ayınadək, yəni 9 ay Ağstafa rayon “Təsərrüfatlararası Tədarük və satış bazasında” işləyərkən əmək haqqı alması ümumilikdə (cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 24 il 04 ay 17 gün sığorta stajı nəzərə alınmaqla) 25 ildən artıq sığorta stajının mövcud olmasını təsdiq edir. Beləliklə, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini onun qismən təmin edilməsi üçün əsaslı hesab edərək apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbinin təmin edilməsini qanunamüvafiq hesab edir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-406/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar