Məhkəmə qərarları › İş №2-1(104)-725/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-725/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-725/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi və ƏDV faizinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2747/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2020-ci il tarixli, 017/02/MİDA20 nömrəli Güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən satıcı - "xxxx" MMC ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********76-05301-093041 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa/daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi, mənzilin satış qiyməti olan 51918 (əlli bir min doqquz yüz on səkkiz) manatın 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində olan hissəsinin alıcı-ipoteka qoyan - İddiaçı tərəfindən, 46725 (qırx altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsinin isə kreditor-ipoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan - İddiaçı arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 51918 manat "xxxx" MMC-yə ödənilmişdir.

3. İddiaçı ödənilmiş ƏDV məbləğinin 30 faizinin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, **********0198800 nömrəli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsini qərara almış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası"nın 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bındinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ƏDV-nin geri qaytarılması tələbinin təmin edilməməsi barədə cavabdeh inzibati orqanın (vəzifəli şəxsin) qəbul etdiyi 31 mart 2023-cü il tarixli qərarın ləğv olunması və 51918 manat nağdsız ödənişə görə hesablanmış ƏDV-nin 30 faizinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 31 mart 2023-cü il tarixli **********198800 nömrəli qərarı ilə onun aldığı yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin 30 faizinin qaytarılmasına dair tələbi təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən vergi orqanının 31 mart 2023-cü il tarixli, **********198800 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 07 fevral 2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Xarici Azərbaycan Dairəvi yolu 8, bina 24-də yerləşən 5 nömrəli mənzili almış, mənzilin satış pulu olan 5198 manatı nağdsız qaydada satıcının bank hesabına ödəmişdir. 25 may 2022-ci il tarixli Fərmanla təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar İnternet Vergi İdarəsində müvafiq portal yaradılmaqla, 21 noyabr 2022-ci il tarixdən istifadəyə verildiyi üçün 20 fevral 2023-cü ildə elektron kabinet vasitəsi ilə ödənişin verilməsi üçün vergi orqanlarına müraciət etmişdir. Qaydalarda nəzərdə tutulmuş 90 günlük müraciət müddətini ötürməyi barədə inzibati orqanın qərarı əsassızdır. Belə ki, 90 günlük müddətin axımı İnternet Vergi İdarəsində müvafiq portalın yaradıldığı 21 noyabr 2022-ci ildən başladığından, təqvim günləri ilə onun 90 günlük müraciət müddətinin sonuncu günü 18 fevral 2023-cü il tarixə düşür. 18 fevral şənbə günü, 19 fevral bazar günü olmaqla qeyri-iş günləri olduğundan 90 günlük müddətin sonuncu günü növbəti iş günü kimi 20 fevral 2023-cü il hesab olunur. 20 fevral 2023-cü ildə müraciət etdiyindən o, müraciət müddətini ötürməmişdir. Cavabdehin 31 mart 2023-cü il tarixli qərarında da həmin Qanunun normalarına istinad etməsi onun gəldiyi qənaətin əsaslı olduğunu təsdiq edir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 48.5, 48.6-cı maddələrinin məzmunundan göründüyü kimi, inzibat icraatda müddətlər təqvim günləri ilə hesablanır. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Müraciət müddətinin son günü qeyri-iş gününə, yəni 18 fevral 2023-cü ilə düşdüyündən, növbəti iş günü 20 fevral 2023-cü il hesab olunduğundan və o, 20 fevral 2023-cü il tarixdə elektron portal vasitəsi ilə inzibati orqana müraciət etdiyindən 90 günlük müraciət müddətini ötürməmişdir, inzibati orqanın müraciət müddətini ötürməyinə dair gəldiyi nəticə şərh olunan qanunların tələblərinə ziddir və ona görə də ləğv edilməlidir.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını və xx.xx.2023-cü il tarixli **********198800 nömrəli qərarın ləğv edilməsi və mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

8. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı müraciəti araşdırılarkən Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın tələblərinə cavab vermədiyi, müraciət üçün nəzərdə tutulmuş 90 gün müddətinin ötürüldüyü müəyyən edilmişdir. Belə ki, ərizəçinin vergi orqanına təqdim etdiyi ərizəsinə əlavə edilmiş ödəniş sənədinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğ satıcıya nağdsız qaydada xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Portalın xx.xx.2022-ci il tarixdən istifadəyə verildiyini nəzərə alaraq İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmanın nəticəsi üzrə xx.xx.2023-cü il tarixli **********198800 nömrəli "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" qərar qəbul edilərək ərizəçiyə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 90 günlük müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. Həmin gün şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyindən müraciət üçün son gün növbəti iş gününə, yəni xx.xx.2023-cü il tarixə keçmişdir. Bununla bağlı bildirilir ki, yuxarıda qeyd olunan Qaydaların 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" ilə tənzimlənir. Həmin qaydalarda müraciət üçün nəzərdə tutulmuş müddət 90 gün müəyyən edilmiş və son günün qeyri-iş gününə düşməsi ilə əlaqədar hər hansı istisna nəzərdə tutulmamışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2747/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə İnternet Vergi İdarəsində portalın istifadəyə verildiyi xx.xx.2022-ci il tarixdən ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulan son gün xx.xx.2023-cü il tarixə təsadüf edir. Həmin tarix isə qeyri-iş gününə (şənbə günü) düşdüyünə görə növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixi müddətin qurtardığı gün hesab olunur. Göründüyü kimi, xx.xx.2023-cü il ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün nəzərdə tutulan son gün olduğundan və İddiaçı həmin gün elektron kabinet vasitəsilə vergi orqanına müraciət etdiyindən, ƏDV-nin qaytarılması ilə bağlı nəzərdə tutulmuş 90 günlük müddət ötürülməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər hansı sübuta istinad etmədən iddiaçı tərəfindən 51 918 manat nağdsız ödənişə görə büdcəyə 9345,24 manat ƏDV ödənildiyi qənaətinə gəlmişdir. Halbuki, iddiaçı tərəfindən yaşayış sahəsinin əldə edilməsi ilə bağlı ödənilmiş ƏDV həmin yaşayış sahəsinin məbləğinə daxildir və belədir: 51 918 manat (43 998,3 manat əsas məbləğ+7919,70 manat (43 998,3*18%). İş materiallarında olan 07 fevral 2020-ci il tarixli, 017/02/MİDA20 nömrəli “Güzəştli mənzilin alqı-satqısı və ipotekası müqaviləsi”ndə mənzilin qiyməti 51 918 (ƏDV daxil) məbləğində qeyd edilmişdir. Həmçinin əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 196 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən əldə edilmiş mənzilə görə 51 918 manat (43 998,3 manat əsas məbləğ+7919,70 manat (43 998,3*18%) məbləğinin nağdsız ödənildiyi müəyyən olunur. Lakin məhkəmə tərəfindən nağdsız ödənilmiş 51 918 manat məbləğin tərkibində ƏDV məbləği düzgün müəyyən edilmədiyindən cavabdehin üzərinə iddiaçı tərəfindən ödənilməmiş ƏDV məbləğinin qaytarılması vəzifəsi qoyulmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, inzibati orqan tərəfindən yalnız qaytarılması müəyyən edilən ƏDV-nin məbləği mübahisələndirilmişdir. Odur ki, məbləğin qanunamüvafiq qaydada müəyyən edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək iş üzrə qanunamüvaiq qərarın qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır.

18. “İnzibati icraat haqqında” Qanun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

21. İşin hallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən "xxxx" MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 24-də yerləşən 5 nömrəli mənzili almış və mənzilin satış qiyməti olan 51918 manatı nağdsız qaydada satıcının bank hesabına ödəmişdir

22. Belə ki, xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli Güzəştli mənzilin alğısatqısı və ipotekası müqaviləsinə əsasən satıcı - "xxxx" MMC ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********76-05301-093041 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa/daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi, mənzilin satış qiyməti olan 51918 (əlli bir min doqquz yüz on səkkiz) manatın 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində olan hissəsinin alıcı-ipoteka qoyan - İddiaçı tərəfindən, 46725 (qırx altı min yeddi yüz iyirmi beş) manat məbləğində olan hissəsinin isə kreditoripoteka saxlayan "xxxx" ASC və alıcı-ipoteka qoyan - İddiaçı arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli 017/02/MİDA20 nömrəli kredit müqavilsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür.

23. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə vergi orqanına müraciət edərək mənzilin dəyəri olan 51918 manata görə ödədiyi ƏDV məbləğinin 30%-nin geri qaytarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında" xx.xx.2023cü il tarixli **********198800 nömrəli qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

25. İddiaçı tərəfindən inzibati akt mübahisələndirilərək ləğv edilməsi, 51918 manat nağdsız ödənişə görə hesablanmış ƏDV-nin 30 faizinin ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsaslı hesab edilmişdir.

26. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının yalnız 51918 manat nağdsız ödənişə görə hesablanmış ƏDV-nin 30 faizinin ödənilməsi hissəsi mübahisələndirilmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti birinci instansiya məhkəməsinin qərarının qeyd olunan hissəsinin qanuniliyidir.

27. Məhkəmə kollegiyası inzibati orqanının dəlilləri ilə razılaşır və qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahəsinin əldə edilməsi ilə bağlı ödənilmiş ƏDV həmin yaşayış sahəsinin məbləğinə daxildir və 43998,3 manat əsas məbləğ+7919,70 (43998.3*18%) manat ƏDV məbləği olaraq ümumilikdə 51918 manat təşkil etmişdir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1. maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

29. Həmin Məcəllənin 165.6. maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

30. Göründüyü kimi məhkəmə tərəfindən nağdsız ödənilmiş 51918 manat məbləğin (ƏDV daxil) tərkibindəki ƏDV məbləği düzgün müəyyən edilməmiş, cavabdehin üzərinə iddiaçı tərəfindən ödənilməmiş ƏDV məbləğinin qaytarılması vəzifəsi qoyulmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. ƏDV satış və alış zamanı arada yaranan əlavə dəyərə (ticarət əlavəsinə) görə dövlətə ödənilməli olan vergi borcudur.

32. İş materiallarında olan 07 fevral 2020-ci il tarixli, 017/02/MİDA20 nömrəli “Güzəştli mənzilin alqı-satqısı və ipotekası müqaviləsi”ndə mənzilin qiyməti 51 918 (ƏDV daxil) məbləğində qeyd edilmişdir. Həmçinin əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 196 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən əldə edilmiş mənzilə görə 51 918 manat (43 998,3 manat əsas məbləğ+7919,70 manat (43 998,3*18%) məbləğinin nağdsız ödənildiyi müəyyən olunur.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2747/2023 nömrəli qərarı “İddiaçı mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 9345.24 manat ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilsin. İddiaçı mənzil alğı-satqısında "xxxx" MMC-yə ödədiyi 51918 manat nağdsız ödənişə görə ödənilmiş 7919,70 manat ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar