Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-725/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 4267/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-25-14/2-B-184xx-xx/2025 nömrəli imtina məktubunda göstərilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2879 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəni öz başına tərk etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2879 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, onun xx.xx.2024-cü il tarixli, 3-43-26/2- 573/2024 №-li məktubuna cavab olarak bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6 №-li əmrində (əsas §-1, səh-9, sıra-26, əmrdə təvəllüdü “1975-ci il” yazılmışdır) hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və ştatdan kənar saxlanılmış hərbi qulluqçuların siyahısında, Goranboy RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 33 №-li əmrilə (əsas: §-2 səh-14, əmrdə əsas kimi Goranboy RHK-nın xx.xx.1994-cü il tarixli, 2/249 №-li arayısı göstərilmişdir) sıravi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq, Goranboy rayonuna 3 (üç) günlük qısamüddətli məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Goranboy RHK-nın çağırışçısı, 1974-cü il təvəllüdlü, sıravi İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə, Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 290 №-li əmrilə (əsas: §-5, səh-3, sıra- 946, əmrdə təvəllüdü “1974-cü il” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hal-hazırda 50 yaşı tamam olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində hərbi qeydiyyatdan silinmişdir.
4. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2879 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6 nömrəli əmri ilə bütün növ təminatlara qoyularaq şəxsi heyətin sıyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 33 nömrəli əmri ilə 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılmışdır. İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə (xidməti yerinə qayıtmadığına görə) Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətının siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumatlar aşkar olunmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmiş və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"nın xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, İddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
5. Məhkəmə sorğusuna Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6№-li, xx.xx.1994-cü il tarixli, 33 №-li və xx.xx.1994-cü il tarixli, 290 №-li nizami hissə üzrə əmrlərindən arxiv çıxarışlarından müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, aprel 1999-cu il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xankəndi şəhər Kərkicahan qəsəbəsindən məcburi köçkündür. O, xx.xx.1974-cü ildə Laçın rayonu, Fingə kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi davam edən dövrdə xx.xx.1994-cü ildə N №li hərbi hissəyə könüllü olaraq hərbi xidmətə getmişdir (130№ li H/H komandirinin 6 nömrəli əmri) Goranboy, Tərtər, Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarının hamısında iştirak etmişdir. N №li h/h komandirinin xx.xx.1994-cü il tarixli, 33 №li əmrinə əsasən 3 günlük evə buraxılmışdır. Daha sonra xidmət yerinə qayıdaraq xx.xx.1994-cu il tarixədək hərbi hissədə xidmət etmişdir. Lakin hərbi hissəyə qayıtmağı barədə məlumat o vaxt bilinməyən səbəbdən daxil edilməmiş, həmçinin hərbi bileti də o vaxt itirilmişdir. O, hərbi xidmətdən yayınmamışdır. Yayınsa barəsində cinayət işi açılardı. Həmçinin xx.xx.1996-cı ildə təkrar həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1999-cu ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. Sonra 20 ildən artıq DİN sıralarında xidmət etmiş, hazırda pensiyadadır. Hal-hazırda onunla birgə döyüşlərdə iştirak edən əsgər yoldaşları veteranlıq alıblar. Daha sonra 20 il DİN Xocalı RPŞ-də polis nəfəri kimi işləyərək pensiyaya çıxmışdır. Hal-hazırda pensiyadadır.
8. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz imtinanın dəlilləri ilə əsaslandırılmışdır (qərarın 1-ci bəndi).
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 4267/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının hərbi biletində də onun hərbi hissəni özbaşına tərk etməsi barədə qeyd vardır və arxiv arayışı ilə təsdiq olunur, həm də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Beləliklə, şərh olunanlara əsasən inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddia təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4267/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(1141-4267/2025 nömrəli qərarında göstərilib ki, o həqiqətən N saylı hərbi hissədə həmin dövrdə xidmət etmişdir. Bunu Müdafiə Nazirliyinin arxiv arayışı da təsdiq edir. Lakin həmin qərarın əsaslandırma hissəsinin 21, 22, 23-cü bəndlərində göstərilib ki, o, qanuni əsaslarla ehtiyyata buraxılmadığı üçün, həmçinin hərbi hissəni özbaşına tərk etmə faktının mövcud olmasına görə inzibati orqanın ona “Müharibə veteranı” adı verməsindən imtina etməsi qanunidir. Onda belə bir sual ortaya çıxır ki, o, hərbi hissəni özbaşına tərk etmişdirsə niyə barəsində cinayət işi açılmayıb? “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd hissəsində göstərilib ki, bu maddənin birinci hissəsinin üçüncü abzasında Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olunmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı müraciət etməyinə baxmayaraq ona qanuni əsas göstərilmədən veteran adı və vəsiqəsi verməkdən imtina edilib. Səbəb kimi isə N saylı hərbi hissəni özbaşına tərk etməyi göstərilib. Yuxarıda da qeyd edildiyi kimi onun hərbi hissəni özbaşına tərk etməyi ilə və ya fərariliklə bağlı barəsində heç bir cinayət işi açılmayıb. Əgər elə olsaydı o, DİN polis sıralarına xidmətə qəbul olunmazdı. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4267/2025 nömrəli qərarında “Müharibə veteranı” adı verməsinin hansı hallarda mümkün olduğuna dəfələrlə toxunulsa da imtinanın konkret hansı halda verilməsinə toxunulmayıb. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda yalnız bir halda bu adın verilməsindən imtina edilə biləcəyi göstərilib. Həmin Qanunun 3-cü maddəsində konkret olaraq hərbi hissəni özbaşına tərk etməyə, fərariliyə ve s. görə barəsində cinayət işi açılmış şəxslərə “Müharibə veteranı” adı verməsindən imtina edilə bilər. Qeyd etdiyi kimi onun barəsində heç bir cinayət işi açılmayıb. Bu Qanunun imperativ normasıdır və heç bir mübahisəyə səbəb ola bilməz. Eyni zamanda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu bu sahəni təmzimləyən digər əsasnamələrdən üstün hüquqi qüvvəyə malikdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4267/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-4267/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
18. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
21. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
23. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti müddət ötürülməməklə verilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
42. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmət etdiyini, aktiv döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.2025-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.
43. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2879 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 6 nömrəli əmri ilə bütün növ təminatlara qoyularaq şəxsi heyətin sıyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 nömrəli əmri ilə 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılmışdır. İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə (xidməti yerinə qayıtmadığına görə) Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində əlavə məlumat aşkar olunmamışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.
45. Göründüyü kimi, arxiv məlumatlarında iddiaçının hərbi hissənin şəxsi heyətinin tərkibinə xidmətə qəbul edilməsi və 3 (üç) günlük qısa müddətli məzuniyyətə buraxılması barədə müəyyən məlumatlar olsa da, lakin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçının döyüşən hərbi hissənin tərkibinə daxil edilməsi barədə qeydlər olsa da, lakin sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) tərxis edilmişlər. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur.
47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərində göstərdiklərinə münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
48. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində onun hərbi hissəni özbaşına tərk etmədiyini, bu səbəbdən də barəsində cinayət işi açılmadığını və beləliklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməli olduğunu bildirmişdir.
49. Qeyd edilməlidir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normaların dispozisiyasında göstərilən zəruri şərtlərin birgə mövcudluğu tələb olunur. Belə ki, şəxsin xidmət keçməsi məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına salınması ilə yanaşı onun hərbi hissədən qanuni əsaslarla müvafiq əmrə əsasən ehtiyyata buraxılmasını da nəzərdə tutur. Həmçinin şəxsin xidmət keçməsi halı müvafiq sənədlərdə əks edilməlidir. Bu zaman zəruri sənədlər məfhumuna hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışları daxildir.
50. Bu mənada, iddiaçının hərbi hissəni özbaşına tərk etməsinə görə hər hansı cinayət məsuliyyətinə cəlb edilməməsi onun qanuni əsaslarla ehtiyata buraxılmasını ehtiva etmir. Belə ki, iş materiallarında olan arxiv arayışı ilə sübut olunur ki, iddiaçının şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmasına səbəb məhz onun uzun müddət hərbi hissədən yayınması (xidməti yerinə qayıtmaması) olmuşdur ki, bu hal da onun qanuni əsaslarla ehtiyyata buraxılmadığını bir daha sübut edir.
51. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
52. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4267/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.