Məhkəmə qərarları › İş №2-1(104)-727/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-727/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-727/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3295/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2004-cü il tarixdən hazırki tarixədək əmək pensiyaçısı İddiaçı müxtəlif vəzifələrdə işləyir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-5-96527/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 683,17 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1)əmək pensiyasının sığorta hissəsi-243,30 manat; 2)qulluq stajına görə əmək pensiyanıza əlavə 439,87 manat. İddiaçı Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 71921,77 manat pensiya kapitalı eydə alınmışdır. Həmin 19160,72 manat nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmış, nəticədə əmək pensiyasının sığorta hissəsi – 679,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 3,98 manat təşkil etmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X3 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyənə əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 751,49 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 861,96 manata artırılaraq ödənilir.

3. Fərdi şəxsi hesabdan çıxarışdan görünür ki, 2006-cı ildən hazırki tarixədək fərdi hesabın sığorta hissəsində yığım mövcuddur.

4. Əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 683,17 manat (sığorta hissəsi 679,19 manat, qulluq stajına əlavələr 3,98 manat) məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2023-cü il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr nəzərə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2023-cü il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması yenidən hesablanmasını xahiş etmiş, lakin aldığı cavab məktubundan görünür ki, müraciəti təmin edilməmişdir. Hesab edir ki, verilən cavab 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 və 9.6-cı maddələrinə ziddir. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qanunun 37.3.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli Qərarında qeyd edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Deməli, pensiyaya çıxmış hərbi qulluqçunun aldığı pensiyası, onun sığorta kapitalına görə yenidən hesablana bildiyinə görə, onun da aldığı pensiyası sığorta kapitalına görə yenidən hesablana bilər, yəni o aldığı pensiyanın sığorta kapitalına görə yenidən hesablanmasını tələb etmək hüquqna malikdir. Məlum olduğu kimi, pensiyanın yenidən hesablanması mövcud pensiyanın artırılması deməkdir. Onun pensiyasında isə Mərkəzi Filial tərəfindən heç bir artım aparılmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabında 01 aprel 2023-cü ilədək 82571 manat pensiya kapitalı toplanmışdır və həmin vəsaitin hal-hazıradək fərdi şəxsi hesabında istifadə edilmədən mövcud olduğu aydın görünür.

8. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına görə təkrar olaraq yenidən hesablanması mümkün deyil. X3 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən onun əmək pensiyasının topladığı kapitala əsasən yenidən hesablanması mümkün deyil.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3295/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu imtina dəlilləri ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

15. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixədək olan redaksiyada): 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

18. “Əmək pensiyaları haqqında” Qanun (hal hazırda qüvvədə olan): 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı:

20. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Gəncə Apelllyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)727/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3295/2023 nömrəli qərarı qismən -əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamışdır.

23. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3295/2023 nömrəli qərarının pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qanuniliyidir.

24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından görünür ki, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında müraciət etdiyi 71921,77 manat pensiya kapitalı yığmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərara əsasən iddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 683,17 manat (sığorta hissəsi 243,30 manat+qulluq əlavəsi 439,87 manat) olmuş, hesablamadan sonra yenə də 683,17 manat (sığorta hissəsi 679,19 manat + qulluq əlavəsi 3,98 manat) təşkil etmişdir

26. Hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, iddiaçıya pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-5-96527/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 683,17 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1)əmək pensiyasının sığorta hissəsi-243,30 manat; 2)qulluq stajına görə əmək pensiyanıza əlavə 439,87 manat. İddiaçı Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 71921,77 manat pensiya kapitalı eydə alınmışdır. Həmin 19160,72 manat nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmış, nəticədə əmək pensiyasının sığorta hissəsi – 679,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 3,98 manat təşkil etmişdir.

28. İnzibati orqanın imtinası və apellyasiya şikayətinin əsası kimi qeyd edilmişdir ki, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1- ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X3 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyənə əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 751,49 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 861,96 manata artırılaraq ödənilir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hüququn yaranması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir.

31. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi).

32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4- cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimi olmuşdur:

35. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.

36. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan 37.3.1-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

37. Həmin Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

38. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmişdir. İddiaçı 2004-cü ildən bu günə kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra pensiya sığorta kapitalı toplamaqda davam etmişdir və onun pensiya sığorta kapitalı 71921,77 manat təşkil etmişdir.

39. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də 37.3.1 və 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3295/2023 nömrəli qərarı “İddiaçı pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar