Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-729/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1062/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-20180/2024 nömrəli məktubunda qeyd olunur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(104)- 85/2023 nömrəli qərarı tərəflərindən icra edilərək xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-21555/2023 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı “Əlillik” altsistemində bərpa edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2017-ci il tarixli İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, sonuncuya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı çapıq toxumaları. Paranoid şizofreniya, Postravmatik ensefalopatiya, hipertenziv sindrom və tez tez baş verən qıcolma tutmaları ilə, BQDÇ İİ, şizofreniya, paranoidal forma, fasiləsiz gedişli” diaqnozu ilə (X1 – V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 – Şizofreniya => F20.0 – Paranoid şizofreniya) xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı bərpa edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarının Azərbaycan Respublikası adından çıxarılmasını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bu barədə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verilmiş və xx.xx.2017ci ildən müddətsiz 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə ona müddətsiz 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. 2020-ci ilin iyul ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1968/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 2- 1(104)-85/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-85/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə qüvvədə saxlanılaraq iddia tələbi təmin edilərək əlilliyi bərpa edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi bu haqlı məhkəmə qərarı ilə razılaşmayaraq apellyasiya və kassasiya şikayəti versə də məhkəmə qərarını tez bir zamanda icra etmiş və onun pensiya və təqaüdü barədə təyinat aparılmışdır. Lakin bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabilitasiya Agentliyinin sədr müavini Rəşad Məhərrəmov adlı məhkəmə qərarlarının aliliyinə hörmətlə yanaşmayan məmurlar yenidən ona qarşı haqsızlıq və ədalətsizlik edərək xx.xx.2023-cü il tarixdə əsassız bildiriş məktubu yazaraq əyani müayinəyə gəlməyini və gəlmədikdə isə əvvəl ki, kimi əlil və sosial hüquqlarını pozacaqları barədə hədə qorxu xarakterli qeydlər aparmışdır. Agentlik isə haqlı məhkəmə qərarı ilə razılaşaraq öz qanunsuz hərakatlərini qəbul edərək məhkəmə qərarını icra etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsassən ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir. X2 Sosial Ekspertiza və Reblitatsiya Agentliyi tərəfindən əsassız olaraq əlilli kurorta, İİİ. A müalicəyə və müayinəyə göndərmək əvəzinə bir çox tarixdə ona yazılmış məktubla bağlı hesab edir ki, onun yenidən Agentliyə əyani müayinəyə gəlməyinə ehtiyac yoxdur, yuxarda qeyd etdiyi qanunda bu barədə heç bir tələb və s nəzərdə tutulmamışdır.
5. İddiaçı Gəncə İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh tərəfindən ona dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi və cavabdehin ona dəfələrlə yazdığı əsassız məktublarının bir daha yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4925/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “cavabdeh tərəfindən ona dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin ona dəfələrlə yazdığı əsassız məktublarının bir daha yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1062/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iş üzrə icraata xitam verilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin mahiyyəti iddiaçının əlilliyinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bərpa edildiyi halda cavabdeh orqan tərəfindən onun əyani müayinəyə dəvət edilməsinə dair bildiriş məktubunun göndərilməsi, yəni əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı ona maddi-mənəvi ziyan dəyməsi ilə bağlıdır. Cavabdehin məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 85/2023 nömrəli qərarı tərəflərindən icra edilərək xx.xx.2023-cü il tarixli 3-17-4/3-1- 21555/2023 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı “Əlillik” altsistemində bərpa edilmişdir. İddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1062/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
11. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
14. İşin hallarından məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-85/2023 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1321/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 85/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra sözügedən qərar cavabdeh tərəfindən icra edilərək xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-21555/2023 nömrəli xidməti məruzə ilə iddiaçıya xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı “Əlillik” altsistemində bərpa edilmişdir.
15. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 20180/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər əsasında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmiş, hesab etmişdir ki, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddia ərizəsinin məzmununa əsasən iddiaçının iddia qaldırmaqda hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, ona cavabdeh tərəfindən vurulmuş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, ona cavabdehin dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
17. Cavabdeh orqan isə “Əlillik” altsistemində iddiaçıya xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatını bərpa etməklə iddia tələbinin yalnız xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsini əhatə etmiş, nə cavabdeh inzibati orqan, nə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin digər hissələrinə münasibət bildirilməmişdir.
18. Halbuki məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən icraata qəbul edilən iddia tələbin dəqiqləşdirilməsinə dair ərizədə cavabdeh tərəfindən ona dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, cavabdehin ona dəfələrlə yazdığı əsassız məktublarının bir daha yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur.
19. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
22. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
23. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
24. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdeh inzibati orqana ilkin müraciətinə dair xx.xx.2023-cü il tarixli ərizə təqdim olunmuş, lakin həmin ərizənin çatdırılmasına dair sənəd iş materillarında aşkar edilməmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə inzibati prosessual qanunvericiliyin müddəalarına uyğun deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
26. İşə yenidən baxılan zaman İPM-in 12 və 58-ci maddələrinin tələbinə əməl edərək ilkin müraciətin çatdırılması (poçt göndərişinin cavabdeh inzibati orqana daxil olması) araşdırılmalı, bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir.
Nəticəvi hissə:
27. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1062/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan müstəqil qaydada kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov