Məhkəmə qərarları › İş №2-1(104)-730/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-730/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-730/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “şəhid adının verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3397/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon bölməsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, N6 nömrəli arayışından görünür ki, X9 həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 05 oktyabr 2009-cu il tarixdən 03 aprel 2011-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” qanuna əsasən N sentyabr 2020-ci il tarixdə qismən səfrbərliyə cəlb edilmişdir və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respulikası Silahlı Qüvvələrində N sentyabr 2020-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranıdır. Cəbrayıl, Zəngilan, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27 dekabr 2020-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin 23 may 2023-cü il tarixli, 3-25-1/2-yd-7560-38/23 nömrəli məktubunda qeyd olunur ki, Səlim Kərmiov “ürək dayanması”dan qəflətən öldüyündən ona şəhid adının verilməsi qanunvericliyə uyğun gəlməmişdir. AZ-İİ 331149 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 yanvar 2023-cü il tarixdə ürək dayanmasından qəflətən ölmüşdür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “oğlu X8 “Şəhid” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X9 Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” qanuna əsasən N sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, N saylı hərbi hissəyə təhvil verilmişdir. N sentyabr 2020ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək Silahlı Qüvvələrin tərkibində olmuşdur. Vətən müharibəsi veteranı olmaqla “Vətən müharibəsi iştrakçısı” medalı ilə təltif olunmuşdur. Xocavənd, Qubadlı və Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə medalı verilsə də, lakin hələ də təltif olunmamışdır. O, ordu sıralarından təlxis olunduqdan sonra evə qayıtmış, bundan sonra oğlunda bir sıra fəsadlar görünmüşdür. Belə ki, oğlu əsəbi olmuş, tez-tez dili qatlanaraq sudurqa keçirmiş,hafizəsi silinmiş, heç bir səbəb olmadan əsəbləşib əşyaları qırmış, məcburi olaraq DİN 102 xidmətinə məlumat verilməklə polis əməkdaşları tərəfindən aparılaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmiş və oarada 08 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək və 04 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək müalicə almışdır. X9 19 avqust 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müayinə keçərək “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu qoyulmuş, həmin xəstəliyin “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması, “əngdə və çənədə ikinci hissəvi adentiya. Əngdə 11,12,13,14,16,21,22,25,27-ci dişlərin olmaması. Çənədə 44,45,35,36-cı dişlərin olmaması. 23,24,37,46,47-ci dişlərin kökü. Əlvan dəmrov” diaqnozu ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X10 22 sentyabr 2022-ci il tarixli müayinə sənədinə əsasən oğlum X8 “Fəlakətdən sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.0” diaqnozu qoyulmuşdur. 23 yanvar 2023-cü il tarixdə gecə saatlarında məhlədə olan zaman qəfildən dili qatlanmış və nəticədə vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X13” X14 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ “Gəncə şəhər Təcili və X5”nin 27 yanvar 2023cü il tarixli arayışına əsasən həqiqətən Təcili və X1rın yaşadığı ünvana xx.xx.2022-ci tarixdə 13:59-da çağırış olmuş həkim Məmmədov Orxan “Dəqiqləşdirilməmiş nevrotik pozuntular (Posttravmatik davranış və şəxsiyyət pozğunluğu)” diaqnozu qoyulmuşdur və yardım edilmişdir. Həmin ünvana xx.xx.2022- ci il tarixdə onun tərəfindən saat 19:34-də çağırış olmuşdur. X12 tərəfindən “Epilepsiya tutması (Posttravmatik)” diaqnozu qoyulmuş və yardım olunmuşdur. Yenidən xx.xx.2022-ci il tarixdə saat 18:16-da onun tərəfindən çağırış olmuşdur, həkim Leyla Mustafayeva tərəfindən oğluna “Dəqiqləşdirilməmiş qıcolmalar (Posttravmatik)” diaqnozu qoyulmuş və yardım olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:44-də mənim tərəfindən yenidən çağırış olmuşdur, həkim Bayram Pərdəşünas tərəfindən oğluna “Təcili yardıma qədər ölüm. Qəfləti koronar ölüm.” Diaqnozu qoyulmuşdur. Oğlunun dəfni zamanı dövlət orqanlarının vəzifəli şəxsləri iştirak etmiş, qəbr daşını onların hesabına hazırlanaraq üzərində şəhid sözü yazılmışdır. Buna baxmayaraq oğluna rəsmi olaraq şəhid statusu verilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3397/2023 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı “oğlu X8 şəhid statusu verilməsi barədə müvafiq arayışın verilməsi” tələbi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etməli, təmin olunmadığı halda onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Ona görə cavabdehin əsl cavabdehlə əvəz edilməsinin iddiaçıya təklif olunması zəruri hesab olunmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3397/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, tələb ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət olunmuş, həmin məktub oradan cavabdeh inzibati orqana göndərilmiş, cavabdeh orqan tərəfindən isə ona 23 may 2023-cü il tarixdə rəsmi qaydada cavab verilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki tələb ilə ilkin olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciəti olmamışdır. İş üzrə cavabdehə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Şəhid və şəhid ailəsi anlayışı. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçı tələbində mərhum oğlu X7 N sentyabr 2020-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xidmət etdiyini, bu zaman təsiyində müxtəlif medallarla təltif edildiyini, tərxis olunduqdan sonra səhhətində ciddi problemlər yarandığını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müayinə keçərək “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu qoyulmuş, həmin xəstəliyin “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması, “əngdə və çənədə ikinci hissəvi adentiya. Əngdə 11,12,13,14,16,21,22,25,27-ci dişlərin olmaması. Çənədə 44,45,35,36-cı dişlərin olmaması. 23,24,37,46,47-ci dişlərin kökü. Əlvan dəmirov” diaqnozu ilə şəhadətləndiyini, 23 yanvar 2023-cü il tarixdə gecə saatlarında qəflətən öldüyü qeyd edərək sonuncuya şəhid adının statusunun verilməsini xahiş etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon bölməsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, N6 nömrəli arayışından görünür ki, X9 həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 05 oktyabr 2009-cu il tarixdən 03 aprel 2011-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” qanuna əsasən N sentyabr 2020-ci il tarixdə qismən səfrbərliyə cəlb edilmişdir və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respulikası Silahlı Qüvvələrində N sentyabr 2020-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranıdır. Cəbrayıl, Zəngilan, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27 dekabr 2020-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. Göründüyü kimi mərhum Səlim Kərimov qismən səfərbərlik zamanı ordu sıralarına cəlb edilmiş əsgər olmuş, ona şəhid adının və statusunun verilməsinə dair müvafiq arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin müvafiq rayon şöbəsi tərəfindən verilməlidir. Lakin iddiaçı tərəfindən düzgün cavabdehə qarşı iddia tələbi ilə müraciət olunmamışdır və bu hal iddia tələbinin mümkün sayılmaması üçün əsaslardan biridir. Belə ki, hazırki tələb üzrə cavabdeh inzibati orqan səlahiyyətli deyildir. Məhkəmə tərkibi onu da qeyd edir ki, iddiaçının hazırki tələblə düzgün cavabdeh olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə ilkin müraciəti olmadığından ona İPM-in 13 maddəsi ilə yardım etmək vəzifəsinin icra edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçıya izah olunur ki, hazırki tələblə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə ilkin müraciət etməli, tələbi təmin olunmadığı halda qeyd edilən inzibati orqana qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır. Beləliklə, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3397/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar