Məhkəmə qərarları › İş №2-1(104)-733/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-733/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-733/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1798/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, V00092836QTV nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – M24.4, Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Bazu oynağının bankrot lezionu. Xəstəliyi hərbi travmadır hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Sağ bazu oynağının kəskin kantraturası. M24.5 Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası. Ağırlaşma – M25.5 Oynaqda ağrı, Ağrılı oynaq. Ağırlaşma – M19.2 Digər ikincili artroz, Sağ bazu oynağının deformasiyaedici artrozu. Ağırlaşma – M25.3 Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi. Ağırlaşma – T92.3 Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri, Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı).

2. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, V00092836QTV nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək, “Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası. LVEF-63%” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

3. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əlillik təyin olunmasından imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi.

4. İddiaçı müraciəti əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli nömrəli qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

5. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1218 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı “Funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyrinizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı. Somatogen mənşəli zəif nevrotik reaksiyalar. Fəsadlaşmış çoxlu karies” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

6. İddiaçı xx.xx.2010-cu il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ilkin İİİ dərəcəli, xx.xx.2012-ci il tarixədək Hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli, xx.xx.2013cü il tarixdən 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli, xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-cü il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli, xx.xx.2016-cı il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 5 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir.

7. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 604 nömrəli qərarına əsasən, sabiq hərbi qulluqçu kapitan İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 24.08.21-ci il tarixli 1018 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (Azərbaycan Respublikası DSX HH-nın 26.11.08-03.12.18-ci il tarixli 1605 №-li xəstəlik tarixi və MHHKnın 27.10.09 il tarixli 1218 №-li xəstəlik şəhadətnaməsi, Azərbaycan Respublikası DSX SQ-nın 02.09.21-ci il tarixli k/30/3027 N№-li arxiv arayışı, notarial qaydada təstdiq olunmuş travma haqqında şahid ifadələri) əsasən İddiaçı xx.xx.20N il tarixdə N saylı hərbi hissədə xidmət edərkən 1-ci SZ-na ezam olunmuş və fəlakət (sel) zamanı xidməti vəzifələrini icra edərkən atdan yıxılaraq sağ çiynindən zədə almış, ilkin tibbi yardım hərbi hissənin tibb məntəqəsində göstərilmişdir. 26.11.08-03.12.18-ci il tarixlərdə DSX Hərbi Hospitalinda stasionar müalicədə olmuşdur. Belə ki: - Dz: 1) Funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyri nizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı. 2) Somatogen mənşəli zəif nevrotik reaksiyalar. Fəsadlaşmış çoxlu karies. - 1) Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. - 2) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.

8. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, V00092836QTV nömrəli Forma-88-də qeyd olunlara əsasən, İddiaçı xəstəliyə görə ambulator müraciətləri: - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022); - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2023); - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022); - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022). - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022) - M24.4 Həkim müayinəsinin nəticələri: - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Bazu oynağının bankrot lezionu. (müayinə tarixi xx.xx.2023) - M25.3 Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi. ağrılı oynaq. Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kantraturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı). Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası. Ətraf əzələrinin atrofiyası. Daimi ağrı sindromu.Sol əlin tutma funksiyasının hər iki yuxarı ətrafın funksiyasının pozulması. (müayinə tarixi xx.xx.2023) - İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası İİİ f.s.teztez baş verən tutmalarla. Hipertoniya xəstəliyi İİİ mərhələ B faza,tez-tez baş verən hipertonik krizlərlə. (müayinə tarixi xx.xx.2023) Rentgenoqrafiya tək anatomik nahiyə -Sağ bazunun tez tez təkrarlanan adəti çıxığı, bazu sümüyünün başının subkortikal deffekti. Bazu oynağının Bankart lezionu. Sağ bazu oynağının qeyri stabilliyi. Ağrılı oynaq.Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kontrakturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı) Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. Sağ əlin tutma funksiyasının pozulması.Ağrı sindromu. Hər iki yuxarı ətrafın funksiyasının pozğunluğu. Ətrafların əzələ hipotrofiyası. Null (müayinə tarixi xx.xx.2022)

9. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə “M.C.Əliyev üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir (səh. 218).

10. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nın xx.xx.2023-cü il tarixli, T 710/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı X1 və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2023-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı (Bekart zədələnməsi), bazu oynağının qeyristabilliyi, sol tinüstü (supraspinator) köhnəlmiş yırtığı, ağrı sindromu, funksiya pozğunluğu ilə” diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Oynaqların kontrakturası, sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu sümüyünün başının subkortikal defekti, oynağın digər qeyri-stabilliyi, sağ bazu oynağının qeyri-stabilliyi” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır.

11. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nın xx.xx.2024-cü il tarixli, T 483/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə X3 və Trovmotologiya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı. Bazu oynağının qeyri-stabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill Sach lezionu), bazu oynağının Bancart zədələnməsi, bazu əzələlərin hipotrofiyası, tendinozu. Bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası. (aktiv uzaqlaşma = 30-35dər. rotasiya 20dər.) ağrı sindromu, sağ yuxarı ətraf funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. - Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ müalicə müəssisəsi olmadığından onun xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli F00004410FVP nömrəli Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnoz: M24.5- Oynaqların kontrakturası. Sağ bazunun tez-tez təkrarlanan adəti Çıxığı. Bazu sümüyünün başının subkortikal defekti. Bazu oynağının. Hərbi travmadır. Hərbi vəzifələrini yerinə yetirərkən almışdır. Ağırlaşmalar 192.3-Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasitasının nəticələri, sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı). Sağ bazu oynağının M24.5-Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. 273.6-Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması sağ əlin tutma funksiyasının pozulması Hər iki yuxarı ətraf funksiyasının pozulması; M19.2-Digər ikincili artroz. Sağ bazu oynağının deformasiyalı artrozu; M24.4- Oynaqların təkrarlanan çıxıq və burxulmaları. Bancart lezyon; M25.3 Oynağın digər qeyri-stabilliyi Sağ bazu oynağının qeyri stabilliyi; M25.5- Oynaqda ağrı. Ağrılı oynaq; M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ətraf əzələlərinin hipotrofiyası. R52.0-daimi ağrı sindromu. Yanaşı xəstəliklər: İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ B faza, tez-tez başverən hipertonik krizlərlə; İ20.8- Stenokardiyanın digər formaları. Ü.İ.X-yi. Gərginlik stenokardiyası İİİ f.s. tez-tez baş verən tutmalarla; M42-Onurğanın osteoxondrozu. Servikal osteoxondroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında təyin edilmiş və əyani müayinədə sağ bazunun uzaqlaşdırıcı hərəkətində krepitasiya eşidilmiş, bazu oynağında hərəkətlər ağrılı, tam həcimdə olmuş, əzələlərdə atrofiya qeyd olunmamışdır.

12. “Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞnin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xəstə İddiaçı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə ilk dəfə xx.xx.2023-cü il tarixdə olmuş, ona digər oynaqların posttravmatik artrozu, ikibaşlı əzələnin tendiniti, bazu oynağının kapsulbağ aparatının gərilməsi və zədələnməsi diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2023- cü il tarixdə əzələlərin dəqiqləşdirilməmiş birincili zədələnməsi, oynaqların kontrakturası, oynaqların təkrarlanan çıxıq və burxulmaları, hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, digər daimi ağrı diaqnozu, xx.xx.2024-cü il tarixdə oynağın digər qeyristabilliyi diaqnozları qoyulmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İnistitutda olarkən yenidən müayinə olunaraq əvvəlki diaqnozlara oxşar sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu oynağının qeyri-stabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill-sach lezionu, bazu oynağının bankart zədələnməsi, bazu əzələlərinin hipotrofiyası, tendinozu, bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası, (aktiv uzaqlaşma = 30-350 rotasiya + 200), ağrı sindromu, sağ yuxarı ətraf funksiyanın pozulması diaqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində birinci icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliyinə əsasən, orqanizmin funksiyasının pozulma faizinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 il Dövlət Sərhəd Xidmətində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmiş, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində hər iki qolu zədələnmiş, hətta ürəyində və boynunda da problemlər yaranmışdır. 2010-cu ildə fevral ayında mərkəzi TSEK-də müayinədə olmuş və ona 3-cü qrup əlillik təyin edilmişdir. O, qol və ürəyindən dəfələrlə stasionar və ambulator müalicələr almış, hər iki qolunun zədələnməsi onun əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olmuşdur. O, Travmatologiya İnstitunda müayinələrdə olmuş və ona “Sağ bazu oynağının qeyri stabilliyi. Kontrakturası və tez-tez təkrarlanan oynaq çıxığı və sol tinüstü əzələ vətərinin qopması” diaqnozu qoyulmuşdur. O, sağ qolunu sərbəst hərəkət etdirə bilmir, dərhal qolu kökündən çıxır, daima hər iki qolunun ağrısından əziyyət çəkir. O, xx.xx.2022-ci il tarixdə orqanizmin funksiyasının pozulma faizinin yenidən qiymətləndirilməsi üçün mərkəzi TSEK-də müayinədə olmuş, səthi qaydada baxılaraq nəticədə “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında 13.3.8 bəndində orqanizmin funksiyasının pozulma faizinin göstərilməsinə baxmayaraq, TSEK tərəfindən iddiaçının orqanizm funksiyasının pozulması faizi qiymətləndirilməmişdir.

15. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilən etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi və ona həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1798/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü ilədək qüvvədə olan redaksiyada 13.3.9-cu yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia mümkün sayılaraq icraata qəbul edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. İş üzrə tərərflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.3. Artrozlar M15-M19 Qiymətləndirmə 13.3.9. bazu sümüyünün psevdoartrozu: qeyri-stabil- 40% - müddətsiz (26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

27. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin hallarından görünür ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında iddiaçıya “Əsas diaqnoz – M24.4, Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun teztez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Bazu oynağının bankrot lezionu. Xəstəliyi hərbi travmadır hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır; Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Sağ bazu oynağının kəskin kantraturası. M24.5 Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası; Ağırlaşma – M25.5 Oynaqda ağrı, Ağrılı oynaq; Ağırlaşma – M19.2 Digər ikincili artroz, Sağ bazu oynağının deformasiyaedici artrozu; Ağırlaşma – M25.3 Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi; Ağırlaşma – T92.3 Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri, Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı)” diaqnozları qoyularaq bu barədə xx.xx.2023-cü il tarixli, V00092836QTV nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında cavabdeh orqan tərəfindən iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilərək, “Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası. LVEF-63%” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, daha sonra isə iddiaçının müraciəti əsasında yenidən əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli nömrəli qərar qəbul edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, V00092836QTV nömrəli göndərişdə qeyd olunan diaqnozlardan “Ağırlaşma – M19.2 Digər ikincili artroz, Sağ bazu oynağının deformasiyaedici artrozu” diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir (Bax: hazırki qərarın 25-ci bəndi).

31. Həmçinin, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunaraq sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu oynağının qeyristabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill-sach lezionu, bazu oynağının bankart zədələnməsi, bazu əzələlərinin hipotrofiyası, tendinozu, bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası, (aktiv uzaqlaşma = 30-350 rotasiya + 200 ), ağrı sindromu, sağ yuxarı ətraf funksiyanın pozulması diaqnozu qoyulmuşdur.

32. Məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” olması ilə bağlı qeyd edir ki, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli, 604 nömrəli qərarına əsasən, funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyri nizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı - Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.

33. Cavabdeh orqanın apellyasiya şikayətinin “məhkəmənin xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etməsi” dəlili ilə bağlı qeyd edilir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

34. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

35. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

37. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

38. Bundan başqa apellyasiya şikayətinin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi dəlilinə münasibətdə qeyd olunmalıdır ki, hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir, mübahisələndirilən inzibati akt xx.xx.2023-cü il tarixli olmaqla, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir (cild İ, səh. 1).

39. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

40. Belə olan halda iş üzrə iddia müddətinin ötürülməsi öz təsdiqini tapmamışdır və həmin əsasla iddia tələbi mümkünsüz sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1798/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar