Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-734/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon Ağköynək- Qarapapaq Bələdiyyəsinə qarşı “dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0,12 ha olmaqla satılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3369/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0,12 ha olmaqla satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 dekabr 2019-cu il tarixli bələdiyyənin aktında sadalananlar, yəni 2021-ci ildən hal-hazıra kimi bu barədə əvvəlki iddia ərizələrinə əlavə edilmiş sənədlər iş materiallarından göründüyü kimi alacaqları torpaqla bağlı ərizələri bələdiyyə tərəfindən qəbul edilmiş, bələdiyyənin xx.xx.2019-cu il tarixli, 27 saylı iclas protokolu tərtib olunmuş və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax rayonu İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinə müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli, 39 saylı məktubla müraciət olunmuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən isə xx.xx.2019-cu il tarixli, 58 saylı məktubla onların hər birinə torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmişdir. Tovuz Kadastr İdarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Eləcə də bələdiyyənin razılığı ilə onlar hər biri 0,12 ha həyətyanı torpaq sahəsinə 1210 (bir min iki yüz on) manat bələdiyyə büdcəsinə ödəməklə, onların hər birinə veriləcək torpaq sahəsi 40x30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları-ağır beton dayaqlarla yerin kənarları bərkidilmişdir. Lakin (bələdiyyənin 11 dekabr 2019-cu il tarixli həmin aktında qeyd edildiyi kimi) Əmlak Məsələləri Dövlət komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar qalaq sənədləşmə işləri isə yuxarı orqanların göstərişinə əsasən 2020-ci ilin yanvar ayına kimi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra isə sözügedən həyətyanı torpaq sahələrinin qərarının verilməsi hazırki Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova tərəfindən əngəllənmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3369/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı “dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0,12 ha olmaqla satılması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3369/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin sabiq hakimi Usaməddin Osmanovun bu şikayətə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardadında beş nəfər adından yazılmış iddiaların mümkünlük şərtlərinə əməl olunmaqla verildiyi, iddiaçıların iddia qaldırmaqda subyektiv hüquqa malik olduğu, iddianın düzgün cavabdehə qarşı verildiyi, iddianın ərazi və predmet aidiyyətinın düzgün müəyyən edildiyi qeyd edilmişdir. Lakin ilkin olaraq inzibati orqana müraciət edilmədiyi bildirilərək baxılması mümkünsüz sayılmışdır. Əslində isə bu şikayətə əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, ilkin olaraq bələdiyyəyə müraciət edilmişdir. Sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu ərizəyə əlavə edilmiş sərəncamında Respublika Prezidentinin 2003-cü il 13 yanvar tarixli №843-li fərmanı əsas götürülərək vətəndaşlara verilməsinin bilavasitə əsas götürüldüyü qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı izahat verərək bildirdi ki, iddiaçıların hər biri ayrı-ayrılıqda torpaq sahəsinin alğı-satqısına dair pulu ödəmişlər, lakin hazırki tarixədək torpaq sahəsi onlara verilməmişdir. Tələbləri həmin torpaq sahələrinin onlara verilməsidir. Odur ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur -2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dəyəri ödənilmiş həyətyanı torpaq sahəsinin satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-ci maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 9.1-cı maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
19. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslər torpaq sahəsi əldə etmək üçün bələdiyyəyə müraciət etdikdə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosedur həyata keçirilir. Bu barədə bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilməli və həmin qərar əsasında tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmalıdır. Yuxarıda qeyd edilən maddı hüquq normalarından görünür ki, bu proses zamanı müraciət edən hüquqi və fiziki şəxlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məbləğ bələdiyyənin hesabına köçürülməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı, X3, X4, X2 və X1 hər biri 1210,00 (bir mik iki yüz on) manat olmaqla vəsaiti Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin bank hesabına köçürmüşlər. Lakin köçürlmüş pulun təyinatı, yəni hansı məqsədlə bələdiyyə hesabına köçürülməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq bələdiyyənin nümayəndəsinin iştirakı ilə işin bu halı araşdırılmamışdır. Digər tərəfdən, qeyd edilən pul vəsaitinin təyınatı iddiaçının qeyd etdiyi kimi torpaq sahəsinin alğı-satqısı ilə bağlıdırsa, onda müvafiq bələdiyyədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun icraatın aparılmamasının və torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya satılmamasının səbəbləri müzakirə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallara hüquqi qiymət verilmədən iddia tələbi mümkün sayılmamışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3369/2024 saylı qərarı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.