Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-734/2025 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDAD Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2833/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamına əsasən, İddiaçı Cavabdehnə ünvanlandığı ərizəsi nəzərə alınaraq, Cavabdeh başçısının xx.xx.2003- cü il tarixli 66 nömrəli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 ha torpaq sahəsi, həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X7 olan “S.A.N.İ X14” MMC-nin icarəsinə 15 il müddətinə verilməsi qərara alınmış, Cavabdeh ilə X7 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilə təsdiq edilmiş, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.
2. Cavabdeh ilə X7 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 423 nömrəli müqaviləyə əsasən, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 26 nömrəli sərəncamı əsasında 15 ha torpaq sahəsi heyvandarlığı inkişaf etdirmək məqsədilə X3 icarəsinə verilmişdir.
İşdə olan sənədlər:
3. Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 66 nömrəli sərəncamına əsasən, Bərdə şəhəri, Natəvan küç., 20 saylı evdə yaşayan İddiaçı S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etirmək məqsədi ilə icarəyə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə Komissiyasının xx.xx.2003-cü il tarixli aktı təsdiq edilərək, ona icarəyə verilmişdir.
4. İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, səhhəti ilə əlaqədar olaraq icarəsində olan torpaq sahəsindən istifadə edə bilmədiyinə torpaq sahəsinin oğlu X3 istifadə etdiyi "xxxx" kəndli-fermer təsərrüfatının icarəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
5. X3 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, ərizədə X15 ilə birlikdə "xxxx" MMC yaratdığını, bütün iş fəaliyyəti dövrü ərzində onun maddi imkanı olmadığına görə həmin işin qurulması üçün lazım olan bütün vəsaitləri X8 verdiyini, onun da həmin vəsaitləri obyektin qurulmasına sərf etdiyini, onun həmin dövrədək adında 64 baş inəyin olduğunu, Əvəzlə birləşdikdən sonra inəklərin sayının 45 olduğunu və 64 baş inəyə görə Aqrolizinqə olan 40506 manat borcu onun əvəzindən Əvəzin ödədiyini, Əvəzlə birləşdikdən sonra Aqrolizinqdən 52 baş inəyi onun adına aldıqlarını, həmin 52 baş inəyin alınması üçün Əvəzin ona 39.600 manat pul verdiyini, onun da həmin vəsaiti Aqrolizinqə ödədiyini, inəklər gəldikdən sonra xx.xx.2018-ci il tarixədək X21 Ədalətin vasitəsilə onun əvəzindən 35.768 manat 91 qəpik ödədiyini, iş prosesi vaxtı MMC-də olan 40%-dən 20%-i 11 aprel 2017-ci il tarixdə X1, satdığı vəsaiti də özünə götürdüyünü, həmin MMC-nin yaradılması və tikilən obyektlərə alınan avadanlıqlara, alınana heyvanlara xərclənən bütün vəsaitləri Səfərli Əvəzin ödədiyini, indiyə qədər onun maddi imkanı olmadığına görə heç bir xərci çəkmədiyini, onun 20%-ə sahib olmaq üçün obyektə onun vəsaiti ilə qoyulan Səfərli Əvəz tərəfindən ona verilən ümumi məbləğdən 1.022.472 manatı Səfərli Əvəzə qaytarmalı olduğunu, bugünə qədər aralarında heç bir mübahisənin olmadığını, onun maddi imkanı olmadığını nəzərə alıb sülh şəraitində işlədiklərini, onun X15 və X16 heç bir iddiasının olmadığını, yuxarıda göstərdiyi borcunu yaxın vaxtlarda ödəməyi öhdəsinə götürdüyünü, bundan sonra çəkiləcək xərcləri ödəməyə söz verdiyini bildirmişdir.
6. X3 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, ərizədə Bərdədə olan heyvandarlıq ferması ilə əlaqədar X5 196.000 manat pul aldığını, onun həmin heyvandarlıq və "xxxx" MMC-yə heç bir iddiasının olmadığını, halallaşdıqlarını, gələcəkdə də bununla bağlı iddiasının olmayacağını, üçüncü bir şəxs tərəfindən iddia qaldırılmasına da cavabdehlik daşıdığını bildirmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-219/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərə Rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3115/2023 saylı qərarı ləğv edilməsi, yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilməsi, Bərdə rayonu, Çələbilər kəndi, S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı icarə hüququ 25 il müddətinə (xx.xx.2003-xx.xx.2028) qeydiyyata alınmışdır.
9. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-38/2-580/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə əsasən vergi ödəyicisi "xxxx" KFT MMC-dir və mübahisəli torpaq sahəsi üzərində mövcud tikililər "xxxx" KFT MMC tərəfindən inşa edilmişdir.
10. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-38/2-659/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 nömrəli 09 mart 2016-cı il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən 15 ha torpaq sahəsi “S.A.N.İ X14” MMC-nin icarəsinə 15 il müddətinə verilmişdir. Həmin sərəncam əsasında Cavabdeh ilə “S.A.N.İ X14” MMC arasında 09 mart 2016-cı il tarixli 423 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra torpaq sahəsi 09 mart 2016-cı il tarixdən “S.A.N.İ X14” MMC-nin istifadəsinə verilmiş və torpaq sahəsinin icarə haqqı 09 mart 2016cı il tarixdən başlayaraq 09 mart 2026-cı il tarixədək “S.A.N.İ X14” MMC tərəfindən ödənilmişdir. Torpaq sahəsi 09 mart 2016-cı il tarixdən hal-hazıradək “S.A.N.İ X14” MMCnin faktiki istifadəsindədir.
11. X7 xx.xx.2017-ci il tarixdə “S.A.N.İ X14” MMC-nin nizamnamə kapitalındakı 4 payın 50%-ni -2 payı X16, xx.xx.2018-ci il tarixdə qalan 2 payını X2, həmin müəssisənin dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliklə X8 payı 8 pay, X12 payı 2 pay olmuş və X7 həm payçılıqdan, həm də qanuni təmsilçilikdən çıxmış, onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarxidə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 26 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu İcra Hakimiyyəti başçısının 21 aprel 2003-cü il tarixli 66 saylı sərəncamı ilə ona S.S.Axundov adına təsərrüfatın istifadəsində olan 2 saylı qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi 15 ha torpaq sahəsi icarəsinə verilmişdir. Uzun illərdir həmin torpaq sahəsindən istifadə edir və ötən illər ərzində icarə haqqını vaxtıvaxtında ödəmişdir. İcarə hüquqlarının qeydə alıması üçün məhkəmədə iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-19/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazisində icarə hüquqlarını qeydə aldırmışdır və bu barədə ona xx.xx.2024-cü tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nomrəli çıxarış verilmişdir. Qeyd olunan 15 ha torpaq sahəsi 2003-cü ildən onun sahibliyində, istifadəsində və mülkiyyətindədir. Bu barədə hər-hansı şəxslə problemi olmamışdır. Bu günlərdə ona Gəncə Apellyasiya Məhkəməsindən məktub gəldikdən sonra məlumatı olmuşdur ki, üçüncü şəxs "xxxx" KFT MMC apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermişdir. Həmin işə baxılarkən təqdim edilmiş sənəddən görünür ki, guya o, Bərdə rayonu İcra Hakimiyyətinin başçısının 21 aprel 2003cü il tarixli, 66 saylı sərəncamı ilə onun icarəsinə verilmiş 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsindən ərizə yazaraq imtina etmişdir. Həmin imtina əsasında isə icarəsində olan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 26 saylı sərəncamı ilə "xxxx" X14 MMC-nin icarəsinə verilmişdir. O, heç vaxt belə bir ərizə verməmişdir. Ümumiyyətlə o, latın qrafikası ilə yazıb oxuya bilmir. Onun adından yazılmış həmin ərizəni o yazmamış və imzalamamışdır. Oradakı imza onun imzasına qətiyyən oxşamır, xəttşünaslıq ekspertizasından keçməyə hazırdır.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" X14 MMC zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
16. Üçüncü şəxsin vəkili (nümayəndəsi) tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, sənədlərdən görünür ki, Cavabdeh başçısının «ünvan 3 ünvanında yaşayan İddiaçı ərizəsi barədə» 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə - 1. ünvan 3 ünvanında yaşayan İddiaçı ərizələrinin nəzərə alınması; 2. Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirmək üçün 2 saylı qış otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan İddiaçı icarəsinə verilmiş 15 hektar torpaq sahəsi həmin torpaqda yaradılmış və icraçı direktoru oğlu X7 olan «S.A.N.İ. X14» MMC-nin icarəsinə 15 il müddətinə verilməsi; 3. Cavabdeh ilə Bərdə rayonunun ünvan 3 ünvanında yaşayan X7 arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi; 4. Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi; 5. Sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsi - qərara alınmışdır. Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında Cavabdeh ilə «S.A.N.İ. X14» MMC arasında Torpaq sahəsinin icarəyə verilməsi haqqında 423 nömrəli 09 mart 2016-cı il tarixli torpaq icarəsi müqaviləsi bağlanmış və Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında 19 sentyabr 2005-ci il tarixdə İddiaçı adına verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə koordinatları (sxemi) göstərilmiş, S.S.Axundov adına Aqro-istehsal müəssisəsinin ərazisində (Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində) yerləşən 15 hektar torpaq sahəsi «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilmişdir. Beləliklə, 09 mart 2016-cı il tarixdən başlayaraq qeyd edilən torpaq sahəsi «S.A.N.İ. X14» MMC-nin qanuni və faktiki istifadəsindədir. Lakin 2024-cü ilin sentyabr ayında İddiaçı müəssisələrinə gələrək 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X14» MMC-nin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində özünün icarə hüququnun qeydiyyata alınmasını təsdiq edən çıxarışı və həmin çıxarışın verilməsi üçün əsas olmuş məhkəmə qərarını onlara təqdim etmişdir. Həmin sənədlərlə tanış olduqdan sonra onlara məlum olmuşdur ki, İddiaçı «S.A.N.İ. X14» MMC-nin icarəsində olan Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2003-xx.xx.2028; 25 (iyirmi beş) il müddətinə Cavabdeh başçısının «ünvan 3 ünvanında yaşayan İddiaçı ərizəsi barədə» 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının qəbul edilməsi ilə qüvvədən düşmüş Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində yüklü edilən əmlakın nömrəsi **********14, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olmaqla qeydiyyata alınmış və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas isə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında onun adına 19 sentyabr 2005-ci il tarixdə verilmiş JN-8112 KOD 61000001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə əsasında istifadəsində olmuş Bərdə rayonu, Çələbilər ə/d, 2 saylı qış otlaq sahəsində yerləşən 15 ha torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsinə dair Cavabdehnə 2016-cı ildə ərizə ilə müraciət etməsi, onun ərizəsinin nəzərə alınaraq həmin torpaq sahəsinin Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı ilə «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilməsi, bu səbəbdən Cavabdeh başçısının 66 saylı 21 aprel 2003- cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab olunması, torpaq sahəsinin 09 mart 2016-cı il tarixdən «S.A.N.İ. X14» MMC-nin istifadəsində olması, oğlu X3 xx.xx.2019cu il tarixdən etibarən «S.A.N.İ. X14» MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması və təsisçilərinin tərkibindən çıxması halları ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsinə, daha sonra isə məhkəməyə məlumat verməmiş, bu hallar barədə qərəzli olaraq susaraq 7 saylı Bərdə Ərazi İdarəsini və məhkəməni aldatmış, nəticədə torpaq sahəsi üzərində mövcud olmayan icarə hüququnun qeydiyyata alınmasına dair əsassız iddiası təmin olunaraq torpaq sahəsinə onun icarə hüququnun 09 mart 2016-cı il tarixdən qüvvədən düşmüş Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamı əsasında qanunsuz və əsassız olaraq qeydiyyata alınmasına dair qərar qəbul olunmuş və son nəticədə əslində mövcud olmayan həmin hüquq qeydiyyata alınmışdır. Bunun nəticəsində isə torpaq sahəsinin həqiqi icarəçisi olan «S.A.N.İ. X14» MMC-nin hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bundan sonra «S.A.N.İ. X14» MMC ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-219/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilib, «S.A.N.İ. X14» MMC-nin üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(104)-219/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında «S.A.N.İ. X14» MMC-nin istifadəsinə verilmiş 15 ha torpaq sahəsi ilə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN-8112 KOD 61000001 saylı Şəhadətnamə ilə 2 saylı qış otlaq sahəsindən İddiaçı verilmiş 15 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasına təqdim edilmiş Rəylə müəyyən edilmişdir ki, Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamı əsasında «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilmiş 15 ha torpaq sahəsi ilə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN-8112 KOD 61000001 saylı Şəhadətnamə ilə 2 saylı qış otlaq sahəsindən İddiaçı verilmiş 15 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Bundan sonra X9 iş üzrə icraatın dayandırılmasına dair vəsatətlə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasına müraciət edərək Gəncə İnzibati Məhkəməsində «Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının ləğv edilməsinə dair» iddia qaldırdığını və həmin (hazırkı) işə baxılanadək Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının icraaıtnda olan 2-1(104)-219/2024 saylı inzibati işin icraatının dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasın xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırkı iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, mübahisəli torpaq sahəsi 09 mart 2016-cı il tarixindən hal-hazıradək «S.A.N.İ. X14» MMC-nin qanuni istifadəsindədir və həmin tarixdən hal-hazıradək həmin torpaq sahəsindən yalnız «S.A.N.İ. X14» MMC istifadə etmişdir. 09 mart 2016-cı il tarixindən sonra X9 mübahisəli torpaq sahəsindən istifadə etməmişdir. Əgər istifadə etmiş olsaydı, yaxud buna cəhd etmiş olsaydı, o zaman tərəflər arasında yaranmış hazırkı mübahisə də daha əvvəl yaranmış olardı. X4 iddia ərizəsində «Uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edirəm və ötən illər ərzində icarə haqqını vaxtlı-vaxtında ödəyirəm» iafdəsi həqiqətə uyğun deyil. Çünki həmin torpaq sahəsindən iddiaçı X9 09 mart 2016-cı il tarixindən sonra istifadə etmir, etməmişdir. X20 Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyd edilən başqa iş üzrə icraat dayandırıldıqdan sonra X4 adamları mübahisəli torpaq sahəsinə zorla girərək orada mal-qara otarmağa cəhd etmiş, yalnız «S.A.N.İ. X14» MMCnin hüquq mühafizə orqanlarına müraciətindən sonra onların bu qanunsuz hərəkətlərinin qarşısı alınmışdır. Qoşmada təqdim etdikləri «S.A.N.İ. X14» MMC-nin təsisçilərindən biri olmaqla xx.xx.2019-cu il tarixədək MMC-nin qanuni təmsilçisi olmuş X3 iddiaçı X6 oğlu) öz dəsti-xətti ilə xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə yazıb imzaladığı sənədlərdən görünür ki, onun, MMC-nin qanuni təmsilçisi olduğu dövrdə digər təsisçi X15 tərəfindən onun vasitəsilə mübahisəli torpaq sahəsində fəaliyyət göstərən «S.A.N.İ. X14» MMC-nin fəaliyyətinə, o cümlədən mal-qara alınmasına, mal-qaranın saxlanmasına, bəslənməsinə, bu məqsədlə torpaq sahəsində zəruri tikinti-quraşdırma işlərinin aparılmasına və digər zəruri xərclərin ödənilməsinə ümumi məbləği 1.022.472 (bir milyon iyirmi iki min dörd yüz yetmiş iki) manat pul xərclənmişdir. Qoşmada təqdim etdikləri fotoşəkillərdən görünür ki, 2016-cı ildən sonra mübahisəli torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı X6 iddia ərizəsində «Uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edirəm və ötən illər ərzində icarə haqqını vaxtlı-vaxtında ödəyirəm» ifadəsinin heç bir əsası yoxdur. Torpaq sahəsi 2016-cı ildən «S.A.N.İ. X14» MMCnin faktiki sahibliyində və qanuni istifadəsindədir. Ərizəçinin iddia ərizəsində mübahisəli torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsinə dair onun adından yazılmış və imzalanmış ərizəni özünün yazmadığını və imzalamadığını, latın qrafikası ilə oxuya bilmədiyini göstərməsinin də bir əsası yoxdur. Həmin ərizənin yazıldığı, imzalandığı, ərizəçi (iddiaçı) tərəfindən mübahisələndirilən 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamın verildiyi tarixdə «S.A.N.İ. X14» MMCnin qanuni təmsilçisi iddiaçı X6 öz oğlu - X7 – olmuşdur. Ərizənin yazılmasından, imzalanmasından, torpaq sahəsinin X10 ayrılması barədə Cavabdeh başçısının 66 saylı 21 aprel 2003-cü il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, Cavabdeh başçısının 26 saylı 09 mart 2016-cı il tarixli sərəncamının verilməsi, həmin sərəncam əsasında torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsinə verilməsi, 2016-cı ilin mart ayından etibarən torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsində olması, həmin ildən sonra torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilməsindən iddiaçı X6 bütün bu illər ərzində xəbəri, məlumatı olmaması mümkün deyildir. Digər tərəfdən iddiaçı X13 mübahisəli torpaq sahəsindən «uzun illərdir ki» necə istifadə edir ki, torpaq sahəsinin «S.A.N.İ. X14» MMC-nin icarəsində olmasını, torpaq sahəsində «S.A.N.İ. X14» MMC tərəfindən inzibati bina və heyvandarlıqla məşğul olmaq məqsədilə müxtəlif ölçüdə və təyinatda çoxlu binalar inşa edilməsini görməmişdir? Göstərilənlər iddiaçı X6 iddia ərizəsinin əsassız olduğunu mübahisəsiz olaraq təsdiq edir. Digər tərəfdən Azərbaycan Respublikası İPMnin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 saylı Qərarında aşağıdakılar göstərilmişdir: «1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar». İddiaçı X13 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini 9 (doqquz) il ötürmüşdür.
17. İddiaçının nümayəndəsi müddətin bərpasına dair ərizə təqdim edərək, iddia verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ildə mübahisəli ərazidən çıxarıldıqdan sonra sənəd işləri ilə məşğul olmuş, bu səbəbdən iddia müddətini ötürmüşlər.
19. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2833/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
20. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin "xxxx" KFT MMC-yə verildiyini bildiklərini bildirməklə, müddəti ötürdüyünü qəbul edərək, iddia müddətinin bərpasına dair ərizə vermiş, ərizəsində mübahisəli ərazidən 2022-ci ildən çıxarıldıqdan sonra bu torpaqla bağlı sənəd işləri ilə məşğul olduqlarından müddəti ötürdüklərini bildirmiş, lakin müddətin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir. Hazırkı işdə iddiaçının nümayəndəsinin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, üçüncü şəxsin vəkili (nümayəndəsi) isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı hazırki məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
28. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, iddiaçı apellyasiya şikayətində tələb üzrə müddətin ötürülmədiyini əsas gətirərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
34. Birinci instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən cavabdehin sərəncamının qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtinə - prosessual qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ilə bağlı şərtə riayət edilməməsi çıxış etmişdir. Belə ki, iddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamını məhkəməyə xx.xx.2025-ci ildə müraciət edərək mübahisələndirmiş, bununla da, həmin aktın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür.
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf təxminən 2016-2017-ci illərdə torpaq sahəsinin üçüncü şəxsə verildiyini bildirmiş, bundan başqa mübahisələndirilən sərəncamın qəbulundan sonra mübahisəli torpaq sahəsindən istifadə etmədiklərini, icarə haqqı və torpaq vergisi ödəmədiklərini, həmin ödənişlərin üçüncü şəxs tərəfindən həyata keçirildiyini etiraf etmişlər.
36. Digər tərəfdən prosessual müddətin ötürülməsinə dair ərizənin təqdim edilməsi də iddiaçının müddətin ötürüldüyünün etirafı kimi qiymətləndirilir. Belə olan halda iş üzrə araşdırılmalı olan məsələ müddətin məhz üzrlü səbəbdən ötürülməsi halının olmasıdır.
37. Təqdim edilmiş ərizə onunla əsaslandırılmışdır ki, 2022-ci ildə mübahisəli ərazidən çıxarıldıqdan sonra sənəd işləri ilə məşğul olmuş, bu səbəbdən iddia müddətini ötürmüşlər. Apellyasiya şikayətinin dəlillərində əlavə olaraq qeyd edilir ki, iddiaçı tərəf mübahisələndirilən sərəncam barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-219/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən şikayət verildikdən sonra məlumatlı olmuşdur.
38. Göründüyü kimi iddiaçı tərəf buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir.
39. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki iş üzrə qeyd olunan maneələr mövcud olmamışdır və iddiaçı müddəti 1 ildən çox müddətdə ötürmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməklə iddianın mümkün sayılmamasına dair gəldiyi nəticə düzgündür.
40. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
41. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
42. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
43. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
44. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər
45. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2833/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Əkrəm Qəhrəmanov