Məhkəmə qərarları › İş №2-1(104)-735/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-735/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-735/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X2 iştirakları ilə, “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-779/2024 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11364/2023 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-241 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi X7 tərəfindən İddiaçı bağışlanmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1595/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 Gəncə şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evində istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.

4. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı ölüm haqqında akt qeydindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1595/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışında üçüncü şəxslər X11, X4, X8, X10 və X1 ünvan 2 ünvanında qeydiyyatda olduqları göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X4, X8, X10 və X3 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxslər sözügedən evdə formal olaraq qeydiyyatdadır. O, üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-779/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Üçüncü şəxs X4 qərarın dəlillərindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının hüquqlarını və maraqlarını müdafiə etmiş, qarşı tərəfi məhkəməyə dəvət etmədən qanunsuz, əsassız və ədalətsiz qərar çıxarmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onun atası Tahir Həsənov mübahisəli mənzildə doğulmuşdur. O, 2022-ci ilin dekabr ayına, yəni ailə qurduğu tarixədək həmin evdə yaşamışdır. Atası xəstə olduğu dövrdə ev üçüncü şəxslərin imzası olmadan bağışlama müqaviləsi əsasında onun bibisi İddiaçı verilmişdir. Hazırda üçüncü şəxs onları həmin evdə yaşamağa qoymur.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi.

16. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası:

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-4587/2023 nömrəli qərardadı ilə iş üzrə üzrə üçüncü şəxs qismində icraata cəlb edilmiş X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür (Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı ölüm haqqında akt qeydi).

24. Buna baxmayaraq məhkəmənin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli 2-1(114)-779/2024 nömrəli qərarı ilə X6 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-735/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-779/2024 nömrəli qərarı X6 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

27. Apellyasiya şikayətinin dəlillərində üçüncü şəxs A.Həsənova birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilməməsi qeyd olunmuş, bunun təsdiqi kimi üçüncü şəxs məhkəmə iclasında bildirmişdir ki, o, 2022-ci ilin dekabr ayınadək mübahisəli mənzildə yaşamış, onun imzası olmadan mənzil bağışlama müqaviləsi əsasında bibisi- İddiaçı verilmişdir.

28. İşin halları ilə müəyyən olunur ki, mübahisləndirilən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Belə ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-241 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi X7 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı adına xx.xx.2015ci il tarixli **********15-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11364/2023 nömrəli məktubu).

29. Göründüyü kimi mübahisəli evin iddiaçıya məxsus olması təqdim olunan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının adına bağışlama müqaviləsi əsasında çıxarış verilmişdir. Çıxarış hazırda qüvvədədir, onun ləğvi və ya etibarsız sayılmasına dair heç bir sübut mövcud deyildir.

30. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 1595/2023 nömrəli qətnaməsi ilə üçüncü şəxs X5 Gəncə şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evində istifadə hüququnu itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə hazırki iş üzrə üçüncü şəxs Anabəyim Həsənovanın yaşayış sahəsində istifadə hüququnun yaranması müəyyən olunmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

33. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

34. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

35. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

36. Apellyasiya şikayətinin digər dəlili olan “tərəflərin məhkəməyə dəvət olunmadan qərar qəbul edilməsi”nə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli məhkəmə bildirişindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti baxılan hissədə təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-779/2024 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-779/2024 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar