Məhkəmə qərarları › İş №2-1(104)-736/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-736/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-736/2024 13.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh nümayəndələri X8 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 3 nömrəli qərarı ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi ərazidən 16300 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 2.014 manata X1.

2. Həmin torpaq sahəsinə dair 03 may 2006-cı il tarixdə X3 adına “Torpağa mülkiyyət hüququna dair” JN-2835 Kod 50401004 nömrəli Dövlət Aktı işlənilmişdir.

3. X7 qeyd olunan 1.60 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda yerləşən 1 nömrəli dövlət notariat kontorunda 4Ə-665 reyestr nömrəsi ilə təsdiqlənmiş alğısatqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı3 və İddiaçı2 satmış, sonuncuların torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixdə qeydə alınaraq, onlara bu barədə **********16 reyestr nömrəli ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.

4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçılara ünvanladığı xx.xx.2018ci il tarixli, 3/16-2384 nömrəli məktubunda Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin sağ tərəfindəki ərazidə Agentlik tərəfindən heç bir söküntü və tikinti işlərinin aparılmadığı bildirilmişdir.

5. Cavabdeh başçısının iddiaçıların vəkil olan nümayəndəsinə ünvanladığı xx.xx.2018ci il tarixli, 9-27/314 nömrəli cavab məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir rayon ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, MH-0000300 seriyalı, **********16 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətində olan 1.6 ha torpaq sahəsində hər hansı bir tikilinin yerləşmə sxemləri və cizgiləri barədə və həmin torpaq sahəsində hər hansı bir tikilinin aparılması üçün icazələrin verilməsi ilə bağlı Cavabdeh arxivində heç bir məlumat yoxdur.

6. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil iddiaçılara kompensasiya ödənilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 5-76/2-A-33- 130/2024 nömrəli imtina məktubunda Şəmkir şəhərində “Bayraq Meydanı”nın inşasının Cavabdeh tərəfindən həyata keçirilmədiyi bildirilmişdir. Odur ki, qeyd olunan mülki məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, **********16 reyestr nömrəli çıxarışla İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyəti kimi qeyd edilmiş 1.6 ha torpaq sahəsinin 2006-cı il üzrə və hazırkı vəziyyətinə dair təqdim etdiyi ortofoto görüntüləri ilə “Bayraq Meydanı” parkının daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, **********16 reyestr nömrəli çıxarışla İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyəti kimi qeyd edilmiş 1.6 ha torpaq sahəsində yerləşməsi müəyyən edilir.

8. “X4” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 112 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlən və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları müəyyən edildi. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha torpaq sahəsinin bütövlükdə Şəmkir şəhərində yerləşən “Bayraq meydanı” parkının tikintisinin altına düşdüyü müəyyən edilir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin orta bazar qiymətləri ilə təqribi dəyəri 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində müəyyən edilir.

9. “X4” MMC-nin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli, 112 saylı məktubda göstərilmişdir ki, Mərkəzə ünvanladığınız 09 oktyabr 2024-cü il tarixli, 2-1(104)- 736/2024 nömrəli məktubunuzda, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarından iş üzrə tərəflərin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işin məhkəmə icraatında olduğu göstərilmişdir. Bundan əlavə məktubda Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Mərkəzin mütəxəssisləri tərəfindən 15 iyul 2024-cü il tarixli, 112 nömrəli mütəxəssis rəyinin tərtib edildiyi və verilmiş rəylə bağlı müvafiq dəqiqləşdirməyə zərurət yarandığı qeyd edilmişdir. Məktubda göstərilənlərlə bağlı qeyd olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və ekspetizanın aparılması Mərkəzin mütəxəssislərinə həvalə olunmuşdur. Mütəxəssislər qarşısında üç sual qoyulmuş, suallardan biri (qərardadın üçüncü sualı) iddiaçıların mülkiyyətində olan 1.60 ha torpaq sahəsinin Şəmkir şəhərində yerləşən “Bayraq meydanı” parkının tikintisinin altına düşən hissəsinin 2012-ci ilə bazar dəyərinin müəyyən edilməsi olmuşdur. Bu və digər sualların həlli məqsədilə, mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və zəruri məlumatlar əldə olunmuşdur. Üçüncü sual üzrə, aparılmış ekspertiza zamanı, sözügedən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər, o cümlədən əmlakın yerləşdiyi ərazi tədqiq edilmiş və həmin ərazinin infrastruktur baxımdan şəhərin nüfuzlu (prestij) zonada yerləşməsi müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən qiymətləndirmə üzrə tədqiqat aparılaraq, müxtəlif elmi metodlara, həmçinin daşınmaz əmlakın alğı-satqısı və qiymətləndirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən əldə edilmiş şifahi sorğulara, qiymətlər barədə məlumatları özündə əks etdirən mənbələrə, Mərkəzdə olan qiymətlər barədə məlumat bazasına və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə istinad olunmuşdur. Buna əsəsən, şəhərin mərkəzində yerləşən 1.60 ha torpaq sahəsinin 1 sotunun bazar qiyməti ilə təqribi dəyəri 12000,0 manat, ümumi təqribi dəyəri isə 1.920.000,00 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan daşınmaz əmlakın dəyəri müəyyən edilərkən, qərardadın sualında qeyd edilən dövrü, yəni 2012-ci ili əhatə edən bazar qiymətlərinə uyğunlaşdırılmışdır. Beləliklə, məktubunuza cavab olaraq bildirilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin dəyəri 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Nəzərə almağınız xahiş olunur.

10. "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏEM/O 58-696/24 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan, Şəmkir şəhərində yerləşən 1.60 ha torpaq sahəsinin 2012-ci il tarixinə bazar dəyərini müəyyən etmək üçün əraziyə yerli baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Təqdim edilən döngə nöqtələrinin koordinantlarına əsasən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsi bütövlükdə Şəmkir şəhərində yerləşən “Bayraq Meydanı” parkının ərazisinə düşür. Əmlakın qiymətləndirilməsi zamanı hüquqi sənədlərə istinad edilmişdir. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alğı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Torpaq sahəsinin yerləşdiyi ərazi, ümumi sahəsi, forması, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan 1.60 ha torpaq sahəsinin Şəmkir şəhərində yerləşən “Bayraq Meydanı” parkının tikintisi altına düşən hissəsinin 2012-ci il tarixə olan Bazar dəyəri: 2.080.000,0 (iki milyon səksən min) manat təşkil edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli “Ekspertizanın aparılmasından imtina edilməsi barədə” məlumat məktubunda bildirilmişdir ki, yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2012-ci ildə növcud olmuş alğı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Şəmkir şəhərində yerləşən “Bayraq meydanı” parkının tikintisi altına düşən hissəsinin 2012-ci il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində **********16 reyestr nömrə ilə qeydə alınmış, Seriya MH 00000300 nömrəli xx.xx.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin sağ tərəfində yerləşən 1.6 ha (160 sot) torpaq sahəsində “Bayraq Meydanı” parkı inşa edildiyinə görə hər bir mülkiyyətçi üçün 1.600.000 manat, ümumilikdə 4.800.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına Cavabdehndən tutulması və iddiaçılara ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində **********16 reyestr nömrə ilə qeydə alınmış, Seriya MH, ******* nömrəli, xx.xx.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Səmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin H.Əliyev sağ tərəfində yerləşən 1.6 ha (160 sot) torpaq səhəsinin mülkiyyəçiləri İddiaçı2, İddiaçı3 və İddiaçı1dur. Deməli, yuxarıda göstərilən 160 sot torpaq sahəsi üzərində mülkiyyətçilərin birgə mülkiyyət hüququ toxunulmaz olmaqla yanaşı onların bu hüququ dövlət tərəfindən müdafiə olunur, eləcə də qanunla qorunur və mülkiyyətçilər, yəni iddiaçılar subyekt olaraq birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz istəklərinə uyğun sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdirlər. Cavabdeh tərəfindən 2012-ci ilin əvvəllərində, təxminən 4 ha (400 sot) torpaq sahəsi ərazisində, o cümlədən yuxarıda qeyd olunan torpaq sahəsi də daxil olmaqla Şəmkir şəhərində “Bayraq meydanı”nın inşa olunmasına başlanılmış və mülkiyyətçilərə xəbərdarlıq edilmədən, eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən həmin 160 sot torpaq sahəsi dövlət ehtiyacları adı altında əsassız olaraq alınmışdır. Əlbəttə ki, “Bayraq Meydanı”nın inşa edilməsi qürurla qarşılansa da, həmin 160 sot torpaq sahəsi üçün mülkiyyətçilərə hal-hazıradək kompensasiya ödənilməməsi hərəkətləri həm daxili qanunvericiliklə, həm də beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş tələblərə görə əsassız və qanunsuz hesab edilir. Eyni zamanda, İcra Hakimiyyətinin bu cür mövqeyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə qəbul edilən deyil. Xüsusi mülkiyyətdə olan 160 sot torpaq sahəsinin özgəninkiləşdirilməsinə görə, İcra Hakimiyyəti tərəfindən öncədən onun dəyərinin (eləcə də hal-hazıradək) ödənilməməsi hərəkətləri qanunsuz, eləcə də qərəzli olmuş və kompensasiya ödəmədən özgəsinə məxsus, yəni özgəsinin mülkiyyətində olan torpaq sahəsində inşa işlərinin aparılması ilə, maddi hüququn imperativ normasının tələblərinin bilə-bilə və kobud surətdə pozulmasına yol verilmişdir.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçıların vəsatətləri təmin edilməmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində kompensasiyanın tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qəraradı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil ərizəsinin təmin olunması, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 nömrəli qərarının “əsaslandırıcı hissəsinin 55-ci bəndində” və “qərara aldı hissəsinin” ikinci cümləsində “Cavabdehndən” sözlərindən sonra “dövlət büdcəsi hesabına” əlavə edilməklə düzəliş olunması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi Şəmkir şəhəri ərazisində aparılan abadlaşdırma işlərinin, o cümlədən “Bayraq meydanı” parkının salınmasının Cavabdehndən qeyri subyekt tərəfindən həyata keçirilməsini ağlabatan və inandırıcı hesab etməmişdir. İkinci tərəfdən isə, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xəbər portalından çıxarışlara əsasən məhkəmə Şəmkir şəhərində salınmış “Bayraq meydanı” parkının tikintisinin altına düşən iddiaçılara məxsus torpaq sahəsinə görə iddiaçıara heç bir kompensasiya məbləğinin ödənilməməsini cavabdeh orqanın qanunsuz hərəkətləri kimi nəzərdən keçirirək, qeyd etmişdir ki, bu hərəkətlər nəticəsində iddiaçıların konstitusion hüquq olan və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarına qəsd edilmişdir. Yəni, iddiaçılar “Bayraq Meydanı” adlı parkın tikintisi altına alınan və məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdırlar və Şəmkir şəhəri ərazisində parkın salınmasının, abadlaşdırma və yenidənqurma işlərinin rayon icra hakimiyyəti başçılarının göstərişi (sərəncamı) ilə, hazırkı işdə də məhz cavabdeh orqan tərəfindən həyata keçirilməsi mübahisəsiz hamıya aşkar olan haldır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılara məxsus 1.6 ha torpaq sahəsinin üzərində “Bayraq meydanı” adlı parkın inşa edilməsi ilə onların öz mülkiyyətlərindən məhrum edilməsinə yönəlmiş əməl (hərəkət) mövcuddur, həmin torpaq sahəsinə görə iddiaçılara hər hansı kompensasiya məbləği ödənilmədiyinə görə cavabdehin bu barədə əməli (hərəkəti) hüquqazidd davranış olmuşdur və əməldə cavabdeh orqanın təqsiri aşkar və birmənalıdır.

19. Birinci instansiya məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məhrum edilmələrini belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə də iddiaçıların torpaq sahəsindən uzun müddət məhrum olmalarını (2012-ci ildən) və torpaq sahəsinin yerləşmə yerini (şəhərin mərkəzi prospekti ilə magistral yolun kəsişməsində yerləşməsini) nəzərə alaraq, həmin məbləği, bazar qiymətinə uyğun və ədalətli hesab etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

21. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılara məxsus torpaq sahəsində inşa edilmiş “Bayraq Meydanı” parkının salınması Cavabdeh tərəfindən aparılmamışdır. Məhkəmə qərarında “Bayraq Meydanı” parkının salınmasını ətraflı araşdırmadan həmin parkın Cavabdeh tərəfindən salınması ilə bağlı səhv nəticəyə gəlmişdir. Məhkəmə qərarında xəbər portalından çıxarışlara istinad etmiş olsa da, tikinitinin kimin tərəfindən aparılması barədə iş materiallarında mötəbər sübutlar müəyyən edilməmişdir. “Bayraq Meydanı” parkının salınaraq iddiaçıların onlara məxsus torpaq sahəsindən məhrum olmasında Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmadığından Cavabdeh mülki hüquq pozuntusu (delikt) törədilməsi kimi qiymətləndirilməməlidir. Həmçinin, məhkəmə tərəfindən istinad olunmuş ekspert rəyini tamamilə əsassız hesab edilir. Belə ki, həmin ekspert rəyi “X4” tərəfindən verilmişdir ki, qeyd olunan Ekspertiza Mərkəzinin rəyində torpaq sahəsinin dəyəri həddindən artıq yüksək qiymətləndirilmiş, həmçinin ekspertiza keçirilməsində Cavabdeh nümayəndəsinin iştirakı təmin edilməmişdir. Ona görə də hesab edilir ki, iş üzrə təkrar ekspertiza təyin edilməli, Cavabdeh nümayəndəsinin iştirakı ilə torpaq sahəsi yenidən ölçülməli və torpaq sahəsi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olaraq təmin edilmişdir.

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndələri X8 və X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.

29. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

30. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında “ Əsasnamə: Bənd 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Bənd 1.3. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. İPM-in 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsi haqqında iddiadır.

42. Göründüyü kimi, apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edildiyi hissəsinin ləğvinə yönədiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı iddianın təmin edildiyi hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

45. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 3 nömrəli qərarı ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi ərazidən 16300 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə X1. Həmin torpaq sahəsinə dair 03 may 2006-cı il tarixdə X3 adına “Torpağa mülkiyyət hüququna dair” JN-2835 Kod 50401004 nömrəli Dövlət Aktı işlənilmişdir.

46. X7 qeyd olunan 1.60 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda yerləşən 1 nömrəli dövlət notariat kontorunda 4Ə-665 reyestr nömrəsi ilə təsdiqlənmiş alğısatqı müqaviləsi əsasında hazırki iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 satmış və sonuncuların torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixdə qeydə alınaraq, onlara bu barədə **********16 reyestr nömrəli ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.

47. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Bakı-Qazax magistral avtomobil yolunun kəsişdiyi ərazidə yerləşən 1.60 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olmuşdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçılarının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onların birgə mülkiyyətində olan 1.60 ha torpaq sahəsinin bütövlükdə üzərində “Bayraq Meydanı” inşa edilmişdir. Sözügedən torpaq sahəsi üzərində iddiaçıların öz mülkiyyət hüquqlarını realizə edə bilməmələri, həmçinin torpaq sahəsinin üzərində “Bayraq Meydanı”nın inşa edilməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisələndirilən hal “Bayraq Meydanı”nın inşasının cavabdeh tərəfindən aparılması ilə bağlıdır.

49. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçılara məxsus torpaq sahəsində inşa edilmiş “Bayraq Meydanı” parkının salınması Cavabdeh tərəfindən aparılmamışdır. Məhkəmə qərarında “Bayraq Meydanı” parkının salınmasını ətraflı araşdırmadan həmin parkın Cavabdeh tərəfindən salınması ilə bağlı səhv nəticəyə gəlmişdir. Məhkəmə qərarında xəbər portalından çıxarışlara istinad etmiş olsa da, tikinitinin kimin tərəfindən aparılması barədə mötəbər sübutlar müəyyən edilməmişdir. “Bayraq Meydanı” parkının salınaraq iddiaçıların onlara məxsus torpaq sahəsindən məhrum olmasında Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmadığından Cavabdeh mülki hüquq pozuntusu (delikt) törədilməsi kimi qiymətləndirilməməlidir.

50. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan X2 “AZƏRTAC” xəbər portalından çıxarışdan görünür ki, Cavabdeh başçısının müavini Faxrəddin Vəliyev verdiyi müsahibəsində bildirmişdir ki, Şəmkir şəhərində 4 hektar sahəni əhatə edən yeni Bayraq meydanı inşa edilir. Bayraq dirəyinin hündürlüyü 98 metr nəzərdə tutulmuşdur. Meydanda dalğalanacaq bayrağın eni 20 metr, uzunluğu isə 40 metr olacaqdır. Hazırda meydanda abadlıq və yaşıllaşdırma işləri aparılır. Burada sakinlərin dincəlmələri üçün geniş bir ərazidə istirahət parkı salınır. Ümumilikdə Bayraq meydanının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsinin kütləvi informasiya vasitələrinə müsahibə verərkən inşa edilən “Bayraq Meydanı”na dair verdiyi məlumatlarda o, “Bayraq Meydanı”nın inşası ilə (layihə və tikinti işləri) bağlı konkret ölçülər və texniki göstəricilər barədə məlumat verir (dirəyin hündürlüyü, bayrağın ölçüləri və s.), bu da layihə və tikinti işlərinin bütün detalları ilə tanış olduğunu göstərir. Həmçinin meydanda aparılan abadlıq və istirahət parkının salınması işlərini, həmçinin tikinti və abadlıq işlərinin dəqiq tamamlanma müddətini qeyd etməsi layihə əsasında görülən işlərin bilavasitə cavabdeh inzibati orqanın nəzarəti ilə aparıldığını göstərir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsinin bu çıxışı parkın inşasının Cavabdeh tərəfindən həyata keçirilməsinə dəlalət edir.

52. Digər tərəfdən, sübuta ehtiyacı olmayan haldır ki, rayon ərazisində aparılan tikinti, abadlıq və yenidənqurma tədbirləri müvafiq rayon icra hakimiyyətinin başçısının qərarı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən müvafiq icra hakimiyyəti rayon ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını dövlət orqanı kimi təmin etməlidir. Kollegiya qeyd edir ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Yəni, müvafiq ərazidə “Bayraq Meydanı”nın inşası işlərinin birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında həyata keçirilə bilər. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə iddiaçılara məxsus torpaq sahəsi üzərində meydanın salınmasının cavabdeh tərəfindən həyata keçirilməsi öz təsdiqini tapır.

53. Göründüyü kimi, milli qanunvericilik şəxsin mülkiyyət hüquqlarına dövlət ehtiyacları tələb etdiyi hallarda qanunda nəzərdə tutulmuş qaydada müdaxilənin hüquqi prosedurlarını aydın formada müəyyən etmişdir. Mülkiyyətə xitam verilməsi mülkiyyətçiyə həmin əmlaka münasibətdə onun ədalətli bazar dəyərinin ödənilməsi yolu ilə mümükündür.

54. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

56. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

58. Yuxarıda sadalanan normaların mahiyyəti, Avropa Məhkəməsinin president hüququndan və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

59. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçılar özlərinə məxsus əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç sərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmus sərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir.

61. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçılar faktiki olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçılara maddi ziyan vurulmuşdur. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçılara birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarına görə cavabdehin iddiaçılar qarşısında məsuliyyət daşıması müəyyən olunmuşdur. Şəxsin mülkiyyətinə vurulmuş ziyan isə əgər ziyanın vurulması sübut olunarsa ödənilməlidir.

62. Birinci instansiya məhkəməsi iddiaçıların məhrum olduqları 1.6 ha torpaq sahəsinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və “X4” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin orta bazar qiymətləri ilə təqribi dəyəri 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir.

63. Rəydə torpaq sahəsinin orta bazar qiymətləri ilə təqribi dəyəri 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində müəyyən edilmiş olsa da, həmin dəyərin hansı dövrə münasibətdə müəyyən edilməsi rəyin giriş hissəsində qeyd edilsə də, lakin nəticə hissəsində konkret olaraq qeyd edilmədiyindən məhkəmə kollegiyası tərəfindən “X4” MMC-yə sorğu ünvanlanmış və qeyd olunan hala müfəssəl məlumat, yəni rəyin nəticə hissəsində iddiaçılara məxsus Şəmkir şəhərində yerləşən 1,60 ha torpaq sahəsinin müəyyən edilmiş dəyərinin 2012-ci ildə və ya hazırkı mövcud bazar dəyərinin əks etdirdiyi barədə məlumat verilməsi xahiş olunmuşdur.

64. “X4” MMC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 112 nömrəli məktubda bildirilmişdir ki, iddiaçıların mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin dəyəri 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir.

65. Bundan başqa, apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisəli əmlakın qiymətləndirilməsi ilə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

66. "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏEM/O 58-696/24 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ərazi, ümumi sahəsi, forması, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan 1.60 ha torpaq sahəsinin 2012-ci il tarixə olan bazar dəyəri 2.080.000,0 (iki milyon səksən min) manat təşkil edir.

67. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakın alınma (ziyanın vurulduğu) dövrünə müəyyən edilmiş dəyərinə münasibətdə birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş mütəxəssis rəyi ilə hazırki mütəxəssis rəyi arasında fərq olmamış, demək olar ki, eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş mütəxəssis rəylərini əsaslı hesab edir. Belə ki, məhkəmələr tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, əmlakın dəyəri torpaq sahəsinin yerləşdiyi ərazi, ümumi sahəsi, məqsədli təyinatı, həmin dövrə aid alğı-satqı məlumatları və digər parametlər nəzərə alınmaqla müəyyən edilmiş, rəylər kifayət qədər tam və aydındır, qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Bununla da apellyasiya şikayətinin ekspertiza mərkəzinin rəyində torpaq sahəsinin dəyərinin həddindən artıq yüksək qiymətləndirilmiş olması ilə bağlı dəlili əsassız olmuşdur.

68. Həmçinin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli digər bir qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə, daşınmaz əmlakın dəyəri müəyyən edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.

69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli “Ekspertizanın aparılmasından imtina edilməsi barədə” məlumat məktubunda bildirilmişdir ki, yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2012-ci ildə növcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından Şəmkir şəhərində yerləşən “Bayraq meydanı” parkının tikintisi altına düşən hissəsinin 2012-ci il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır.

70. Məhkəmə kollegiyası həmçinin bir xüsusatı da vurğulamağı zəruri hesab edir ki, işin birinci instansiya məhkəməsindəki icraatı zamanı məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Dövlət Notariat Arxivi tərəfindən Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində 08 noyabr 2012-ci il tarixdə 4Ə-04-484 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin surəti məhkəməyə göndərilmişdir.

71. Həmin müqaviləyə nəzər yetirildikdə müəyyən edilir ki, müqavilənin predmeti olmuş torpaq sahəsi hazırkı iş üzrə isə mübahisəli əmlakın yerləşdiyi Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Bakı-Qazax magistral avtomobil yolunun kəsişməsində deyil, Şəmkir şəhərinin digər ərazisində yerləşmişdir. Digər tərəfdən, qeyd edilən alğı-satqı müqaviləsinin predmeti olmuş daşınmaz əmlak həyətyanı torpaq sahəsi olduğu halda, hazırki mübahisəli əmlak isə sahibkarlıq məqsədi ilə verilmiş torpaq sahəsidir. Odur ki, qeyd olunan müqavilə hazırki mübahisəyə münasibətdə sübut kimi qiymətləndirilə bilməz.

72. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

73. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2772/2024 saylı qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar