Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-736/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarın ləğvi və ikinci dərəcə müddətsiz əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2040/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qiymətləndirməsi nəticəsində “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” diaqnozu ilə İddiaçı Tam reabilitasiya olması (“Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
2. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2024-cü il tarixində Agentlikdə aparılan xüsusi səbəblərlə əlaqədar əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə əsnasında tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Hərbi şəhadətnamə və ya qərarı “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsisteminə” daxil edildikdən sonra əvvəlki əlilliyinə dair məlumatlar müvafiq qaydada “Əlillik” altsisteminə daxil ediləcəkdir.
İşdə olan sənədlər:
4. TSEK müayinə aktlarından çıxarışlara əsasən, İddiaçı xx.xx.1998-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli müddətsiz, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək hərbi xidmət borcunu yerinə yetirməklə əlaqədar İİ dərəcəli, xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
5. Əlillik altsistemindən çıxarışa əsasən, İddiaçı xx.xx.1998-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” diaqnozu ilə müddətsiz İİİ dərəcəli əlillik, xx.xx.2005-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) müharibə əlilləri üçün İİ qrup təqaüd təyin edilmişdir.
7. Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 18 saylı regional ərazi filialının xx.xx.2021ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 18 saylı regional ərazi filialından Sosial X4 məlumata əsasən ARM zamanı müddətsiz 2-ci dərəcə əlilliyə görə ayda 350.00 manat Prezident təqaüdü təyin olunmuşdur.
8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş aşkar edilməmişdir. Əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə vətəndaş xx.xx.2024-cü il tarixində Agentliyə qəbula dəvət olunmuşdur. Müayinə zamanı tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. İddiaçı dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində məlumat aşkar olunmamışdır.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində xx.xx.1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının; xx.xx.2001-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatının; xx.xx.2005-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik Altsisteminə daxil edilməsi və xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən, Kəlbəcər RHK tərəfindən 1987-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində xidmət keçmiş, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrinin yerinə yetirərkən aldığı, xx.xx.1988-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 333 nömrəli hərbi hospitalda müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Sağ qamış sümüyünün qəlpəli açıq sınığından sonrakı sağ aşağı ətrafın 1,5 sm qısalığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2025 ci il tarixli 3-43-32/2-149/2025 nömrəli göndərişi, xx.xx.2025 -ci il tarixli 3-43-32/2-70 2025 nömrəli arayışı, Rusiya Federasiyası 333 nömrəli hərbi hospitalı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 1270 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.
11. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial ödənişin inventarlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən, 3-17-4/3-3-175/2025 nömrəli məktub əsasında İddiaçı xx.xx.1998-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən əlilliyi mövcud olmuşdur və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olması barədə qarar qəbul edilmişdir. Bu səbəbdən xx.xx.2008-xx.xx.2025-ci tarixədək artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Təqaüd işi dayandırılmışdır.
12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq xx.xx.1998-ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, xx.xx.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, xx.xx.2005-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz aparılmış əlillik təyinatı barədə qərar “Əlillik” altsisteminə daxil edilərək, xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması qərarı qəbul edilmişdir.
13. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sosial ödənişlər” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-175/2025 nömrəli qərarına əsasən əlilliyinin ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixindən tam reabilitasiya olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı təqaüd ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır.
14. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1- 79388/2025 nömrəli xidməti məktubuna əsasən İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup müharibə əlillərinə təqaüd üzrə aylıq 400,00 manat olmaqla xx.xx.2025-ci il tarixinədək ödəniş həyata keçirilmiş, tam reabilitasiya olunması səbəbindən təqaüdün ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinə dair məlumatların “Əlillik” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı il tarixdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun 1-ci kursunu bitirdikdən sonra SSRİ ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış və BAM Dəmiryolu qoşunlarında xidmət keçmişdir. Hərbi xidmət dövründə xx.xx.1987-ci ildə travma alaraq uzun müddət hospitallarda müalicə alaraq hərbi həkim komissiyasının rəyi ilə ordudan təxris olunmuşdur. Hərbi travma ilə əlaqədar 1989cu ildən əlilliklə bağlı pensiya almışdır. Ona 1989-cu ildən 2001-ci ilədək İİİ dərəcə müddətli və müddətsiz əillik, 2001-ci ildən 2005-ci ilədək İİ dərəcə müddətli əlillik, 2005-ci ildən isə İİ dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixinədək müddətsiz əlilliklə bağlı pensiyasını almışdır. May ayından pensiyası kəsildikdə ƏƏSMN “142” Çağrı Mərkəzi ilə əlaqə saxlamış və ona sənəd çatışmazlığı olduğu bildirilmışdır. Bundan sonra ƏƏSMN tabeliyində DSMF Şərqi Zəngəzur regional filialına sənədlərlə birlikdə müraciət etmiş və müraciəti Nazirliyə yönləndirilmişdir. Müraciətinə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialdan və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialdan bir-birinə zidd cavablar göndərilmişdir. xx.xx.2024-cü il tarixli DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiyasının səhv hesablandığı artıq ödənilmiş pensiyanın tutulduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda “Əlillik” altsistemində olan məlumatlara əsasən, əlilliyi müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsinin mümkün olmadığı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli olduğu bildirilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filial tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1998-ci il tarixdən müddətsiz əlilliyi elektron “Əlillik” altsistemində qeydə alınmadığı üçün pensiya təyinatının mümkün olmaması bildirilmişdir. Bundan sonra ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə çağırılmışdır. Əyani müayinə nəticəsi olaraq tibbi sənədlərindəki diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılaraq əlilliyə əsas verən patofunksional pozuntuların aşkarlanmadığı qənaətinə gəlinmişdir. Həmçinin ona göndərilən məktubda hərbi şəhadətnamə və ya qərarın “Hərbi-həkim ekspertizası və tibbi şəhadətlandirmə altsisteminə” daxil edildikdən sonra əvvəlki əlilliyinə dair məlumatın elektron sistemə daxil ediləcəyi bildirilmişdir. O, Hərbi şəhadətnamə və ya qərarın əldə edilməsi üçün müvafiq qurumlara, o cümlədən Müdafiə Nazirliyinə və Kəlbəcər Komisarlığına müraciət etsə də, sənədlərin olmadığı bildirilmişdir. Lakin iş materiallarına əlavə etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli arayışda 15 iyun 1988-ci il tarixdən 11 iyul 1988-ci il tarixədək RF MN 333 saylı Hərbi Hospitalının Travmatologiya şöbəsində “sağ qamış sümüyünün açıq qəlpəli sınığından sonra sağ aşağı ətrafın 1,5 sm qısaldılması” diaqnozu ilə müalicə olunmağı, xx.xx.1988-ci ildə Hərbi Həkim Komissiyasından keçməsi və N saylı hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş xx.xx.1988-ci il tarixli 216 saylı arayışa əsasən travmanın hərbi xidmət keçmə zamanı alındığı qeyd edilmişdir. Həmin arayışın verilməsinə əsas kimi Rusiya Federasiyasının MN 333 saylı Hərbi Hospitalının 185 nömrəli xx.xx.2002-ci il tarixli arayışın olması göstərilmişdir. Kəlbəcər Hərbi Komissarlığına sorğu əsasında daxil olmuş 333 saylı Hərbi Hospitalın həmin məlumatların daxil olduğu xx.xx.2002-ci il tarixli arayışının surəti də iş materiallarına əlavə edilmişdir. Həmçinin, 333 saylı hərbi hospitaldan xəstəlik tarixçəsindən çıxarışın göndərildiyi xx.xx.1998-ci il tarixli məktub da mövcuddur. TSEK-in müxtəlif vaxtlarda verdiyi müayinə aktları ilə barəsində İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və travmanın hərbi xidmət vəzifəmin yerinə yetirilərkən alınması qeyd edilmişdir.
17. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi. İmtina edilmənin səbəbi Tam reabilitasiya olması - Səbəb: “Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Gəncə şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövründə baş vermiş qəza ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 00235) Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2001-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 299150) Yenidən əlillik vəziyyəti xx.xx.2005-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 958497). Vətəndaş əlillik təyinatlarının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Hərbi şəhadətnamə/Qərar, Hərbi bilet təqdim etməmişdir. Həmçinin, “Hərbi Həkim Ekspertizası və tibbi şəhadətləndirmə” Alt sistemində vətəndaşa dair Qərar/Şəhadətnamə tapılmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Əlillik alt sisteminə daxil edilmək üçün müraciət etmiş, 37 ildir əlilliyi olduğunu söyləmişdir. Başağrıları, yaddaş zəifliyi, halsızlıq, sağ aşağı ətrafındakı ağrılar, görməsindəki zəiflikdən şikayətlənmişdir. Əyani müayinə zamanı sağ baldırın orta 1/3-də çapıq izlənilmiş, sağ aşağı ətrafın 1,5-2 sm qısalığı ölçülmüş, hərəkətləri sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Pensiya AS-dən götürülmüş məlumata əsasən vətəndaş xx.xx.1994-cü ildən xx.xx.2024-cü il tarixinədək Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik kimi müavinət almışdır. Vətəndaşın öncəki əlillik təyinatlarının səbəb-əlaqəsini təsdiq edən sənəd təqdim edilmədiyindən səbəb-əlaqənin Ümumi xəstəlik kimi seçilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, xx.xx.1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının; xx.xx.2001ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatının; xx.xx.2005-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik Altsisteminə daxil edilməsi və xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin onun “tam reabilitasiya olunmasına” dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edilməklə bərpa edilməsi” tələbinə dəyişdirilmişdir.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2040/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutun nədən ibarət olmasını bildirməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
22. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməli olduğu halda edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmuş və ona xx.xx.1998-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli müddətsiz, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək hərbi xidmət borcunu yerinə yetirməklə əlaqədar İİ dərəcəli, xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
32. Bundan sonra cavabdeh əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə iddiaçını əyani müayinəyə dəvət etmiş, müayinə zamanı tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmadığından Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qiymətləndirməsi nəticəsində “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” diaqnozu ilə İddiaçı Tam reabilitasiya olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
33. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq xx.xx.1998-ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, xx.xx.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, xx.xx.2005-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz aparılmış əlillik təyinatı barədə qərar “Əlillik” altsisteminə daxil edilərək, xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması qərarı qəbul edilmişdir.
34. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edilməklə bərpa edilməsinə nail olmaqdır.
35. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.
37. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.
38. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq “Tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.
39. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
40. Cavabdehin mövqeyinə görə xx.xx.2005-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal sonuncunun əlillik vəziyyətinin Əlillik alt sisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət olmuşdur. Belə ki, bu müraciət əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə əyani müayinəsi aparılaraq hazırda mübahisələndirilən əlverişsiz inzibati akt qəbul edilmişdir. Lakin iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair qərarda heç bir əsaslandırılma və ya təyin edilmiş əlilliyin əsassız təyinatını təsdiq edəcək heç bir sübuta istinad olunmamış, qərarda heç bir əsaslandırılma qeyd edilməmişdir.
41. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
45. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
46. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
47. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin ləğvinə yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2040/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov