Məhkəmə qərarları › İş №2-1(104)-738/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-738/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-738/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-243/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya 25 fevral 2013-cü il tarixində Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək pensiyasının yenidən düzgün hesablanmasını xahiş etmiş, cavabdehin müvafiq məktubu ilə, onun əmək pensiyasının yenidən hesablanaraq 455,26 manatdan 477,96 manata artırıldığı və keçmiş müddət üçün ona ödənilməli olan 670,84 manat fərq məbləği müəyyən edildiyi, həmin məbləğin isə hissə-hissə pensiyanın üzərinə əlavə olaraq kart hesabına köçürüldüyü bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2013-cü il 25 fevral tarixindən hal-hazırki günədək pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 fevral 2013-cü il tarixində Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin iddiaçı dəfələrlə əmək pensiyasının düzgün hesablanması ilə bağlı ərizə ilə ƏƏSMN-nin tabeliyində olan DSMF-yə müraciət etsə də, iş stajı nəzərə alınmamış və ona verilən əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, cavabdeh orqanın 01 dekabr 2014-cü il tarixli məktubunda əmək pensiyasının məbləği 193,77 manat, həmin fondun xx.xx.2015-ci il tarixli məktubunda isə 195,28 manat təşkil etdiyi bildirilmişdir. Bundan başqa ƏƏSMN-nin tabeliyində olan DSMF-nin 12 oktyabr 2020-ci il tarixli cavab məktubunda ona verilən pensiyanın 378,46 manata çatdırıdığı bildirilmiş, ƏƏSMN-nin tabeliyində olan DSMF X1 üzrə Mərkəzi Filalının 23 dekabr 2020-ci il tarixli cavab məktubunda isə ona verilən əmək pensiyasının 384,93 manat artırıldığı bildirilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən mobil telofonuna göndərilən mesajda xx.xx.2019cu ildən pensiyasının yenidən hesablanıb 395.23 manata çatdırıldığı qeyd edilmişdir. Göründüyü kimi müraciətlərinə cavab məktublarında fərqli cavablar verilmiş, iş stajı nəzərə alınmamış və ona verilən əmək pensiyası düzgün hesablanmamışdır. Həmçinin bu fakt ərizəyə əlavə edilmiş Kapitalbank və Beynəlxalq Bank tərəfindən verilmiş hesabdan çıxarışla öz təsdiqini tapır. Məhz bu səbəblərdən cavabdeh orqana ərizə ilə müraciət edərək pensiyasının yenidən düzgün hesablanmasını xahiş etmiş, cavabdehin müvafiq məktubu ilə, onun əmək pensiyasının yenidən hesablanaraq 455,26 manatdan 477,96 manata artırıldığı və keçmiş müddət üçün ona ödənilməli olan 670,84 manat fərq məbləği müəyyən edildiyi, həmin məbləğin isə hissə-hissə pensiyanın üzərinə əlavə olaraq kart hesabına köçürüldüyü bildirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-243/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 455,26 manatdan 477,96 manata artırılmış və keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 670,84 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 670,84 manat fərq məbləği 2022-ci ilin iyul ayından etibarən hissə-hissə pensiyasının (477,96 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Bundan əlavə, məhkəmə iddiaçıya ödənilmiş pensiya məbləğinin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə təqdim edilmiş ekspert rəyində də iddiaçıya hazırda ödənilən 477,96 manat əmək pensiyası məbləğinin düzgün hesablandığı müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edərkən sübutlara düzgün qiymət verilməmiş və tərəfindən təqdim edilən sənədlər sübut kimi qəbul edilməmişdir. Həmçinin məhkəmə yalnız işdə olan ekspert rəyinə əsasən ona verilən pensiyanın düzgün verilməsi qənətinə gəlmişdir. Bu hall isə işin birtərəfli aparılmasına dəlalət edir və sonda verilmiş qərarın əsasız olmasına gətirib çıxarır. Halbuki, cavabdeh orqanın 01 dekabr 2014-cü il tarixli məktubunda əmək pensiyamın məbləği 193,77 manat, həmin fondun xx.xx.2015-ci il tarixli məktubunda isə 195,28 manat təşkil etdiyi bildirilmişdir. Bundan başqa ƏƏSMN- nin tabeliyində olan DSMF Publik Hüquqi şəxsin 12 oktyabr 2020-ci il tarixli cavab məktubunda ona verilən pensiyanın 378,46 manata çatdırıdığı bildirilmiş, ƏƏSMN- nin tabeliyində olan DSMF X1 üzrə Mərkəzi Filalının 23 dekabr 2020-ci il tarixli cavab məktubunda isə ona verilən əmək pensiyasının 384,93 manat artırıldığı bildirilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən mobil telofonuna göndərilən məktubda xx.xx.2019-cu ildən pensiyanın yenidən hesablanıb 395,23 manata çatdırıldığı qeyd edilmişdir. Bundan başqa apelyasiya şikayətinə əlavə etdiyi DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli bildirşində ona verilən pensiya məbləğinin 320,92 manat təşkil etdiyi bildirilmişdir. Bildirir ki, apellyasiya şikayətinə əlavə etdiyi Beynəlxalq Bank tərəfindən verilmiş hesabdan çıxarış ona 195 manat pensiya verildiyi qeyd edilsə də, o, həmin dövrdə 176 manat pensiya almışdır. 2015-ci ilə dair hesabdan çıxarışa isə diqqət yetirsək yanvar və fevral ayları 931 manat, qalan aylarda isə 175 manat pensiya aldığı qeyd edilmişdir. 2019-cu ilə dair hesabdan çıxarışda əvvəlki ayda 235 sonrakı aylar 249 manat pensiya aldığı qeyd edilmişdir. Ümumiyyətlə cavabdeh orqan tərəfindən 2019-cu ilin fevral ayından 2020-ci ilin avqust ayının axırına kimi etdiyi sosial ödənişlər əmək pensiyasına hesablanmamışdır. Apellyasiya şikayətinə əlavə etdiyi kapital bank tərəfindən verilmiş hesabdan çıxarışdan göründüyü kimi 2012-ci ilin ilk ayında 528 manat qeyd edilsə də, sonrakı aylarda 440,29 manat pensiya aldığı qeyd edilmişdir. Göründüyü kimi müraciətlərinə cavab məktublarında fərqli cavablar verilmiş, iş stajı nəzərə alınmamış və ona verilən əmək pensiyası düzgün hesablanmamışdır. Həmçinin bu fakt iddia ərizəsinə əlavə etdiyi Kapitalbank va Beynəlxalq Bank tərəfindən verilmiş hesabdan çıxarışla öz təsdiqni tapır. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, nəticədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanunun:- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır; 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki iddiaçıya 25 fevral 2013-cü il tarixdə Fondun Gəncə şəhər Kəpəz rayonu şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra müraciətinə əsasən əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı isə pensiyanın düzgün hesablanmadığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 455,26 manatdan 477,96 manata artırılmış və keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 670,84 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 670,84 manat fərq məbləği 2022-ci ilin iyul ayından etibarən hissə-hissə pensiyasının (477,96 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin birinci instansiya məhkəmə tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə müvafiq ekspertiza təyin edilmiş və ekspert əldə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/1189 nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 455,26 manatdan 477,96 manata artırılmış və keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 670.84 manat fərq məbləği müəyyən edilmiş, həmin 670,84 manat fərq məbləğinin 2022-ci ilin iyul ayından etibarən hissə-hissə pensiyasının (477,96 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürüldüyü və İddiaçı əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 477,96 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına düzgün olaraq köçürüldüyü müəyyən edilir. Beləliklə görünür ki, iddiaçıya pensiya hesablanması zamanı cavabdeh qanunvericiliyin tələblərinə əməl etmişdir və birinci instansiyası məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-243/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar