Məhkəmə qərarları › İş №2-1(104)-738/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-738/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-738/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “qərarların ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4125/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daxili nəzarət və audit tərəfindən daxil olmuş “mail” əsasında pensiya araşdırması zamanı Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaşların pensiyasının sığorta hissəsinin məbləğinin onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmaması nəticəsində İddiaçı barəsində xx.xx.2017-xx.xx.2024-cü ilə qədər artıq alma müəyyən edilmiş (PSK 06.2009 əvəzinə 01.2006 hesablanıb), nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli qərarı (nömrə yerinə İNVENTAR yazılmışdır) ilə İddiaçı təyin edilmiş 581,26 manat məbləğində pensiya məbləği xx.xx.2025-ci il tarixdən 534,17 manat kimi müəyyən edilmişdir. Daha sonra 534,17 manat məbləğ indeksləşdirilərək 577,44 manat məbləğində müəyyən olunmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-27378/2025 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixli qərar qüvvədə qalmışdır.

3. İddiaçı 2025-ci ilin mart ayına münasibətdə əksik verilmiş pensiya məbləğinin 2025-ci ilin aprel ayının pensiya məbləğinə təmin olunması və inzibati orqanın səhvinə görə pensiyadan tutmaların aparılmasının dayandırılması ilə bağlı etdiyi müraciətin müsbət həllindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-1/2-V-86955/2025 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun 34 il 1 ay sığorta stajına uyğun 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının 85 faizi, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 1987,54 manat (2009-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək 4182,97 manat (2017- ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) 402,15 manat müəyyən edilmişdir. Qanunun 29.1ci maddəsinin tələblərinə uyğun olaraq pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023cü il tarixindən 480,37 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 534,17 manata, xx.xx.2025-ci il tarixindən 577,44 manata çatdırılmışdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixində onun əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyanın indeksləşdirilməsi nəticəsində (xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) yaranmış fərq məbləği 2025-ci ilin fevral ayında pensiyanın üzərinə əlavə edilməklə ona ödənilmişdir (577,44 + 43,27=620,71). Hazırda Fond tərəfindən əmək pensiyanın məbləğindən hər hansı tutulma aparılmır.

İşdə olan sənədlər:

4. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1952ci il tarixdə anadan olmuşdur.

5. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı 1971-1975-ci illərdə ali təhsil almış, xx.xx.1975-xx.xx.2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

6. Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009- cu il tarixdən 143,51 manat məbləğində ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin “Pensiya miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli sərəncamına əsasən, xx.xx.2017-ci il tarixdən İddiaçı 302,24 manat məbləğində pensiya təyin edilmişdir. Həmin zaman Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli qurumu tərəfindən verilmiş arayışa əsasən onun xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 05 ay 00 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6.692,52 manat pensiya kapitalı vardır.

8. İddiaçı xx.xx.2022-ci il tarixdən 439,07 manat, xx.xx.2023-cü il tarixdən 522,72 manat, xx.xx.2024-cü il tarixdən 581,26 manat məbləğində pensiya təyin edilmişdir.

9. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-136999/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək 1526,49 manat məbləğində artıqödəmə müəyyən edilmişdir. X1 xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyasının məbləği 534,17 manat müəyyən edilmiş, həmçinin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği indeksləşdirərək 577,44 manata çatdırılmışdır.

10. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 207197/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və pensiya işinin tərkibində olan məlumata əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Eyni zamanda, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarına əsasən pensiya araşdırılması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən İddiaçı pensiyasının sığorta hissəsinin məbləğinin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmaması nəticəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək onun pensiya məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bu səbəbdən və Mərkəzi Filialın sözügedən qərarına əsasən məhkəmə sorğusunda qeyd olunan Fondun Şəmkir rayon şöbəsinin müvafiq sərəncamı qüvvədən düşmüş hesab olunur.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və 2025-ci ilin fevral ayından etibarən ödənilməmiş pensiya məbləğinin hər ay üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu ildən yaşa görə əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum pensiya məbləğinin artımı olmuş və Sərəncamdan öncə aldığı 581,26 manat pensiya məbləğində fevral ayından artım olmalı idi. Lakin mart ayına münasibətdə verilmiş pensiya məbləği bank hesabına 577,44 manat köçürülmüşdür. Tərəfindən bununla bağlı xx.xx.2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına məktubla müraciət ünvanlanmış, müraciətin müsbət həllindən cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli, 3-1Y-1/2-V86955/2025 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, 34 il 1 ay sığorta stajına uyğun 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının 85 faizi, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeyd alınan 1987,54 manat pensiya kapitalı, "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək 4182,97 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 402,15 manat müəyyən edilmişdir. İnzibati orqan eyni zamanda Qanunun 39.1-ci maddəsinə istinad edərək əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğini son 3 il üçün tutmalı olduğunu vurğulamışdır. Deyilənlərdən belə çıxır ki, ona təyin olunan pensiya məbləği artımlarla bərabər 577,44 manat olmalıldır, sadəcə əvvəl birdəfəlik ödənilməmiş 43,27 manat birdəfəlik ödənilmişdir (cəmi 620,71 manat). O, xx.xx.2025-ci il tarixində pensiya məbləğlərinin köçürüldüyü bankdan (ABB) hesabdan çıxarış əldə etmişdir. Həmin çıxarışdan da açıq-aydın bəlli olur ki, 2024-cü ilin fevral aydından 581,26 manat məbləğində pensiya alır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum pensiya məbləğinin artımını da nəzərə alınsa, 581,26 manatdan artırılmış məbləğ azalaraq 577,44 manat olur!? İnzibati orqan hesablamalarda səhvə yol vermiş, tərəfindən ünvanlanan müraciəti lazımınca araşdırmadan, məkrli qaydada artırılmış pensiya məbləğlərini azaltmışdır.

13. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-134900/2025 nömrəli nömrəli etirazın məzmunu xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-V-86955/2025 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4125/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə pensiyanın yenidən hesablanması və artıq ödəmənin müəyyən olunması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya təyin edilmiş pensiya məbləğinin dəyişdirilməsi barədə səlahiyyətli qurumunun aktı (DSMF Şəmkir şöbəsinin sərəncamı) ləğv edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, mübahisələndirilən qərarlara əsasən Fondun Şəmkir rayon şöbəsinin müvafiq sərəncamı qüvvədən düşmüş hesab edildiyindən inzibati icraatın aparılması qaydası pozulmamışdır. Həmçinin, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi.

21. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilən zaman iddiaçı əmək fəaliyyəti ilə məşğul olmağa davam etmiş, xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçı statusuna keçmiş, bu səbəbdən “Pensiya miqdarının dəyişdirilməsi haqqında” Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən xx.xx.2017-ci il tarixdən iddiaçıya 302,24 manat məbləğində pensiya təyin edilmiş, sonradan cavabdeh iddiaçının pensiya kapitalının xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən işdən çıxdığı tarixədək nəzərə alındığını əsas gətirərək xx.xx.2025-ci il tarixli qərarla 534,17 manat (hazırda 577,44 manat) məbləğində müəyyən etmiş, bu barədə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlar qəbul edilmişdir.

27. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsini və əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı barəsində əlverişli inzibati akt - Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı mövcud olduğu halda cavabdeh daxili araşdırmanın nəticəsində hazırda mübahisələndirilən qərarları qəbul etmiş, bunu sözügedən qərarlara əsasən Fondun Şəmkir rayon şöbəsinin müvafiq sərəncamının qüvvədən düşmüş hesab edilməsi ilə əsaslandırmışdır.

29. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

30. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

31. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

32. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

33. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

34. Hazırki qərarın 23-cü bəndində qeyd olunanlara əsasən, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

35. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

36. Hazırki vəziyyətdə cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması və artıq ödəmənin müəyyən olunması ilə bağlı lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya təyin edilmiş pensiya məbləğinin dəyişdirilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilməmişdir.

37. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.

38. Hazırki qərarın 18-ci bəndində qeyd olunanlardan göründüyü kimi apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarlarla Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsi, həmçinin formal (prosessual) hüquqi tələblərin pozulması halında həmin pozuntunun qərara təsir etdiyi, belə ki, həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilməsi vəziyyətində inzibati aktın ləğv edilməli olması ilə bağlıdır. Başqa sözlə cavabdeh tərəfin mövqeyinə əsasən, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

39. Apellyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda vəzifəlidir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.

40. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

41. Odur ki, iddianın təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4125/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar