Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-739/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, “ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-220/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 12 iyun 2015-ci il tarixli AZ-İ 927665 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 12 iyun 2015-ci il tarixdə nikah bağlamışlar.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2- 14-6520/23 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sitemində informasiya sistemində saxlanılan məlumatlara əsasən X9 iştirakı ilə Samux rayon notariat ofisində nəqliyyat vasitədinin istifadəyə verilməsinə, Bakı şəhəri 54 saylı notariat ofisində, Gəncə şəhər 2, 3, 5 və 6 saylı notariat ofislərində, Samux rayon notariat ofisində nəqliyyat vasitəsinin istifadə sərəncam verilməsinə dair etibarnamələr rəsmiləşdirilmişdir. Həmçinin, X4 iştirakı ilə nəqliyyat vasitəsinin istifadəyə verilməsinə dair etibarnamə rəsmiləşdirilməsi aşkar olunmamışdır.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-15/2-98085/2023 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur və ona sürücülük vəsiqəsi verilməmişdir.
4. Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 5-1/2- 941/2024 nömrəli məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 1 ünvanına baxış keçirilmiş, X9 və X2 həmin ünvanda qeydiyyatsız yaşadığı aşkar edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4868/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X9 adına Samux rayonu, Çobanabadlı kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2007-ci il tarixli, **********06-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin arxiv sənədlərində və elektron baza məlumatlarında X2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkarlanmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 11 aprel 2023-cü il tarixli, 3-17-1/2-H-77247/2023 saylı imtinasının əsassız hesab edilərək, 2023-cü ilin mart ayının 1-dən dayandırılmış ünvanlı sosial yardımın bərpa edilməsi, almadığı ayların ödənişlərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2870/2023 nömrəli qərardadı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda Samux rayonunun Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, ailəli olmaqla, iki uşaq atasıdır, arvadı xx.xx.1996-cı il təvəllüdlü X7 ilə 2015-ci ilin iyun ayının 12-də rəsmi nikaha girərək ailə qurmuşdur, birgə nikahılarından iki övladı, xx.xx.2018-ci il təvəllüdlü qızı X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşdur. Ailədəsində işləyən, evə qazanc gətirən yalnız odur. Gənc ailə olmaqlarını nəzərə alıb atası Samux rayonunun Çobanabdallı kəndindəki öz evini onlara yaşamaq üçün vermiş, özü isə Gəncə şəhərində bacısının evində yaşayır. O, “Azərenerji”nin hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı vəzifəsində işləyir, aylıq əmək haqqı 410 manatdır. 2023-cü ilin yanvar ayının 14-də o, Dövlət Sosial Müdafiə Fonduna onlayn qaydada müraciət edərək aztəminatlı ailə kimi sosial müavinət verilməsini xahiş etmiş, müraciəti ilə bağlı DSMF-nin Samux rayon şöbəsinin iki əməkdaşı 2023-cü ilin fevral ayının əvvəllərində gəlib yaşadığı evə baxmış, əmlakı, avtomobili olub-olmamasını öyrənmişlər və o, lazımı sənədləri onlara təqdim etdikdən sonra çıxıb getmişlər. 2023-cü ilin yanvar ayının 1-dən onun ailəsinə 513 manat 63 qəpik sosial müavinət təyin edilmişdir. 2023-cü ilin yanvar ayında ona təyin edilimiş 513 manat 65 qəpik sosial müavinəti yanvar və fevral ayları üçün bir dəfəyə almışdır. 2023-cü ilin fevral ayının 28-də DSMF-nin başqa iki əməkdaşı yenə yaşadığı evə gəlib evinə yenə də baxış keçirimişlər və ondan həyətdə dayanan “VAZ-2104” markalı avtomobilin kimə məxsus olmasını soruşmuşlar. O, avtomobilin sənədlərini onlara verib demişdir ki, avtomobil onun deyil, atasına məxsusdur. Atası isə evini övladı kimi ona müvəqqəti yaşamaq üçün vermiş, özü isə Gəncə şəhərində bibisinin evində yaşayır. DSMF-nin əməkdaşları hər şeyin qaydasında olduğunu, heç bir narahatçılığın olmadığını ona bildirib çıxıb getmişlər. Lakin 2023-cü ilin mart ayında sosial müavinət verilərkən məlum olmuşdur ki, ona verilən 513 manat 65 qəpik sosial müavinət cavabdeh orqan tərəfindən dayandırılmışdır. Dəfələrlə Dövlət Sosial X16 rayon şöbəsinə, eləcə də yuxarı orqanlara, habelə DSMF-nin 142 “Qaynar xətti”nə müraciət edib sosial müavinətinin əsassız olaraq dayandırıldığını desə də, hər dəfə bir bəhanə ilə ona təyin edilmiş sosial müavinəti bərpa etməmişlər. Onun sosial pensiyasının dayandırılmasına səbəb kimi cavabdeh orqan qaldığı atasının evinin həyətində dayanmış “VAZ-2104” markarı avtomobili əsas göstərmişlər. Hansı ki, onun adına heç bir avtomobil yoxdur, habelə heç sürücülük vəsiqəsi də olmamışdır. Cavabdeh orqan tərəfindən 2023-cü ilin yanvar ayından ona təyin edilmiş 513 manat 65 qəpik sosial müavinətin 2023-cü ilin mart ayında heç bir qanuni əsas göstərilmədən dayandırılmasının ləğv edilərək, sosial müavinətinin 2023-cü ilin mart ayından bərpa edilməsi və almadığı ayların sosial müavinətinin ona ödənilməsi ilə bağlı axırıncı dəfə 2023-cü ilin mart ayının 28-də etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ona 11 aprel 2023-cü il tarixli, 3-17-1/2-H77247/2023 nömrəli imtina cavabı verilmişdir. Cavabdeh orqan imtinasında göstərmişdir ki, onun ailəsinə təyin edilmiş aylıq 513,65 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanmasına görə dayandırılmışdır. Buna görə də “Ünvanlı Dövlət Sosial yatdımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən sosial müavinətin verilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailəsinin sosial müavinət almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.
9. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-211674/2023 nömrəli etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarıxdə X13 və X21 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olnumuş məlumatlara əsasən ailəyə xx.xx.2023-cü il tarixdən aylıq 513,65 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəl qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin qaydaların 3.4.1-ci bəndinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. İddiaçı “ərizə-bəyənnamə”də ailə üzvlərinin sayını özü, arvadı və iki övladı olmaqla dörd nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə-bəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun atası - X18, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığı müəyyən edilmişdir. Müayinə barədə akt tərtib edilmiş və iddiaçı sözügedən halı öz imzası ilə təsdiq etmişdir. Həmçinin iddiaçının atası X9 mülkiyyətində **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21043” markalı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. İddiaçı müraciəti zamanı ərizə-bəyənnamədə atası və anası barədə, həmçinin atasının mülkiyyətində olan nəqliyyat vasitəsi haqqında məlumatları göstərməmişdir. “Ailəyə təyin edilmış ünvanlı dövlət sosial yardım xx.xx.2023cü il tarixdən dayandırılmış və ailəninı 1 (bir) il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. İddia ərizəsinə əsasən, iddiaçı atasının Samux rayonunun Çobanabdallı kəndindəki öz evini yaşamaq üçün ona verdiyini, özünün isə Gəncə şəhərində bacısının evində yaşadığını bildirmişdir. İddia ərizəsinə qoşma kimi əlavə edilən Gəncə şəhər İHB-nın 4 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 179 nömrəh arayışda X9 ünvan 3 ünvanında qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Lakin sözügedən arayışın məzmununa və arayışı tərtib edən inzibati orqanın qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinə nəzər yetirdikdə təqdim edilən arayışın mötəbər olmadığı aşkar edilir. İlk növbədə bildiririk ki, qeydiyyatsız yaşamaq anlayışı qanunvericilikdə nəzərdə tutulmamışdır. Təqdim edilən arayışın mötəbər olmamasını müəyyən edən digər hal vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, bu barədə məlumatların (arayışların) verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilməməsidir. İşin araşdırılması zamanı Daxili İşlər Nazirliyinə müvafiq sorgu göndərilmiş və Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü İl tarixli 18/2-25495/2023 nömrəli cavab məktubuna əsasən, X9 xx.xx.1985-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2007-ci il tarixdən Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatdadır. Həmçinin, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2-23609/2023 nömrəli arayışına əsasən, X9 Gəncə şəhəri, N.Nərimanov küçəsi, 2-ci döngə, ev 3, mənzil 15 unvan qeydiyyatda olmadığı müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsının xx.xx.2023-cü il tarixli 3-13-16/2-100063/2028 nömrəli arayışına əsasən, X9 mülkiyyətində **-BG-*** qeydiyyat nişanlı “VAZ-21043” markalı (şəhadətnamə: BD208700) nəqliyyat vasitəsinin olduğu müəyən edilmişdir. İddiaçının atasının mülkiyyətində nəqliyyat vasitəsinin olması işin mübahisəsiz halıdır və iddia ərizəsində da bu halın olduğu bildirilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-220/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib qərarında qeyd etmişdir ki, məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir və bununla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunan normalardan görünür ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan daşınar əmlakdır. Bundan başqa, məhkəmə cavabdehin inzibati orqanın iddiaçının onun atası – X18, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığını müəyyən etməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Gəncə şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-1/2-941/2024 nömrəli məktub ilə müəyyən olunur ki, iddiaçının atası X18 və anası X1 şəhəri, Nəriman Nərimanov prospekti, döngə 2, ev 3, mənzil 15 ünvanında qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın məzmumu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə dair tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildiri ki, o, atasına məxsus Samux rayonunda yerləşən fərdi yaşayış evində ailəsi ilə, atası isə analığı ilə birlikdə Gəncə şəhərində qeydiyyatsız yaşayır. Onun ailə üzvü iki azyaşlı uşağı və arvadıdır. Atası isə onlarla yaşamır və nəqliyyat vasitəsi atasına məxsusdur.
Tətbiq edilən hüquq:
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10. Sosial yardım almaq hüququna yenidən baxılması: 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından görünür ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş, onlara xx.xx.2023-cü il tarixdən aylıq 513,65 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə keçirilmiş monitorinq zamanı iddiaçının ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olması və iddiaçı tərəfindən ailə üzvləri barədə düzgün məlumat verilməməsi əsası ilə ünvanlı dövlət sosial yardımı dayandırılmışdır.
23. Cavabdehin imtina və etirazında qeyd edilir ki, iddiaçı “ərizə-bəyənnamə”də ailə üzvlərinin sayını özü, arvadı və iki övladı olmaqla dörd nəfər göstərmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ərizəbəyənnamədə qeyd olunan məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçının onun atası - X18, anası və digər ailə üzvləri ilə birlikdə atasına məxsus evdə yaşadığı müəyyən edilmiş, müayinə barədə akt tərtib edilmiş və iddiaçı sözügedən halı öz imzası ilə təsdiq etmişdir. Həmçinin iddiaçının atası X9 mülkiyyətində **-BG-*** dövlət qeydiyyat nişanlı “VAZ-21043” markalı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci yarımbəndinə əsasən, “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir.
24. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım üçün müraciət edən ailənin tərkibinin düzgün göstərilməməsi və ailəni təmsil edənin- iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olmasını əsas gətirmişdir.
25. Halbuki, məhkəmə araşdırması nəticəsində məlum olur ki, iddiaçı “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 4.2-ci bəndinə müvafiq olaraq sosial yardım almaq üçün müraciət edən zaman sosial yardımın təyin olunmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat vermişdir.
26. Belə ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edərkən ondan ailə üzvləri barədə məlumat verilməsi də tələb olunmuş, bu məlumatların elektron qaydada doldurulması zamanı iddiaçıdan həm öz ailə üzvləri barədə, həm də əgər varsa, onunla eyni ünvanda yaşayan digər ailə(lər) barədə də məlumat verilməsi istənilmişdir. İddiaçı da məlumatları məhz elektron sistemin ondan tələb etdiyi qaydada doldurmuş, özü, arvadı və iki övladı daxil olmaqla ailə üzvləri haqda məlumatları elektron qaydada sistemə daxil etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının verdiyi bu məlumatlar faktiki olaraq doğru olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ailəsi ilə birlikdə atası X9 xüsusi mülkiyyətində olan və Samux rayonu, Çobanabadlı kəndində yerləşən fərdi yaşayış evində, iddiaçının atası X18 və arvadı X6 isə ünvan 1 ünvanında hazırda qeydiyyatsız yaşayırlar (Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi xx.xx.2023-cü il tarixli, 122 nömrəli arayışı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-1/2-941/2024 nömrəli məktubu).
28. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər nəzərdə tutulur. Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Buna görə isə ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Lakin hazırki işin hallarında bu öz əksini tapmır. Belə ki, iddiaçı və onun ailə üzvlərinin iddiaçının atası və onun arvadı ilə eyni ünvanda yaşamamaları, ümumi ev təsərrüfatına malik olmamaları və birgə təsərrüfat aparmamaları öz təsdiqini tapır.
29. Məhkəmə kolleöiyası hesab edir ki, cavabdeh həmin məlumatın adıçəkilən Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halını yaratdığını bildirirsə, o halda, bunu mötəbər qaydada sübut etməlidir. Belə sübutetmə isə aydın və mübahisəsiz şəkildə onu müəyyən etməlidir ki, iddiaçının ailəsi ilə valideynlərinin ailəsi birgə yaşamaqla yanaşı, həm də birgə təsərrüfat aparırlar. Çünki, yuxarıda da qeyd olunduğu kimi ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı münasibətlərdə ailə hesab edilə bilmək üçün sadəcə şəxslərin eyni ünvanda birgə yaşamalarının müəyyən edilməsi kifayət etmir, həm də birgə yaşayan həmin şəxslərin eyni zamanda, ümumi birgə təsərrüfat apardıqları da müəyyən olunmalıdır.
30. Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh ünvanlı dövlət sosial yardımın dayandırılması zamanı yalnızca birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda aparılmış monitorinq zamanı tərtib edilən məlumata istinad etmişdir. Lakin nəzərə almaq lazımdır ki, sözügedən müayinə zamanı yalnız iddiaçının atasının həmin ünvanda olması müəyyən edilmişdir, hansı ki, iddiaçı özü də bu halı təsdiq edir ki, həmin vaxt onlar evdə qonaq olmaqla sözügedən nəqliyyat vasitəsi atası X14 məxsus olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində həmçinin məhkəməyə təqdim olunmuş Gəncə şəhər İHB-nın 4 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın məzmununa və arayış tərtib edən inzibati orqanının bu kimi arayışı vermək səlahiyyətinin olmamasına münasibətdə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
32. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidmətı yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələn və digər bu kimi yaşayış yerləri başa düşülür. 33.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixlə qərarı).
34. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təqdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1-ci bəndinə əsasən inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək;
35. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır və yerli icra hakimiyyətlərinin fəaliyyətləri adıçəkilən əsasnamə ilə müəyyən edilmiş, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək vəzifə və səlahiyyətləri sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinə həvalə edilmişdir.
36. Belə olan halda iddiaçı tərəfindən təqdim olunmuş arayışın mötəbərliyi cavabdeh inzibati orqan tərəfindən mübahiəsləndirilsə də bunu təsdiq edən heç bir sənəd təqdim olunmamışdır.
37. Bundan başqa iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin Xİİİ bəndində əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. İddiaçının mülkiyyətində və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsinin qeydiyyatda olmaması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-98085/2023 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır.
38. Belə olan halda qeyd edilən əsaslarla təyin olunmuş ünvanlı sosial yardımın dayandırılması qanuni hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə əsaslı və qanuni olduğundan, apellyasiya şikayəti təmin olunmamalı, məhkəmə qərarı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə:
39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-220/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov