Məhkəmə qərarları › İş №2-1(104)-74/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-74/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-74/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-96/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 09 iyul 2012-ci il tarixli, 38 nömrəli rəyindən məlum olur ki, 3 nəfər vətəndaşa həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 1,44 ha olmaqla Göygöl rayonu Qızılca bələdiyyəsinin mülkiyyətinə aiddir, uqodiyası kateqoriya daxili 1-ci dərəcə keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir.

2. Göygöl rayonu Qızılca bələdiyyəsinin 09 iyul 2012-ci il tarixli, 09 nömrəli qərarından çıxarışa əsasən Qızılca bələdiyyəsinin ərazisində yerləşən 5 ildən yuxarı qeydiyyatda olan vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. xx.xx.2012-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktına əsasən Göygöl rayonu Qızılca bələdiyyəsinin 09 iyul 2012-ci il tarixli, 09 nömrəli qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 984 manat pul ödənilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 02 iyun 2022-ci il tarixli, **********49 nömrəli məktubuna əsasən İddiaçı müraciətinin təmin edilməsindən torpaq sahəsinin yerinin və ölçüsünü müəyyən edən sənəd təqdim edilmədiyindən, habelə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan alqı-satqı edildiyindən imtina edilmişdir.

5. "xxxx" MMC 3 saylı Gəncə LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri aşkarlanmamış, bu səbəbdən də, araşdırma zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi, elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. İddiaçı iddia edərək naturada təqdim etdiyi 1117.54 kv.m torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla, tikinti altında olan torpaq sahəsidir. Torpaq sahəsi daş hasarla hasarlanmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 14 fevral 2024-cü il tarixli, 3-21-3-33/2-1482/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, iş materiallarında olan Göygöl rayon Qızılca bələdiyyəsinin Yerquruluşu planından çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin yerləşmə mövqeyi konfiqurasiyası və koordinatları, planda göstərilməmişdir. Bu səbəbdən sualın cavablandırılması mümkün deyil. Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli qərarı ilə, İddiaçı satılması nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsinin konfıqurasiyası və koordinatları əks olunmuş cizgi plan sənədi daxil olmuş iş materiallarında mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. Naturada təqdim olunan faktiki istifadəsində olan 0.11 ha sahəsi isə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, digər məqsədlər üçün nəzərdə tutulan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən kənarları daş hasarla sərhədlənmişdir. RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi Allahverən oğlunun faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsi ilə iki torpaq sahəsi Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşir.

Birinci instansiya məhkəməsində icraat:

7. İ (üçüncü şəxs Göygöl rayonu Qızılca bələdiyyəsi) qarşı Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı əsasında Göygöl rayonu Qızılca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 saylı qərarı ilə Göygöl rayon Qızılca bələdiyyəsinin kənd daxili torpağından 1.44 ha ayrılaraq 12 nəfər şəxsin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 10 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə xx.xx.2022-ci il tarixli, **********74 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydiyyata alınmadan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair” əsasında satılmış, həmçinin torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd əlavə edilmədiyi üçün sənəd üzrə yerinin təyin edilməsi mümkün olmamışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-96/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdeh inzibati orqanın alqı-satqı bağlanarkən qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə istinad etməklə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmuşdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən imtina əsassız olmuşdur. Hansı ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-96/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri imtinanın və etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

16. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək faktiki istifadəsində olan 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən ərizə icraata qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

22. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

23. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməsinə dair düzgün nəticəyə gəlməmişdir.

26. İş materialları ilə müəyyən olunur ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi Göygöl rayon Qızılca bələdiyyəsinin 09 iyul 2012-ci il tarixli, 09 saylı qərarı ilə Göygöl rayon Qızılca bələdiyyəsinin kənd daxili torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir.

27. İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina olunmuşdur.

28. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydiyyata alınmadan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “Torpaqların alqı-satqısına dair” əsasında satılması, həmçinin torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin müraciətə əlavə edilməməsidir.

29. Belə ki, işdə olan Göygöl rayonu Qızılca bələdiyyəsinin 09 iyul 2012-ci il tarixli, 09 nömrəli qərarının çıxarışından məlum olur ki, Qızılca bələdiyyəsinin ərazisində yerləşən 5 ildən yuxarı qeydiyyatda olan vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması qərara alınmışdır.

30. Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 09 iyul 2012-ci il tarixli, 38 nömrəli rəyindən görünür ki, 3 nəfər vətəndaşa həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 1,44 ha olmaqla Göygöl rayonu Qızılca bələdiyyəsinin mülkiyyətinə aiddir, uqodiyası kateqoriya daxili 1-ci dərəcə keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir.

31. xx.xx.2012-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktına əsasən Göygöl rayonu Qızılca bələdiyyəsinin 09 iyul 2012-ci il tarixli, 09 nömrəli qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 984 manat pul ödənilmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan maddi normalara əsasən bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

33. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər.

34. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

37. İş materiallarında olan "xxxx" MMC 3 saylı Gəncə LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri aşkarlanmamış, bu səbəbdən də, araşdırma zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi, elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. İddiaçı iddia edərək naturada təqdim etdiyi 1117.54 kv.m torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla, tikinti altında olan torpaq sahəsidir. Torpaq sahəsi daş hasarla hasarlanmışdır.

38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 14 fevral 2024-cü il tarixli, 3-21-3-33/2-1482/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, iş materiallarında olan Göygöl rayon Qızılca bələdiyyəsinin Yerquqruluşu planından çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin yerləşmə mövqeyi konfiqurasiyası və koordinatları, planda göstərilməmişdir. Bu səbəbdən sualın cavablandırılması mümkün deyil. Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli qərarı ilə, İddiaçı satılması nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsinin konfıquraiyası və koordinatları əks olunmuş cizgi plan sənədi daxil olmuş iş materiallarında mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. Naturada təqdim olunan faktiki istifadəsində olan 0.11 ha sahəsi isə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, digər məqsədlər üçün nəzərdə tutulan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən kənarları daş hasarla sərhədlənmişdir. RX seriyalı ******* nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi Allahverən oğlunun faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsi ilə iki torpaq sahəsi Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşir.

39. Göründüyü kimi iddiaçının faktiki istifadəsində 0,11 ha torpaq sahəsi vardır, həmin sahə bələdiyyənin mülkiyyətindədir, üçüncü şəxslərin sahələri ilə üst-üstə düşmə halı yoxdur, iddiaçı da tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mütəxəssis rəyinə uyğun olaraq faktiki ölçülər üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir.

40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-96/2023 nömrəli qərarı qismən Göygöl rayon Qızılca kəndində yerləşən 0,01 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-96/2023 nömrəli qərarı apellaysiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar