Məhkəmə qərarları › İş №2-1(104)-740/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-740/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-740/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1937/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin paranoid qüsur ilə” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Sadalanan hallardan göründüyü kimi şəxsə 1-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz 1-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Qeyd olunanlarla bağlı aşağıdakıları nəzərə çatdırmaq istəyir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən ümumi xəstəliklə əlaqədar birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddaçının inzibati orqana müraciəti qeydə alınmamışdır. İddiaçıya əlillik təyinatı barədə qərar xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İddiaçı əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini istəyir. İddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-in 70.1-ci bəndinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Belə ki, bu maddə, inzibati aktların qanuna zidd olduğu və bu ziddiyyət nəticəsində iddiaçının hüquqlarının pozulması hallarında məhkəmənin və ya şikayət instansiyasının hansı hərəkətləri etməli olduğunu tənzimləyir. Əgər bir inzibati akt qanuna zidd olarsa, və bu ziddiyyət nəticəsində iddiaçının (yəni, hüquqları pozulmuş şəxsin) hüquqları zədələnirsə, məhkəmə həmin inzibati aktı ləğv etməli olacaqdır. Bu, iddiaçının hüquqlarını bərpa etmək və hüququn aliliyini təmin etmək məqsədini güdür. Bundan əlavə, əgər inzibati şikayət verildiyi halda, şikayət instansiyası tərəfindən verilən qərar da qanuna ziddirsə və bu qərar iddiaçının hüquqlarını pozursa, məhkəmə həmin qərarı da ləğv etməlidir. Bir başqa aspekt isə, inzibati icraatın həyata keçirilməsi zamanı inzibati orqanın qərarına təsir edən hüquqi pozuntular varsa (yəni, prosedural səhvlər və ya qanun pozuntuları), həmin inzibati aktın ləğvi üçün bu qayda tətbiq edilir. Bu, inzibati qərarın hüquqi etibarsızlığını nəzərə alaraq, iddiaçının hüquqlarının qorunmasını təmin edir. Ümumiyyətlə, bu şərh məhkəmənin hüquq pozuntularını aradan qaldırmaq və hüquqların bərpasını təmin etmək məqsədilə inzibati aktların və qərarların qanuna uyğunluğunu təmin etməyə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. İddiaçı mahiyyəti etibarı ilə onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi müddətdən sözügedən qərarı mübahisələndirmək hüququ olmuşdur. İddiaçı özü də ərizəsində qeyd edir ki, xx.xx.2021-cı ildə pensiya və təqaüdü dayandırılmışdır. Lakin iddiaçı xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hazırkı iddianın təmini mahiyyəti etibarı ilə cavabdeh inzibati orqanın üzərinə keçmiş dövrlərə aid inzibati akt qəbul etmək öhdəliyi qoymaq kimi qiymətləndirilə bilər ki, bu da praktik olaraq mümkün hesab edilmədiyinə görə, məhkəmə hesab edir ki, iddia bu əsaslarlada mümkün hesab edilməmlidir. Eyni zamanda məhkəmə iddiaçının məhkəmə təcrübəsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan əlilliyin dayandırılması ilə bağlı qərar qəbul etdiyinə və iddiaçıya təyin olunmuş əllillik müddəti bitdiyinə görə hazırkı işin halları üzrə iddianın mümkünlük əsası fərqlilik təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilməlidir ki, əlilliyin yenidən müəyyən edilməsi ilə bağlı müvafiq quruma yenidən müraciət etməsi istisna etməlidir. İddia mümkünsüz hesab edilməlidir. Eyni zamanda müalicə müddətləri yetərsiz olduğundan iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1937/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş ümumi xəstəliklə əlaqədar birinci dərəcə müddətsiz əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1937/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin paranoid qüsur halı. Müddətsiz İ dərəcə ümumi əsaslarla əlillik təyin edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Agentliyə xx.xx.2019 cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu daxil olmuş və bunun əsasında inzibati icraatın qaydalarına müvafiq olaraq qüvvədə olan əlillik barədə müvafiq araşdırılma aparılmışdır. Məhz, bu araşdırmanın əsasında qüvvədə olan əlillik dayandırılmışdır. Belə ki, müvafiq əlillik təyinatı aparılarkən əsas kök sənəd olan forma 88 göndərişi həmin göndərişi rəsmiləşdirmiş tibb müəssisəsi tərəfindən “əsassız” adlandırılırsa və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə aidiyyətinin olmadığı bildirilirsə, bu halda qüvvədə olan əlilliyin qanuniliyinə dair ciddi şübhələr müydana gəlir. Belə olduğu təqdirdə şəxsin əlilliyi barəsində aparılan inzibati icraat tam əsaslıdır. Məhkəmə tərəfindən əlilliyə mahiyyəti üzrə baxılmayaraq, xüsusi bilik tələb edən məsələlərin həlli üçün zərurətin olmasına baxmayaraq heç bir əlavə araşdırılmalar aparılmayaraq iddia təmin edilmişdir. Odur ki, Gəncə İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçının vəkili Nümayəndə “Elektron Məhkəmə”sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəmə kollegiyasına məlumat ünvanlamış və məlumatda qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş Ali Məhkəmənin müvafiq qərarının hazırki mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının əlillik qiymətləndirilməsi “Əlillik” altsistemində etibarsız hesab edildikdən sonra yeni Forma-88 Göndəriş sistemə vurulmuşdur. Bu əsasdan Ali Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı yeni Forma-88 Göndərişi sistemə vurmaqla faktiki olaraq etibarsızlıqda ifadə olunan hərəkətlərlə razılaşmış və vaxtında həmin hərəkəti mübahisələndirməmişdir. Ona görə də həmin iddia mümkün sayılmamışdır. Hazırki mübahisə üzrə isə iddiaçının əlillik qiymətləndirilməsi cavabdeh tərəfindən ləğv edildikdən sonra yeni Forma-88 Göndərişi “Əlillik” Altsisteminə vurulmamışdır. Oxşar iş üzrə Ali Məhkəmənin yeni qəbul etdiyi qərarı təqdim edərək, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçıya 2018-ci ildə 1-ci dərəcə müddətsiz əlillik təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə əlilliyin təyini barədə qərar altsistemdə etibarsız hesab edilərək vətəndaşın əlilliyi dayandırılmışdır. Lakin hazırki iddia üzrə iş məhkəməyə 2024cü il tarixdə daxil olmuşdur. Belə mübahisələr üzrə əvvəllər müddət tətbiq edilmirdi, lakin Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı əsasında bu işlərdə müddət tətbiq olunur, çünki vətəndaşın əlilliyi 2019-cu ildə altsistemdə etibarsız hesab edilməsinə baxmayaraq məhkəməyə 2024-cü il tarixdə müraciət edib. Qərarın çatdırılması barədə məlumat olmasa da, 6 il müddətində onun pensiya almaması əslində onun həmin qərardan məlumatlı olduğunu deməyə əsas verir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki:- -İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş üzrə ona ümumi xəstəlik ilə əlaqədar xx.xx.2018-ci il tarixdə müddətsiz ikinci dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2018-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. -Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma nəticəsində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən ləğv olunmuşdur. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-14996/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma nəticəsində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən ləğv olunmuşdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mümkünlük şərtlərini araşdırmadan iddiaya mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X3rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADM3 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2018-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854- 1219/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Odur ki, məhkəmə kollegiyası bildirir ki, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdə ləğv edilsə də, o hazırki tələblə məhkəməyə 2024-cü ilin oktyabrında müraciət etmişdir. Belə ki, iddiaçı 5 ilə yaxın keçən müddət ərzində əlilliyi ilə bağlı pensiya almamış, tərəfindən həmin dövrdə inzibati orqanın hərəkəti mübahisələndirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı keçən müddət ərzində əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmiş, lakin 2019-cu ildən 2024-cü ilə qədər bu halı mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmiş, bununla bağlı lazımi araşdırma aparmamış və müvafiq sorğular göndərməmiş, dolayısı ilə hazırki iddia üzrə prosessual müddətin ötürülüb-ötürülməməsi müəyyən edilmədən iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Həmçinin müddətin ötürüldüyünü müəyyən edən məhkəmə, bunu iddiaçının nəzərinə çatdırmalı, İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən ona hüquqi yardım göstərməklə ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirməlidir. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddianın mümkünlük məsələsinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1937/2025 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar