Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-742/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, “yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2445/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1978ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 6 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006cı il tarixinədək 18 il 3 ay 8 gün sığorta stajına uyğun olaraq 16922,75 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 153,62 manat olmaqla, ümumilikdə 17076,37 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək X6 olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasına zərurət yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən X10na aid sənədlər mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək həmin müəssisədə əməkhaqqı alıb- almadığı müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajınıza daxil edilməyib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində qaralamalar olduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab olunmur.
2. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə vətəndaşın 1994-2005-ci illər üzrə olan iş stajını, əmək haqlarını yoxlamaq mümkün olmadığından, əmək kitabçasında xx.xx.1994-cü il tarixli işə girmə qeydində qaralamanın olması və xx.xx.2022-ci il tarixli, **********6 nömrəli xidməti məruzənin tələblərinə uyğun olmadığından pensiya ödənişi dayandırılmışdır.
3. İT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə “Tovuzraykoittifaqı” üzrə elektromantyor, xx.xx.1981xx.xx.1994-cü illərdə tikinti işləri üzrə qaynaqçı, xx.xx.1994-xx.xx.2005-ci illərdə X10 üzrə qaynaqçı vəzifəsində işləmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 iyul 2024-cü il tarixli 3-21-3/2-10969/2024 nömrəli və 21 noyabr 2024-cü il tarixli 3-21-3/2-19249/2024 nömrəli məktublarından məlum olur ki, X10 barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
5. Tovuz rayon İcra Hakimiyyətinin 25 iyul 2024-cü il tarixli 5-79/2-549/2024 nömrəli məktubuna əsasən X5 əmək haqqı cədvəlləri, əmr kitabları və digər sənədlər Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
6. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X9 21 noyabr 2024-cü il tarixli AAŞ-36/36 nömrəli məktubundan görünür ki, Azərittifaqın tərkibində olan X11 X3 Heyətinin xx.xx.1993-cü il tarixli 178 saylı qərarı ilə X2 birliyinin tabeliyində fəaliyyət göstərib. X4 xx.xx.2007-ci il tarixli 174 saylı Qərarı ilə fəaliyyəti dayandırılmışdır.
7. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İdarə Heyətinin xx.xx.2007-ci il tarixli 174 saylı qərarının surətindən görünür ki, Tovuz çörək və ərzaq məhsulları kombinatının daşınmaz əmlakı və digər aktivləri (borc və öhdəlikləri) 25000 manata həmin kombinatın əmək kollektivinin üzvü X1 razılıq verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 07 mart 1994-cü il tarixdən 20 oktyabr 2005-ci il tarixədək X6 işlədiyi illərin əmək stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqust 1980-ci ildən 02 mart 1994-cü ilə kimi Tovuz raykotifaq üzrə elektromantiyor, 07 mart 1994-cü ildən 20 oktyabr 2005-ci ilə kimi X6 qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində əmək kitabçası tərtib olunmuş, əmək müqaviləsinə xitam verildikdən sonra da əmək kitabçası ona təhvil verilmişdir. Əmək kitabçasında işə daxil olduğu və işdən çıxdığı tarixlər barədə müəssəsənin rəhbəri tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Onun barəsində tərtib olunan əmək kitabçası ilə təsdiq olunur ki, o, qeyd etdiyi təşkilatlarda işləməklə əmək münasibətində olmuş və orada işlədiyinə görə əmək haqqları almışdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavadeh təşkilata rəsmi müraciət etsə də, əmək pensiyasının təyin olunmasından qanunsuz olaraq imtina edilmişdir. Belə ki, çörək zavodunda işlədiyi illəri inzibati orqan iş stajı hesab etməmişdir. Cavadeh təşkilatın 07 mart 2024-ci il tarixli imtina məktubunda qeyd edilir ki, X5 sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət arxivinə təhvil verilməyib və onun əmək haqqı almasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. X5 sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət arxivinə təhvil verilməsində o səlahiyyətli və ixtiyarlı şəxs olmamışdır.
10. İddiaçı 13 avqust 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə xx.xx.2024-cü il tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir.
11. Cavabdeh iddia tələbinə dair 16 iyul 2024-cü il tarixli 3-17-1/2-165035/2024 nömrəli etiraz qeydləri 07 mart 2024-cü il tarixli 3-17-1/2- T-56447/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2445/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 07 mart 1994-cü il tarixdən 20 oktyabr 2005-ci il tarixədək X6 işləyib. Cavabdehin nümayəndəsi təqdim etdiyi etiraz məktubunda xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğunu qeyd etsədə məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı əmək kitabçasının əslinə baxış keçirilən zaman məlum olmuşdur ki, əmək kitabçasının 1994-cü il tarixində olan 4 rəqəmində qaralama olduğu qeyd edilsədə əmək kitabçasının qarşı tərəfində olan qeyd (1994) də eyni şəkildə qeyd edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1993-2004-cü illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-2445/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
18. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla 1994- 2005-ci illər üzrə olan iş stajını və əmək haqlarını yoxlamaq mümkün olmadığından, əmək kitabçasında xx.xx.1994-cü il tarixli işə girmə qeydində qaralamanın olması və xx.xx.2022ci il tarixli, **********6 nömrəli xidməti məruzənin tələblərinə uyğun olmaması səbəbindən xx.xx.2024-cü il tarixdən dayandırılmışdır.
26. Bundan sonra iddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Pensiya işinizdə olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1978ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 6 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 3 ay 8 gün sığorta stajına uyğun olaraq 16922,75 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 153,62 manat olmaqla, ümumilikdə 17076,37 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək X6 olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasına zərurət yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax- Tovuz regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən X10na aid sənədlər mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək həmin müəssisədə əməkhaqqı alıb- almadığı müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajınıza daxil edilməyib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2005- ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində qaralamalar olduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab olunmur.
27. İmtina məktubu və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X6 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe sözügedən müəssisənin müvafiq illərə dair arxiv sənədlərinin arxivə təhvil verilməməsi və əmək kitabçasının doldurulma qaydasının pozulması (işə daxilolma qeydində qaralamalar olması) ilə əsaslandırılmışdır.
28. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı əmək kitabçasının əslinə baxış keçirilən zaman məlum olmuşdur ki, əmək kitabçasının 1994-cü il tarixində olan 4 rəqəmində qaralama olduğu qeyd edilsə də, əmək kitabçasının qarşı tərəfində olan qeyd (1994) də eyni şəkildə qeyd edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1993-2004-cü illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir.
29. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, sözügedən məsələ işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda mübahisələndirilən və iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan dövr (xx.xx.1994-xx.xx.2005-ci il) ərzində X5 mövcudluğu və fəaliyyətinin olması iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X9 21 noyabr 2024-cü il tarixli AAŞ- 36/36 nömrəli məktubundan görünür ki, Azərittifaqın tərkibində olan X11 X3 Heyətinin xx.xx.1993-cü il tarixli 178 saylı Qərarı ilə X2 birliyinin tabeliyində fəaliyyət göstərib. X4 xx.xx.2007-ci il tarixli 174 saylı Qərarı ilə fəaliyyəti dayandırılmışdır.
31. Göründüyü kimi xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X5 fəaliyyətdə olması öz təsdiqini tapır. Bundan başqa qeyd olunan dövr üzrə iddiaçının işləməsi əmək kitabçasında qeyd olunmuşdur və məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir.
32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
33. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
34. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
36. İddiaçının işlədiyi illər ərzində (xx.xx.1994-xx.xx.2005-ci il) pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir.
37. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
40. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır. Bu da hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtlərin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.
Nəticəvi hissə:
41. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2445/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov