Məhkəmə qərarları › İş №2-1(104)-745/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-745/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-745/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı və vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2695/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********3 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsi barədə” iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia müddətinin bərpası barədə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, qeyd olunan qərarlar ona rəsmi olaraq təqdim edilməmiş, qərarları şifahi məlumat əsasında əldə etmişdir. Həmçinin cavabdeh tərəfindən etiraza əlavə edilərək təqdim edilmiş qərarın oxunması ilə bağlı sənəd yalnız 19 senytabr 2022-ci il tarixli qərarın oxunması ilə bağlı olmuşdur. Buna baxmayaraq cavabdehin etirazına diqqət yetirsək o, yenə də 26 sentyabr 2022-ci il tarixdə qərarların ləğvi ilə bağlı müraciət etdikdə cavabdehin qeyd etdiyi müddəti ötürməmiş sayılır. Onun 26 sentyabr 2022-ci il tarixdə qərarların ləğvi tələbi ilə bağlı müraciətindən sonra məhkəmə iclası 30 mart 2023-cü ilə təyin edilmiş və iddianın mümkün sayılmaması barədə qərardadın məzmununda da göstərilir ki, formal xətanın aradan qaldırılmaması baxımından mümkünsüz sayılmışdır. Tərəfindən məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı müraciət edilsə də məhkəməyə müraciəti gec çatdığından məhkəmə tərəfindən iddia tələbi mümkünsüz sayılmışdır. Gəncə İnzibati Məhkəməsinin iddia ərizəsinin mümkünsüz sayılması barədə 30 mart 2023-cü il tarixli qərardadı ona rəsmi gəldikdən sonra o, ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və əlavə edilmiş sənədləri götürərək yenidən 2023-cü ilin aprel ayında təkrar olaraq məhkəməyə müraciət etmişdir. Bu baxımdan hesab edir ki, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “verginin təqdim edilməmiş bəyənnamənin təqdim edilməməsi ilə bağlı” 19 sentyabr 2022ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının qanunsuz hesab edilərək ləğvi tələbi ilə bağlı prosessual müddəti üzürlü səbəbdən buraxılmışdır. Odur ki, həmin qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi xahiş olunur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2695/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilərək iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludurlar. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim edilməsi və ya dərc edilməsi yolu ilə verilir. İnzibati aktın ölkə daxilində göndərilməsi onun poçt vaitəsi ilə təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş elektron oxunuşla bağlı rəsmi təsdiqi olmayan sənəd təqdim edərək 19 senytabr 2022-ci il tarixli bir qərarın iddiaçı tərəfindən elektron oxunması təqdim edilmişdir. Digər 2 qərarın, yəni 21 sentyabr 2022-ci il tarixli qərarın iddiaçı tərəfindən elektron qaydada oxunması və yaxud rəsmi qaydada təqdim edilməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, ümumilikdə 3 qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə məhkəməyə heç bir məlumatı təqdim etməmişdir. Həmçinin qeyd edir ki, 2022-ci ilin avqust ayından iddiaçının fəaliyyəti dayandırılmışdır. Bunlara baxmayaraq qeyd olunan 19 sentyabr 2022-ci il tarixli qərar və 21 sentyabr 2022-ci il tarixli, 22…400 nömrəli qərar iddiaçı tərəfindən 26 sentyabr 2022-ci il tarixdə mübahisələndirilmiş və məhkəmə tərəfindən 30 mart 2023-cü il tarixdə mübahisələndirilən qərarların texniki səhvinə münasibətdə iddia ərizəsi mümkünsüz hesab edilmişdir. Məhkəmə qərardadında göstərir ki, iddiaçı tərəfindən 30 mart 2023-cü il tarixli qərardadından sonra iddiaçının AR İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinin tələbinin pozulması ilə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən iddiaçının 15-günlük prosessual hüququ yerində qalmışdır. Lakin məhkəmə qeyd olunan prosessual hüquq normasına istinad etsədə iddiaçının Gəncə İnzibati Məhkəməsi tərəfindən 30 mart 2023-cü il tarixli qərardadın hansı tarixdə ona təqdim edilməsi və hansı əsasla onun 15-günlük müddəti ötürməyi əsaslandırılmamış və sadəcə öz subyektiv mülahizəsinə əsaslanmışdır. Hansı ki, iddiaçı tərəfindən 18 aprel 2023-cü il tarixdə qərardad ona təqdim edildikdən sonra sənədləri əldə edərək 24 aprel 2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. AR İPMnin 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına əsas olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən İnzibati aktın mübahisələndirilməsi ilə 15 günlük müddət ötürülməmişdir. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə 19 sentyabr 2022-ci il tarixli və 21 sentyabr 2022-ci tarixli qərarların mübahisələndirilməsi ilə bağlı məhkəmə hüquq müdafiə vasitəsindən istifadə edilməsi həmin qərarların rəsmi və yaxud elektron göndərilməməsindən asılı olmayaraq şifahi məlumat əsasında 26 sentyabr 2022-ci il tarixdə mübahisələndirilmiş və artıq hüquq müdafiə vasitəsindən istifadə edilməsi və yenidən müraciət zamanı belə müddət axımının kəsilməsi zamanı məhkəmənin qeyd olunan prosessual hüquq normasına istinad etməsi normanın pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu növ məhdudiyyətlərdən biri də iddia tələbi ilə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməsidir. Birinci instansiya məhkəməsi tərəfindən müddət məsələsi araşdırılmış və iddianın verilməsi üçün müddətin ötürülməsi nəticəsinə gəlinmişdir. Əsas kimi məhkəmə göstərmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixindəki müraciətində 2 qərarı (xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022- ci il tarixli, **********348400 nömrəli) mübahisələndirmiş, hazırda qeyd olunan 2 qərarla yanaşı əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarı da mübahisələndirmişdir ki, bu qərardan şikayət vermə müddəti 1 ilə yaxın ötürülmüşdür. Digər qərarlarla (xx.xx.2022-ci il tarixli, **********232400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********348400 nömrəli) bağlı qeyd olunur ki, iddiaçı həmin qərarların ləğvi barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə vermiş, müvafiq sərəncama əməl etmədiyinə görə iddia xx.xx.2023-cü il tarixli qərardadla mümkünsüz sayılmışdır. İddiaçı yenidən həmin qərarların ləğvi barədə ərizə versə də, AR İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsində qeyd olunan müddəti də ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(114)-335/2023 saylı inzibati iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********3 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı mübahisələndirdiyi 21 sentyabr 2022-ci il tarixli qərarın nömrəsini natamam yazdığından Gəncə İnzibati Məhkəməsi tərəfindən AR İPM-nin 13 maddəsinin tələblərinə əsasən iddiaçıya və onun nümayəndəsinə xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim olunması üçün xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan formal xəta aradan qaldırılmadığı üçün Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı iddiaçı eləcə də onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli və xx.xx.2022-ci il tarixli, **********345300 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 nömrəli qərarlara münasibətdə qeyd edir ki, həmin qərarlara münasibətdə iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Belə ki, 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli və 21 sentyabr 2022-ci il tarixli, **********348400 qərarlar iddiaçı tərəfindən xx.xx.2022-ci ildə məhkəməyə müraciət etməklə mübahisələndirilmişdir. Bu zaman iddiaçının 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli qərara münasibətdə 23 gün, 21 sentyabr 2022-ci il tarixli, **********348400 qərara münasibətdə isə 25 gün prosessual müddəti saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)335/2023 saylı qərardadı iddiaçı və onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə əldə edilmiş və 14 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə iddia ərizəsi ilə məhkəmə müraciət edilərək qeyd olunan qərarlar yenidən mübahisələndirilmişdir. Belə olan zaman iddiaçının 19 sentyabr 2022-ci il tarixli, **********232400 nömrəli qərara münasibətdə 9 gün, 21 sentyabr 2022-ci il tarixli, **********348400 qərara münasibətdə isə 11 gün prosessual müddəti saxlanılmış olur. Beləliklə də, iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmamışdır. Əks yanaşma iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmağa gətirib çıxara bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkurun Belçikaya qarşı” işi üzrə Qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2695/2023 saylı qərardadı ləğv edilsin. İş materialları mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar