Məhkəmə qərarları › İş №2-1(104)-746/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-746/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-746/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(114)- 1826/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Komissarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətinə N saylı hərbi hissədə başlamış və 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. xx.xx.1992-ci il tarixdə Goranboy rayon Ərazi X3 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Hərbi biletini əvəz edən xx.xx.2019-cu il tarixli, 10541 nömrəli arayışda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Goranboy rayonu X3 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(114)-1826/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(114)-1826/2023 saylı qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goranboy rayon Komissarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətinə N saylı hərbi hissədə başlamış və 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. O, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Ərazi X3 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Hərbi biletini əvəz edən xx.xx.2019-cu il tarixli, 10541 nömrəli arayışda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Goranboy rayonu X3 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları vardır və onlar onun döyüş yolu barədə şahidlik edə bilərlər. Həmçinin bildirir ki, onunla birgə döyüşdə olan döyüş yoldaşları və komandiri müharibə veteranı adını almışdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın imtinasının əsasları: Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019- cu il tarixli, 1/4-13760 nömrəli imtinasından görünür ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-7222 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığı üçün ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir. İşdə olan sübutlar: Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-7222 nömrəli məktubundan görünür ki, Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 1 №-li əmrilə sıravi İddiaçı atıcı vəzifəsinə təyin edilmiş, Goranboy ƏÖMB komandirinin 01 05.1992-ci il tarixli 2 №-li əmrilə atıcı pulemyotçu köməkçisi vəzifəsinə, Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 6 №-li əmrilə sürücü vəzifəsinə təyin edilmişdir, Goranboy ƏÖMB komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(112)-10205/2022 saylı qərardadından görünür ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası Goranboy rayonunun 803-cü əlahiddə ərazi özünümüdafiə batalyonunun əsasında tərkibində 3 batalyon əlahiddə ərazi özünümüdafiə alayının yaradılması, Goranboy ƏÖMB-un komandirinin 1 may 1992-ci il tarixli əmrilə Müdafiə nazirinin həmin əmrinə uyğun olaraq, iddiaçının olduğu 2-ci batalyonun N №-li hərbi hissə adlandırılması, bununla da Goranboy özünümüdafiə batalyonunun Müdafiə Nazirliyinin tərkibində hərbiləşmiş batalyon olması ilə əlaqədar, iddiaçının hərbi qulluqçu olması və iddianın cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə mümkün sayılmamışdır. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, məhkəmənin sorğusu əsasında Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli, 091 nömrəli əmri məhkəməyə təqdim edilmişdir ki, həmin əmrdə 1992-ci ilin martın 27-dən, Goranboy rayonunun 803-cü əlahiddə ərazi özünümüdafiə batalyonunun əsasında, tərkibində 3 batalyon əlahiddə ərazi özünümüdafiə alayının yaradılmasına başlanılması, həmin işlərin 1992-ci il aprelin 10-da başa çatdırılması, 803-cü əlahiddə ərazi özünümüdafiə alayının qərargahının Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılıb fəaliyyət göstərməsi, Nazirliyin Maliyyə İdarəsinin 803-cü əlahiddə ərazi özünümüdafiə alayının maliyyə təminatını Respublika Dövlət bankının Goranboy şöbəsi vasitəsilə Goranboy rayonu Hərbi Komissarlığının maliyyə hesabına keçirilməsini təmin etməsi, nəzərdə tutulmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, dəqiq xatırlamasa da 1992-ci ilin axılarında və ya 1993-cü ilin əvvəllərində batalyonları dağıdığı üçün silahını təhvil vermiş və çıxıb evə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin «Qeyd» hissəsində isə göstərilir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə» 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndi. Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 sentyabr 1997-ci il tarixli, 634 nömrəli fərmanı:

1. 1997-ci il noyabrın 30-dək aşağıda göstərilən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin sıralarından ehtiyata buraxılsınlar: 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi:

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Hüquqi məsələlər və əsaslandırma:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kolegiyası qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Müharibə veteranı adı isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Hazırkı işin hallarına əsasən isə iddiaçı Goranboy ərazi X3 tərkibində döyüşsə də sonradan həmin batalyon müdafiə N nömrıli hərbi hissə adlandırılmaqla, iddiaçı da həmin hərbi hissənin tərkibində xidmət etmiş hərbi qulluqçu hesab olunmuşdur. Lakin, iddiaçının 30 iyun 1992-ci il tarixdən sonrakı dövrdə xidməti, o cümlədən qanuni əsaslarla xidmətdən tərxis olunması barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Hərçənd ki, iddiaçının respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini iddia etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin sıralarından Azərbaycan Respbulikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli, 634 nömrəli fərmanı ilə ehtiyyata buraxılmışlar. İddiaçının isə yalnız döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli hesab olunmur. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının xidmətdən qanuni əsaslarla tərxis olunmasının təsdiq olunmamasına görə iddianı təmin etməməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Gəncə İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(114)-1826/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(114)-1826/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar