Məhkəmə qərarları › İş №2-1(104)-75/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-75/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-75/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1866/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş materiallarında olan 16 avqust 2011-ci il tarixli, İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0,0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv metr yaşayış, 78.2 kv metr yardımçı, 119,2 kv metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0396 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “Hərracın yekunları barədə” xx.xx.2016-cı il tarixli, 27/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evin 117937.50 (yüz on yeddi min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" ASCnin nümayəndəsi X2 əldə etməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2011-ci il tarixli İP2-310/7-USD nömrəli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 3 ünvanda mülkiyyətində olan 0, 0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən məhkəmə qətnamələrinə əsasən kredit borcu ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Həmçinin bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun bankla heç bir müqaviləsi olmamışdır. Fərdi yaşayış evinin və onun yeni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyətyanı sahəsinin bir çıxarışla hüququn dövlət qeydiyyatına alınması həyətyanı torpaq sahəsinin, həmi torpaq sahəsində inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini təşkil edə bilməz. Hazırda həm evin həm də torpaq sahəsinin və üzərində inşa edilmiş əlavə tikililər üzərində bankın mülkiyyət hüququ qeydə alınmış, lakin nə torpaq sahəsi nə də üzərində inşa edilmiş əlavə tikililər bankda ipoteka ilə yüklü edilməmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən aparılmış qeyd qanunsuz və əsassızdır. Qeydin ləğvi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu ("xxxx" ASC-i ləğv prosesində) inzibati məhkəmə icraatına cəlb etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1866/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli ünvan 1 ünvanındakı 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka yüklü edildiyi vaxt “İpoteka haqqında” Qanununun tələbinə əsasən mülkün yerləşdiyi 0.0396 ha ölçüdə olan torpaq sahəsi də həmin bankın xeyrinə yüklü edilmişdir. Beləliklə, bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Odur ki, inzibati orqanın hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1866/2024 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin təminatı kimi bağlanmış yuxarıda göstərilən ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evi müqavilənin tərəfləri arasında bağlanmış ipoteka müqaviləsinin tərkibinin predmetini təşkil etmişdir. Həmin evin üzərində sahiblik və istifadə hüququ ilə Gəncə şəhəri, Nizami küçəsi 152 nömrəli fərdi yaşayış evinin və onunu altında yerləşən torpaq sahəsinə eyni həcmli hüquq əsasında 3-cü şəxs Dəmir Bank ASC-i tərəfindən əldə edilmişdir. Nə qədər ki, tərəflər arasında bağlanmış 16 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetini Gəncə şəhəri, Nizami küçəsi 152 saylı fərdi yaşayış evi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikintinin altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla 0.0396 ha torpaq sahəsi və bir torpaq sahəsində yerləşən əlavə tikililər cavabdeh "xxxx" ASC-nin heç bir hüququ ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. Məhkəmə qərarında göstərir ki, torpaq sahəsi və fərdi yaşayış evi ikisi də birlikdə girov qoyulduğundan iddia tələbi təmin edilmir. Lakin iş materiallarında olan yüklülük çıxarışından, yəni ipotekanın dövlət qeydiyyatı haqqında çıxarışda və nədəki tərəflər arasında bağlanmış ipoteka müqaviləsində torpaq sahəsi ipoteka hüququ ilə yüklü edilməmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Gəncə Apellyasiya Məhkəməsində işə baxmış inzibati kollegiya da işdə olan sənədlərə əsasən eyni qənaətə gəlməsinə baxmayaraq birinci instansiya məhkəməsi yenə də eyni səhvi təkrarlamışdır. Qeyd etmək istəyir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyindən torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun üçüncü şəxslə Dəmir Bank ASC-i ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Fərdi yaşayış evinin və onun, yəni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyətyanı sahəsinin bir çıxarışla hüququnun dövlət qeydiyyatına alınması həyətyanı torpaq sahəsinin həmin torpaqda inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini, ünsürünü təşkil edə bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 1, 2.1, 6, 8, 9-cu maddələrinin tələblərinə əsasən cavabdehin imtinası və hərəkətləri qanunsuz hesab edilməklə bu normalarda göstərilən hüquqları pozulmuşdur. Hazırda torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmaması onun üzərində mülkiyyət hüququnun olmamasına deyil, yalnız sərəncam verici hüquqların həyata keçirilməsinə müdaxilə etmiş olur. O cümlədən torpaq sahəsi ilə bağlı iddiaçı olaraq yaranmış hüququnun yarandığı anda məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmənin onun iştirakı olmadan keçirilməsi onun prosessual hüquqlarının müdafiəsi və iştirakının təmin edilməsi baxımından zəruri olduğundan iştirakı təmin edilməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da cavabdeh məhkəmə iclasında nümayənsinin iştirakın təmin etməmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; (-). “İpoteka haqqında” Qanun: Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Maddə 50. Torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. İddiaçının şikayətinin dəlillərinə görə onun mülkiyyətində olan fərdi yaşayış evi hərrac yolu ilə üçüncü şəxsin mülkiyyətinə keçmiş, bu barədə mülkiyyət hüququ üçüncü şəxsin adına qeydə alınarkən onun hüquqları pozulmuşdur. Belə ki, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0396 ha torpaq sahəsi və digər əlavə tikililər deyil, həmin torpaq sahəsində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, hərrac zamanı yalnız 0,0396 ha torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış binası üçüncü şəxs tərəfindən əldə edilmişdir. İşin mübahisə olunmayan hallarına əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsindəki 0,0396 ha torpaq sahəsində yerləşən 152 nömrəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət iki mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmuş, həmin fərdi yaşayış evi xx.xx.2011ci il tarixli ipoteka müqaviləsi ilə kreditin təminatı kimi üçüncü şəxsin xeyrinə ipoteka ilə yüklü edilmiş, hərracın yekunları barədə 10 iyun 2016-cı il tarixli protokol ilə üçüncü şəxs 0,0396 ha torpaq sahəsində yerləşən 152 nömrəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət iki mərtəbəli fərdi yaşayış evini əldə etmişdir. İddiaçı hesab edir ki, fərdi yaşayış evinin yerləşdiyi 0,0396 ha torpaq sahəsi deyil, həmin torpaq sahəsində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyindən və hərrac zamanı yalnız 0,0396 ha torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üçüncü şəxs tərəfindən əldə olunduğundan cavabdeh tərəfindən fərdi yaşayış evi ilə yanaşı, onun yerləşdiyi torpaq sahəsi və digər əlavə tikililər də əsassız olaraq cavabdeh tərəfindən üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsindəki 0,0396 ha torpaq sahəsində yerləşən 152 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinin tələbinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 50-ci maddəsinin tələbinə görə torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. Qanunvericiliyin tələbinə görə bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur və binaya tutma yönəldildikdə üçüncü şəxs binanın yerləşdiyi torpaq sahəsi üzərinə mənsub olan hüququ əldə edir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsi (hakim M.Mustafayev) ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı tərəfdən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-158/2025 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-165/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından da göründüyü kimi Daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış hüquqa 152 nömrəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət iki mərtəbəli fərdi yaşayış evinin 0.0396 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Yuxarıda bəhs olunan hüquq normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas həm də qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1866/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar